Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfər edib
07.03.2017 [11:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gedib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.
* * *
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və İranın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.
Prezidentlər birgə foto çəkdiriblər.
İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrimizin inkişafında böyük rolu olduğu qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Prezident İlham Əliyev dəvətə görə Prezident Həsən Ruhaniyə təşəkkürünü bildirib, Azərbaycanın İran ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib.
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
İran Prezidenti Həsən Ruhani çıxış edərək deyib: “Möhtərəm cənab Prezident İlham Əliyevə və Onu müşayiət edən nümayəndə heyətinə çox “Xoş gəlmisiniz” deyirəm. Sizi görməyə çox şadam.
Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc olmuşdur. Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Təşəkkür edirəm, hörmətli cənab Prezident.
İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.
İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxmışdır. Bir çox önəmli məsələlər öz həllini tapmışdır və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir.
Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”.
Görüşdə ölkələrimiz arasında mədəni, iqtisadi, dini əlaqələrin və mehriban qonşuluğun əməkdaşlığımızın əsasını təşkil etdiyi vurğulanıb. Azərbaycan ilə İran arasında əlaqələrin ölkələrimizin maraqları əsasında inkişaf etdiyinin qeyd olunduğu görüşdə qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə bir sıra addımların atıldığı bildirilib.
Söhbət zamanı iqtisadi əlaqələrimizin sürətlə inkişaf etdiyi, Xəzər dənizində, enerji, o cümlədən neft-qaz sahələrində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulanıb. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğu diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin son illər daha yüksək səviyyəyə çatdığı vurğulanıb, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzalayıblar.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzalayıblar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
İran Prezidenti Həsən Ruhaninin bəyanatı: “Bismillahir rəhmanir rəhim.
Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevi və Onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyətini Tehrana gəlişi münasibətilə salamlayır və “Xoş gəlmisiniz” deyirəm.
Son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib. Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib. Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır.
Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq. Hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir. İran İslam Respublikası Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək. Azərbaycan Respublikası və İran Xəzər dənizinin sahilində yerləşir və bu dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.
İstər məhdud tərkibli, istərsə də geniş tərkibli görüşlərdə müzakirə etdiyimiz mövzular sırasında bu vacib məsələyə toxunduq ki, mövcud olan konvensiyalar, eləcə də sahilyanı beş ölkə arasında əldə olunan razılaşmalar həyata keçirilsin və Xəzər dənizinin ekosisteminin qorunmasında qazanılan uğurların şahidi olaq.
Xəzər dənizi ilə bağlı iki vacib məsələ də var ki, onlardan biri sahilyanı beş ölkə arasında dənizin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu məsələdə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında fikir birliyi və qarşılıqlı tərəfdaşlıq önəm kəsb edir. Ötən illər ərzində biz bu məsələni müzakirə etmişik və bugünkü görüşlərimizdə də son nəticənin əldə olunması istiqamətində əməkdaşlığımızı davam etdirəcəyimizi bəyan etdik. Eyni zamanda, Xəzər dənizindəki neft mənbələrinin istifadəsinə dair əməkdaşlığımızı davam etdirməklə bağlı fikir mübadiləsi apardıq və hər iki ölkənin neft nazirləri bu məsələni uğurla nəticələnənə qədər diqqət mərkəzində saxlayacaqlar.
Bugünkü danışıqların mövzularından biri də üçtərəfli əməkdaşlıq formatı olub. Üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan gündəlikdədir. Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir. Bugünkü görüşümüzdə isə Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatı ilə bağlı müzakirələr apardıq və belə qərara gəldik ki, bu məsələni diqqət mərkəzində saxlayaq.
Bugünkü danışıqlarımızda regional məsələlərlə bağlı müzakirələrimiz oldu. Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır. Biz bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın. İran İslam Respublikası bu əqidədədir ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq.
Sonda bir məqamı vurğulamaq istəyirəm ki, Azərbaycan-İran münasibətləri dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərdir”.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.
İlk növbədə, dəvətə və mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Qardaş İran torpağında yenidən olmağımdan çox məmnunam. Bu, mənim son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərimdir. Bütövlükdə, son üç il ərzində mən cənab Prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu, özlüyündə bir göstəricidir. Bu, göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır.
İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərlərimiz çərçivəsində 18 sənəd imzalanmışdır. Bu gün əlavə iki sənəd imzalanmışdır. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlamışdır, buna görə də biz minnətdarıq. Eyni zamanda, Prezident Ruhani qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib. Bir il bundan əvvəl bu salonda mən qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır.
Energetika sahəsində böyük uğurlar əldə edilib. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısıdır və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılmışdır. Mən xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir, prezidentlərin bütün göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir.
Qeyd etməliyəm ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Biz çalışırıq ki, İslam aləmində birliyi, həmrəyliyi möhkəmləndirək. Biz öz milli mənəvi, dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman yarışı olmayacaq. Bu, İslam aləminin birləşməsi deməkdir. Əminəm ki, İran idmançıları bu yarışlarda böyük uğur qazanaraq yüksək pillələrə qalxacaqlar. Qeyd etməliyəm ki, biz İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk, bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq.
Bir daha qonaqpərvərliyə görə Sizə minnətdaram və fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm”.
* * *
Martın 5-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
* * *
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşlərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan və İran yaxın dost və qonşu ölkələrdir. Son illər Azərbaycan-İran əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir.
Mütəmadi qarşılıqlı səfərlərin münasibətlərimizi daha da möhkəmləndirdiyini deyən Prezident İlham Əliyev bu səfərlər çərçivəsində 20-dək sənədin imzalanmasının və qərarların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin tarixi hadisə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib ki, bu, nəinki Azərbaycanın və İranın, ümumiyyətlə digər ölkələrin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacaq.
İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini qeyd edən Seyid Əli Xamenei Prezident İlham Əliyevə fəaliyyətində uğurlar diləyib və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

