Dostoyevski edamdan necə xilas olmuşdu
05.07.2024 [10:55]
1846-cı ilin baharı. Gələcəyin böyük yazıçısı Fyodor Dostoyevskinin 25 yaşı var, o, artıq ədəbiyyatda ilk addımlarını atıb. Lakin yazıçının ən sanballı, ciddi əsərləri hələ qarşıdadır. Gəncliyində Dostoyevskini aşağı təbəqənin ağır yaşayışına dair sosial mövzular cəlb edirdi. Əlbəttə, “kiçik”, “zəif” insanların taleyini qələmə almaq heç də asan məsələ deyildi. Söhbət Rusiyada qəddar təhkimçilik rejiminin hökm sürdüyü vaxtlardan gedir. O dövrdə xüsusilə gənclər milyonları ağır vəziyyətdən çıxarmaq üçün təhkimçiliyin ləğvinə, insanların rifahı naminə ictimai quruluşu dəyişməyə cəhd edirdilər. Dostoyevskinin gəncliyi də məhz belə bir qaynar zamandan keçirdi.
“Petraşevskiçilər” dalğası
19-cu əsrin ortalarında Rusiyanı çar I Nikolay idarə edirdi. Dekabristlər üsyanından sonra ölkədə senzura xeyli sərtləşdirilmişdi. Avropada baş verən siyasi dəyişikliklər, söz yox ki, Rusiyaya da təsir göstərirdi. Həmin dövrdə Rusiyada gizli fəaliyyət göstərən, xarici ölkələrin əlinə oynamağa köklənmiş siyasi məqsədli icmalar yaranmağa başlamışdı.
Tədqiqatçıların fikrincə, yeni yaranan gənclər təşkilatlarının çara qarşı hər hansı sui-qəsd və ya hakimiyyəti dəyişmək planları yox idi. Gənclər sadəcə, kəndlilərin ağır vergilərdən və təhkimçilikdən azad olunmasını istəyirdilər. Həmin fəal qrupların fikrincə, uzunmüddətli mübarizə nəticəsində imperator onların səsini eşidəcək, tələblərini yerinə yetirəcəkdi. İmzası təzəcə parlamağa başlayan Dostoyevski həmin illərdə ictimai xadim Mixail Petraşevskinin evində təşkil olunan klubun üzvü idi.
Bu icmanın üzvləri tarixə “petraşevskiçilər” adıyla düşdülər. Onlar cəmiyyətin sosializmə doğru tərəqqisi mövzusunda müzakirələr aparır, sosial bərabərliyi bərqərar etməklə bağlı xəyallar qururdular. Bir daha xatırlatmaq yerinə düşər ki, eynilə dekabristlər kimi petraşevskiçilər də çara qarşı heç bir sui-qəsd planı qurmamışdılar. Qrup üzvləri sivil qaydada sosial, siyasi, ədəbi, fəlsəfi mövzularda söhbətlər aparır, müzakirələr təşkil edirdilər.
Petraşevskiçilərin toplaşdığı məclislərin birində məşhur ictimai xadim, tənqidçi Vissarion Belinskinin yazıçı Nikolay Qoqola göndərdiyi məktub uzun-uzadı müzakirə olunmuşdu. Belinski öz məktubunda yazıçını imperator Nikolaya sədaqətinə görə tənqid edirdi. Dekabristlər üsyanına qədər çar da belə toplantılara, ictimai müzakirələrə mənfi yanaşmırdı, lakin vəziyyətin getdikcə siyasiləşdiyini görəndə hakimiyyət bu cür yığıncaqları qadağan eləməyə başladı.
1849-cu ilin yazında Petraşevski klubunun üzvləri həbs olundular. Məhkəmə altı ay çəkdi. Qrupa qarşı irəli sürülən əsas ittiham Belinskinin məktubunun yayılması və gizli görüşlərin keçirildiyi barədə dövlətə məlumat verilməməsi idi. Bunlar o qədər də təhlükəli cinayət sayılmazdı və klub üzvləri çar tərəfindən bağışlanardılar, bircə “əmma” olmasaydı! Avropada “Millətlər baharı” adlanan hadisələrin - bir sıra ölkələrdə ard-arda inqilabların baş verdiyi vaxtda onlarla müqayisədə çox zəif hərəkat olan petraşevskiçilərin bəxti, əlbəttə, gətirməmişdi.
Dostoyevskinin “edam” xatirəsi
Çar I Nikolay inqilab dalğasının Rusiyaya da yayıla biləcəyini yaxşı anlayırdı. “Dikbaş” petraşevskiçiləri cəzalandırmaqla imperatorun əleyhinə addım atmağın nə ilə nəticələnəcəyini hamıya göstərmək lazım idi. Məhkəmə gənclərə çox ağır cəza kəsdi - Dostoyevski qarışıq qrupun 21 üzvü ölüm cəzasına məhkum edildi.
1849-cu ilin dekabrında hökmün icrasına qərar verildi. Məhkumlar Semyonovski parad meydanına çıxarıldılar. Dostoyevski xatirələrində yazır ki, edama hazırlıq prosesi vur-tut on dəqiqə çəkdi. Bu on dəqiqə onun həyatının ən ağır, ən qorxulu anları olmuşdu. Vəziyyəti daha da ağırlaşdıran hökmün hamı üçün eyni vaxtda icra edilməməsi idi. Edama aparılan məhkumların sayı iyirmidən artıq olduğuna görə onları üç-üç olmaqla yeddi qrupa bölmüşdülər.
Dostoyevski yazır ki, öncə ilk üç məhkumu dirəyə sarıdılar. Daha sonra onların gözlərini bağladılar. Qalan 18 məhkum, o cümlədən Dostoyevski tezliklə eyni şeyin onun da başına gələcəyini həyəcanla gözləməyə başladı. Silahları hədəfə tuşlamaq əmri verildi. Əsgərlər silahlarını qaldırdılar. Atəş açmağa sözün əsl mənasında saniyələr qalmışdı. Birdən möcüzə baş verdi. Hadisə yerində qəfil peyda olan çapar çarın məhkumları əfv etdiyini car çəkib hökmün dəyişdirilməsi haqqında sərəncamı oxudu. Maraqlıdır, necə oldu ki, I Nikolay Dostoyevskini və onun dostlarını əfv etmək qərarına gəldi?
Sürgün illəri, təzadlı inanc, böyük suallar...
Sərt xasiyyətinə baxmayaraq I Nikolay kifayət qədər müdrik insan idi. O özü də başa düşürdü ki, Rusiyada dəyişikliklərə ehtiyac yaranıb. Məsələn, elə təhkimçiliyin ləğvi barədə sarayda çoxdan, çar I Aleksandrın vaxtından müzakirələr gedirdi. Lakin bu cür inqlabi qərarlar birdən-birə qəbul edilmir, bunun üçün zamanın yetişməsinə ehtiyac vardı. İkinci tərəfdən, həmin dövrdə rus cəmiyyəti sərt rejimin, dövlət senzurasının zəruri olduğu reallıqlar içində yaşayırdı. Yəni, I Nikolay bu addımı ilə həm gənc etirazçılara dərs vermək, həm də cəmiyyətə dövlət hakimiyyətinin sərtliyini göstərmək məqsədi güdürdü.
Dostoyevski, eləcə də petraşevskiçilərin bir qismi Sibirə sürgün edildi. Onlar sürgündə olduqları vaxt Tobolskda yaşayan üç dekabrist xanımı ilə görüşməyə də fürsət tapmışdılar. Həmin hadisədən sonra bir zəngin zadəgan petraşevskiçilərin hər birinə gizli şəkildə bir “İncil”, kitabının arasında da 10 rubl ötürmüşdü. O dövrdə bu, böyük məbləğ idi. Dostoyevski bu hədiyyəni təkcə Omskdakı ağır sürgün illərində yox, sürgündən qayıdandan sonra da, ömrünün sonuna qədər saxlamışdı.
“İncil”dən söz düşmüşkən, böyük yazıçının Tanrıya inanıb-inanmadığı barədə müzakirələr Dostoyevskişünasların sevdiyi mövzulardandır. Əsərlərində Tanrıya müxtəlif münasibət bəsləyən obrazlar yaratsa da, dünyada baş verən ədalətsizliklərə qarşı üsyan qaldırsa da, Tanrını kəskin tənqid etsə də, həyatının bəzi dönəmlərində ona inamını itirsə də, bir şey dəqiq məlumdur: Dostoyevski özünü gerçək pravoslav sayan qatı bir xristian idi.
O, edama məhkum olunduğu dəqiqələrdə yoldaşlarına belə demişdi: “Tezliklə biz İsa Məsihlə bir yerdə olacağıq!”
Murad Köhnəqala
Xəbər lenti
Hamısına bax
İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45

