Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / "Əsrin müqaviləsi": Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı

"Əsrin müqaviləsi": Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı

09.09.2019 [11:40]

"Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması ilə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulub

Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə etsə də, həmin dövrdə ölkədəki hərc-mərclik nəinki müstəqil dövlətə təbii ehtiyatların istismarı yönündə hansısa addım atmağa, hər hansı iqtisadi inkişaf haqda fikirləşməyə də imkan vermirdi. 15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi ilə bütün sahələrə olduğu kimi, iqtisadiyyata da diqqət yetirildi və məhz Onun birbaşa təşəbbüsü və rəhbərliyi ilə cəmi 1 il ərzində Azərbaycan özünün yeni neft strategiyasını işləyib hazırladı. Bu strategiyanın əsas müddəalarını Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının müasir texnologiya ilə istismarı, xarici bazarlara ixrac olunması, bu sahədən əldə olunan gəlirlərin ölkənin problemlərinin həllinə yönəldilməsi təşkil etməkdədir.

"Əsrin müqaviləsi"nin imzalanması ilə dövlətimizin yeni neft strategiyası rəsmiləşdirildi

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində 20 sentyabr 1994-cü il tarixində Bakıdakı "Gülüstan" sarayında dünyanın 7 ölkəsini təmsil edən 11 nəhəng neft şirkəti ("Amoco" , "Unocal", "Pennzoil", "Exxon", "British Petroleum", "Ramco", "Lukoil", "Statoil", "Türkiye Petrolleri", "Delta" və "Itochu") ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafının təmin edilməsində əvəzsiz rol oynadı. Onu da qeyd edək ki, "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması dövlətimizin yeni neft strategiyasının rəsmiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, "Əsrin müqaviləsi"nin imzalanmasından ötən 25 il ərzində tarixi inkişaf yolu keçən SOCAR Azərbaycan daxilində və xaricdə bir çox nəhəng layihələr həyata keçirib. "Əsrin müqaviləsi" çərçivəsində istismar olunan karbohidrogen ehtiyatlarını xarici bazara çıxarmaq üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi nəhəng layihələrlə yanaşı, 2018-ci ildə dünyanın ən böyük sənaye layihələrindən olan "Cənub qaz dəhlizi"nin, TANAP-ın, Türkiydə "STAR" neft emalı zavodunun işə salınması həmin tarixi nailiyyətlər sırasındadır.
Əldə edilən nailiyyət və inkişaf göz qabağındadır. Belə ki, "Əsrin müqaviləsi" imzalandığı zaman xarici investisiyaya ehtiyacı olan SOCAR indiki dövrdə daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, dənizin böyük dərinliklərində qazma işləri aparır, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici ölkələrə sərmayə yatırır.

Murtuza Muxtarovun "Podrat qazma" kontoru sənaye üsulu ilə quyuların qazılmasında mühüm rol oynayıb

Odlar yurdunda "qara qızıl"ın mövcud olduğu əcdadlarımıza məlum olsa da, onun hasilatının tarixi o qədər də qədim deyil. Buna rəğmən neft istehsalı sahəsində ilklərin bir neçəsi Azərbaycanda baş verib. Belə ki, XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə əllə qazılmış quyudan neft hasil edilib.
Azərbaycanda, sözün əsl mənasında, neft hasilatının keçmişinə nəzər saldıqda isə məlum olur ki, bu tarix 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft əldə edilib və Azərbaycanın neft sənayesinin inkişafı həmin ildən hesablanır. Bir qədər sonra mexaniki üsulla quyuların qazılmasının texnologiyası inkişaf etdikcə Binəqədi, Pirallahı, Suraxanı kimi bir sıra yeni neft yataqları aşkar olundu.
Həmin dövrdə dövlətə məxsus istifadəsiz torpaqlar 24 il müddətinə icarəyə verilirdi. İcarədar hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik idi. Buna görə də XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı idi. Onlardan biri də Murtuza Muxtarov idi. Xüsusi texniki təhsili olmasa da, həmin dövrdə neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini M.Muxtarov kimi dərindən bilən ikinci bir sahibkar yox idi. Diplomsuz neft mühəndisi kimi şöhrət qazanmış M.Muxtarov Azərbaycanın neft sənayesi tarixinə özünün ixtirası ilə də daxil olub. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırıb və bunun üçün dövlət patenti alıb. O, bu ixtirasına "Bakı qazma sistemi" adı verib. M.Muxtarovun öz zavodunda buraxdığı dəzgah və avadanlıqlar Rusiyaya və xarici ölkələrə, hətta uzaq Amerikaya da ixrac edilirdi.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın neft sənayesi tarixində Murtuza Muxtarovun yaratdığı "Podrat qazma" kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarındakı quyuların əksəriyyətinin qazılmasında əsas rol oynayıb. Bu sahələrdəki quyuların əksəriyyəti onun "Podrat qazma" kontoru tərəfindən qazılıb. M.Muxtarov təkcə Bakıda yox, müqavilə əsasında Şimali Qafqazda, o cümlədən Maykop və Qroznı neft mədənlərində quyu qazdırır, zavod və mədənlər, konstruktor büroları ilə texniki və işgüzar əlaqələr saxlayırdı.
1920-ci ildən sonra da Azərbaycanda bir sıra yeni neft yataqları aşkar olundu. 1941-ci ildə isə istehsal həcmi 23,6 milyon tona çatan Bakı nefti SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi. 7 noyabr 1949-cu ildə "Neft daşları"nda 942 m dərinliyi olan 1№-li quyunun istismara daxil olması ilə dənizdə neftçıxarmanın əsası qoyuldu. 1950-ci ildə "Neft daşları" yatağının istismara verilməsi Azərbaycanda dəniz neft sənayesinin inkişafına da töhfə oldu.

