Regionlarda əhalinin təbii qazla təmin olunması prosesi uğurla davam etdirilir
05.10.2019 [09:45]
Artıq qışa hazırlıqla bağlı regional qaz istismar idarələrində müvafiq tədbirlər həyata keçirilir
Məlum olduğu kimi, son illərdə Azərbaycanda əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Ölkə başçısının qazlaşdırmaya böyük diqqət göstərməsi nəticəsində Azərbaycan qazlaşdırma səviyyəsinə görə dünyanın nadir ölkələrindəndir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Prezident İlham Əliyev əhalinin qazla təminatının Azərbaycanda ən yüksək səviyyədə olduğunu vurğulayıb: “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin”.
Yeri gəlmişkən qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Regionlarda əhali istehlakçılarının təbii qaza olan tələbatının tam ödənilməsi, mənzillərdə istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla davam etdirilir.
“Azəriqaz” İB bir müddət öncə bu il sentyabrın 1-nə olan məlumatı ictimaiyyətə təqdim etmişdi. Məlumata görə, bu dövrdə 209 bina üzrə 13 min 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəlik olaraq Mənzil Tikinti Kooperativlərindən (MTK) daxil olan ərizələr araşdırılır və müvafiq rəylər verilir.
Qeyd edək ki, sentyabrın 1-dən sonra da bir sıra bölgələrdə əhali təbii qazla təmin olunub. Belə ki, sentyabrın 17-də Neftçalanın Astanlı kəndinə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, tikinti-quraşdırma işləri başa çatdırılmış Neftçala rayonunun 240 evdən ibarət Astanlı kəndi qazlaşdırılıb. Bu ilin Dövlət Proqramı əsasında icra olunan qaz çəkilişi zamanı ümumi uzunluğu 21 min 139,1 metr olan qaz xətləri çəkilib və sayğaclar quraşdırılıb. Beləliklə, Astanlı kəndi də daxil olmaqla Neftçala rayonunda ümumilikdə 15 min 643 abonent təbii qazla təmin edilib.
Ağdaş rayonunun Yenicə kəndinə də “mavi yanacağın” verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Açılış mərasimində çıxış edən R.Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. SOCAR-ın prezidenti qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkə əhalisinin təbii qazla təmin olunması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Yenicə kəndində 328 evə “mavi yanacaq” verilib. Ümumilikdə 328 yeni sayğac quraşdırılıb. Qaz çəkilişi zamanı 3615 metr polietilen daşıyıcı borulardan, 22 min 218,5 metr yerüstü paylayıcı polad borulardan, məhəllədaxili qaz çəkilişi üçün 13 min 58 metr polad borulardan istifadə olunub.
“Azəriqaz” İstehsalat Birliyi kənd və qəsəbələrlə yanaşı, yeni salınmış yaşayış massivlərinin də qazlaşdırılması işlərini uğurla icra edir. Cari ilin regionların qazlaşdırılması proqramına uyğun olaraq sentyabrın 27-də Şəki şəhəri 98-ci kvartal adlanan yeni massivdə 113 abonent qazla təmin olunub.
Yeni yaşayış massivinin qazlaşdırılması üçün ümumilikdə 10 min 426 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 113 ədəd qaz sayğacı quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahəsində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivinə isə sentyabrın 28-də mavi yanacaq verilib. Bu münasibətlə kənddə keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Biləsuvar rayonunun İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Açılış mərasimində çıxış edən SOCAR prezidenti R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinin təbii qazla təmin olunması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Biləsuvar rayonunun Xırmandalı kəndinin genişlənən hissəsində 286 evə mavi yanacaq verilib. Ümumilikdə 286 yeni sayğac quraşdırılıb. Daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün yerüstü 23 540 metr böyük diametrli polad boru, eləcə də 7037 metr balaca diametrli polad borulardan istifadə edilib.
Oktyabrın 2-də isə Xaçmaz rayonunun 3 kəndinə - Seyidlər, Digahoba və Aşağı Ləyər kəndlərinə təbii qaz verilib. Bu münasibətlə Seyidlər kəndində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Çıxışlarda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial siyasətin tərkib hissəsi olan qazlaşma işləri nəticəsində Xaçmazda da bir çox kəndlər mavi yanacaqla təmin edilib. 2019-cu il üçün qəbul olunan Dövlət Proqramı əsasında Azərbaycanın bölgələrində bu ilin sonunadək 13 qəsəbə, 23 kənd və 26 yeni yaşayış massivinə mavi yanacaq veriləcək.
Qeyd edək ki, Xaçmaz rayonunun Seyidlər kəndində 86, Digahoba kəndində 64, Aşağı Ləyər kəndində isə 99 abonent mavi yanacaqla təmin olunub. Evlərdə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb. Ümumilikdə Seyidlər kəndində 7258,7 metr, Digahoba kəndində 7518,8 metr, Aşağı Ləyər kəndində isə 7677,5 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinləri üçün bu il sosial infrastruktur layihələrinin icrası ilə əlamətdardır. Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, Qonaqkənd qəsəbəsinin qazlaşdırılması işləri həyata keçirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən görülən işlər yekunlaşdıqdan sonra geniş turizm imkanlarına malik qəsəbədə ümumilikdə 300-dən çox abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Qonaqkəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 min metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılır.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev bildirib ki, bu il şimal regionunda 16 yaşayış məntəqəsi qazlaşdırılır. Bunun da 12-si Quba rayonuna aiddir. Qazlaşdırılan kəndlərdə ümumilikdə 2 min 623 abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Qazlaşdırma işləri ilin sonuna kimi başa çatdırılacaq. Qəsəbə sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Xatırladaq ki, Qonaqkənd 1959-cu ilə kimi rayon mərkəzi olub. Qəsəbədə xəstəxana, məktəblər, feldşer-mama məntəqəsi fəaliyyət göstərir. 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun tikintisi işləri də artıq yekunlaşmaq üzrədir. Qonaqkənd, Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq.
Onu da qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin müvafiq strukturlarında qışa hazırlıqla əlaqədar qaz xətləri üzərində quraşdırılmış avadanlıqlara texniki qulluq olunur. Birliyin Tərtər Regional qaz istismarı İdarəsində qazpaylayıcı şkafların süzgəcləri təmizlənir, ölçü qovşaqlarında çəpərləmə işləri aparılır. Abonentləri fasiləsiz qazla təmin etmək üçün “Azəriqaz” İB-nin bütün Regional Qaz İstismar İdarələrində (RQİİ) belə tədbirlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

