Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Birinci Avropa Oyunlarında Azərbaycanın bayrağını zirvədə görmək qürurverici idi

Birinci Avropa Oyunlarında Azərbaycanın bayrağını zirvədə görmək qürurverici idi

10.07.2015 [09:59]

Radik İsayev: Məqsədim “Rio-2016”da da Azərbaycanın bayrağını yüksəltmək, himnini səsləndirməkdir
... Əgər hər hansı milli komandanın tərkibində lider idmançı, öz komanda yoldaşlarını ruhlandıra biləcək, onları öz ardınca irəli apara biləcək idmançı varsa, o milli komanda mütləq yarışlarda zəfər qazanır. Biz buna yenicə başa çatmış ilk Avropa Oyunlarında Azərbaycan idmançılarının parlaq qələbələr qazanması ilə bir daha şahid olduq. İdmançılarımızın Oyunlarda qazandığı 21 qızıl medalın 3-ü isə taekvandoçularımızın payına düşdü. Beləliklə, taekvando üzrə milli komandamızın lideri Radik İsayev əməkdaşımızla söhbətində ilk Avropa Oyunlarında iştirakı, eləcə də, idmançılarımızın qarşıdakı yarışlar, o cümlədən, gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı təəssüratlarını bölüşüb.
- Radik, birinci Avropa Oyunlarının ab-havası hələ əskilməmiş, federasiyanızda yenidən bir canlanma yaşanır...
- İdman belədir, yarışlar bu gün bitdisə, o artıq tarixə çevrilir. Yəni, sən qarşıdakı turnirlərə hazırlaşmalısan. Nəticə əldə etmək üçün mütləq formada olmalısan - bir an belə özünə boşluq verməməlisən. Çünki XXI əsr sürət əsridir, deyərdim ki, bu, hətta bütün sahələrdə belədir. Gözlədinsə, mütləq rəqibin gəlib səni keçəcək. Gördüyünüz bu canlanma da onunla bağlıdır. Növbəti beynəlxalq turnirə hazırlaşırıq.
- Sən milli komandamızın liderisən, səhv etmirəmsə dünya reytinq sıralamasında hətta 2-ci sıradasan. Bununla belə həyəcanlı görünməyinə səbəb nədir?
- Doğrudur, hazırkı reytinq cədvəlindəki yerim mənə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakıma təminat verir. Amma bu, hələlik belədir. Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ilk 6-lıqda yerimi qoruya bilməliyəm ki, avtomatik olaraq Braziliyaya vəsiqə əldə edə bilim. Amma ilin sonunadək hələ gör nə qədər var, neçə beynəlxalq turnir keçiriləcək. Təbii ki, rəqiblərim də yerlərində saymırlar. Hər bir idmançının məqsədi Olimpiya Oyunlarında ölkəsini təmsil etməkdir. Onlar da nəticə göstərib, Olimpiadaya vəsiqə qazanmaq istəyirlər. Odur ki, daha 6 ay “işləmək” lazımdır, yoxsa hər şey gec olar.
- Bildiyim qədər, sən peşəkar idmana da bir qədər gec gəlmisən. Narahatlığın həm də bununla bağlıdır?
- Bəlkə də, elə bir səbəbi də budur. Doğru qeyd edirsiz, peşəkar idmana bir qədər gec - 16 yaşımda gəlmişəm. Bu elə bir yaşdır ki, digər idmançılar bu yaşda artıq müəyyən titullar qazanmış olurlar. Bunun da obyektiv səbəbi var idi. Mən Qazaxıstanda anadan olmuşam. 3 yaşım olanda ailəmiz Mahaçqalaya köçüb. Uşaq yaşlarımda bir çox idman növləri ilə məşğul olmuşam - futbol, gimnastika, boks. Nəhayət, taekvandonu seçdim. İlk vaxtlar yerli çempionatlarda iştirak edirdim. Deyim ki, elə də böyük nəticələrim olmayıb. Amma 2012-ci ildən Azərbaycan milli komandasının tərkibində çıxış edirəm. Bu il sentyabrda 26 yaşım tamam olacaq. Milli komandanın tərkibində ilk iştirak etdiyim turnir uğurlu oldu. Belə ki, 2013-cü ildə Meksikada keçirilən dünya çempionatından Azərbaycana bürünc medalla döndüm. Növbəti il isə Bakıda keçirilən Avropa çempionatının qalibi oldum. Bildiyiniz kimi, bu il mayın əvvəlində Rusiyanın Çelyabinsk şəhərində Dünya çempionatı keçirildi. Bu yarışda da 87 kq-dək çəki dərəcəsində bütün rəqiblərimə qalib gələrək dünya çempionu oldum. Sonra Bakıya qayıdaraq ilk Avropa Oyunlarına ciddi hazırlaşmağa başladıq. Necə olsa da bu Oyunlar tarixdə ilk dəfə keçirildi. Ölkəmizin adını bu tarixin səhifələrində lap yuxarı başda yazmaq istəyirdim. Şükürlər olsun ki, buna da nail oldum.
