Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfər edib
24.02.2016 [10:07]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.
* * *
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və İranın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.
Prezidentlər birgə foto çəkdiriblər.
İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.
* * *
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
* * *
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Görüşdə Prezident Həsən Ruhani bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin İrana rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək. Bu gün əməkdaşlıq əlaqələrimiz sürətlə inkişaf edir və bütün sahələri əhatə edir.
İran Prezidenti səfər çərçivəsində imzalanacaq sənədlərin münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğulayıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirib. İran dövlətinin başçısı deyib ki, əlaqələrimizin hazırkı inkişafı ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına və dostluğuna əsaslanır. Prezident Həsən Ruhani qeyd edib ki, əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, münasibətlərimizin bütün sahələrdə daha da irəliyə aparılmasını mühüm vəzifə kimi qarşıya qoyur.
İranın ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış etdiyini vurğulayan Prezident Həsən Ruhani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq məsələlərdə dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyini vurğulayıb. İran dövlətinin başçısı ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirib. Dövlətimizin başçısı İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə İran Prezidentini və xalqını təbrik edib. Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğulayıb. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirib, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji, sərmayə qoyuluşu, bank, ticarət, turizm, nəqliyyat, yüklərin daşınması, infrastruktur, mədəniyyət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün səylərin gücləndirilməsinin zəruriliyi qeyd olunub. Görüşdə Xəzərin dostluq və əməkdaşlıq dənizi olduğu vurğulanıb. Həmçinin Azərbaycanın və İranın birlikdə digər ölkələrlə də əməkdaşlıq imkanları müzakirə olunub.
İslamofobiya meyillərinin artmasından narahatlığın ifadə olunduğu görüşdə belə halların qarşısının alınması ilə bağlı müzakirələr aparılıb.
* * *
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş”i Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və İranın maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Məsud Kərbasian imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Abbas Axundi imzalayıblar.
“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Şirkətinin baş direktoru Möhsün Purseyid Ağayi imzalayıblar.
“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini xanım Şəhindoxt Mövlaverdi imzalayıblar.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və İranın səhiyyə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi imzalayıblar.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii imzalayıblar.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Neft Şirkəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İran Milli Neft Şirkətinin prezidenti Rüknəddin Cavadi imzalayıblar.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qədir İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İranın Qədir İnvestisiya Şirkətinin prezidenti Süleymani Əmiri imzalayıblar.
* * *
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Həsən Ruhaninin bəyanatı: “Mehriban və bağışlayan Allahın adı ilə.
Azərbaycan Respublikasının hörmətli Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi İran İslam Respublikasında bir daha salamlayıram və mənim dəvətimi qəbul edərək İrana gəldiyinə görə təşəkkürümü bildirirəm.
Ötən iki il yarım ərzində bu, bizim beşinci görüşümüzdür. Bu, çox sevindirici haldır ki, bizim hər görüşümüz iki ölkə arasında münasibətlərimizin daha da inkişaf etməsinə xidmət edir. Həm də sevindirici haldır ki, bizim görüşlərimiz iki dost və qardaş ölkə olan İran ilə Azərbaycanın, onların xalqlarının mənafeyinə xidmət edir.
Biz, həmçinin Azərbaycan Respublikasının möhtərəm Prezidentinin səfərinin bu həftə ərzində İran üçün çox mühüm iki hadisə ilə əlamətdar olduğu bir dövrə təsadüf etməsini də xoşhallıqla vurğulayırıq. Məlum olduğu kimi, bu həftə ərzində İran İslam Respublikasında həm İslam Şurası Məclisinə, həm də Xubriqan Məclisinə seçkilər keçiriləcəkdir. Bu seçkilər İran xalqının iradəsinin göstəricisi olacaqdır. Bu seçkilər İranda azadlığın, istiqlalın və xalqın iradəsinin bariz nümunəsi olacaqdır. Həmçinin sevindirici haldır ki, Azərbaycan Prezidentinin səfəri hər iki dövlət və xalq üçün mühüm olan Novruz bayramı ərəfəsinə təsadüf edir. Novruz bayramını qeyd edən ölkələrin xalqlarını oxşar tarix, mədəniyyət və sivilizasiya birləşdirir.