Ümummilli Liderin 1972-ci ildə əsasını qoyduğu Bakı Dərin Özüllər Zavodu müasir inkişaf yolu keçib

1969-cu ildən başlayaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi, neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi.
İlk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə yeni 8 neft və qaz yatağı kəşf edildi, 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı.
Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq həmin dövrdə Azərbaycanda neft emalı üçün hazırlanmış xüsusi proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradıldı, təzə qurğular inşa olundu. Həştərxanda tikilməsi nəzərdə tutulan Dərin Dəniz Özülləri zavodunun Bakıda inşa edilməsi üçün Moskvadan icazənin alınmasına nail olmaq isə Ulu Öndər Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
Zavodun tikilməsinə 1978-ci ildə başlandı və 1989-cu ildə istismara verildi. Tarix Ümummilli Liderin haqlı olduğunu sübut etdi. Beləliklə, "Əsrin müqaviləsi"nin imzalanması ilə hazırda Ulu Öndər Heydər Əliyevin adını daşıyan zavodun tarixində yeni səhifə açıldı. Müqavilə imzalandıqdan sonra müasir neftayırma qurğuları, habelə "Dədə Qorqud", "İstiqlal" və "Qurtuluş" kimi üzən qazma qurğuları istismara buraxıldı. Bakı Dərin Özüllər Zavodu və "Star Gulf FZCO" şirkəti  tərəfindən təsis edilən "BOS Şelf" şirkəti zavodun ərazisində öz fəaliyyətinə 2011-ci ildə başlayıb və o vaxtdan bəri Xəzər dənizinin ən böyük obyektlərindən birinə çevrilib.

160 illik təcrübə və qabaqcıl qazma texnologiyaları "SOCAR AQŞ"nin uğurlarını şərtləndirir

Məlum olduğu kimi, neft hasilatında lazımi qurğularla yanaşı, bu vasitələrdən istifadə edərək neft-qaz yataqlarını istismar edən müvafiq qurumlara da ehtiyac var idi. Bu məqsədlə 2007-ci ildə  SOCAR  və  Abşeron Qazma Şirkəti tərəfindən qazma və quyu xidmətlərini göstərən "SOCAR AQS" MMC birgə müəssisəsi təsis edilib. Təsisçilərdən biri sənayə üsulu ilə neft və qaz quyularının qazılması sahəsində 160 ildən çox təcrübəyə malik olan SOCAR və digəri isə qabaqcıl qazma texnologiyalarına və yeni idarəetmə metodlarına malik olan AQŞ-dir. Belə ki, "SOCAR AQŞ" Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün beynəlxalq standartların tələblərinə əsasən sertifikatlaşdırılıb. Eyni zamanda, "SOCAR AQŞ" 2017-ci ildə dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.
Qeyd edək ki, hazırda "SOCAR AQŞ" Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu "Günəşli" yatağında yerləşən  7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı, "Ümid" yatağının 1 saylı və  "Bulla" yatağında  6 saylı Dərin Dəniz Stasionar Özüllərində qazma işləri aparır. Ümumiyyətlə, SOCAR son 4 ildə həyata keçirdiyi qazma işlərini 53,5% artırıb. 2015-ci ildə SOCAR 104 411 metr qazma işləri görmüşdüsə, 2018-ci ildə bu göstərici 160 240 metr təşkil edib. Bundan əlavə, 2018-ci ildə ölkədə qazılan quyuların orta dərinliyi 1 878 metr təşkil edib ki, bu da 45,6% artım deməkdir.
Bununla yanaşı, "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində qazanılmış nailiyyətlər, tərəfdaşlarla faydalı istehsalat münasibətləri nəticəsində 2017-ci ildə layihənin 2050-ci ilədək uzadılması təşəbbüsü ilə çıxış edildi və 14 sentyabr 2017-ci ildə Bakıda Azərbaycan üçün daha əlverişli şərtlərlə yeni müqavilə imzalandı. Yeni sazişlə "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.
Beləliklə, birmənalı şəkildə demək olar ki, SOCAR hələ uzun illər Azərbaycan iqtisadiyyatının inkişafında, neft strategiyasının uğurlu təminatında, o cümlədən hər birimizin həyatı, yaşayışı ilə bağlı olan dövlət büdcəsinin maliyyə təminatında öz mühüm rolunu oynayacaq.
Bütün bunlar bir daha onu göstərir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası və onun ötən illər ərzində uğurlu icrası, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdəki çoxşaxəli fəaliyyəti ölkəmiz üçün beynəlxalq əməkdaşlıq istiqamətində böyük önəmə və əhəmiyyətə malikdir.

Qaşqay ZİYƏDDİNOĞLU

"SOCAR-AQŞ" MMC və Azərbaycan Mətbuat Şurasının "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur" 

Paylaş:
Baxılıb: 684 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30