Regionlarda elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işləri uğurla davam edir
26.12.2019 [09:35]
Bu sahədə görülən işlər bölgələrin ümumi sosial-iqtisadi inkişafına müsbət təsir göstərir
Ölkəmizdə uğurla reallaşdırılan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin edib, regionların infrastruktur təminatı gücləndirilib. O cümlədən bölgələrdə qazlaşdırma, elektrik enerjisi ilə təminat, digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatdırılması istiqamətində mühüm addımlar atılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər elektrik enerjisi sahəsində də mühüm uğurların əldə edilməsinə səbəb olub. Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam etdirilir. Qeyd edilməlidir ki, son 16 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda sözügedən sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Əgər 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idisə, son 16 ildə respublikamız 30-dan çox yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Respublika üzrə elektrik enerjisi ilə təmin olunma 100 faizdir
Həyata keçirilmiş tədbirlər nəticəsində respublika üzrə elektrik enerjisi ilə, o cümlədən sayğaclarla təmin olunma 100% olub. Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində göstərilib. 2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 954 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 6 683 mln kVt/s (ümumi istehlakçıların 39,4%-ni təşkil edib) əhali qrupuna aiddir. Büdcə zərfinə görə, 2019-cu ilin birinci yarısında 8 559,8 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 3 478,7 mln kVt/s-ı (40,6%) əhali qrupunun payına düşür. Həmçinin elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 308 vahid artaraq 2018-ci ilin sonuna 2 613 813 vahid, bu il iyulun 1-nə isə 2 645 072 vahid təşkil edib.
Prezident İlham Əliyev də enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyətini hər zaman önə çəkərək bu sahənin ölkəmizin prioritetləri sırasında olduğunu bildirib. Dövlət başçısı cari il iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də yenidən diqqəti elektrik enerjisi ilə təchizatın gücləndirilməsinin əhəmiyyətinə yönəldərək əldə olunan nailiyyətləri yüksək qiymətləndirib: “Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək”.
Cari il oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə isə Prezident İlham Əliyev elektrik enerjisinin əlçatanlıq əmsalına görə ölkəmizin dünyada ikinci yerdə olduğunu vurğulayaraq qeyd edib ki, son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi bizi dünya miqyasında ikinci yerə gətirib çıxarıb.
Azərbaycan dünya təcrübəsindən bəhrələnərək bərpaolunan enerji istehsalını artırmağı hədəfləyib
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 16-da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edərək ölkənin enerji təsərrüfatındakı vəziyyətlə, yeni icra olunan layihələrlə maraqlanıb və Özünün dəyərli tövsiyələrini verib. Müasirləşməni strateji kurs kimi müəyyənləşdirən Azərbaycan həmçinin dünya təcrübəsindən bəhrələnərək bərpaolunan enerji istehsalını artırmağı hədəfləyib. Prezident İlham Əliyev bildirib ki, bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır.
Qeyd edək ki, artıq respublikamız bu istiqamətdə müəyyən uğurlara imza atıb. 2018-ci ildə dövlət xətti ilə yaradılmış Yaşma Külək Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki Yeni Yaşma Külək Elektrik Stansiyasının gücü 50 meqavata bərabərdir. Burada yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Stansiyada ən müasir avadanlıqlar quraşdırılıb ki, bu da məhsuldarlığın artmasına müsbət təsir göstərib. “Azərenerji” ASC-nin prezidenti B.Rzayev dövlət başçısına məlumat verib ki, hazırda Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. “Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub”, - deyə ASC rəsmisi vurğulayıb.
Qəbulda bildirilib ki, ölkəmizdə kifayət qədər böyük gücə malik yeni bərpaolunan elektrik stansiyasının yaradılması istiqamətində də müvafiq işlər görülür. Söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə ciddi məşğuldur və tender elan olunub. Əlamətdar haldır ki, xarici şirkətlər respublikamızda bu sahəyə böyük maraq göstərirlər və öz aralarında rəqabət aparırlar. Bu, o deməkdir ki, xarici investorlar ölkəmizə inanırlar və buradakı əlverişli sərmayə mühitindən bəhrələnməyə çalışırlar.
Əhalinin və iqtisadiyyatın elektrik enerjisinə getdikcə artan tələbatının yüksək səviyyədə ödənilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir
Son 16 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu, o cümlədən də yeni generasiya güclərinin yaradılması, elektrik enerjisinin istehsalının artması Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün bir sıra mühüm hədəflər müəyyənləşdirib. O cümlədən əhalinin və iqtisadiyyatın elektrik enerjisinə getdikcə artan tələbatının yüksək səviyyədə ödənilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. “İlk növbədə, artan əhali təbii ki, yeni güclərin işə salınmasını diktə edir, digər tərəfdən, ölkəmizə gələn xarici qonaqlar, onların sayı artıq bu il 3 milyonu keçibdir və təbii ki, bu xidmət sektorunda mövcud olan enerji potensialı daha da artmalıdır və əlbəttə ki, əsas məsələ artan sənayedir. Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd etdiyimiz kimi, respublikamızda reallaşdırılan infrastruktur layihələri bir qayda olaraq dövlət investisiya qoyuluşu hesabına maliyyələşdirilir. Sonradan investorlar yaradılan infrastruktur obyetlərindən bəhrələnərək iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Mütəxəssislərin qənaəti belədir ki, yüksək səviyyəli infrastruktur quruculuğu ölkəmizin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Təsadüfi deyil ki, son vaxtlarda paytaxt Bakıda və respublikanın bölgələrində sənaye quruculuğu geniş vüsət alıb.
Eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşu hesabına araya-ərsəyə gətirilən infrastruktur obyektləri, o cümlədən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması insanların həyatına böyük rahatlıq gətirib. İnsanlar onlara göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsindən və əlçatanlığın təmin olunmasından böyük məmnunluq duyurlar.
“Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirilir
Hazırda “Azərenerji” ASC İstilik Elektrik Stansiyaları ilə yanaşı, “Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirir. 6 hidroaqreqatdan ibarət “Mingəçevir” SES-də təmir-bərpa işləri aparılaraq dayanıqlıq, etibarlılıq və təhlükəsizlik artırılacaq. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşəcək. Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmaması üçün əks-qəza avtomatikasının, rele mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin və şirkətlərin müasir texnologiyasına əsaslanaraq alınan avadanlıqlar işə qoşulur. 1, 3 və 6 saylı hidroaqreqatlarda bu işlər artıq başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub. 2, 4 və 5 saylı qurğularda bu işlər davam etdirilir.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58

