Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda təhsil infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

Regionlarda təhsil infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

21.12.2019 [09:24]

Bu istiqamətdə əsaslı yenidənqurma və təmir işləri davamlı xarakter daşıyır
Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ötən zaman müddətində əldə edilən strateji əhəmiyyətli nailiyyətlərdən biri Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Xüsusilə də, dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edən mühüm faktor olaraq qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir.
Bunlarla yanaşı, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir.
O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki təchizatının, tədris şəraitinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıqlarına əsasən, ölkəmizin bölgələrində də bu istiqamətdə əsaslı yenidənqurma və təmir işləri davam edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev noyabrın 21-də “Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Bununla yanaşı, Sumqayıtda 9 nömrəli tam orta məktəb üçün 1176 şagird yerlik yeni bina tikilir. Tədris ocağının inşası Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilir. Sumqayıtın “İnşaatçılar” qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 324 yerlik Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətdə idi. Hazırda tikinti işləri yekunlaşmaq üzrədir. Dörd korpusdan ibarət yeni məktəb binasında 69 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Qobustan rayonunun Sündü kəndində isə tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə başlanıb. Kənd məktəbi üçün təzə bina Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına tikilir. İnşaat işləri “Litosfer” MMC tərəfindən həyata keçirilir. Artıq bünövrədə torpaq işləri görülüb, bərkitmə aparılır. Gələn ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulan təhsil ocağı ikimərtəbəli olacaq. Müasir arxitektura üslubunda inşa edilən binada təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq.
Kürdəmir rayonunun E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi üçün də 624 şagird yerlik yeni binanın inşasına başlanılıb. Kənd məktəbi üçün təzə bina Təhsil Nazirliyinin sifarişi ilə tikilir. Binanın bünövrəsində hazırda bərkitmə işləri aparılır. Tikilməkdə olan yeni təhsil ocağı üçmərtəbəli olacaq. Bina müasir arxitektura üslubunda inşa edilir. Kənd məktəbi üçün təzə binanın gələn ilin noyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Bunlardan başqa, laçınlı məcburi köçkün məktəblilər üçün Ağcabədi və Bərdə rayonları ərazisində modul tipli iki məktəb binası quraşdırılır. Binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 2019-cu il 10 iyun tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir. Hacılar kənd tam orta məktəbi üçün quraşdırılan bina 56, Qazaxlar ümumi orta məktəbi üçün qurulan bina isə 40 şagird yerlikdir. Tikinti-quraşdırma işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur. Məktəblər müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək, həyətlərində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Ağdaş rayonunun Yenicə kəndində isə tam orta məktəb üçün 440 şagird yerlik yeni bina inşa edilir. Tədris ocağı Heydər Əliyev Fondu tərəfindən tikilir. Binanın bünövrə işləri artıq başa çatdırılıb. Yeni təhsil ocağı müasir arxitektura üslubunda inşa edilir. Bina ikimərtəbəli olacaq və burada təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq. Əsas binada sinif otaqları, fənn kabinələri, laboratoriya və kompüter otağı ilə yanaşı, geniş idman zalı da olacaq. Tədris korpusu kombi sistemi ilə qızdırılacaq. Məktəbin həyətində idman meydançası da qurulacaq.Yeni təhsil ocağının gələn ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulub. Təzə məktəb binasında işlər qurtardıqdan sonra köhnə bina söküləcək, yerində yaşıllıqlar salınacaq.
Digər tərəfdən, Tovuzun Bozalqanlı kəndində Yusif Sadıqov adına tam orta məktəb üçün 1200 şagird yerlik yeni bina tikilir. binanın tikintisinə bu ilin iyun ayında başlanılıb. Üçmərtəbəli bina korpusdan, 64 sinif otağından, fənn kabinetləri, laboratoriyalar, idman və akt zalından ibarətdir. Binanın həyətində futbol, voleybol, həndbol və basketbol idman növləri üçün meydançalar yaradılacaq.
Təhsil Nazirliyinin sifarişi ilə İmişlinin Muradxanlı kənd tam orta məktəbi üçün yeni ikimərtəbəli bina inşa olunur. Artıq binanın bünövrəsi tökülüb, hörgü işləri aparılır. 264 şagird yerlik təhsil ocağında 11 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəb binasının tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulub.
Bunlarla yanaşı, dekabrın 19-da Oğuz rayonunun Padar kəndində 460 şagird yerlik məktəb binası əsaslı təmirdən sonra qapılarını şagird və müəllimlərin üzünə açıb. Məktəbin təmirdən sonra açılışı münasibətilə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, rayon təhsil şöbəsinin müdiri Anar Məcidov, kənd sakinləri və məktəbin kollektivi iştirak ediblər. Respublikamızın qocaman təhsil ocaqlarından olan Padar kənd məktəbi 1883-cü ildə ikiillik məktəb kimi fəaliyyətə başlayıb. Məktəbin 460 şagird yerlik hazırkı binası isə 1988-ci ildə inşa edilib. Məktəb binası 2015-ci il sentyabrın 4-də bölgədə baş vermiş zəlzələ zamanı qəzalı və yararsız vəziyyətə düşüb. Təhsil Nazirliyi tərəfindən məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb. Məktəb müasir inventar və avadanlıqla təmin olunub. Şəhid Arzu Əliyevin adını daşıyan məktəbdə hazırda 318 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur. Müəllimlərin 82 faizi ali təhsilli pedaqoji kadrlardır. 2018-2019-cu tədris ilində məktəbi bitirən məzunlardan bir nəfər ali məktəblərə qəbul imtahanlarında 600 baldan, 3 nəfər 500-dən, 3 nəfər isə 400 baldan yuxarı nəticə göstərib. Məktəblə tanışlıqdan sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərlə görüşüb, onlara tövsiyələrini bildirib.
Dekabrın 19-da həmçinin Lerik rayonu Orand kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib. Müəllim və şagirdlərin, valideynlərin iştirak etdikləri mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək dövlətin diqqət və qayğısı nəticəsində son illərdə təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş əhəmiyyətli işlərdən danışıb. Nazir müavini deyib ki, hər bir şəxs onlar üçün yaradılan bu imkanları yüksək qiymətləndirməli və onlardan maksimum faydalanmalıdır. M.Vəliyeva qeyd edib ki, təhsilin qarşısında duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərə bağlı olan, tarixini bilən əsl Azərbaycan vətəndaşını yetişdirməkdir. Nazir müavini uşaqların yaxşı təhsil almasında valideynlərin müstəsna roluna, onların məktəblə sıx əməkdaşlığının əhəmiyyətinə də toxunub. Müasir dövrdə savadlı, bilikli olmağın vacibliyini qeyd edən Məhəbbət Vəliyeva vurğulayıb ki, oğlanlarla yanaşı, qızların da təhsilə yiyələnməsinə xüsusi diqqət yetirmək lazımdır. Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova isə yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edib, uğurlar arzulayıb. Sonra tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, 180 şagird yerlik məktəb binası 3 mərtəbəli tədris və 1 mərtəbəli idman korpusundan ibarətdir. Tədris binasında 11 sinif otağı, informatika, texnologiya, fizika, kimya, çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana və oxu zalı, məktəbəhazırlıq qrupu otağı, tibb otağı, bufet və idman zalı da var. Hazırda məktəbdə 147 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur. Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən, müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Məktəbin elektrik enerjisi ilə təminatı üçün transformator yarımstansiyası quraşdırılaraq generatorla təmin olunub.
Beləliklə, regionlarda təhsil infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, əsaslı yenidənqurma və təmir işləri davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30