Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yeni torpaq sahələrinin dövriyyəyə cəlb olunması taxılçılığın ilbəil genişlənməsinə səbəb olub

Regionlarda yeni torpaq sahələrinin dövriyyəyə cəlb olunması taxılçılığın ilbəil genişlənməsinə səbəb olub

30.12.2019 [09:26]

Mütəxəssislərin qənaətincə, 2019-cu təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən biri sayıla bilər
Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək göstərilir. Dövlət dəstəyinin gücləndirilməsi sayəsində 2019-cu təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən biri sayıla bilər. Kənd təsərrüfatı naziri İnam Kərimov mətbuata açıqlamasında bildirib ki, cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb: “Yanvar-noyabr aylarında sahələrdən 3512,4 min ton taxıl yığılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Qeyd olunan dövrdə ölkə üzrə 2171,5 ton buğda (+6,3 faiz), 1015,5 ton arpa (+7,8 faiz) və 259,4 min ton qarğıdalı (+14,4 faiz) yığılıb”.
Nazir həmçinin məlumat verib ki, cari ildə 643,7 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 25,3 faiz çoxdur. Ümumilikdə barama istehsalı üzrə əldə etdiyimiz göstərici son 21 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5,9 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çoxdur. 2019-cu ilin yanvar-noyabr aylarında təxminən 993,8 min ton kartof (11,7 faiz çox), 1637,6 min ton tərəvəz (13,2 faiz çox), 1075,8 min ton meyvə və giləmeyvə (7,8 faiz çox), 194,1 min ton üzüm (25,4 faiz çox) istehsal edilib, 911,3 ton yaşıl çay yarpağı (4,9 faiz çox) yığılıb, diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton, süd istehsalı 2,1 faiz artaraq 1938,7 min ton təşkil edib.
Fermerlər əkin zamanı daha çox rayonlaşdırılmış məhsuldar toxum sortlarına üstünlük veriblər
Məlum olduğu kimi, ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Ölkəmizdə də taxılçılığın inkişafı, məhsuldarlığın artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu istiqamətdə görülən işlər uğurlu nəticələr verir. Artıq başa çatmaqda olan payızlıq taxıl əkini mövsümündən sonra da sahibkarlar yüksək nəticələrin əldə olunacağına ümid edirlər. Quba rayonunda “Respublikanın şimal bölgəsində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirədə bildirilib ki, payızlıq taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, ümumilikdə respublikanın əksər rayonlarında taxıl bitkilərinin səpini optimal müddətdə, yəni oktyabr-noyabr ayılarında aparılaraq, bir milyon hektardan çox payızlıq taxılların səpini başa çatdırılıb.
Sabirabadda da taxıl əkini başa çatıb. Səpinə yaxşı hazırlaşan torpaq mülkiyyətçiləri qısa müddət ərzində 25 min 300 hektar sahədə payızlıq taxıl səpini aparıblar ki, bu da ötən ildəkindən 164 hektar çoxdur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sabirabadlı taxılçılar bu il zəmilərdən 100 min 108 ton məhsul götürüblər. Taxıl sahəsinin hər hektarının məhsuldarlığı 39,8 sentner olub. Məhsul istehsalçıları cari təsərrüfat ilində daha yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. İşə məsuliyyətlə yanaşan əkinçilər qısa müddətdə 25 min hektardan çox sahəyə toxum səpərək kampaniyanı başa çatdırıblar. Sahibkarlar əkin zamanı daha çox rayonlaşdırılmış məhsuldar toxum sortlarına üstünlük veriblər.
Rayonun Surra, Moranlı, Ulacalı və Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak ediblər. Onların səpin apardıqları sahələrdən normal bitiş alınıb. Əkinçilər hazırda sahələrdə suvarma işləri aparır, bitkiyə yemləmə gübrəsi verirlər.
Ucar rayonunda isə fermerlər və fiziki şəxslər gələn ilin məhsulu üçün 14 min 307 hektar sahədə əkin aparıblar. Son vaxtlar havaların əlverişsiz keçməsi müəyyən çətinliklər yaratsa da, taxılçılar bu mühüm kampaniyanı başa çatdırıblar. Əkin sahələrinin 6406 hektarı buğda, 7901 hektarı isə arpadır. Əkində 40-dək texnikadan istifadə olunub. Rayonun daha çox taxıl əkilən Yuxarı Şilyan, Müsüslü, Boyat, Lək, Xələc və bir sıra digər ərazi dairələrində səpinin daha mütəşəkkil aparılması üçün bütün imkanlardan maksimum səmərəli istifadə edilib.
