Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Dublin yəhudisinin odisseyası

Dublin yəhudisinin odisseyası

30.05.2025 [09:27]

Ceyms Coysun “Uliss” romanı haqqında

Coys olduqca savadlı, dünya ədəbiyyatına, mədəniyyətinə dərindən bələd olan, çoxlu dil bilən yazıçıydı. Bu baxımdan onun romanını bədii dillə yazılmış ədəbi risalə, poetik üslubda qələmə alınmış fəlsəfi traktat da saymaq olar. Coysun əsəri həm poeziya, həm traktat elementlərini canına çəkmiş, özünü başqa janrların hesabına zənginləşdirmiş iyirminci əsr romanının mükəmməl, parlaq örnəyidir. Onun əsəri yüksək səviyyədə hazırlıqlı oxucular üçündür, bu səbəbdən, dünya ədəbi çevrələrində nə qədər populyar olsa da, “Uliss”i heç oxumayanlar, gözdən keçirib sonraya saxlayanlar, oxuyub yarımçıq qoyanlar sonacan oxuyanlardan, oxuyub anlamayanlar da oxuyub anlayanlardan qat-qat çoxdur. Bu əsərin ayrı-ayrı fəsillərini aram-aram gözdən keçirmək ədəbi laboratoriyada ustad yanında təcrübə keçmək kimidir. Belə bir təcrübə əsnasında ağlagəlməz nəticələr üzə çıxa, cümlənin, üslubun, xarakterin əvvəllər görünməmiş xassələri özünü büruzə verə bilər - elə cəhətlər ki, bəlkə müəllifin özünün də onlardan xəbəri olmayıb. Hərçənd Coys özü bu məsələdə özündən müştəbeh danışırdı: “Mən bu romana elə tapmacalar, elə bağlamalar yerləşdirmişəm, orada elə tələlər, elə qıfılbəndlər qurmuşam ki, ədəbiyyat professorları onların üzərində indən belə hələ yüz illər boyu da baş sındıracaqlar”.

***

Prustun, Coysun üslub inqilabını dünya romançılığının keçid mərhələsi də adlandırmaq olar. Dialektikanın qızıl qanununa söykənib Balzakı, Dostoyevskini tezis, Prustla Coysu antiteza saysaq, Folkner, Tomas Vulf kimi növbəti nəsil yazıçıları bu iki “düşmən” qütbün sintezini həyata keçirmiş sayıla bilərlər.

Həqiqətən, Prustun, Coysun yaradıcılığına xas “ədəbiyyatbazlıq”, “sənətbazlıq” (ruslar buna “literaturşina” deyirlər) Folknerin, Vulfun dəst-xəttinə tamam yad cəhətlərdir. Onların personajlarını oturub hansısa ictimai-siyasi məsələni, yaxud hansısa klassik əsəri saatlarla müzakirə eləyən yerdə təsəvvürə gətirmək mümkün deyil. O personajların (elə onları yaradan müəlliflərin də) sanki dünyadan, sənətdən, yaşadıqları dövrandan xəbəri yoxdur, elə bil (əslində də elədir) onlar tamam ayrı dünyada, ayrı planetdə, tamam ayrı qayğılarla yaşayırlar, bütün varlıqlarıyla bizlərə oxşayırlar, amma bizdən deyillər, bizimkinə bənzər uzaq bir dünyanın, yerin əkizi olan hansısa yad planetin sakinidirlər. Bu mənada Folkner, Vulf nəsli böyük qardaşlarına nisbətən daha “saf”, daha “təmiz” ədəbiyyat yaradıb, həyatı sənətin qucağına itələməyib, tam tərsinə, sənəti həyata calaq eləyib.

Hərçənd bu dediyim də mübahisəli məsələdir, həyatla sənət arasındakı münasibətləri ayırd eləmək üçün daha geniş meydan, daha ağıllı baş lazımdır.

***

Yeddi ilə (1914-1921) yazılmış “Uliss” romanında hadisələr (əgər bunlara hadisə demək mümkünsə) bir günün içində - 1904-cü ilin 16 iyununda İrlandiyanın paytaxtı Dublində baş verir. Bu, Ceyms Coys üçün əlamətdar tarixdir, həmin ilin həmin günündə o, gələcək arvadı Nora Barnakl ilə tanış olmuşdu. Sadə, zəhmətkeş ailədən çıxmış Nora dahi ərinin iç dünyasından, düşündüklərindən, yazdıqlarından xəbərsiz avam, kəmsavad bir otel qulluqçusuydu, di gəl, yazıçı bu qıza sarsılmaz bir ehtirasla bağlanmışdı, ömrünün sonunacan da ondan qopmadı. “Uliss”in pərəstişkarları hər il 16 iyunu “Blum günü” kimi qeyd eləyirlər, bir yerə toplaşıb yazıçının xatirəsini anır, kitabdan parçalar oxuyurlar.

Romanın baş qəhrəmanı yəhudi əsilli reklam agenti - qəzetlər üçün reklam, elan mətnləri tapıb gətirən otuz səkkiz yaşlı Leopold Blumdur. İkinci əsas personaj məktəbdə ədəbiyyat dərsi deyən iyirmi iki yaşlı alim, şair Stiven Dedaldır - o, müəllifin alter-eqosu, avtobioqrafik obrazdır. Stiven onun “Sənətkarın gənclik portreti” adlı ilk romanının da qəhrəmanıdır. Nəhayət, baş qəhrəmanın arvadı, opera müğənnisi Molli Blum - onun prototipi müəllifin həyat yoldaşı Noradır. Romandakı qalan iştirakçılar epizodik obrazlardır.