Həmçinin sevindirici haldır ki, bu səfər İrana qarşı nüvə sanksiyalarının aradan qaldırılması və bu barədə razılaşmanın icra olunmasına başlanmasından sonraya təsadüf edir. Bu da iki ölkə arasında münasibətlərin daha geniş spektrdə inkişaf etməsinə səbəb olacaqdır. İki ölkə arasında müştərək iqtisadi komissiyanın son iki ildəki fəaliyyəti bizi çox sevindirir. Onların gərgin əməyinin nəticəsidir ki, bu gün iki ölkə arasında on bir sənəd imzalanır. Bu sənədlərin imzalanması ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda, biz 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik ki, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaqdır.
Biz ölkələrimiz arasında energetika və neft-qaz sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi apardıq. Biz Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə barədə fikir mübadiləsi etdik. Biz, həmçinin iki ölkə arasında bank və sığorta sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Eyni zamanda, Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Biz xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində, o cümlədən dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik.
Biz, eyni zamanda, dini və məzhəb sahəsində əməkdaşlıq barədə ətraflı danışdıq. Hazırda dünyada və regionda baş qaldırmış islamofobiyaya qarşı birgə əməkdaşlıq haqqında fikirlərimizi paylaşdıq, o cümlədən bu sahədə birgə fəaliyyət planı qurmağı razılaşdırdıq. İslam dininin rəhman və bağışlayan bir din olduğunu, ondan qorxmaq lazım olmadığını birlikdə bəyan etmək barədə düşüncələrimizi paylaşdıq.
Regionda baş verən məlum hadisələr və terrorizm təhlükəsi ilə bağlı iki ölkənin təhlükəsizlik və kəşfiyyat sahəsində bir-biri ilə əməkdaşlıq etməsi, informasiya mübadiləsi aparması barədə razılığa gəldik. Regionda baş verən məlum hadisələr, eyni zamanda, Suriya məsələsi ilə bağlı ortaq fikirləri paylaşdıq, o cümlədən aidiyyəti qurumların bu məsələlər ilə əlaqədar mütəmadi olaraq məsləhətləşmələr keçirmələrinə dair ortaq razılığa gəldik. Biz, o cümlədən belə bir ortaq fikrə gəldik ki, regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Bu məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur.
Biz bugünkü görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, iki ölkənin üçtərəfli formatda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Bu formatlara daxildir: İran-Türkmənistan-Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Türkiyə.
Cənab Prezident İlham Əliyevə və Onu müşayiət edən nümayəndə heyətinə bir daha İrana “xoş gəldiniz” deyirəm”.
Prezident İlham Əliyevin bəyanatı: “Çox sağ olun, hörmətli cənab Prezident.
İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Fürsətdən istifadə edərək, İrana qarşı qoyulmuş sanksiyaların aradan qaldırılması münasibətilə bir daha Sizi və bütün İran xalqını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olmuşdur və bütün yüksək kürsülərdən öz sözünü ifadə etmişdir.
Cənab Prezident, Siz müzakirə etdiyimiz bütün məsələləri mətbuat nümayəndələrinə çox geniş şəkildə çatdırdınız. Doğrudan da, bu gün bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və fikir birliyi ifadə olundu. Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm təməl üzərində qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda, ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik.
Bu gün, eyni zamanda, regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəlmişlər. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə, atəşkəs yaradılmalıdır, ondan sonra sülh bağlanmalıdır və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir.
Bir daha qeyd etmək istəyirəm ki, bu gün söhbət əsnasında bir çox məsələlərlə bağlı fikrimiz üst-üstə düşür. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalıdır, bir-birinin işinə qarışmamalıdır. Belə olan halda müharibələr də dayanacaq, qarşıdurmalar da azalacaqdır.
Bu gün Siz də bunun şahidisiniz ki, bir çox sənədlər imzalandı. Bu sənədlərin icrası bizim əlaqələrimizi daha da gücləndirəcəkdir. Bir çox sahələr üzrə imzalanan sənədlər gələcək üçün yol göstərir.
Bu sənədlərin mahiyyəti çox müsbətdir və onların bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət göstərir.
Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.
Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır.
Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər vardır. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcəkdir.
Qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var.
Prezident Ruhani qeyd etdi ki, artıq biz üçtərəfli formatlarda da fəal iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcəkdir. Bu, bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olsun. Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq. Prezident Ruhani qeyd etdi ki, bu, son iki il ərzində bizim beşinci görüşümüzdür. Mən fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.
* * *
Fevralın 23-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.
* * *
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
Görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirilib. Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcəyi qeyd olunub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri fevralın 23-də başa çatıb.
Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12