İsmayıllı rayonunun taxılçıları isə gələn ilin məhsulu üçün 30 min 165 hektarda səpin aparıblar. Rayonda bu payızda əkin sahələri ötən illə müqayisədə 722 hektar artıb. Bu il hər hektardan orta məhsuldarlıq 32,5 sentner olub ki, bu da 2018-ci ildəkindən çoxdur. Bir sıra təsərrüfatlarda, xüsusilə daha çox taxıl əkilən Qubaxəlilli, Quşencə, Hacıhətəmli ərazi dairələrində, Nikitin adına kolxozda məhsuldarlıq 40 sentnerdən çox olub. Bu təsərrüfatlarda payızlıq əkin kampaniyası da müvəffəqiyyətlə başa çatıb. 2020-ci ilin məhsulu üçün Qubaxəlillidə 4150 hektarda, Nikitin adına kolxozda 3725 hektarda, Hacıhətəmlidə 1640 hektarda Quşencədə 1550 hektarda səpin aparılıb. Rayonun təsərrüfatlarında sahələrə səpinlə birlikdə 2000 tona yaxın gübrə verilib.
Erkən səpin aparılan bütün ərazilərdə normal çıxış alınıb. Bu ərazilər əkin sahələrinin 85 faizindən çoxdur. Hazırda zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. İndiyədək 15 min hektardan çox sahədə siçanabənzər gəmiricilərə qarşı dərmanlama tədbirləri görülüb.
Regionlarda məhsul istehsalı əvvəlki illə müqayisədə artıb
Bu il taxıl zəmilərindən bol məhsul götürən rayonlardan biri də Bərdə rayonudur. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini də uğurla davam etdirirlər. Bu günədək 12 min 175 hektar sahədə payızlıq şum qaldırılıb, 8511 hektarda buğda, 2497 hektarda dən üçün arpa, 1018 hektarda isə xəsil üçün arpa səpilib. Havaların əlverişli keçməsindən istifadə edən torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.
Bərdə taxılçıları bu il 11 min 642 hektar taxıl sahəsindən 50 min 170 ton məhsul əldə ediblər. Məhsulun 40 min 52 tonu buğda, 10 min 118 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 44,3 sentner, arpa sahələrində isə 38,9 sentner olub.
Payızlıq səpin kampaniyasını başa çatdıran rayonlardan biri də Zərdab rayonudur. Rayon İcra Hakimiyyətindən bildirilib ki, gələn ilin məhsulu üçün rayonda 19 min 580 hektarda payızlıq səpin aparılıb. Bu göstərici ötən ildəkindən 864,5 hektar çoxdur. Əkin sahələrinin 12 min 997 hektarı buğda, qalanı isə arpadır.
Qeyd edək ki, taxılçılıq Zərdabda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Taxılçılar bu mühüm strateji məhsulun intensiv artımı üçün ciddi səy göstərirlər. Belə ki, əkin sahələri ildən-ilə artırılır, məhsuldarlığın yüksəldilməsi üçün ardıcıl tədbirlər görülür. Rayonun əksər təsərrüfatlarında, xüsusilə Bəyimli qəsəbəsində, Çallı, Körpükənd və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər uğurlu nəticələr qazanırlar. Rayonda taxıl əkini sahələrinin 85 faizində çıxış alınıb. Hazırda taxılçılar əkinlərin suvarılması ilə məşğuldurlar.
Neftçala rayonunda da taxılçılıq aparıcı təsərrüfat sahələrindən hesab olunur. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ildə biçin aparılmış 39 min 196,2 hektar taxıl sahəsindən 111 min 603 ton məhsul götürülüb ki, bunun da 85 min 733 tonu arpa, 25 min 870 tonu isə buğda olub. Neftçalalı taxılçılar gələn ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq səpinə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 43 min 66 hektar sahədə səpin keçirərək payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər. Əkin aparılmış sahələrdə normal bitiş alınıb. Payızlıq taxıl əkini kampaniyasında rayonun Xolqarabucaq, Aşağı Qaraimanlı, Xolqaraqaşlı və Boyat inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər taxıl əkinində öndə gediblər.
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin əkini başa çatıb. Şəkili fermerlər 2020-ci ilin məhsulu üçün 42 min 748 hektarı buğda, 24 min 794 hektarı arpa olmaqla, 67 min 542 hektar sahəyə toxum səpiblər. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov bildirib ki, bu il əkin kampaniyasına 114 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat, 400-dək traktor, qoşqu, mala və digər texnika cəlb edilib. Əkin zamanı yerli toxumçuluq təsərrüfatlarının istehsal etdiyi 17 min tona yaxın yüksək reproduksiyalı buğda və arpa toxumundan istifadə olunub.
Qeyd edək ki, cari mövsümdə Şəki rayonunda 234,6 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb. Fermerlər hər hektardan orta hesabla 34,6 sentner məhsul götürüblər.
Zaqatala rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin əkin kampaniyası dövründə fermerlər 11 min 320 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 8 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi builki mövsümlə müqayisədə 330 hektar artıb. Zaqatalalı fermerlər cari mövsümdə 10 min 990 hektar taxıl sahəsindən 33 min 169 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 30,2 sentner məhsul götürülüb.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30