Regionlarda meyvəçiliyin inkişafına ardıcıl olaraq dövlət dəstəyi göstərilir
26.10.2019 [09:54]
Azərbaycanda 2020-ci ildən başlayaraq ilk 4 il ərzində intensiv meyvə bağlarının hər hektarına görə fermerlərə yüksək əmsalla subsidiya veriləcək
(əvvəli ötən sayımızda)
Meyvəçiliyin inkişafı istiqamətində atılan addımlardan söz düşmüşkən qeyd edək ki, oktyabrın 26-da Balakən rayonunda III Xurma festivalı keçiriləcək. Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.
Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon İcra Hakimiyyəti başçısının müavini Mehbarə Əliyeva bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. Festivalın rəsmi açılış mərasimi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olacaq. Festivala dəvət olunan qonaqlar və rayon sakinləri parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar.
Cənub bölgəsinin ən böyük sitrusçuluq rayonu olan Astarada dadlı, ətirli meyvə olan feyxoanın yığımına başlanılıb. Bu il əlverişli hava səbəbindən məhsul boldur. Fermerlər bağlardan yığdıqları feyxoanı yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərirlər.
Bu il sentyabrda yağışların yağması sitrus bağları üçün əlverişli olub. Bir ağacdan 25 kiloqramdan 100 kiloqrama qədər məhsul yığmaq mümkün olacaq. Hər təsərrüfatdan isə orta hesabla 4-6 ton məhsul gözlənilir. Astaranın Kijəbə qəsəbəsinin sakini, fermer Ağadadaş Qənbərov deyir ki, sitrus bağlarının məhsuldarlığı ötənilkindən çoxdur: “Kijəbə kəndində əsas məşğuliyyətimiz sitrus meyvələri yetişdirməkdir. Rayon üzrə ən böyük məhsuldarlıq da bizim qəsəbəmizdə olur. Bu il çox gözəl məhsul var. Bu ağaclar 50 ilin ağaclarıdır. 40, 50, 60, hətta 100 kiloqram məhsul verən ağaclarımız var”.
Sitrus bağlarında meyvə yığımının başlanması yerli sakinlərin məşğulluğuna da müsbət təsir göstərib. Sakinlər bağlarda feyxoa yığaraq gündəlik qazanc əldə edirlər. Onlardan biri də Könül İxtiyarovadır. “Bağlarda feyxoa boldur. Əsasən iri feyxoaları yığırıq. Gündəlik qazancımızı əldə edirik. Məndən başqa bu bağda 10 nəfər də işləyir. 7-8 saata 100-150 kiloqram feyxoa yığırıq”, - deyə o bildirib. Digər işçi Gülzar Rzayeva isə deyib ki, 10 ildir bu bağda işləyir: “Yayda ağaclara baxırıq. Diblərini yumşaldır, su veririk. Payız başlayanda da meyvəsini yığırıq. Mandarin və narıngi bağlarında da işləyirik”.
Feyxoanın hazırkı qiyməti təsərrüfat sahiblərinin ürəyincədir. Onların sözlərinə görə, feyxoaya tələbat həmişə var. İlk mərhələdə qiymətlər yüksək olduğuna görə bu dövrdə məhsul daha çox ixrac edilir. Tədarükçü İlqar Əhmədov bildirib ki, xarici bazarlarda Azərbaycan meyvəsinə böyük tələbat var: “Məhsulu Rusiya şəhərlərinə göndəririk. Builki məhsuldarlıq keçənilkindən çox yaxşıdır. Keçən il Rusiya bazarlarına 40-50 ton meyvə çıxarmışdıq. Bu il isə yeni başlasaq da, artıq 5-6 ton məhsul göndərmişik. Bizim məhsullar dərmansız yetişdirilir, təbii meyvələrdir. Ona görə də Rusiya bazarlarında bu meyvələrə böyük tələbat var”.
Cənub bölgəsində tezyetişən feyxoanın yığımı oktyabrın axırlarınadək, ümumi yığım isə növündən asılı olaraq dekabradək davam edəcək. Astarada olan 3835 hektar sitrus meyvə bağlarının 750 hektarı feyxoa sahələridir.
Qeyd edək ki, sitrusçuluq da Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar. Artıq rayonun sitrus bağlarında narıngi yığımına başlanılıb.
Ötən il rayonda 1169,6 hektar məhsuldar naringi bağlarından 32 min tona yaxın məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 272,9 sentner olub. Cari ildə rayonda 353,5 hektara yaxın yeni narıngi bağları salınıb. Bağlardan 40 min ton məhsulun yığılması proqnozlaşdırılır. Sahələrdən hələlik yalnız narınginin tezyetişən “Karli” növü yığılır. Kütləvi məhsul yığımına isə noyabr ayında başlanılacaq.
