Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Xalqımızı birləşdirən dəyər: Azərbaycançılıq ideologiyası

Xalqımızı birləşdirən dəyər: Azərbaycançılıq ideologiyası

20.10.2022 [10:34]

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır

Yeganə BAYRAMOVA

Azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Dövlətimizi, milli-mənəvi dəyərlərimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Azərbaycançılıq ideyası əsrlər boyu müxtəlif formalarda təzahür edərək özünü göstərib. Bu ruhda yüzlərlə əsər yazılıb. Millətin, dövlətin birliyi, ana dilimizin, mədəniyyətimizin, söz sənətimizin ucalığı tarixən diqqət çəkib. Azərbaycançılıq dəyərlərimizdə özünü ehtiva edib və bu məqamlar indi də yaşayır.

Sözsüz ki, azərbaycançılıqdan danışdıqda yalnız son əsrlərlə kifayətlənməli deyilik. Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində qədim tarixi var. Millətin formalaşma prosesi ilə tarixən üst-üstə düşən azərbaycançılıq fərddən cəmiyyətə, cəmiyyətdən dövlət səviyyəsinə qədər böyük bir inkişaf yolu keçib. Mədəniyyətin müxtəlif pillələri tədrici təkamülün mərhələləri hesab oluna bilər. Onların hər biri keçmişin bəhrəsi olduğu kimi, həm də gələcəyin formalaşmasında rol oynayır. Mədəniyyətin müxtəlif pillələri bizim kontekstdə həm də azərbaycançılığın çeşidli pillələrini özündə ehtiva edir. Bütün millətlərin milli mədəniyyəti onu təmsil edən xalqın milli dəyərləri üzərində inkişaf edir. Azərbaycan mədəniyyəti və bədii fikri, bədii söz sənəti tarixən vətən və xalq anlayışını özündə birləşdirən azərbaycançılıq ideologiyasının ifadəsinə xüsusi səy göstərib.

Azərbaycançılıq vətən əxlaqının tərkib hissəsi kimi zaman-zaman ziyalıların inanc yeri olub. Bu ideyanın, ideologiyanın milli bədii söz sənətində daimi mövzu kimi qalması da həmin zərurətin dərk edilməsindən doğur. Ümummilli lider Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə şamil etməklə onu dövlət siyasəti səviyyəsinə qaldırıb. İndi azərbaycançılıq ideologiyası ölkəmizin bütün əhalisinin başlıca düşüncə tərzidir. Ölkəmizdə azərbaycançılıq rəsmi dövlət ideologiyasıdır. Bunu deyərkən ilk növbədə torpaq sevgisi, siyasi dövlət millətçiliyi, Azərbaycanın maraqlarının hər şeydən üstün olması, güclü Azərbaycan dövlətinin yaradılması, inkişaf etməsi, dünyanın hər bir yerində yaşayan azərbaycanlıların maraqlarını lazımi qədər qoruya bilən güclü Azərbaycan dövləti nəzərdə tutulur.

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, bəzi insanlar ya savadsızlıqdan, ya da bilərəkdən azərbaycançılıq və türkçülük ideologiyasının qarşı-qarşıya qoyulduğunu iddia edirlər. Bu, öz-özlüyündə yalnış bir tendensiyadır. Hər kəs Azərbaycanın türk dövlətlərindən biri olduğunu bilir: “Azərbaycançılıq deyəndə, bəzilərinin məkrli niyyətləri ortaya çıxır. Yaxud bir qisim insanlar türkçülükdən imtina edərək, azərbaycanlı olduqlarını vurğulayırlar. Bu, çox savadsız bir yanaşmadır”.

Alimin sözlərinə görə, azərbaycançılıq ideologiyası sistemli yanaşma və ümumi fəlsəfi baxımdan doğru ideyadır: “Biz bu ideologiyanı bacardığımız qədər dəstəkləməliyik. Çünki bununla öz dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstəririk. Amma təəssüflər olsun ki, azərbaycançılıq ideologiyası ölkəmizdə lazımı qədər qiymətləndirilmir və biz bu məfhumdan tam şəkildə istifadə edə bilmirik. Bu gün özünü azərbaycanlı hesab edən bir qrup şəxs, eyni zamanda azərbaycançılıq ideologiyasının müdafiəçisi olduğunu bəyan edir. Lakin Nizamini, Füzulini, Nəsimini, yaxud o dövrün fəlsəfəsini bilmədən, azərbaycançı olmaq mümkün deyil. Azərbaycançı ilk növbədə öz ölkəsinin tarixini yaxşı bilməlidir. Bunu bilmədən pafoslu fikir söyləyənlər azərbaycançılıq ideologiyasına xəyanət edirlər”.

Sosioloq qeyd edib ki, azərbaycançılıq ideologiyasının geniş şəkildə təbliği və inkişafı üçün, ilk növbədə elmi təminat olmalıdır: “İndiki dövrdə elmi təminat olmadan azərbaycançılıq ideologiyasını inkişaf etdirmək mümkün deyil. Biz sosioloji araşdırmalar aparmalıyıq. Bütün bu araşdırmaları apardıqdan sonra, elmi əsaslara söykənərək yol xəritəsi hazırlamalıyıq. Bu zaman ideologiyanın inkişafı üçün təhsil sahəsində hansı islahatlar aparmalı olduğumuz, yaxud televiziyaların üzərinə düşən vəzifələr və digər öhdəliklər məlum olacaq. Görünən odur ki, bu məsələlərdə boşluq mövcuddur. Həmin boşluğu doldurmaq üçün hər birimiz dövlətimizin naminə fəaliyyət göstərməliyik”.

Ə.Qəşəmoğlu bildirib ki, azərbaycançılıq ideologiyasının sütünlarından biri də, milli atributumuz olan dövlət bayrağımız və onun mənaları özündə əks etdirən rəngləridir: “Türkçülük, Müasirlik və İslamçılıq... Bu dəyərlər bütün tarix boyu ahəngdarlıq təşkil edib. Ancaq bir qismi türkəm deyib islama qarşı çıxış edir, bir qisim müsəlmanam deyərək əks mövqe qoyur. Eləcə də müasirlik haqda söyləmək olar. İndiki nəsil bayrağımızdakı kodu düzgün başa düşməlidir. Ona görə də tarixi gözəl bilməliyik, həm də bayrağımızın mənalarına əməl etməliyik.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30