Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq

Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq

20.08.2022 [10:28]

Nizami CƏFƏROV,

Akademik

Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq, yaxud “Azərbaycan tarixi”nin birinci cildi

Azərbaycan xalqı haqqında nə deyir?

Əvvəli ötən sayımızda…

Elmi araşdırma

Mannanın etnik tərkibi barədə heç bir əsaslı məlumat yoxdursa, onun iranlılaşması barədə danışmaq zahirən məntiqli görünsə də daxilən absurddur. Bəlkə, yerli etnos assimilyasiyaya uğramamış, sadəcə gəlmələrin çoxluğu, yaşayış üçün daha əlverişli əraziləri zəbt etməsi nəticəsində yerlilər harayasa (məsələn, dağlara, səhralara...) sıxışdırılmış, yeni vətən tutmağa məcbur olmuşlar? Manna dövlətinin qurucuları kuti, lullubi və hurri tayfaları, xüsusilə onların dilləri haqqında çox az məlumatlar qalmışsa onların assimilyasiyası prosesini necə təsəvvür edə bilərik? Sadəcə “iranlaşdılar” deməklə məsələ həll edilirmi? Ən əsası isə mənşəyi məlum olmayan bir etnosun nə zamansa iranlılaşmasının Azərbaycan xalqının tarixinə nə dəxli var?..

Əlbəttə, qədim Azərbaycan əraziləri ilə həmhüdud coğrafiyalarda baş vermiş siyasi çəkişmələrə müəyyən yer verilməsi zəruridir, ancaq həmin hadisələrə maraq bir çox hallarda müstəqil mövzuya çevrilir, Azərbaycan tarixi üçün elə bir əhəmiyyət kəsb etmir.

“Azərbaycan tarixi”nin birinci cildində xalqların assimilyasiyası anlayışından olduğu kimi onların miqrasiyası anlayışından da sui-istifadə olunur. Əvvəl belə bir özü-özünü təkzib edən mülahizə söylənir: “Miqrasiyalar ən qədim dövrlərdə də baş verirdi. Lakin miqrasiyaların rolunu və əhəmiyyətini mütləqləşdirmək lazım deyildir. Bununla belə, miqrasiyaların bəşər tarixində çox mühüm rol oynamasını qeyd etməmək olmaz” (səh. 129). Bundan sonra isə deyir: “Qədim dövrlərdə xalqların, hətta qohum xalq qruplarının köçü baş verirdi. Məsələn, e.ə. III-II minilliklərin qovuşuğunda hett tayfaları Kiçik Asiyaya gəlmişdilər. Güman etmək olar ki, təxminən həmin dövrdə hellin tayfalarının Yunanıstan ərazisində yerləşməsi baş vermişdir. Təxminən e.ə. II minilliyin sonu, yaxud I minilliyin başlanğıcında Cənubi Rusiya ç?llərindən çıxmış irandilli tayfalar İran yaylası vilayətlərində yerləşməyə başlamışdılar...”.

Beləliklə, “Azərbaycanın tarixi”ndə İran tayfalarının miqrasiyası elə bir cövlan edir ki, burada türkün at oynatmasına yer qalmır. Skifləri (sakları) də, təbii ki, iranlı sayan müəllif yazır: “Skiflər xüsusən hərbi iş sahəsində Azərbaycanın yerli əhalisinin mədəniyyətinə müəyyən təsir göstərmişdilər. Aborigenlər onlardan at belində ox atmaq taktikasını öyrənirdilər”... Əgər səhv etmirəmsə, at belində döyüşün bu cür texnologiyalarını tarixə məhz türklər təqdim etmiş, min illərlə yaşatmışlar.

Həm “Azərbaycan tarixi”nin birinci cildində, həm də akademikin qələmə aldığı kitab və ya məqalələrdə çox aydın seçilən bir “anket üslubu” var ki, bu, zahirən elmi sistem, məntiqi ardıcıllıq, hətta konsepsiya təsiri bağışlayır. Ancaq məqsədli “ustanovka”nın, mahiyyət etibarilə, saxta təzahüründən başqa bir şey deyil.

İqrar Əliyevin tarixi-ideoloji üslubunda diqqəti çəkən bir spekulyativ məqam da odur ki, tarixini yazdığı (əslində, saxtalaşdırdığı!) xalqa hələ bir minnət də qoyur: “Biz Vətənimizin tarixində müəyyən dövrdə irandilli tayfaların üstün, aparıcı rolu, Cənubi Azərbaycanın bir çox yerli tayfalarının iranlaşması, Atropatena dilinin İran xarakteri (yəni Azərbaycanın ümumən İran kökəni - N.C.) haqqında danışarkən daha erkən zamanlarda Cənubi Azərbaycan zonasında və onunla qonşu olan ərazilərdə yaşamış kuti, lullubi, hurri Manna qruplarını, başqa tayfaları və xalqları (kimləri? - N.C.) Azərbaycan xalqının əcdadları sırasından heç də çıxarmırıq”... Və bu sözlərin gəlişigözəl olub tarixdə (nəticə etibarilə, bu gün də!) irançılığa xidmət etdiyini isə müəllif qətiyyən gizlətmir. Və növbəti minnətini Azərbaycan xalqının boynuna qoymağa çalışır: “Biz məhz buna görə tam əsasla Azərbaycan xalqının əcdadları sırasında diyarın yalnız ən qədim sakinlərinin deyil, habelə gəlmə irandilli madalıların adını da çəkirik... Hazırda türk dillərindən birində (nə əcəb “türk” sözü dilə gəldi? - N.C.) danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla və başqa xalqlarla qohumluğa yetirlər...”.

