Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda əhalinin elektrik enerjisi və təbii qazla təminatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

Regionlarda əhalinin elektrik enerjisi və təbii qazla təminatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

30.04.2019 [09:41]

Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını bütünlüklə yerli istehsal hesabına ödəyir, ölkə üzrə qazlaşdırmanın səviyyəsi isə 95 faizi ötüb
Son 15 ildə Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət bütün ölkə boyu hərtərəfli inkişafı təmin edib. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər xüsusi önəm daşıyır. Məhz bu proqramlar çərçivəsində bəhs olunan dövrdə regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, həmçinin bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat, istərsə də digər sahələrdə əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün mühüm addımlar atılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə təminatında ciddi uğurların əldə edilməsinə səbəb olub. Qeyd edilməlidir ki, son 15 ildə istifadəyə verilən yeni generasiya obyektləri respublikamızda sözügedən sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Əgər 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idisə, son 15 ildə respublikamız 30-dan çox yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Ümumiyyətlə, ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunur. “Azərişıq” ASC qısa müddət ərzində 4500-ə yaxın bu cür yeni tipli KTM quraşdıraraq istifadəyə verib. Səhmdar Cəmiyyət respublikamızın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir.
Vurğulanmalıdır ki, son illərdə əsas prioritetlərdən biri də ölkəmizdə elektrik enerjisi üzrə itkilərin minimuma endirilməsidir ki, bununla bağlı mühüm addımlar atılmaqdadır. Yeri gəlmişkən, 2015-ci ildə “Azərişıq” ASC yaradılan zaman şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdisə, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirildi. Paytaxtda isə bu göstərici 7,5% təşkil etdi. Ümumiyyətlə, “Azərişıq” ASC tərəfindən texniki itkilərin azaldılması istiqamətində genişmiqyaslı işlər davam etdirilməkdədir. İstismar müddətini başa vurmuş və xəta ilə işləyən sayğacların yenisi ilə əvəz olunması işləri aparılır. 2015-ci ildən indiyə qədər təxminən 1 mln. abunəçi yeni sayğacla təchiz edilib. İlin sonuna qədər texniki itkilərin xüsusi çəkisinin daha 0,1-0,2% azalmasına nail olunması nəzərdə tutulub. Bundan başqa, Azərbaycanın bölgələrində də elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri davam etdirilir. Qeyd edək ki, son 4 ildə 400 kənddə layihələndirmə aparılıb.
Qeyd edək ki, bu ilin birinci rübündə cənub rayonlarında da elektrik enerjisi ilə təminatın daha da yüksəldilməsi istiqamətində əsaslı işlər görülüb. Məsələn, bu ilin birinci rübündə Masallı rayonunun ərazisində 35/10 kilovoltluq “Alvadı” yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda, Alvadlı kəndində 35 kilovoltluq yüksəkgərginlikli, 10 kilovoltluq ortagərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0,4 kilovoltluq hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) quraşdırılıb. 35/10 kilovoltluq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kilovoltluq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub, Boradigah qəsəbəsində 0,4 kilovoltluq hava xətti ÖİN kabellərlə əvəzlənib.
Lənkəran Elektrik Şəbəkəsində də yeni inşa olunmuş 35 kilovoltluq “Səpnəkəran” yarımstansiyasından çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kilovoltluq hava xətləri tam yenilənib, rayonun Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi kənd və qəsəbələrinin 0,4 kilovoltluq hava xətləri ÖİN kabellərlə əvəzlənib, kəndlərdə yeni KTM-lər quraşdırılıb.
Astara rayonunun Şahağacı kəndində də elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.
O cümlədən Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0,4 kilovoltluq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda bu istiqamətdə işlər rayonun Orand kəndində aparılır. Cəlilabad rayonunun Köçəkli və digər kəndlərində 0,4 kilovoltluq şəbəkə ÖİN kabellərlə əvəzlənir.
Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər quraşdırılır, 0,4 kilovoltluq şəbəkə ÖİN kabellərlə əvəz edilir.
Bundan başqa, Biləsuvar rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün 110/35/10-6 kilovoltluq 2x25+10 MVA gücündə “Səmədabad” yarımstansiyası tam yenidən qurulmuşdur. Biləsuvar şəhərinin və rayonun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kilovoltluq şəbəkələrin yenidən qurulması üçün dayaqlar quraşdırılır.
Yeri gəlmişkən, “Azərişıq” ASC Astara rayonu üzrə 10/0,4 kilovoltluq elektrik xətləri çəkəcək. ASC rayonun Şüvi-Sekaşan, Pəlikeş-Diqo, Abyerud, Doli və Sipiyyət kəndləri üzrə 10/0,4 kilovoltluq xətlərin çəkilişi işlərinin satın alınması ilə bağlı tender keçirir.
Elektrik enerjisi ilə yanaşı, bölgələrin qazlaşdırılmasının və əhalinin təbii qazla təminatının daha da yaxşılaşdırılması yönündə də əsaslı tədbirlər görülməkdədir. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilib. Əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunub. Qarşıdakı 4 il üçün nəzərdə tutulmuş yeni Dövlət Proqramında da yeni qaz kəmərlərinin çəkilməsi, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyicilərin yeniləri ilə əvəz edilməsi nəzərdə tutulur. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən fasiləsiz tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün isə 95 faizdir. Dövlət başçısı bildirib ki, ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Ölkə Prezidenti vurğulayıb ki, “Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək”.
Göründüyü kimi, son illər birlik tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar, ilk növbədə, kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri 2019-cu ildə də uğurla davam etdirilir.
Tədbirlər planına uyğun olaraq cari ildə Şəmkir Regional Qaz İstismar İdarəsinin 6 xidmət sahəsi üzrə 50 kilometr qaz kəmərinin yenilənməsi işləri nəzərdə tutulub ki, artıq 13 kilometr boru xətləri yenisi ilə əvəzlənib. Aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə Şəmkir rayonunun Düyərli kəndini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı yeraltı qaz kəmərinin 4 min metr hissəsinin diametri 250 millimetrlik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb və 2500 metrdən çox hissəsi yenilənib. Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra 2 minədək təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.
Bununla yanaşı, “Azəriqaz” İstehsalat Birliyi “Şəmkir Aqropark” və “Qlobal Aqro” MMC-ləri də təbii qazla təmin edəcək. Belə ki, “Azəriqaz” Şəmkir şəhəri, Bakı-Qazax yolunun sağında yerləşən “Şəmkir Aqropark” MMC və Kürdəmir rayonu ərazisindəki “Qlobal Aqro” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üzrə obyektlərdə quraşdırılacaq avadanlıq və mal-materiallara olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi keçirir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30