Vaxtilə üzümçülük sahəsi ilə məşhur olan Şamaxı rayonunda bu günlər mövcud bağlardan məhsul yığımı sürətlə davam edir və artıq plantasiyalardan 10308 ton məhsul dərilib. Bu göstərici ötən ilin ümumi məhsul istehsalından 337 ton çoxdur.
Rayon Statistika İdarəsindən bildirilib ki, Şamaxıda son illər üzümçülük sürətlə inkişaf edir. Plantasiyaların sahəsi 1793,3 hektara çatdırılıb ki, bunun da 1612 hektarı məhsuldardır.
Hazırda bütün plantasiyalarda, o cümlədən “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lərə məxsus bağlarda, Sabir, Şəhriyar qəsəbə, Mədrəsə, Meysəri, Mirkənd, Çarhan və digər ərazi dairələrində məhsul yığımı davam edir və yığılan üzüm emal müəssisələrinə göndərilir. Fermerlərin və fiziki şəxslərin yetişdirdikləri süfrə üzümü isə birbaşa bazarlara çıxarılır.
Şəki rayonunun təsərrüfatlarında isə üzüm yığımı başa çatıb. Rayonda 304 hektar barverən üzüm bağları var. Torpaq mülkiyyətçiləri bu il bağlardan 3906 ton məhsul tədarük ediblər. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara, həmçinin rayonda fəaliyyət göstərən şərab zavoduna göndərilib. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 1444 hektar meyvə bağından 6 min 596 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.
Rayon Statistika İdarəsindən bildiriblər ki, indiyədək bağlardan 2 min 187,8 ton meyvə yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 ton çoxdur. Tədarük olunan meyvənin 252 tonunu alma, 189,5 tonunu armud, 49,8 tonunu albalı, 151 tonunu gavalı, 181,2 tonunu alça, 252 tonunu isə digər meyvələr təşkil edib.
Hazırda bağbanlar rayonda mövcud olan 897 hektar nar bağında yetişmiş məhsulun yığımı ilə məşğuldurlar və qısa müddətdə 25 tondan çox nar tədarük olunub. Yığılan məhsulun yarıdan çoxu rayonun Udulu və Meyniman kəndlərindəki nar bağlarından toplanılıb.
Qusarın müasir tipli superintensiv alma bağlarından da məhsul yığımı davam edir. Qeyd edək ki, Qusar rayonunda intensiv üsulla becərilən 1 min 119 hektar meyvə bağı mövcuddur. Bu bağların 764 hektarında alma yetişdirilir. Hər il bu bağlardan orta hesabla 50 min ton məhsul toplanır.
Rayonun Çubuqlu kəndində 80 hektardan çox sahədə salınan intensiv meyvə bağlarında almanın “Golden”, “Fuji”, “Brebrun” “Jonagold”, “Granny Smith” və başqa növləri becərilir.
İntensiv alma bağlarına qulluq edən aqronom Həmid Bayraqdarov bildirir ki, burada becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.
Bağlarda məhsul toplanması oktyabrın sonlarına kimi davam edəcək. Toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Yığılan məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndərilir.
İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir. Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar birbaşa qoşqudakı böyük taralara tökülür. Bu taralar isə soyuducu anbarlara daşınır. Meyvələr bu üsulla toplananda zədə almadığından itki də az olur.
Sonda vurğulamaq yerinə düşər ki, Azərbaycanda 2020-ci ildən başlayaraq ilk 4 il ərzində intensiv meyvə bağlarının hər hektarına görə fermerlərə yüksək əmsalla subsidiya veriləcək. Aqrar Subsidiya Şurası ayrı-ayrı meyvələr üçün əmsalları açıqlayıb. Şuranın bu qərarı 2019-cu ildən salınmış intensiv meyvə bağlarına şamil edilir. Beşinci ildən başlayaraq, intensiv bağlar məhsula düşdükdən sonra subsidiyanın əmsalı dəyişəcək.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, intensiv meyvə bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, 1 hektara müəyyənləşmiş sayda (məsələn, alma, armud, gilas, gavalı, şaftalı, ərik, alça, badam bağlarında minimum 650 ədəd) vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur.
“Aqrar Subsidiya Şurası 2019-cu ildən əvvəl salınmış intensiv meyvə bağlarına və intensiv olmayan meyvə bağlarına əkin subsidiyasını 1,2 əmsalla ödəyəcək. Bu kateqoriya bağların hər hektarına görə fermerlərə hər il 240 manat subsidiya veriləcək. Subsidiya verilməsi üçün intensiv olmayan meyvə bağlarının hər hektarında ən azı 90 ting əkilməsi şərtdir”, - deyə şöbə müdiri əlavə edib.
Qeyd edək ki, intensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksək olur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

