Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Özbəkistanın yeni sazişi

Azərbaycan və Özbəkistanın yeni sazişi

22.09.2026 [09:16]

Energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalanıb

Energetika naziri Pərviz Şahbazov ilə Özbəkistanın energetika naziri Şerzod Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafına toxunulub, birgə layihələrin icrası, o cümlədən, enerji əməkdaşlığının müəyyən edilmiş hədəflərə uyğun irəlilədiyi vurğulanıb.Tərəflər neft-qaz və elektroenergetika, bərpaolunan enerji, enerji səmərəliliyi və tənzimləmə, qarşılıqlı investisiyalar, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırıblar. Ş. Xocayev Azərbaycanın Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi məqsədilə Qara dəniz, həmçinin Türkiyə istiqamətində inkişaf etdirdiyi enerji bağlantılarının Mərkəzi Asiyadan Avropaya uzanan daha geniş “yaşıl enerji” marşrutunun formalaşmasına imkan yaratdığı bildirilib. Bu istiqamətdə formalaşmaqda olan “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin xüsusi strateji əhəmiyyət daşıdığını xatırladıb. Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2026-2028-ci illər üzrə energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. Sənədə əsasən, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi, neft-qaz sektorunda geoloji-kəşfiyyat və hasilat üzrə əməkdaşlıq, neft və neft məhsullarının tədarükü, emal sahəsində birgə layihələrin inkişafı, SOCAR-ın Özbəkistanda fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Əməkdaşlıq iqtisadi-ticari dövriyyələri artıracaq

Mərkəzi Asiyanın inkişaf etmiş dövlətlərindən biri olan Özbəkistanla Azərbaycan arasında əlaqələr isə son illərdə daha intensivliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irsə söykənən ayrılmaz bağlantılar diplomatik münasibətlərin qurulduğu ötən 30 ildə hər il yüksələrək strateji müttəfiqlik səviyyəsinə qalxıb. Münasibətlərin inkişafına təsir edən ən mühüm amillərdən biri Prezidentlərin şəxsi etimad və dostluğudur, bu dərin etibar çoxşaxəli əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirir, mühüm sazişlərin imzalanmasını təmin edır. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi”nin imzalanması əlaqələri tamamilə yeni mərhələyə adladıb.

İqtisadi-investisiya siyasətinə töhfə verən amillərdən biri iki dövlət arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın aktiv fəaliyyəti, eləcə də Azərbaycan-Özbəkistan Regional Forumunun təşəbbüskarlığıdır. Qarşılıqlı iqtisadi, ticari, investisiya potensiallarının artırılması yönündə atılan iradəli addımlar nəticəsində 2025-ci ildə əmtəə dövriyyəsi 400 milyon dolları ötüb.  2023-cü ildə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti praktiki olaraq sərmayə layihələrinin icrasını təmin edir. Bu dinamika birgə investisiya təşəbbüskarlığını daha da artırır, Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət göstərir.

İki dövlət arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika və tranzit imkanlarının genişləndirilməsidir. Beynəlxalq Nəqliyyat Dəhlizində (Orta Dəhliz) aparıcı oyunçular olan hər iki dövlət 2025-cü ildə tranzit daşımalarının həcmini 20 faizdən çox artıraraq  2 milyon tona yaxınlaşdırıb. Orta Dəhlizin əsas qovşaqlarından biri olacaq Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın regional tranzit bağlantılarında fəal yerini möhkəmləndirəcək.

SOCAR-ın Mərkəzi Asiyada ambisiyalı layihələri

Energetika sektorunda əməkdaşlıq və “yaşıl enerji”nin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft və neft-kimya məhsullarını ixrac edir. İki ölkənin səyi ilə yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinin təşviqinə dair saziş və memorandumlar imzalayıb ki, bu, regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.

Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə proqnozları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Azərbaycan hökuməti “yaşıl” iqtisadiyyatın inkişafına tam sadiqdir və “yaşıl hidrogen”i gələcəyinin əsas hissəsi kimi görür. Ölkəmiz artıq onu qlobal təmiz enerji bazarında mühüm oyunçuya çevirə biləcək iddialı “yaşıl hidrogen” istehsalı və ixracı layihələrini həyata keçirmək üçün addımlar atır.

Özbəkistanın da geniş çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür. Eləcə də  külək potensialı ildə hədsiz dərəcədə çoxdur. Ölkədə külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir. Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 25 faizə, çatdırmağı hədəfləyir.

Beləliklə, Özbəkistan və Azərbaycanın yeni imzaladığı Yol Xəritəsi bərpaolunan enerji potensiallarının tədarükünün əlaqələndirilməsi, bölgədə “yaşıl” enerji” dəhlizinin yaradılmasını tezləşdirməklə, Xəzər-Mərkəzi Asiya bölgəsində möhkəm enerji təminatını yaradacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30