Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yazlıq əkin işləri yekunlaşmaqdadır

Regionlarda yazlıq əkin işləri yekunlaşmaqdadır

11.04.2017 [10:00]

Pambıqçılıqla məşğul olan sahibkarlara göstərilən diqqət və qayğı bu sahənin inkişafına yol açır
Kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər son illərdə bu sahənin yüksək inkişaf tempi əldə etməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, məhsul əkini və yığımı ildən-ilə artmaqdadır. Ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlər, eləcə də regionlarda aqrar təsərrüfatların inkişaf etdirilməsi yönündə atılan addımlar bu gün əsas prioritetlərdən sayılır.
Bununla yanaşı, ölkəmizdə pambıqçılığın inkişafına da xüsusi diqqət göstərilir. Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafına həsr olunan müşavirə bu sahənin yenidən dirçəldilməsində əsaslı rol oynayacaq. Bu gün bölgələrimzdə pambıq sahələri artırılır, sahibkarlara subsidiyalar verilir. Eləcə də pambıq tədarükünü həyata keçirən müəsissələrin fəaliyyəti bərpa olunur.
Bununla yanaşı, həm sahibkarlığın inkişaf etdirilməsi, həm də bölgələrdə yeni təsərrüfatların yaradılması yönümündə əsaslı tədbirlər görülür. Təsadüfi deyil ki, son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb, aqroparklar salınıb. Bu ilin yanvarında keçirilən Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirildiyi kimi, görülmüş işlər nəticəsində əsas ərzaq və qeyri-ərzaq məhsullarının 60 faizindən çoxu üzrə özünütəminetmə səviyyəsi 100 faizədək və ya yuxarı olub, digərləri üzrə istehsal artıb.
Qeyd etdiyimiz kimi, kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar sırasında sahibkarlığa kömək məsələsi də mühüm yer tutur. Yeri gəlmişkən, aprelin 7-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Düzqışlaq kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. “Üzümçülüyün inkişaf perspektivləri” və “Kənd təsərrüfatında logistika” mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, Ağstafa rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalı, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, logistik mərkəzlərin yaradılması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Eləcə də ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar çərçivəsində xüsusi tədbirlər görülməkdədir. Prezident İlham Əliyevin Sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Sabirabad rayonunda geniş müzakirə olunub. Rayonda mütəxəssislərin və torpaq mülkiyyətçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə qeyd edilib ki, ötən il rayonda 6 min 113 hektar sahədə pambıq əkilib və 7 min 713 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Məhsuldarlıq orta hesabla 20 sentnerə çatıb. Bu il isə rayonda 15 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu məqsədlə 2350-dən çox torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, çiyid səpiləcək sahələrdə keyfiyyətli şum aparılıb, digər aqrotexniki tədbirlər həyata keçirilib. Artıq sahələrə və səpinə cəlb olunacaq texnika tam hazır vəziyyətdədir. Pambıq istehsalını 30 min tona çatdırmaq üçün real imkanlar var.
Vurğulanıb ki, pambıq əkilməsi üçün nəzərdə tutulan 15 min hektar torpaq sahəsinin 7160 hektarı “MKT” MMC-nin Sabirabad filialı, 4512 hektarı “CTS AQRO” MMC, qalanı isə “Kənd Təsərrüfatı” MMC, eləcə də rayon İcra Hakimiyyəti tərəfindən mülkiyyətçilərlə fərdi qaydada bağlanmış müqavilələr əsasında əkiləcək.
Cəlilabad rayonunda da pambıqçılığın inkişafına dair müşavirə keçirilib. Müşavirədə qeyd edilib ki, pambığın alış qiymətinin artırılması, mülkiyyətçilərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 sentyabr 2016-cı il tarixdə imzaladığı “Pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” Sərəncamı ilə hər kiloqram xam pambığa görə istehsalçılara 0,1 manat subsidiyaların verilməsi rayonun zəhmətkeşlərində böyük ruh yüksəkliyi yaradıb, bu sahəyə olan marağını artırıb. Bunun nəticəsidir ki, ötən il rayonda 426 hektar pambıq əkilib. Bu il isə 521 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işləri aparılır.
Kürdəmir rayonunda isə şəkər çuğunduru əkini başa çatıb. Qeyd edək ki, bu ildən rayonda gəlirli sahə olan şəkər çuğunduru istehsalına maraq artıb. Torpaq mülkiyyətçiləri İmişli Şəkər Zavodu ilə bağlanan müqaviləyə əsasən 286 hektarda əkin aparıblar. Əkin sahələrinin 200 hektarı Pirlidə, 58 hektarı Garıs-Əyribənddə, 20 hektarı Topalhəsənlidə, 6 hektarı isə Muğanlıdadır. Pirli və Muğanlıda şəkər çuğunduru sahələri çiləmə üsulu ilə suvarılacaq.