İdman
24 Mart 13:15

Elm
24 Mart 12:46

Xəbər lenti
24 Mart 12:15

Xəbər lenti
24 Mart 11:50

Xəbər lenti
24 Mart 11:25

Xəbər lenti
24 Mart 10:55

Dünya
24 Mart 10:20

Hadisə
23 Mart 23:34

Sosial
23 Mart 22:41

Dünya
23 Mart 21:18

Dünya
23 Mart 20:31

Dünya
23 Mart 19:26

Dünya
23 Mart 18:51

İdman
23 Mart 18:45

Dünya
23 Mart 17:22

Dünya
23 Mart 16:53

Dünya
23 Mart 16:40

Sosial
23 Mart 15:34

Dünya
23 Mart 15:29

Dünya
23 Mart 14:43

Dünya
23 Mart 13:38

Dünya
23 Mart 12:27

Dünya
23 Mart 11:42

Gündəm
23 Mart 11:17

Sosial
23 Mart 11:15

İdman
23 Mart 10:47

Sosial
23 Mart 10:23

Dünya
23 Mart 09:52

Siyasət
23 Mart 09:37

Dünya
23 Mart 09:11

Dünya
23 Mart 08:54

Dünya
23 Mart 08:30

Siyasət
23 Mart 08:19

Dünya
23 Mart 07:16

Dünya
22 Mart 23:41

Hadisə
22 Mart 22:34

Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:43

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03

Dünya
21 Mart 17:29
