Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində davamlı addımlar atılır

Regionlarda istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində davamlı addımlar atılır

07.03.2020 [11:43]

Son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb
(əvvəli ötən sayımızda)

Onun sözlərinə görə, qeyd olunan yaşayış məntəqələrində 35/10/6 və 0,4 kilovoltluq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır. O əlavə edib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsinin yaxşılaşdırılması işləri davam etdiriləcək: “Bu 5 il ərzində qurum tədbirlər planı əsasında bir sıra işlər görüb. Cari ilin yanvarından bu günədək bir çox rayonda yenidənqurma işləri aparılıb. İlin əvvəlindən Mərkəzi Aran, Cənub, Şimal, Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb. Bu gün Bakı şəhəri, ətraf kənd və qəsəbələrində görülən işlər davam etdirilir. İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, Binəqədi kəndi, Novxanı, Fatmayi qəsəbəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə mal-materiallar göndərilib”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dayanıqlı inkişafın təmin olunduğu Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə olunması istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir. KİV-ə açıqlamasında bu istiqamətdə görülən işlər barədə danışan Energetika nazirinin müavini Elnur Sultanov deyib ki, ölkəmizin əlverişli coğrafi-iqlim xüsusiyyətləri alternativ və bərpaolunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan geniş və effektiv istifadə edilməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, hazırda Azərbaycanda bərpaolunan enerjinin qoyuluş gücünün enerji sistemindəki payı 17 faizdir. Respublikada elektrik enerjisinin əldə edilməsində daş kömürdən və dizeldən, demək olar ki, istifadə olunmur.
Onun sözlərinə görə, 2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payının hazırkı 17 faizdən 30 faizə çatdırılması planlaşdırılır. Bu istiqamətdə ilk uğurlu addım “ACWA Power” və “Masdar” şirkətləri ilə 440 meqavat gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı, heç bir dövlət subsidiyasını nəzərdə tutmur. Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də bu layihələrin əhəmiyyətindən bəhs edilib. Dövlət başçısı müşavirədəki çıxışında bildirib ki, bu, bərpaolunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır: “İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni, bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpaolunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik. Bizim enerji balansımızda bərpaolunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak etmişdir. Yəni, özü də 9 ən böyük şirkət Azərbaycana bərpaolunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır. Sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy, onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri bizim üçün, ölkəmiz üçün daha məqbul etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda kifayət qədər yer var. Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpaolunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq”.
Öz növbəsində, Elnur Sultanov deyib ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 26 min 940 meqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23 min 40 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. 440 meqavatlıq pilot layihələrdən sonra hərracların keçirilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələri zonaları üzrə hərracların keçirilməsi məqsədilə seçilmiş ərazilərdə bərpaolunan enerji mənbələri potensialının ölçülməsi, torpaqların təyinatının müəyyənləşdirilməsi və hərrac üçün uyğunlaşdırılması, ilkin ekoloji və sosial qiymətləndirmənin, geoloji tədqiqatların aparılması, elektrik enerjisi infrastrukturunun qiymətləndirilməsi, elektrik enerjisinin satın alınması, qoşulma müqavilələrinin hazırlanması işləri görülməkdədir.
Bundan başqa, Energetika Nazirliyi 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının icrasına nəzarət edəcək. Belə ki, “Azərbaycan Respublikasının 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Aidiyyəti qaydada təsdiq edilmiş balansın icrasına nəzarət nazirlik tərəfindən təmin olunacaq.
Regionlarda bərpaolunan enerjidən istifadə istiqamətində isə artıq addımlar atılmaqdadır. Məsələn, verilən məlumata əsasən, Qubanın Rustov kəndinin küçə işıqlandırılması üçün günəş enerjisindən istifadə olunur. Məlumatda deyilir ki, kəndin əsas küçəsinin işıqlandırılması üçün 20 günəş paneli quraşdırılıb. Artıq 4 ildir kəndin əsas küçəsi alternativ enerji hesabına işıqlandırılır.
Quba Rayon İcra Hakimiyyətinin Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Behbud Rəhimov KİV-ə açıqlamasında bildirib ki, 2016-cı ildə yerli icma tərəfindən qeyri-hökumət təşkilatlarının dəstəyi ilə reallaşdırılan layihədən kəndin 1600 nəfərdən çox sakini faydalanır.
“Axşam qaranlıq düşən kimi küçədə 30-a yaxın işıq avtomatik yanır. Səhər də heç kimin müdaxiləsi olmadan sönür. Çox ideal qurğudur. Buradan bir neçə kəndin sakinləri də keçir. Gecə saatlarında küçənin işıqlandırılması avtomobil qəzalarının da qarşısını alır. Ən əsası, elektrik enerjisinə görə xərcimiz yoxdur”, - deyə Behbud Rəhimov qeyd edib.
Onun sözlərinə görə, panellər quraşdırılarkən ərazinin relyefi və günəşin düşmə bucağı düzgün hesablanmalıdır. Günəş enerjisi hesabına davamlı elektriklə təmin olunan sistem, elektrik enerjisinə xərcləri azaltmaqla yanaşı, ətraf mühitə də müsbət təsir edir.
Sonda bir daha qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illərdə respublikamızda elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu görülən işlərdən Ağstafa rayonuna da pay düşüb. Daha dəqiq desək, ötən illər ərzində ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Ağstafa rayonunda da energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub. Bu istiqamətdə son illər ərzində aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaradılıb. Son illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bunların sayəsində mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.
Ağstafa rayonunda sözügedən istiqamətdə görülən işlərdən danişarkən onu da bildirmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfəri çərçivəsində martın 4-də yenidən qurulan 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası istismara verilib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verib.
Bildirilib ki, Ağstafa və Qazax rayonlarının böyük bir hissəsinin, xüsusən də Qazax rayonunun cəbhəyanı ərazilərinin elektrik təchizatında olan problemlərin aradan qaldırılması və hər iki rayonda elektrik enerjisinə artan tələbatın qarşılanması məqsədilə 1967-ci ildə istismara verilmiş, köhnələrək öz texniki parametrlərini itirmiş 110/35/10 kilovoltluq “Ağstafa” yarımstansiyasında 25 meqavatamper gücündə 2 yeni transformator quraşdırılıb. Nəticədə yarımstansiyanın gücü 10 meqavatamper artırılaraq 50 meqavatamperə çatdırılıb. Yarımstansiyada 110, 35 və 10 kilovoltluq yeni paylayıcı qurğular inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri, məsafədən dispetçer idarəetmə SCADA sistemi quraşdırılıb. Ağstafa və Qazax rayonlarında yerləşən 110 kilovoltluq 3 yarımstansiya arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sxeminin dayanıqlılığının artırılması 110 kilovoltluq “Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə tamamlanıb. Bu da həmin rayonların elektrik təchizatının fasiləsizliyini və etibarlılığını təmin edəcək.
Diqqətə çatdırılıb ki, Ağstafa rayonu üzrə istehlakçıların hamısı, Qazax rayonu üzrə isə 61,9 faizi, ümumilikdə hər iki rayon üzrə 34 min 590 abonent bu yarımstansiyadan elektrik enerjisi alır.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30