Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda aqrar sektorun dinamik inkişafı ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması üçün etibarlı zəmin yaradıb

Azərbaycanda aqrar sektorun dinamik inkişafı ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması üçün etibarlı zəmin yaradıb

31.08.2019 [09:45]

Prezident İlham Əliyev: Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq
Hazırda dünyada müşahidə edilən neqativ meyillər, o cümlədən ekoloji problemlər, qlobal istiləşmə fonunda aqrar sektorda yaşanan çətinliklər ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Ayrı-ayrı beynəlxalq təşkilatlar da dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir.
Ölkədə ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi strateji məqsəd kimi qarşıya qoyulub
Yuxarıda deyilənlər fonunda Azərbaycanın ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsini strateji məqsəd kimi qarşıya qoyması təqdirəlayiq haldır. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda ərzaq məhsullarına olan daxili tələbatın sırf yerli istehsal hesabına ödənilməsinin səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. Son 16 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. 2017-ci il 10 fevral tarixində isə Prezident İlham Əliyev respublikamızda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətinin davamı olaraq “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulurdu. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə geniş tərkibdə yaradılan Qida Təhlükəsizliyi Komissiyası çox məhsuldar fəaliyyət göstərdi, zəruri təşkilati-texniki məsələləri həll etdi və bütün ölkə boyu geniş maarifləndirmə işi apardı. Fərmana uyğun olaraq 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fundamental hüquqi bazanın yaradılması ilə paralel şəkildə, həmçinin praktiki müstəvidə də genişmiqyaslı tədbirlər həyata keçirilib. Regionların, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər aqrar sektorda ərzaq məhsulları istehsalının artırılmasına geniş imkanlar açıb. Belə ki, regionlarda sahibkarlığın ardıcıl şəkildə dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin verilməsi, subsidiyaların həcminin artırılması, müasir təsərrüfatların yaradılması, qabaqcıl təcrübənin tətbiqi, texnika ilə təminatın gücləndirilməsi sayəsində 2019-cu ilin birinci yarısında aqrar sektorda rekord göstəricilər əldə olunub. O cümlədən respublikamızda kənd təsərrüfatının dinamik inkişafı ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması üçün etibarlı zəmin yaradıb. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında dövlətimizin başçısı ölkənin aqrar sektorunda istehsalın artmasından məmnunluğunu bildirərək vurğulayıb: “Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir”.
Ölkəmizdə aqrar sektorda istehsal göstəricilərinin rekord səviyyədə artmasının nəticəsidir ki, hazırda bir sıra pozisiyalar üzrə, o cümlədən də meyvə-tərəvəzə olan daxili tələbat sırf yerli istehsal hesabına ödənilir. Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, 2019-cu ilin birinci yarısında aqrar sektorun Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədə kartof istehsalı 10,3%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.
Respublikanın ərzağa olan tələbatının getdikcə daha böyük həcmdə yerli istehsal hesabına ödənilməsi heyvandarlıq sahəsində daha qabarıq şəkildə nəzərə çarpır. Bu sahənin yeni yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən də mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sayəsində ölkədə ət və ət məhsulları, quş əti, yumurta və digər pozisiyalar üzrə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, hətta ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları da yaranıb. 2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.
Son 16 ildə ölkənin aqrar sektorunda həyata keçirilən islahatların, maddi-texniki bazanın möhkəmləndirilməsinin, dəstək və təşviq tədbirlərinin gücləndirilməsinin məntiqi nəticəsi olaraq ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi böyük nailiyyətdir. Prezident İlham Əliyev Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bildirib ki, son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq. Aqrar sektorda ərzaq məhsulları istehsalının artmasından məmnunluq ifadə edən dövlət başçısı vurğulayıb: “Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq”.
Respublikanın ərzaq təhlükəsizliyində mühüm pozisiyalardan olan taxılçılıqda məhsuldarlıq getdikcə artır
Son illərdə respublikamızın bölgələrində aqrar sektorun digər istiqamətləri kimi, ərzaq təminatının möhkəmləndirilməsində çox mühüm pozisiyalardan biri olan taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır, xüsusilə bu sahədə intensiv metodların tətbiqinə geniş meydan verilir və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə alınır. Regionlarda taxılçılığın inkişafında Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. İri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı ilbəil artır. 2004-cü ildə respublikamızda cəmi 2 milyon ton taxıl yığıldığı halda, 2018-ci ildə bu rəqəm 3 milyon 200 min tona yüksəlib. İri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq daha yüksəkdir - hər hektar üzrə 50 sentnerə bərabərdir, bəzi yerlərdə isə daha yüksəkdir. Müqayisə üçün bildirək ki, dünya üzrə hər hektardan orta məhsuldarlıq 34 sentner, Avropa İttifaqı ölkələrində isə 53 sentner təşkil edir. Azərbaycan yeni yanaşmaları tətbiq etməklə iri fermer təsərrüfatlarında məhsuldarlığı 50 sentnerə çatdırmağa nail olub ki, bu da böyük uğurdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimovun verdiyi məlumata əsasən cari təsərrüfat ilində respublikamızda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən operativ tədbirlər, o cümlədən dislokasiya sisteminin düzgün qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Belə ki, ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. Bəhs olunan müşavirədəki çıxışında taxılçılıqda məhsuldarlığın artmasına xüsusi diqqət çəkən Prezident İlham Əliyev “Məndə olan məlumata görə, taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq da kifayət qədər yüksəkdir. Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”, - deyə vurğulayıb.
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub. Mütəxəssislərin qənaətlərinə görə, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan Assosiasiyanın fəaliyyəti taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması baxımından əhəmiyyətli olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30