Rayonda yazlıq kartof əkini kampaniyası da müvəffəqiyyətlə başa çatıb. Bölgədə bu ilin məhsulu üçün 2500 hektarda kartof əkilib. Kartofçuluğun artıq ənənəvi sahəyə çevrildiyi Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Ərəbqubalı, Köhünlü və bir sıra digər ərazilərdə sahibkarların bu sahəyə marağı ildən-ilə artır. Təsadüfi deyil ki, ötən il rayonda kartof istehsalı 14 min 90 tona çatıb ki, bu göstərici də 2015-ci ilin müvafiq dövründən çox olub.
Respublikanın iri kartofçuluq rayonlarından olan Tovuz rayonunda isə kartof əkini davam edir. Fermerlər artıq 5 min 87 hektar sahədə kartof əkiblər. Kartof əkilən sahələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 hektar çoxdur. Kartof əkini əsasən rayonun Düz Qırıqlı, Əyyublu və Alakol kəndlərində həyata keçirilib. Hazırda kartof əkini rayonun dağ kəndlərində davam edir. Qeyd edək ki, ötən il tovuzlu sahibkarlar 8 min 197 hektar sahədən 178 min 635 ton məhsul istehsal ediblər.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da yaz-tarla işləri davam etdirilir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Qısa müddət ərzində rayonda 2294 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 28 hektarı pambıq, 348 hektarı kartof, 879 hektarı tərəvəz, 646 hektarı şəkər çuğunduru, 393 hektarı təzə yoncadır. Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.
Ağdam rayonunda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan tədbirdə isə bildirilib ki, ötən il rayon ərazisində 351 hektarda pambıq əkilib. Bu il 3 min hektardan artıq sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Artıq 3025 hektar sahə şumlanıb, malalanıb və çiyid səpininə başlanılıb. Əsasən “CTS Aqro” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “Ağdam Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağlayan fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Cəbhə bölgəsində yerləşən digər bir rayonda - Tərtər rayonunda da çiyid səpininə başlanılıb. Cari mövsümdə rayonda 3000 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. İlk olaraq səpinə Azad Qaraqoyunlu, Qaynaq, Əskipara kəndlərinin ərazilərində start verilib. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə 22 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır. Qeyd edək ki, 2016-cı ildə Tərtər rayonunda 1035 hektar sahədə pambıq becərilib və hər hektardan 22,5 sentner olmaqla, 2334 ton məhsul tədarük edilib.
Ağdaş rayonunda da ötən ilin avqustundan bəri pambıq əkini üçün aparılan hazırlıq işləri başa çatıb və sahələrdə çiyid səpininə start verilib. Əvvəlcə kəndlərdə pambıq əkini üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, torpaqdan nümunələr götürülərək keyfiyyəti yoxlanılıb. Rayonda 3 min hektar sahədə torpağın şumu çıxarılıb, gübrə verilib, arat işləri və səpinqabağı mala çəkilməsi işləri görülüb. Fermerlər lazımi qədər toxum və gübrə ilə təmin olunublar. Ağdaş Rayon Kənd Təsərrüfatı İdarəsi ilə 35 fermer arasında 1000 hektar, “Ucar MKT” ilə 47 ağdaşlı fermer arasında isə 2 min hektar sahədə pambıq əkini üçün müqavilə bağlanılıb. Pambıq sahələrinin suvarılması üçün lazımi tədbirlər görülüb. Rayondakı pambıq sahələri Yuxarı Şirvan kanalı, Türyançay və Kür çayı vasitəsilə suvarılacaq.
Qeyd edək ki, ötən il rayonda pambıqçılıq ənənələrinin bərpasına başlanılıb və ilk dəfə 1154 hektar sahədə pambıq əkini aparılıb, 13 min 540 kiloqram məhsul əldə edilib. Hazırda rayonun 15-ə yaxın kəndində pambıq əkini aparılır. Dövlətin yardımından bəhrələnən torpaq istifadəçiləri bu il daha çox vəsait qazanmaq üçün həvəslənərək ötən ildəkindən 1846 hektar çox sahədə pambıq əkini aparmağı planlaşdırır. Bu il əsasən istifadəsiz qalan boş torpaq sahələri əkinə cəlb ediləcək. Ağdaşda pambıq əkininə 3 minə yaxın yerli sakin cəlb olunur ki, bu da onların məşğulluğunun təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşmasına köməklik edir.
Rayonda kənd təsərrüfatı sahəsində əsaslı dönüşə nail olmaq, pambıqçılığın dinamik inkişafını təmin etmək üçün bütün qüvvələr səfərbər edilib. Dövlət səviyyəsində görülən tədbirlər bu marağı daha da artırır. Əgər 2015-ci ildə Ağdaş rayonunda cəmi 30 hektar sahədə pambıq əkini aparılmışdısa, 2016-cı ildə 1154 hektar - yəni 38 dəfə çox pambıq əkini aparılıb. Bu il isə 3000 hektar sahədə pambıq əkini nəzərdə tutulur.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 909 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30