Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkədaxili turizmin inkişaf etdirilməsi yönündə mühüm tədbirlər görülür

Ölkədaxili turizmin inkişaf etdirilməsi yönündə mühüm tədbirlər görülür

13.03.2020 [08:54]

Ölkəmizin turizm potensialı haqqında onlayn məlumatlandırma və öyrənmə platforması istifadəyə veriləcək
Son 16 ildə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər turizm sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilməsinə gətirib çıxarır. Turizm infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar regionlarda turizmin inkişafında mühüm rol oynayır. Eyni zamanda, bölgələrdə turizmin inkişaf etdirilməsi əhalinin rifah halının yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin artmasına öz təsirini göstərir.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Bununla yanaşı, rəqabətqabiliyyətli iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar turizm sahəsinin inkişafına da öz töhfəsini verir.
Qeyd edək ki, regionların turizm potensialından daha effektiv istifadə etmək yönündə əsas fəaliyyəti Dövlət Turizm Agentliyi (DTA), Azərbaycan Turizm Bürosu (ATB) və digər əlaqədar qurumları həyata keçirir. Sözügedən qurumlar bölgələrinin turizm potensialının tanıdılmasında, daha çox turistin cəlb edilməsində və regionların uğurlu inkişafında səmərəli fəaliyyət göstərir.
“Travel Businness Azerbaijan” gələcəkdə ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək
Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə olaraq xarici turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizin turizm potensialı haqqında “e-öyrənmə” (“e-learning”) - onlayn məlumatlandırma və öyrənmə platforması istifadəyə veriləcək.
DTA-dan bildirilib ki, “E-öyrənmə” platforması Azərbaycana turizm məqsədli səfərlərin təşkili və satışı ilə məşğul olan xarici şirkətlərə Azərbaycan haqqında ətraflı məlumat verməklə yanaşı, ölkənin yeni turizm imkanları haqqında geniş informasiya təqdim edən onlayn kurs rolunu oynayacaq.
Burada Azərbaycanın turizm əhəmiyyətli yerləri, tarixi məkanları, mədəniyyəti, mətbəxi, mədəni irsi, memarlıq nümunələri, təbiəti, iqlimi, əhalisi, dili, milli bayramları, adət-ənənələri və s. bu kimi məlumatlar yalnız yazı şəklində deyil, həmçinin audio və videoformatda istifadəçilərə təqdim olunacaq. Kursun sonunda öyrənilmiş biliklərin yoxlanılması məqsədilə verilən suallara müəyyən vaxt limiti çərçivəsində uğurla cavab verən iştirakçılar müvafiq sertifikatla təmin olunacaqlar.
Onlayn platformanın təqdimatı aprelin 29-da Bakı Konqres Mərkəzində keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumu çərçivəsində baş tutacaq. Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumuna qeydiyyat davam edir. Tədbir Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyadan 400-dən artıq turizm agentlikləri və tur operatorların, eyni zamanda, işgüzar turizm üzrə ixtisaslaşan şirkətlərin, müxtəlif hava yolları şirkətlərinin nümayəndələri və rəhbərlərini yerli turizm sənayesi iştirakçıları ilə bir araya gətirəcək. Hazırda 150-dən çox yerli turizm şirkəti, hotellər, aktiv növ istirahət turizmi (atçılıq, qolf, xizəkçilik, “off-road” turları və s.) təşkilatçıları daxil olmaqla Azərbaycan turizm sənayesinin nümayəndələrinin qeydiyyatı təsdiqlənib. Forumda iştirak etmək üçün qeydiyyat həm yerli, həm də xarici şirkətlər üçün onlayn şəkildə https://travelbusiness.az/ saytı vasitəsilə həyata keçirilir.
İlk dəfə keçirilən “Travel Businness Azerbaijan” eyni zamanda, gələcəkdə ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.
Yerli əhalinin turizmə cəlb olunması üçün xüsusi fəaliyyət planı işlənib hazırlanır
Bu günlərdə DTA-nın Aparat rəhbəri Kənan Qasımov deyib ki, təmsil etdiyi qurum ölkəyə daha çox turistin gəlməsində maraqlıdır. Onun sözlərinə görə, yerli insanların turizmə cəlb olunması üçün xüsusi fəaliyyət planı işlənib hazırlanır: “Hazırda müvafiq orqanlarla birlikdə turizmə cəlb edilən insanların biliklərinin, təlim bacarıqlarının artırılması istiqaməti üzərində işləyirik. Eyni zamanda, fikirləşirik ki, onların marketinq işinə necə kömək edək. Hazırda müzakirələr gedir, yəqin ki, ən yaxın vaxtda bununla bağlı müvafiq addımlar atılacaq”.
Hotellərin ulduzlaşması üçün tələblərin müəyyən edilməsini xatırladan Kənan Qasımov deyib ki, əsas məqsəd hotellərdə məmnunluq səviyyəsinin qaldırılmasına yönəldilib. Agentlik rəsmisinin sözlərinə görə, hər bir mehmanxana obyekti ulduz alarkən müəyyən tələblərə cavab verməlidir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi qaydaları bu yaxınlarda açıqlanıb. Bununla bağlı Azərbaycan Hotellər Assosiasiyasının Milli Ulduz Təsnifatı Sistemi barəsində keçirilən təlimdə ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumat verilib. Eyni zamanda, təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib. Diqqətə çatdırılıb ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.
Tədbirdə, həmçinin dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verilib.
Bildirilib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq. Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.
Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib. Milli ulduz təsnifat sistemi, hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.
Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.
Turizm fəaliyyətinin dövlət tənzimlənməsi turizmin inkişafını təmin edəcək
Bu günlərdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanmış ölkədaxili turizm kampaniyasını da regionların turizm potensialından daha səmərəli istifadə etmək yönündə növbəti addım hesab etmək olar.
Qeyd edək ki, “Macəra yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.
Tədbirdə çıxış edən ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ölkəmizin turizm potensialını artırmaq üçün 3 məhsul hazırlanıb və bu məhsullar Azərbaycana gəlmək istəyən turistlərin səyahətini bir platformada cəmləşdirir.
ATB-nin turizm sənaye və destinasiyanın inkişafının idarə edilməsi departamentinin direktoru İlkin Cavadov isə bildirib ki, kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdirilib.
Departament direktoru qeyd edib ki, bu kampaniya ölkədaxili turizmin fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcək.
Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuş, bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən “azerbaijan.travel” saytının təkmilləşdirilmiş və yenilənmiş versiyasının təqdimatı keçirilib.
Azərbaycan Turizm Bürosunun layihə üzrə koordinatoru Şəfa Qurbanova bildirib ki, yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat verməklə yanaşı, turistlərin səyahətinin planlaşdırmasına xidmət edir, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar yaradır.
Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilib
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov ölkədaxili turizm kampaniyasının təqdimat mərasimində deyib ki, Azərbaycana gələn turistlərin sayında artım fevralın sonuna qədər müşahidə edilib. O bildirib ki, dünya ölkələrinin hazırkı vəziyyətlə bağlı təcrübələri tam formalaşdıqdan və dəqiq hesablamalar aparıldıqdan sonra dövlətə müəyyən təkliflər veriləcək. “Dövlət də bu prosesi diqqətdə saxlayır. Biz yekun dəstək mexanizmləri üzərində işləyirik. Burda vergidən azad edilmə, subsidiya məsələləri yer ala bilər”.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30