Coysun öz əsərinə Dublində yaşayan iki cüt-bir tək yəhudidən birini baş qəhrəman seçməsi təsadüf sayıla bilməz - təpədən-dırnağa simvollardan, işarələrdən ibarət bir əsərdə təsadüfə yer yoxdur. İkinci qəhrəman Stivenin də soyadı mifik yunan rəssamı, mühəndisi Dedalın adından götürülmədir. Gördüyümüz kimi, müəllif bu cür sadə fəndlərlə Avropa sivilizasiyasının iki başlıca qaynağına işarə vurur: bunun biri qədim yəhudi-xristian mədəniyyəti, o biri antik yunan-Roma mədəniyyətidir. Çağdaş Avropa bu ikisinin calağından ərsəyə gəlib. Blumun Dublindəki birgünlük odisseyası təkcə Homer qəhrəmanının mifik səyahətinə yox, həm də cəlayi-vətən olub diyar-diyar səpələnmiş yəhudi qövmünün iki min illik sərgərdanlığına parodiyadır. Stivenin yaxınlarda xəstəlikdən ölmüş anasına soyuq münasibəti, atası ola-ola müəllifin Blumu gənc şairin təhtəlşüuruna ata obrazı, ata əvəzi kimi oturtması qədim yunanların onları “yaratmış” tanrılardan üz döndərib yəhudi allahına tapınmasına işarədir.

Miskin, gülünc, aciz klerk Leopold Blum - ağıllı, müdrik, hiyləgər döyüşçü Odisseyin, babalarının məzhəbinə dönük çıxan Stiven Dedal - onun zatına sadiq qeyrətli oğlu Telemaxın, zinakar şəhvət düşkünü Molli Blum - onun vəfalı arvadı Penelopanın antipodudur. Müəllif Homer personajlarının indiki aqibətini onların keçmiş ehtişamının fonunda təsvir eləməklə bəşəriyyətin necə bir mənəvi tənəzzülə uğradığını, hansı xəyal zirvələrindən yıxılıb iflas bataqlığına düşdüyünü bizə əyani şəkildə göstərmək istəyir. Ceyms Coysun təkamülə, tərəqqiyə heç bir inamı yoxdur, onu böyük savaşlar, tarixi hadisələr cəlb eləmir, qulağının dibində gurlayan top səsləri, Avropanı qana çalxayan dünya savaşı belə onun diqqətini bir bədbəxt yəhudinin on il qabaq Dublində keçirdiyi bir sönük, solğun günün mənasız, bayağı macəralarından ayıra bilmir. O gün elə hər gündür, hər gün 16 iyun, hər yer Dublindir. Hər ata Leopold Blum, hər oğul Stiven Dedal, hər qadın da Mollidir. Coys bundan ayrı planet, bundan qeyri zaman, bundan başqa bəşər tanımır. Hər gün 16 iyun, hər yer Dublin, hər kəs didərgin Blum!

***

Homerdən üzübəri dünya ədəbiyyatının iki ana mövzusu var: biri müharibə (xalq, vətən, savaş, evdən gediş, dünyaya çıxış, cəngavərlik...) mövzusu, biri də məhəbbət (ailə, ocaq, sevgi, evə dönüş, özünə qayıdış, sərgərdanlıq...) teması. Lev Tolstoy deyirdi ki, “Hərb və sülh” epopeyasında onu xalq ideyası, “Anna Karenina” romanında isə ailə ideyası məşğul eləyib. Dastanlar da iki qismə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

“Şahnamə” (Firdovsi), “İsgəndərnamə” (Nizami), “İlahi komediya” (Dante), “Don Kixot” (Servantes), “Hamlet” (Şekspir), “Faust” (Höte), “Səfillər” (Hüqo), “Pikvik klubunun qeydləri” (Dikkens), “Hərb və sülh” (Tolstoy), “Karamazov qardaşları” (Dostoyevski), “İosiflə qardaşları” (T.Mann), “Sakit Don” (Şoloxov), “Master və Marqarita” (Bulqakov), “Can” (Platonov), “Doktor Jivaqo” (Pasternak) - bu əsərlər “İliada” xəttinin üstündədir.

“Yeddi gözəl” (Nizami), “Yusif və Züleyxa” (Cami), “Qaçaqlar” (Şiller), “Don Juan” (Bayron), “Paris Notr-Dam kilsəsi” (Hüqo), “Madam Bovari” (Flober), “Oblomov” (Qonçarov), “Atalar və oğullar” (Turgenev), “Anna Karenina” (Tolstoy), “İdiot” (Dostoyevski), “Qəsr” (Kafka), “Avqust işığı” (Folkner), “Yabançı” (Kamü), “Çovdarlıqda uçurumdan qoruyan” (Selincer), “Yüz ilin tənhalığı” (Markes) - bunlarsa küll halında “Odisseya” mövzusunun sərhədləri içindədir. Milli ədəbiyyatımızda da analoji təsnifləndirmə aparmaq olar: məsələn, “Komsomol poeması”, “Aygün” (S.Vurğun), “Şamo”, “Saçlı” (S.Rəhimov).

Davamı növbəti sayımızda...

Fəxri Uğurlu

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30