Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Pambıqçılığın inkişafına göstərilən diqqət bu sahədə məhsuldarlığın ildən-ilə artmasında əsaslı rol oynayır

Pambıqçılığın inkişafına göstərilən diqqət bu sahədə məhsuldarlığın ildən-ilə artmasında əsaslı rol oynayır

25.04.2020 [11:17]

Pambıqçılıq rayonlarında əkin prosesi uğurla davam edir

Dinamik tərəqqiyə malik olan Azərbaycan mütərəqqi inkişaf modeli ilə fərqlənir. Bu modelin səciyyəvi xüsusiyyətlərindən biri kompleks halda bütün sahələrin inkişafının təmin olunmasıdır. Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. Onu da qeyd edək ki, 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr aqrar sahənin inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Xüsusilə, ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər öz növbəsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına təkan verib.

Vurğulandığı kimi, dövlətimizin sahibkarkara göstərdiyi maddi dastək qeyri-neft sektorunun, eləcə də kənd təsərrüfatının inkişafına yaxından kömək edir. Yeri gəlmişkən, bu ilin fevralın 3-də "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur: "Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır".

Beləliklə, dövlət tərəfindən göstərilən diqqət və qayğı kənd təsərrüfatının yüksək inkişafını təmin etməklə yanaşı, vətəndaşların aqrar sahəyə marağını da yüksəldir. Məsələn, 2019-cu ildə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə 380 milyon manat subsidiya verilib. Hazırda isə bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Adıçəkilən konfrasda da qeyd olunduğu kimi kənd təsərrüfatında barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artıb.

Göründüyü kimi, respublikamızda aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi real nəticələrdə öz əksini tapır. Xüsusi olaraq vurğulanmalıdır ki, indiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir. Təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanda pambığın tədarükü dəfələrlə artırılıb. Prezident İlham Əliyevin "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı bilrdiyi kimi bizdə pambıqçılıqda 46 faiz artım var: "İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri. Bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər. Beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik. Aydın məsələdir, bunlar bir-biri ilə bağlıdır. Pul burada, ölkəmizdə qalacaq".

Rayonlarda çiyid səpininə start verilib

Bildirmək yerinə düşər ki, aprel ayının ikinci ongünlüyündən Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib. Qeyd etmək lazımdır ki, ölkəmizin aparıcı pambıqçılıq rayonlarında bununla bağlı bütün tədbirlər görülüb. Artıq pambıq əkən fermerlerlə müqavilələr bağlanıb, lazımi texnikalar saz vəziyyətə gətirilib, eləcə də sahibkarlara gübrələr verilib. Pambıq əkininin vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi fermerlərə yaxından köməkliklər göstərir. Yeri gəlmişkən, aprel ayının 15-də Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar rayonunun Ağaəlikənd kəndində fermer Nurəddin Mirzəyevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib. Nazirə məlumat verilib ki, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Bildirilib ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Nazir pambıqçı fermer Nurəddin Mirzəyevlə söhbət edib, pambıq əkininə hazırlıq prosesi ilə maraqlanıb. Təsərrüfat sahibi bildirib ki, bu sahədə pambıq əkini tirə üsulu ilə həyata keçirilir. Sahədə lazımi aqrotexniki qaydaların yerinə yetirildiyini bildirən fermer bol məhsul əldə edəcəyinə əmin olduğunu vurğulayıb. Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır: "Artıq sahələrdə intensiv səpinə start verilir. Pambıq əkini ilə bağlı 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanıb, əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Hazırda Biləsuvar rayonunda pambıq səpini prosesində iştirak edirik. Rayon üzrə 10603 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Biləsuvar rayonunda pambıqçılığın gözəl ənənələri var. Təkcə ötən il biləsuvarlı fermerlər 30 min tona yaxın pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər".

Nazir pambıqçılığa dövlət dəstəyi, bu ildən tətbiq olunan yeni subsidiya qaydaları barədə fermerlərə məlumat verib.

