Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Balanslaşdırılmış xarici siyasət və hücum diplomatiyası Azərbaycanı regionun güc mərkəzinə çevirib

Balanslaşdırılmış xarici siyasət və hücum diplomatiyası Azərbaycanı regionun güc mərkəzinə çevirib

24.12.2010 [09:08]

Xarici siyasətdə müəyyənləşdirilmiş prioritetlər Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət edir
Məlum olduğu kimi, ötən əsrin sonlarında, daha konkret desək, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Lakin, bu, hələ heç nə demək deyildi və  müstəqilliyi qoruyub saxlamaq üçün görüləsi işlər çox idi. Azərbaycan bu böyük sərvəti qorumaq üçün öz müstəqilliyini dünyada qəbul etdirməli və tanıtdırmalı idi. Doğrudur, bir-birinin ardınca böyük dövlətlərin Azərbaycanı müstəqil ölkə kimi tanıması bu müstəqilliyin möhürü olsa da, sonrakı mərhələlərdə daha böyük addımların atılmasına və yaranmış imkanlardan maksimum istifadəyə ciddi ehtiyac yaranmışdı. Lakin o zamankı Azərbaycan hakimiyyəti prosesləri düzgün dəyərləndirməyərək qarşıya çıxan bu imkanları geri çevirirdi. Müstəqilliyin ilk illərində iqtidarda olanların naşı və səriştəsiz əməlləri nəticəsində Azərbaycan beynəlxalq aləmdən təcrid vəziyyətinə salınmış, ölkəmiz bölgədə təklənmiş və milli maraqlarımız zərbə altında qalmışdı. Yeni geosiyası çağırışları düzgün qiymətləndirməyən o zamankı iqtidar yetkililəri həyata keçirdikləri yarıtmaz siyasət nəticəsində Azərbaycanın dostlarını küsdürmüş, düşmənlərin sırasını isə genişləndirmişdi. Ancaq ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyət sükanının arxasına keçməsi ilə, bütün digər sahələrdə olduğu kimi, ölkəmizin xarici siyasətində də yeni üfüqlər açıldı. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində vəziyyəti normallaşdırmaq, bölgədə və ümumilikdə dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün  oldu. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə ardıcıl səfərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan gərgin işlər sayəsində az zaman içərisində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı, ölkəmizin sosial-iqtisadi vəziyyəti və potensialı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, respublikanın xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi.
Bu gün isə ümummilli liderimizin siyasi kursu Onun layiqli siyasi varisi Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın xarici siyasət xəttinin ən önəmli üstünlüklərindən olan balanslı və çoxtərəfli siyasət beynəlxalq təşkilatlarla əlaqələrimizdə də özünü göstərir. Məsələn, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrində həmişə ölkəmizin milli maraqları rəhbər tutulub. Rəsmi Bakının uğurlu fəaliyyəti nəticəsində təşkilatda Azərbaycanın mövqeyini müdafiə edən müxtəlif qərar və qətnamələr qəbul olunub. BMT ilə ölkəmiz arasındakı yüksək əməkdaşlıq digər beynəlxalq təşkilatlarla münasibətlərimizdə də qorunur. Məsələn, NATO - Azərbaycan münasibətlərinin səviyyəsi quruma rəhbərlik edənlərin özlərinin də ifadə etdikləri kimi təqdirəlayiqdir. Doğrudur, Azərbaycan NATO-nun tamhüquqlu üzvü deyil. Amma müstəqil dövlət kimi Azərbaycan bu təhlükəsizlik təşkilatının layihələrində fəal iştirak edir. ölkəmizin sülhməramlı qüvvələri NATO-nun hərbi kontingentinin tərkibində bir sıra münaqişə zonalarında təhlükəsizliyi qoruyur.
