Üzümçülüyün inkişafına dövlət dəstəyi yeni təsərrüfatların formalaşmasına müsbət təsir göstərir
26.02.2019 [08:34]
Həyata keçirilən tədbirlər nəticəsində rayonlarda üzüm istehsalı ilbəil artır
Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına əlverişli şərait yaradıb. Və bu inkişafdan aqrar sektora da pay düşüb. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Belə ki, bu yöndə aparılan siyasət kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
Öz növbəsində üzümçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlər də həmin aqrar siyasətin tərkib hissəsidir. Qeyd edək ki, üzümçülük ötən əsrin 70-80-ci illərində Azərbaycanda kənd təsərrüfatının ən inkişaf etmiş sahələrindən biri olub. Lakin sovet hakimiyyətinin son dövrləri və müstəqilliyin ilk illərində məlum səbəblərdən iqtisadiyyatın digər sahələrində olduğu kimi, üzümçülük də tənəzzülə uğramış, əksər üzüm bağları məhv edilmişdi. Buna görə də son illərdə bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu Dövlət Proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib.
Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində ötən dövrdə üzümçülük sahəsində əldə edilən uğurlara da toxunan Prezident İlham Əliyev deyib: “2004-cü ildə 55 min ton üzüm yığılmışdır, keçən il 167 min ton, yəni 3 dəfə çox. Burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır. Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb”.
Onu da vurğulayaq ki, sözügedən Dövlət Proqramı çərçivəsində üzümçülüyün ənənəvi təsərrüfat sahəsi olduğu rayonlarda bu istiqamətdə ciddi işlər görülür, o cümlədən bu gəlirli sahəni inkişaf etdirmək məqsədilə yeni üzüm bağları salınır. Məsələn, üzümçülüyün yenidən bərpa edildiyi Cəlilabad rayonunda 1500 hektara yaxın üzüm sahəsi var. Bunun 360 hektarı texniki, yerdə qalan sahəsi isə süfrə üzümüdür. Onu da qeyd edək ki, rayonda ötən il 38 hektarda yeni üzüm bağları salınıb. Bu il də bu istiqamətdə işlər davam etdiriləcək. Rəsmi statistikaya görə, ötən il Cəlilabadda 17 min tona yaxın üzüm istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 127 sentner təşkil edib. Hazırda rayonun üzüm bağlarında bol məhsulun təməli sayılan quru budama işləri aparılır.
Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda da yenidən bu sahəyə maraq artmaqdadır. 2003-cü ildə rayonda üzüm bağı 232 hektar olduğu halda, hazırda 4,4 dəfə artaraq 1025,2 hektara çatdırılıb. Bunun da 15,6 hektarı yeni salınmış bağlardır. Samux Rayon Statistika İdarəsindən bildirilib ki, hazırda rayonda 929,8 hektar bar verən üzüm bağları mövcuddur. Üzüm bağlarının 488 hektarı süfrə üzümü, 537,2 hektarı isə şərab üzümüdür. 2018-ci ildə sahələrdən 9620 ton üzüm yığılaraq satışa verilib. Üzüm istehsalının 9 tonu dövlət, 4969 tonu qeyri-dövlət, 4642 tonu isə əhali təsərrüfatlarında olub. Bu isə 2017-ci ilə nisbətən 665 ton və ya 7,4 faiz çoxdur.
Bu ildən Samux rayonunda üzüm bağları 15 hektar genişləndirilərək 1055 hektara çatdırılıb. Genişləndirilmiş ərazidə artıq şumlama işi başa çatıb. Samux Rayon İcra Hakimiyyətindən bildirilib ki, yazda həmin əraziyə Fransa və Gürcüstandan gətiriləcək texniki üzüm sortları əkiləcək. Eyni zamanda, mövcud 1040 hektar üzüm bağında aqrotexniki işlərə başlanılıb və 920 hektarda tənəklərin budanması yekunlaşıb. 810 hektarda suvarma işləri görülüb, əraziyə üzvi və mineral gübrələr verilib. Bütün işlərin mart ayına qədər başa çatdırılması planlaşdırılır.
İsmayıllı rayonunda da üzümçülük kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda 13 inzibati ərazi dairəsində 1087,3 hektar üzüm bağı vardır ki, bundan 979,9 hektarı bar verəndir. Keçən il bağlardan 4124 ton məhsul götürülüb. Bu rayonun da fermerləri üzüm plantasiyalarının genişləndirilməsində maraqlıdırlar. 2018-ci ildə 22 hektar sahədə fillokseriya xəstəliyinə qarşı davamlı olan yeni üzüm bağı salınıb.
Rayonun üzümçülük təsərrüfatlarında cari ilin yüksək məhsulu üçün mühüm aqrotexniki tədbir olan quru budama işləri aparılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, üzümçülük sahəsi üzrə mütəxəssislər qrafikə uyğun hər gün yerlərdə olur, quru budama zamanı bar zoğlarının düzgün seçilməsi və tənəyin gücünə uyğun yükün saxlanılması üçün fermerlərə, eləcə də işçilərə məsləhətlər verirlər. Bağlarda quru budamanın fevralın sonunadək başa çatdırılması nəzərdə tutulub.