Vurğulayaq ki, fermer Nurəddin Mirzəyevə məxsus 6 hektarlıq sahədə kütləvi səpin işlərinə 2 çiyidsəpən aqreqat cəlb olunub. Çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.

Saatlı rayonunda da çiyid səpini sürətlə davam edir. Son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq, fermerlər gün ərzində 640-650 hektar sahəyə toxum səpirlər. Səpin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları bu günə kimi 7528,9 hektar sahədə səpin aparıblar. Ötən il respublika üzrə ən çox “ağ qızıl” istehsal edən rayon pambıqçıları cari ildə də əzmlə çalışır, daha çox məhsul istehsal etmək üçün bütün lazımi tədbirləri həyata keçirirlər.Qeyd edilməlidir ki, bu il Saatlıda 13 min 785 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bu məqsədlə 2 min 950 nəfər torpaq mülkiyyətçisi ilə müqavilələr bağlanılıb və onlar lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Bu günə kimi rayonda fəaliyyət göstərən "MKT" MMC 2825,6 hektar, "Azərpambıq" MMC 1681 hektar, "Aqro AZ" MMC 2420 hektar, "P-Aqro" MMC 602,3 hektar sahəyə çiyid səpib. Rayonda səpin kampaniyası uğurla davam edir. Məhsul istehsalçıları səpini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Onu da bildirmək lazımdır ki, ötən il Saatlıda 13 min 741 hektar sahədə pambıq əkilib və 41 min 813 ton məhsul istehsal olunub.

İmişli rayonunda da çiyid səpini davam edir. Ötən il 20 min tona yaxın xam pambıq istehsal edən imişlili fermerlər cari ildə 6 min 890 hektar sahəyə çiyid səpməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün 903 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlara lazımi kömək göstərilir. Əkinçilər səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, əkin sahələri şumlanıb, arata qoyulub və malalanaraq səpinə hazırlanıb. Texnika sarıdan da fermerlərin heç bir çətinlikləri yoxdur. Sahələrə kifayət qədər maşın-mexanizm və səpin aqreqatı çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunur. İşin yaxşı təşkili nəticəsində gün ərzində 550-600 hektar sahəyə toxum səpilir. Artıq 3 min hektara yaxın sahədə çiyid səpini aparılıb. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün intensiv üsullardan səmərəli istifadə edirlər.

Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada da uğurlu həyata keçirilir. Ötən il 16 min 74.4 ton pambıq istehsal edən rayonun "ağ qızıl" ustaları cari ildə 5 min 78 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün işlər vaxtında həyata keçirilib. 5 min hektardan çox sahədə şum aparılıb, arata qoyulub və malalanıb. Rayonda 1307 məhsul istehsalçısı istehsal müəssisələri ilə müqavilə bağlayaraq lazımi texnika, toxum və digər avadanlıqlarla təmin olunub. Artıq rayonda pambıq səpininə start verilib. Səpinə ilk olaraq Xol zonasında başlanılıb və məhsul istehsalçıları səpin zamanı yüksək reproduksiyalı toxum sortlarının səpininə üstünlük verirlər. Yaxın günlərdə rayonda kütləvi çiyid səpininə başlanılacaq. Qeyd edək ki, ötən il 40 hektar pambıq sahəsindən 130 ton məhsul götürən, uzun müddət pambıqçılıqla məşğul olan rayonun Aslanlı kənd sakini Namiq Bağırov bu günə kimi əkəcəyi 50 hektar sahənin 1,5 hektarında səpin aparıb. Məhsul istehsalçısı səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edir. Fermer bu il hər hektar pambıq sahəsindən 35 sentner məhsul götürmək niyyətindədir. Xatırladaq ki, ötən il neftçalalı pambıqçılar 5 min 88 hektar pambıq sahəsindən 16 min 74.4 ton məhsul toplayıblar.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30