Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yeni su layihələri icra olunur

Azərbaycanın regionlarında yeni su layihələri icra olunur

26.07.2019 [08:12]

“Azərsu” ASC-dən verilən məlumata əsasən, indiyədək şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb
Azərbaycanda Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlar əsasında 2004-cü ildən etibarən uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən çoxsaylı layihələr sayəsində respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Bu kontekstdə bütün ölkə üzrə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov KİV-ə açıqlamasında bildirib ki, bəhs olunan Dövlət proqramları çərçivəsində respublikanın regionlarında reallaşdırılan abadlıq-quruculuq işlərinə “Azərsu” da öz töhfəsini verir. ASC rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq indiyədək qurum tərəfindən mühüm layihələr icra edilib. Həyata keçirilən layihələr barədə ətraflı bəhs edən Q.Hüseynov deyib: “Son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və bu kimi digər layihələr Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə, onların sağlamlığının qorunmasına verilmiş sanballı töhfələrdir.
İndiyə qədər su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb.
Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib. Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur”.
ASC rəsmisinin bildirdiyinə görə, regionlarda əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər perspektivdə də davam etdiriləcək. Hazırda ölkənin ayrı-ayrı bölgələrində su və kanalizasiya layihələrinin icrası intensiv şəkildə davam etdirilir.
Ağdaş şəhərində su və kanalizasiya layihəsinin icrası yekunlaşmaq üzrədir
Əhalinin su təchizatının yaxşılaşdırılmasına hesablanan layihələr paralel şəkildə respublikanın müxtəlif bölgələrində icra edilir. “Azərsu” ASC-dən verilən məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağdaş şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. Artıq şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb. Hazırda tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir.
Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 8 subartezian quyusu qazılıb, 10 min kubmetr tutumu olan 2 su anbarı və nasos stansiyası inşa edilib. Su mənbəyindən şəhərə 13 km magistral su xətti çəkilərək paylayıcı şəbəkə ilə birləşdirilib. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Ağdaş şəhərində 4 yeni subartezian quyusu qazılıb, həcmi 5000 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda, yeni su mənbəyindən şəhərə qədər 6,7 km magistral su kəməri tikilib, içməli su və kanalizasiya şəbəkələrinin genişləndirilməsi işləri aparılıb. Ümumilikdə Ağdaş şəhərində 183 km içməli su şəbəkəsi yaradılıb və abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda, 166 km kanalizasiya şəbəkəsi və 9,6 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Hazırda şəhərin 30 minədək əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur.
Layihə çərçivəsində məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Eyni zamanda, su və kanalizasiya xətlərinin çəkildiyi küçələrdə asfalt örtüyünün bərpası işləri aparılır. Layihə çərçivəsində Ağdaş Sukanal Sahəsi üçün müasir tipli yeni inzibati bina tikilib.
Horadizdə icra edilən su layihəsinin birinci mərhələsinin bu ilin sonunadək tamamlanması nəzərdə tutulur
Füzuli rayonunun Horadiz şəhərinin su təchizatı sistemləri yenidən qurulur. Yenidənqurma işləri Prezident İlham Əliyevin “Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2019-cu il mayın 6-da imzaladığı Sərəncama əsasən həyata keçirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mühəndisi Nahid Alıhümbətov KİV-ə müsahibəsində bildirib ki, Horadiz şəhərinin və ətraf kəndlərin su təchizatının yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf planı nəzərə alınmaqla 21 min 900 nəfər sakinin su təminatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 76 kilometr uzunluğunda müxtəlif diametrli polietilen borulardan ibarət su şəbəkəsinin, 1 kilometr uzunluğunda magistral xəttin çəkilməsi, 5 subartezian quyusunun qazılması, 2 ədəd 1500 kubmetrlik su anbarının və 1 ədəd su nasos stansiyasının tikintisi, 4380 ədəd ev birləşməsinin verilməsi nəzərdə tutulur.
Hazırda layihənin birinci mərhələsi üzrə işlər həyata keçirilir. Birinci mərhələdə 3 subartezian quyusu qazılacaq, 1 ədəd 1500 kubmetrlik su anbarı, su nasos stansiyası inşa ediləcək, 1 kilometr magistral su kəməri, 20,3 kilometr içməli su şəbəkəsi çəkiləcək, 1000 ədəd ev birləşməsi veriləcəkdir. Artıq işlərin 20 faizi yekunlaşıb. Layihənin birinci mərhələsinin bu ilin sonunadək başa çatdırılması, 5 min nəfərin keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.
Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında həmçinin respublikanın ayrı-ayrı bölgələrində məskunlaşan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məişət problemlərinin həlli, o cümlədən içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı konkret tədbirlər nəzərdə tutulur. Hazırda yeni Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir. 2019-cu ilin dövlət investisiya layihəsinə əsasən məcburi köçkünlərin yaşadığı 7-11-ci qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su mənbəyindən 400 mm diametrli polietilen borularla 15 km uzunluğunda magistral su kəməri çəkilir. Cari ilin may ayında icrasına başlanılmış layihə üzrə işlərin artıq 90 faizindən çoxu yekunlaşıb. Magistral kəmərin inşası yaxın vaxtlarda başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək.
Yeni kəmərin istismara verilməsi ilə qəzalı vəziyyətdə olan köhnə polad magistral xətt ləğv olunacaq. Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 min məcburi köçkün faydalanacaq.
Qeyd edək ki, 4500-dək ailənin yaşadığı və 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir. 2011-ci ildə icra olunmuş layihə 6 qəsəbəni əhatə edib. Layihə çərçivəsində məcburi köçkünləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə subartezian quyuları qazılıb. Quyu zonasında tutumu 4000 kubmetr olan 2 su anbarı tikilib. Layihə çərçivəsində 12 km magistral, 89 km uzunluğunda qəsəbədaxili su xətləri çəkilib, 2600-dən çox evə birləşmə verilib. Dayanıqlı su təchizatının aparılması üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, nasosxana inşa edilib, 18 ədəd nasos və 6 ədəd 63 KVT-lıq transformator quraşdırılıb. Növbəti mərhələdə 11 qəsəbədə bütün evlər sayğacla təmin olunub.
Lənkəran rayonunun Türkəncil kəndində içməli su xətti istifadəyə verilib
İyulun 22-də Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Lənkəran rayonunun Türkəncil kəndində su təchizatı sisteminin tikintisi” layihəsinə müvafiq olaraq kəndə çəkilən içməli su xətti istifadəyə verilib.
Su xəttinin istifadəyə verilməsi münasibətlə keçirilən mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Keysuke Yamanaka, Lənkəran rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, layihəni həyata keçirən “Qlobal-Humanitar Təşkilatı” İctimai Birliyinin sədri İlham Tahirli kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər. Qeyd olunub ki, qrant yardımı çərçivəsində Lənkəranın Türkəncil kəndində reallaşdırılan içməli su təchizatının tikintisi layihəsinin ümumi məbləği 89,131 ABŞ dolları təşkil edir. Bu, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Lənkəran rayonunda həyata keçirilən sayca 6-cı layihədir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30