Şübhəsiz ki, NATO ilə əməkdaşlıq Azərbaycana öz hərbi potensialını daha da artırmağa, hərbi sistemi müasirləşdirməyə, islahatlar aparmağa imkan verir. Eynilə digər təşkilatlarla əməkdaşlıqda da qarşıya qoyulan ən ümdə məqsəd bu və ya başqa sahələrin, Azərbaycanda demokratiyanın inkişafına təkan verməkdir. O cümlədən, Avropanın qabaqcıl təşkilatları ilə münasibətlərin inkişafı rəsmi Bakının maraqlarına cavab verir. Məsələn, bu gün Azərbaycan ən önəmli beynəlxalq təşkilatlardan biri olan Avropa İttifaqı ilə müsbət istiqamətdə münasibətlər qurub. ölkəmiz bu təşkilatla Yeni Qonşuluq Siyasəti proqramı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlıq kifayət qədər səmərəlidir. Azərbaycanın perspektivdə bu təşkilata üzvlüyü isə təşkilatın sərgiləyəcəyi mövqedən asılı olacaq. Dövlət başçısı İlham Əliyevin də bəyan etdiyi kimi, Avropaya inteqrasiya planı baxımından da, əgər bu təşəbbüs Avropa İttifaqı tərəfindən irəli sürülmüş olsa, əlbəttə, Bakı onu nəzərdən keçirəcək: “Əks halda, özümüzü zorla qəbul etdirmək fikrində deyilik. Biz öz təhlükəsizliyimizi özümüz təmin edirik, biz həm iqtisadi, həm siyasi və həm də enerji baxımından özümüzü tam təmin edə bilən ölkəyik. Ona görə də, biz bunu əsas götürürük ki, münasibətlər bərabərhüquqlu olmalıdır, qarşılıqlı hörmət və qarşılıqlı mənafelər əsasında qurulmalıdır”.
Azərbaycanın Avropanın digər təşkilatı - Avropa Şurası ilə münasibətlərini də kifayət qədər pozitiv və çoxşaxəli hesab etmək olar. 2001-ci ilin yanvar ayının 17-də bu təşkilata tamhüquqlu üzv olan Azərbaycan həmin dövrdən bəri öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. Həmin təşkilata qəbul olunmaq da məhz Azərbaycanın öz seçimi olub. Prezident İlham Əliyev isə rəsmi Bakının bu arzusunu belə əsaslandırıb: “Biz bunu qəsdən və ya kiminsə təzyiqi altında etməmişik. Təbii ki, qəbul olunduqda biz üzərimizə öhdəliklər götürmüşük və onları yerinə yetiririk. Həmin öhdəliklərin yerinə yetirilməsi, sadəcə, onunla bağlı deyil ki, bunu Avropa Şurası qarşısında etmək lazımdır. Bu, ölkəmizin inkişafına yardım edir. Buna görə də, Avropa Şurasına qəbul olunduqdan sonra Azərbaycanın tənqid edildiyi bir çox məsələlər aradan qaldırıldı. Biz onları həll etdik. “Siyasi məhbuslar məsələsi” deyilən məsələ öz həllini tapdı. ölkəmiz Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilir. Ona görə də, son illər ərzində biz o qədər də tənqid yox, müsbət mesajlar alırıq. Tənqidə gəldikdə isə, o, hər zaman var. Demokratiya baxımından ən inkişaf etmiş ölkələr də bəzən Avropa Şurası tərəfindən tənqid edilir. Bu, normaldır. Tənqid obyektiv olduqda və bizim inkişafımıza xidmət etdikdə ona çox dözümlü yanaşırıq”.
Heç kəsə sirr deyil ki, Azərbaycan müsəlman ölkəsidir və digər müsəlman dövlətləri ilə də fəal əməkdaşlıq içərisindədir. O cümlədən, rəsmi Bakının İslam Konfransı Təşkilatı ilə münasibətləri də daim güclənir. Bu prosesə də məhz Prezident İlham Əliyev başçılıq edir: “Azərbaycanda müxtəlif tədbirlər keçirilir. İslam aləmi ilə bizim münasibətlərimiz çox sürətlə inkişaf edir və bu, məni çox sevindirir. Biz elə etməliyik ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyək, İslam həmrəyliyini gücləndirək və bizim üçün dost olan ölkələrlə münasibətlərimizi bütün istiqamətlərdə davam etdirək. Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox vacib rol oynayır və bu rolu oynamağa davam edəcəkdir”.
Eyni zamanda, Azərbaycanın MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İƏT və bütün digər təşkilatlarla, o cümlədən, dünyanın güclü dövlətləri - ABŞ, Rusiya, Avropa dövlətləri ilə, həmçinin, qardaş Türkiyə ilə, qonşu dövlətlərlə də (təbii ki, işğalçı Ermənistan istisna olmaqla - red) əlaqələri inkişaf edir, həmçinin, bu münasibətlər əməkdaşlıq və qarşılıqlı  maraqların qorunmasına xidmət etməklə, ölkəmizin üzləşdiyi problemlərin həllinə də yardımçı olur. Xarici siyasətdə müəyyənləşdirilmiş bu prioritetlər isə təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət edir. Prezident İlham Əliyev isə Azərbaycanı arzu olunan zirvələrə daşıya biləcək yeganə liderdir.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30