- Radik, mükafatlandırma mərasimində sənə qızıl medalı Prezident İlham Əliyev verdi. O an hansı hissləri keçirirdin?
- O anları dolğun şəkildə çatdırmaq üçün gərək qarşındakı insan da həmin hissləri yaşasın. Bu, çox gözəl anlar, qürurverici və unudulmaz hisslərdir. Sənin şərəfinə dövlətin bayrağı qaldırılır, səni ayaq üstə alqışlayır, dövlət himni səsləndirilir, dövlət başçısı sənin yaxandan qızıl medal asır - bütün bunlar sehrli bir aləmin vəhdətidir, sanki bu sehrin bitməsini heç istəmirsən.
Yeri gəlmişkən, bir haşiyə çıxmaq istəyirəm. İndiyədək Olimpiya Oyunlarında iştirak etməmişəm. Biz yarışların davam etdiyi 17 gün ərzində “Atletlər kəndi”ndə yaşayırdıq. Burada digər ölkələrdən olan idmançılar - Olimpiya Oyunlarının iştirakçıları ilə söhbətlərimiz olurdu. Onlar bildirirdilər ki, ilk Avropa Oyunlarındakı təşkilatçılıq bəzi məqamları ilə hətta Yay Olimpiya Oyunlarını belə üstələyir. Hələ Oyunların möhtəşəm açılış və bağlanış mərasimlərini demirəm. Dünyanın bir sıra ölkələrinə canlı yayımlanan həmin mərasimlər Azərbaycan xalqının necə böyük, necə zəngin mədəniyyətə və musiqiyə malik xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu, sözsüz ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Oyunların təşkilinə diqqət və qayğısı, eləcə də, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq və peşəkarlığının sayəsində mümkün olmuşdu. Daha bir məqamı xüsusi vurğulamaq istərdim. Xatırladım ki, taekvando yarışları gözəl dənizkənarı parkdakı möhtəşəm Bakı Kristal Zalında keçirildi. Yarışların əksərində dövlət başçısı İlham Əliyev, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, eləcə də, federasiyamızın rəhbərliyi iştirak edirdilər, bizi canlı izləyirdilər. Bu isə biz idmançılara əlavə stimul verirdi, bizi qələbələrə ruhlandırırdı. Odur ki, biz də hər döyüşə qələbə əzmi ilə çıxırdıq.
Deyim ki, püşkatmada da bəxtim bir qədər gətirmişdi. İlk görüşdəki rəqibim Belarus idmançısı obyektiv səbəblərdən yarışa gəlməmişdi. Odur ki, bu mərhələni birbaşa adlayıb, ikinci döyüşə keçdim. Burada holland idmançını məğlub edərək növbəti mərhələyə yüksəldim. Yarımfinalda isə rəqibim sloveniyalı idmançı idi. O, Dünya çempionatının mükafatçısı və London Olimpiadasının iştirakçısı idi. Bu döyüşü də qələbə ilə başa vurub finala vəsiqə qazandım. Finalda rəqibim güclü rus idmançısı idi. Çətin keçən görüşdə qələbə qazanaraq ilk Avropa Oyunlarının qızıl medalını qazandım. İnşallah bu uğurlarımızın davamı da olar.
- Başqa sözlə, Avropa və dünya çempionu, Avropa Oyunlarının qalibi titullarına Olimpiya çempionluğunu da əlavə etmək istəyirsən?
- İnşallah. İlin axırınadək qarşıda hələ 4 Qran-pri turnirləri var. Hər turnir qalib idmançıya 40 bal verir. Bu isə rəqiblərim üçün də kifayət qədər xal deməkdir. Odur ki, qarşıdakı yarışlarda maksimum nəticə göstərməliyəm ki, reytinq cədvəlindəki yerimi qoruya bilim. Arzum, eləcə də, məqsədim sözsüz ki, Yay Olimpiya Oyunlarında iştirak edib qələbə qazanmaq, Azərbaycanın bayrağını yüksəldib, himnini səsləndirməkdir. Ümid edirəm ki, bu arzuma da çata biləcəyəm.
Səlim LOĞMANOĞLU

 
Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30