Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda pambıq yığımı başa çatmaq üzrədir

Regionlarda pambıq yığımı başa çatmaq üzrədir

20.11.2019 [09:40]

Bu il noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 281 min 506 ton məhsul təhvil verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkədə aparılan iqtisadi islahatlar, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi respublikamızda aqrar sektorun inkişafına təkan verib. Son illərdə Azərbaycanın regionlarında kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində mühüm rol oynayıb.
Vurğulanmalıdır ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Bu baxımdan, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən zaman çıxışında bildirmişdi ki, artıq pambıq yığımı mövsümü başa çatır, bu il biz rekord göstəriciyə nail olmuşuq: “Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq”.
Qeyd edək ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Həmin illə müqayisədə 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb.
Dövlət Proqramının qəbul olunduğu ildən bəri ən çox pambıq istehsalı 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 233 min ton xam pambıq yığılıb. Bu, 2015-ci ilin göstəricisindən 6,54 dəfə çoxdur.
2018-ci ildə Azərbaycanda 132,5 min hektar sahədə pambıq əkilib, 2019-cu ildə isə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu addım pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqları daha səmərəli istifadə etməyə imkan verib.
Yeri gəlmişkən, bu il noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 281 min 506 ton məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur. Keçən il noyabrın 13-dək 209 min 368 ton pambıq yığılmışdı. Pambıq yığımında Saatlı (40 min ton), Bərdə (32 min 576 ton), Ağcabədi (31 min 29 ton), Beyləqan (28 min 389 ton) və Biləsuvar (28 min 95 ton) rayonları irəlidə gedirlər.
Vurğulandığı kimi, artıq Azərbaycanda pambıq yığımı tam yekunlaşmaq üzrədir. 2019-cu ili pambıqçılığın inkişafı baxımından uğurlu il saymaq olar. Ötən illə müqayisədə pambıq əkini sahələri 32401 hektar azaldılsa da, istər ümumi məhsulun həcmi, istərsə də orta məhsuldarlıq ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. 2018-ci ildə fermerlər tərəfindən qəbul məntəqələrinə 233 min ton pambıq yığılaraq təhvil verilmişdi. Bu il bu rəqəm 48 min ton artaraq 281 min ton təşkil edir. Pambıqçılıqda ötən illə müqayisədə orta məhsuldarlıq 10,5 sentner artıb. Bu, kifayət qədər yüksək göstəricidir. Ən əsası isə pambıqçılıqda ekstensiv üsuldan intensiv üsula keçid müsbət nəticə verib. Gübrə ilə təminat, pambıq yığımının demək olar ki, tam şəkildə texnika vasitəsilə həyata keçirilməsi, toxumun düzgün seçilməsi, ən əsası becərmə zamanı aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması nəticələrə müsbət təsir edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, fermerlər məhsuldarlığın artmasında daha maraqlıdır, çünki pambıqçılığa dövlət dəstəyi tədbirləri genişləndirilir. Bu gün pambığa görə fermerlərə həm əkin, həm də məhsul subsidiyası verilir. Onun sözlərinə görə, 2020-ci ildən pambıqçılığa dövlət dəstəyi daha da genişləndiriləcək. Məsələn, fermer 5 hektar pambıq əkirsə, hər hektardan orta hesabla 30 sentner məhsul götürürsə, 2600 manat təkcə subsidiya alacaq. Bu, dövlətin verdiyi subsidiyanın yalnız bir hissəsidir, fermerlərə verilən gübrə və pestisidlərin 70 faizini də dövlət ödəyir: “Eyni zamanda, qeyd etmək istərdim ki, pambıqçılığa marağın artmasına ötən ilin sentyabrında pambığın alış qiymətinin 50 manat artırılması da ciddi təsir göstərib. Təbii ki, fermerlər dövlətin yaratdığı bu fürsətləri dəyərləndirir, daha çox məhsul istehsal edir və daha çox qazanırlar. Nəticə etibarilə pambıqçılığın inkişafı fermerlərin rifah halının daha da yaxşılaşmasını təmin edir”.
