Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Etibarlı tərəfdaşlar

Etibarlı tərəfdaşlar

10.10.2023 [10:55]

Azərbaycan və Gürcüstan tarixi bağlara və qarşılıqlı maraqlara  əsaslanan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər. O cümlədən iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, investisiya qoyuluşunun artırılması üçün heç bir maneə yoxdur, əksinə belə fəaliyyətlər qarşılıqlı olaraq təşviq edilir. İki ölkə arasında regional və qlobal əhəmiyyət daşıyan iqtisadi sahədə əməkdaşlıq müxtəlif istiqamətləri əhatə edir və yüksək dinamikaya malikdir. Eyni zamanda, gələcək planlar da kifayət qədər genişdir. Prezident İlham Əliyev oktyabrın 8-də Gürcüstana növbəti işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bildirib ki, həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır.

Azərbaycan ilk beşlikdə

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası ötən il dekabrın 15-də Tbilisidə baş tutub.

2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə, Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında Azərbaycanın ölkəsinin ən böyük ticarət tərəfdaşlarından biri olduğunu vurğulayaraq deyib: “Biz əlbəttə ki, iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15 faiz artmışdır. Ötən il rekord göstəricilərimiz olmuşdur. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artmışdır”.

Ölkəmiz Qara dənizdə var və olacaq

Xəzərdə ən böyük daşıma donanması quran Azərbaycan gəlirli sahə olan gəmiçilik fəaliyyətini xarici sularda daha da genişləndirmək niyyətindədir.

İndiyədək xarici suarda respublikamıza məxsus əsasən kiçik həcmli gəmilər üzürdü. Cari ildə isə ölkəmiz “Aframax” tipli tankerlər almağa nail oldu. Strateji əhəmiyyətə malik bu layihə neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək. “Aframax” tipli tankerlər Xəzərdən kənarda fəaliyyət göstərməklə, SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını həyata keçirəcək. Əlamətdar haldır ki, bəhs olunan tankerlər xarici sularda “Qarabağ”, “Şuşa” və “Zəngəzur” adları ilə üzür. Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısının bildirdiyi kimi, biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan bayrağı altında üzəcək gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 min ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.

Azərbaycan xarici sularda fəaliyyətini daha da genişləndirmək əzmindədir. O cümlədən dost Gürcüstanla reallaşdırılan layihələr respublikamızın Qara dənizdə mövcudluğunu hələ uzun illər bundan sonra da davam etdirməyə imkan verəcək. İndiyədək respublikamız Gürcüstanın Qara dəniz sahillərində Kulevi limanını inşa etməyə nail olmuşdu. Artıq Kulevinin genişləndirilməsi və daha bir limanın inşası da gündəmə gəlib. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək”.

Bütün Avrasiya üçün böyük önəm daşıyan layihələr

Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-

Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Hazırda ölkələrimiz Orta Dəhlizlə daşımalara böyük tələbat yarandığını  nəzərə almaqla Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması layihəsi üzərində işləyirlər. Bu layihənin icrası Orta Dəhlizin funksionallığının artmasına böyük töhfə olacaq.

Azərbaycan və Gürcüstan energetika sahəsində ənənəvi istiqamətlərdən başqa, həm də “Yaşıl enerji dəhlizi” layihəsi üzrə əməkdaşlığa başlayıblar. Söhbət Qara dənizin dibi ilə Gürcüstan sahillərindən Avropaya çəkiləcək sualtı kabel xəttindən gedir. Yaxın vaxtlarda layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Bundan sonra Avropa ölkələri ilə təröəfdaşlıq şəraitində konkret işlərə start veriləcək. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Bu marşrutla Azərbaycanda bərpa olunan mənbələrdən alınan enerji Avropaya çatdırılacaq. “Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30