İnanmırıq ki, “Azərbaycan xalqının”, “Azərbaycan tarixi”nin birinci cildindəki tarixi ilə tanış olan şəxs bu sözlərin səmimiyyətinə şübhə etməsin. Və təsadüfi deyil ki, bu boğazdan yuxarı sözlərin arxasınca müəllifin əsl mövqeyi özünü çox gözlətmir: “Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştlük təliminə və bir çox digər mədəni-tarixi dəyərlərə sahiblik hüququ qazanırlar”.

Azərbaycan xalqı, eləcə də onun üzvi tərkib hissəsi olduğu Türk dünyası hər cəhətdən fəxr edilə biləcək kifayət qədər zəngin bir mədəniyyətin varisidir... Bu, bir... İkincisi isə, Azərbaycan xalqı dünya mədəniyyətinin hər bir hadisəsinə ümumbəşəri dəyər olaraq hörmətlə, ehtiramla yanaşır... Və belə bir halda akademik İqrar Əliyevin təfsilatı ilə təqdim etdiyimiz “məsləhət”inin mənası, əhəmiyyəti varmı?

“Azərbaycan tarixi”nin birinci cildində türkcənin üzərinə elə bir amansız hücum özünü göstərir ki, müəllif öz fəaliyyət (və səlahiyyət!) dairəsindən kənara çıxaraq nəinki qədim dövrlərdə, heç orta əsrlərdə də onu (türk mənşəli Azərbaycan dilini) Azərbaycan xalqının tarixinə yaxın buraxmaq istəmir... Təsəvvür edək ki, birinci cild kimi ikinci, üçüncü... cildlərin də məsul redaktoru İqrar Əliyev olaydı, onda Azərbaycan türkcəsinin tarixini ən tezi XIX əsrdən başlamaq məcburiyyətində qalacaqdıq...

Kiməsə belə gələ bilər ki, təxminən iyirmi beş il bundan əvvəl nəşr edilmiş bir kitabın qüsurları barədə bu qədər təfərrüatı ilə bəhs açmaq elə bir əhəmiyyət kəsb etmir, bu gün həyatda olmayan mərhum akademikin mövqeyi ilə razılaşıb-razılaşmamağın da xeyri yoxdur... Ancaq elə deyil... Bu gün-sabah işıq üzü görəcək “Azərbaycan tarix”ləri elə yazılmalıdır ki, məhz Azərbaycan xalqının tarixi olsun... Azərbaycançılıq ideologiyasının əsas prinsiplərinə - türkçülük, müsəlmanlıq və müasirliyə cavab verməyən “tarix”, əlbəttə, Azərbaycan tarixi deyil. Hələ onun “milli dəyər” olması bir yana...

Azərbaycan ziyalısının öz tarixinə laqeyd olduğunu demək, əlbəttə, haqsızlıq olardı. Ancaq neçə onillər xalqın “tərcümeyi-hal”ını saxtalaşdırmaq - şüurlu olaraq türklükdən (və nəticə etibarilə azərbaycançılıqdan) çıxarmaq cəhdləri ayaq tutub yeriyibsə, deməli, milli ictimai şüura, eləcə də akademik inzibatçılığa təsir imkanı lazımi səviyyədə olmayıb... Ona görə də təklif edərdim ki, Azərbaycan tarixinin qədim dövrü, xüsusilə etnogenezlə bağlı məsələlər tarixçilərlə yanaşı, dilçilər, ədəbiyyatşünaslar, sənətşünaslar... tərəfindən geniş müzakirə olunsun, mövcud konsepsiyalar, mülahizələr, gümanlar öz xalqının tarixi ilə maraqlananlara çatdırılsın ki, ən azından akademik “Tarix”lərdə heç olmasa etnogenez kimi ciddi məsələlər sonra narazılıq (və narahatlıq) doğurmasın... Böyük şairin məşhur sözlərini bir daha təkrarlamağa məcbur olmayaq ki, “Tarix bizim olubdur, Tarix yazan özgələr. Tarixə düşməyibdir Bizim tarixi hünər, Bizim tarixi zəfər”...

“Ədəbiyyat qəzeti”

15.08.2022

Paylaş:
Baxılıb: 377 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31