Nazirlik rəsmisi qeyd edib ki, bu il ayrı-ayrı rayonlarda pambıqçılıqda yüksək nəticələr əldə olunub: “Bu il pambıq ən çox Saatlı, Ağcabədi, Biləsuvar, Bərdə və Beyləqan rayonları ərazisində əkilib. Ən çox pambıq təhvil verən Saatlı pambıqçılarıdır, rayon üzrə bu günədək 40 min tondan artıq pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Ölkə üzrə ən yüksək məhsuldarlıq isə Tərtər rayonundadır. Rayon ərazisində 3427 hektar sahədə pambıq əkilib, fermerlər noyabrın 13-dək 11741 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Rayon üzrə orta məhsuldarlıq 34,26 sentner təşkil edir. Bərdə, Salyan və Neftçala rayonlarında da orta məhsuldarlıq 30 sentnerin üzərindədir”.
Qeyd edək ki, bu il pambıq yığımı mövsümündə rayonlarda yüksək göstəricilər əldə olunub. Məsələn, Kürdəmirdə pambıq yığımı yekunlaşmaq üzrədir və son məlumatlara görə, indiyədək sahələrdən 6057,4 ton məhsul yığılıb. Vurğulayaq ki, cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib. Əkin sahələri əvvəlki ilə nisbətən 2221 hektar az olsa da, istehsal ötənilki səviyyəyə yaxınlaşıb. Bu, əlbəttə, fermerlərin və fiziki şəxslərin əkin və becərmə işlərində sahələrə göstərdikləri yüksək aqrotexniki qulluğun nəticəsidir. Artıq hər hektardan məhsuldarlıq 21,6 sentnerə çatıb ki, bu da ötənilki göstəricidən 8,1 sentner çoxdur.
Rayonun Qarasu, Şilyan, Ərəbqubalı, Carlı, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” toplanışında daha yüksək nəticələrə nail olunur. Bu il bölgənin Şilyan massivində yeni yaradılan “SM Aqro” MMC-yə məxsus pambıq sahələrində hər hektarın məhsuldarlığı 28,2 sentnerə çatıb.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da pambıq yığımı davam edir. Ağdamlı pambıqçılar bu günədək nəzərdə tutulandan çox - 7065,82 ton məhsul toplayaraq, qəbul məntəqələrinə təhvil veriblər. Rayon üzrə orta məhsuldarlıq 27,1 sentnerdir. Qeyd edək ki, bu il rayon ərazisində 2600 hektar sahədə pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib. Ağdam pambıqçıları havaların əlverişli keçməsindən istifadə edərək, mühüm strateji məhsulun son qozasınadək yığılması üçün səylə çalışırlar. Tarlalardan hər gün 30 tona yaxın məhsul tədarük edilir.
Ötən il pambıqçılıqda respublika göstəricisindən yüksək - 29 sentner məhsuldarlıq əldə edən cəlilabadlı fermerlər, bu il də sahələrdə bol məhsul yetişdiriblər. Yığım başlanandan məntəqələrə 900 tondan çox “ağ qızıl” təhvil verilib. Fermerlər bu il də əkin normasına və torpağın hazırlanmasına düzgün riayət ediblər. Sahələrdə əsasən Türkiyənin “Fləş fragen” və “ADN-123” yüksəkkeyfiyyətli pambıq sortları becərilir. Bu sortlar bölgənin torpaq-iqlim şəraitinə də tam uyğundur. Fermer Hacıağa Nəsirovla söhbət zamanı bildirib ki, bu il 80 hektar pambıq əkib: “Yüksəkkeyfiyyətli pambıq əldə etmişik. Prezidentimizin qeyri-neft sektoruna ayırdığı diqqət pambıqçılıqdan da yan keçməyib. Bu diqqət və qayğı bizi daha yaxşı işləməyə ruhlandırıb. Hələlik 120 ton məhsul təhvil vermişik. Çox güman ki, bundan sonra daha 100 ton da təhvil verəcəyik”.
Rayonda pambıqçılığın yenidən bərpa edilməsi nəticəsində yüzlərlə rayon sakini işlə təmin edilib. Fermer İlqar Abbasov deyir ki, bu il sahələrdən topladıqları məhsul ötənilkindən çoxdur: “Sağ olsun dövlətimiz, ötən il subsidiyalar da artırıldı. Bu, insanlarda ruh yüksəkliyi yaradıb. Kəndimizdə 100 ailə pambıqçılıqla məşğuldur. Şükür, dolanışığımız da yaxşıdır”.
Füzuli rayonunda pambıq yığımı kampaniyası davam edir və bu günədək qəbul məntəqələrinə 1408,40 ton məhsul təhvil verilib. Füzuli rayonunda bu il 800 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 500 hektarı “P-Aqro” MMC, 300 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Füzuli pambıqçıları min bir zəhmət bahasına yetişdirdikləri məhsulun vaxtında və itkisiz yığılması üçün əzmlə çalışırlar. Pambıq yığımı həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilir. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30