Neftçala rayonunda da üzümçülüyə maraq getdikcə artır. Fermerlər üzüm plantasiyalarında yüksək mənfəət götürdüklərindən sahələrin genişləndirilməsinə çalışırlar. Bunun nəticəsində rayonda üzüm istehsalı ilbəil artır. Rayonda həyətyanı sahələrlə birlikdə 134 hektardan çox üzüm sahəsi vardır ki, onun da 23 hektarı ötən il salınıb. Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, ötən il rayonda 134,1 hektar üzüm bağından 307 ton məhsul tədarük olunub. Bu da 2017-ci ildə istehsal olunan üzümdən 101,4 ton çoxdur. Tədarük olunan məhsulun 107,5 tonu həyətlərdəki üzüm talvarlarından, 200 tonu isə üzüm bağlarından toplanılıb. Məhsulun 2/3 hissəsi Aşağı Qaramanlı, Cəngən, Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər əldə ediblər. Onlar becərdikləri 90 hektar üzüm bağından 230 ton məhsul götürüblər.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda üzümçülüyün emal sahəsi olan şərabçılığın inkişafı üçün də dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Bu istiqamətdə əsas fəaliyyətlərdən biri şərabçılıq məhsullarının ixrac potensialını artıracaq yeni üzüm hibridlərinin yaradılmasıdır. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumatda bildirilir ki, KTN-in Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) aparılan tədqiqatlar nəticəsində 40-dan çox müxtəlif istiqamətli üzüm hibridləri yaradılıb. Onlardan 5 sort - “Azəri”, “Göygöl”, “Bəhrəli”, “Kəpəz”, “Şamaxı hədiyyəsi” KTN-in Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti (BSQTNX) tərəfindən dövlət reyestrinə daxil edilib (rayonlaşdırılıb), 6 yeni sort - “İlhami”, “Şirəli”, “Gəncəvi”, “Qarabulağı”, “Nüvədi novrastı” və “Emin” BSQTNX-də sınağa təqdim olunub. Daha 12 yeni hibrid formasının seleksiyası və qiymətləndirilməsi başa çatdırılıb və sınağa təqdim olunmaq üçün hazırdır. Bu sortlar xəstəlik və zərərvericilərə davamlılığına, məhsuldarlığına, məhsulun keyfiyyətinə görə fərqlənirlər. Eyni zamanda həmin sortlar respublikada üzüm və şərabçılıq məhsulları üzrə milli brendlərin istehsalının artırılmasına imkan yaradacaq.
Verilən məlumatlara əsasən, aparılan tədqiqatlar nəticəsində bir neçə yerli və introduksiya olunmuş üzüm sortunun (yerli - “Təbrizi”, “Hüseyni”, “Zeynəbi”, “Çəhrayı kişmiş”, “Ağ gavra”, “Qaragöz”, “Mahmudu”, “Ağ Salyan üzümü”, “Novrast”, introduksiya olunmuş - “Moldova”, “Prima”, “İtaliya” muskatı, “Soqdiana” kişmişi, “Parkent”, “Çəhrayı tayfı”, “Doyna”, “Sultanina”, “Danuta”, “Sentenial sidlis”, “Attika”, “Superior”, “Şiraz” və s.) Abşeron ekoloji şəraitində böyümə və inkişaf, məhsuldarlıq, keyfiyyət, fitosanitar xüsusiyyətləri öyrənilib və perspektivli olduqları müəyyən edilib. Həmin sortların müsbət fenoloji, yüksək inkişaf, davamlılıq, kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınaraq fermer təsərrüfatlarında geniş əkilib-becərilməsi məqsədəuyğun hesab olunub.
Yeni sortların şərabçılığın inkişafına təsirinə gəlincə, KTN-in Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun yeni hibrid sortları “Kəpəz”, “Göygöl”, “Şamaxı hədiyyəsi”, “Bəhrəli” şərabçılıq məhsulları üzrə müxtəlif növ milli brendlərin istehsalına imkan verməklə, bu sahədə ölkənin ixrac potensialının artırılmasına kömək göstərəcək.
Onu da qeyd edək ki, ölkəyə yeni üzüm sortları (“Prima”, “Red qlob”, “Viktoriya”, “Ora”, “Parkent”, “Attika”, “Autumun royal”, “Danuta”, “Aleatiko”, “Alikant buşe”, “Karignan”, “Qara qrenaj”, “Lidiya”, “Marselan”, “Marsanne”, “Montepulçiano”, “Pino nuar”, “Petit verdo”, “Roussanne”, “Sentenial sidlis”, “Sovinyon blan”, “Şiraz”, “Uni blan” və s.) da gətirilib. Hazırda onların aqrobioloji və adaptasiya xüsusiyyətləri və becərilmə texnologiyası elmi əsaslarla öyrənilərək yerli fermerlərə tövsiyə olunur.
Eyni zamanda ÜŞETİ-nin təcrübə təsərrüfatlarında əkilib-becərilən və müxtəlif səbəblərdən irsi xüsusiyyətləri pisləşmiş üzüm genotipləri yaxşılaşdırılma proqramına cəlb olunur. Daha sonra onlardan məhsuldar, keyfiyyətli və davamlılıq xüsusiyyətləri ilə fərqlənən təsərrüfat əhəmiyyətli klon formalar seçilərək artırılır və təsərrüfatlara tövsiyə edilir. Hazırda institutda seçilmiş 60-a yaxın klon forma üzərində tədqiqat aparılır.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

