Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedevanın görüşü olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedevanın görüşü olub

04.09.2010 [09:47]

Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedevanın görüşü olub.
* * *
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olublar.
Hörmətli qonaqlara gül dəstələri təqdim edilib.
Müəssisə ilə tanış olan Rusiyanın birinci xanımına məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar verib, bütün Şərqdə məşhur olduğunu bildiriblər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayıb, hazırda 350 nəfərin çalışdığı “Azər-İlmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülüb. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
Vurğulanıb ki, keçən il “Azər-İlmə” Avropanın Biznes Assambleyasının “United Europe” və “XXI əsrin liderləri” beynəlxalq imic proqramının “European Quality” nüfuzlu mükafatına da layiq görülüb. Azərbaycanın və Rusiyanın birinci xanımları qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxıblar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət ediblər. Xanım Svetlana Medvedeva xalçaçı qızların köməyi ilə original kompozisiyalı xalçaya bir neçə ilmə də vurub və bunun çox çətin, incə peşə olduğunu söyləyib.
Dövlət başçılarının xanımları xalçaçı qızlara işlərində uğurlar arzulayıblar.
Rusiyanın birinci xanımı qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxıb. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyadıb.
“Azərbaycan xalçası qalereyası”nda nümayiş olunan “Azərbaycanın tarixi xalçaçılıq məktəbləri” ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun edib.
Svetlana Medvedeva qalereyanın xatirə kitabına ürək sözlərini yazıb.
Hörmətli qonağa xatirə hədiyyəsi təqdim edilib.
* * *
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva Müasir İncəsənət Muzeyində olublar.
Xanım Svetlana Medvedeva Mehriban xan
ım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa edib. Qonağa məlumat verilib ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-ədək işi toplanıb. Bildirilib ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı 2011-ci ildə 47 ölkənin təmsilçisinin qatılacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir. Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, ömər Eldarov, Nadir Əbdürrəhmanov, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşın əsərləri ilə tanış olub. Rusiyanın birinci xanımı muzeydə Mehriban xanım Əliyevanın mayın sonlarında Bakıda keçirilmiş “Qız qalası” Beynəlxalq incəsənət festivalına təqdim etdiyi əsərinə maraqla tamaşa edib. Mehriban xanım Əliyevanın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilib. Əsərin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulub. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına çağırıb.
Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-ədək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi də nümayiş etdirilir.
Qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Rusiyanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub. Xanım Svetlana Medvedeva da Mehriban xanım Əliyevaya hədiyyə təqdim edib. Rusiya Prezidentinin xanımı muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək, buradan zəngin təəssüratlarla ayrılıb.
* * *
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunda Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva ilə görüşüb. Birinci xanımlar əvvəlcə Fondun fəaliyyəti, təhsil, elm, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələrdən bəhs edən filmə baxıblar. Sonra Mehriban Əliyeva ilə Svetlana Medvedevanın görüşü olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirib ki, Fond Azərbaycanın tərəqqisinə yönələn, mədəniyyətimizin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı görülən işləri dəstəkləyir. Azərbaycanın birinci xanımı deyib ki,  rəhbərlik etdiyi qurum müxtəlif sahələri əhatə edən və cəmiyyəti düşündürən, ölkəmizin  həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı layihələr həyata keçirir. Fond bir sıra beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Heydər Əliyev Fondunun Rusiya Prezidentinin xanımının rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondu kimi geniş xeyriyyəçilik və irimiqyaslı sosial və humanitar layihələr həyata keçirdiyini söyləyən Mehriban xanım deyib ki, biz bir yerdə əməkdaşlıq çərçivəsində çox şeyə nail ola bilərik.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Rusiyanın birinci xanımı Svetlana Medvedeva  görülən işlərin təqdirəlayiq olduğunu söyləyib. O, Fondun reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi qeyd edərək, Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rusiyanın birinci xanımı özünün rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondunun fəaliyyəti haqqında məlumat verərək, qurumun bir sıra iri layihələr həyata keçirdiyini  söyləyib. Görüşdə mədəni irsin qorunması sahəsində müzakirələr aparılıb. Birinci xanımlar Fondlar arasında əlaqələrin inkişafı ilə bağlı razılığa gəliblər. Xeyriyyəçilik missiyası ilə bərabər, ölkələrimizin mədəniyyətlərinin təbliğatına da böyük diqqət ayrılmasının vacibliyi vurğulanıb. Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Svetlana Medvedevaya xatirə hədiyyələri təqdim edib. Rusiyanın birinci xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratlarla ayrılıb.

Paylaş:
Baxılıb: 1001 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30