Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Təhsildə və startaplarda olan Azərbaycan gəncləri

Təhsildə və startaplarda olan Azərbaycan gəncləri

19.11.2022 [10:30]

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

Hər bir dövlətin gələcəyi bu gün yetişən gəncliyin əlində olacaq. Nümunəvi gənclik formalaşdırmaqla biz ölkəmizin,  xalqımızın etibarlı sabahını təmin etmiş oluruq. Yaxşı haldır ki, qısa müstəqillik tarixinə malik respublikamızda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Bu da özünün müsbət nəticələrini verir. Azərbaycan ötən 30 ildə böyük uğurlara imza atıb, beynəlxalq miqyasda sayılıb-seçilən ölkələrdən birinə çevrilib. 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan respublikamız öz gücünü bütün dünyaya göstərdi və ərazi bütövlüyünü təmin etdi. Bütün bu uğurların qazanılmasında Azərbaycan gəncləri həmişə öndə olublar və ölkənin inkişafına sanballı töhfələrini veriblər.

Milli ruhda formalaşan gənclərin vətənpərvərliyi

Dünyada qloballaşmanın geniş vüsət aldığı bir dövrdə yaşayırıq. Belə bir şəraitdə gənclərin milli köklərə bağlılıq ruhunda formalaşmaları müstəsna əhəmiyyət daşıyır. Deyə bilərik ki, adət-ənənələrimizin, dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsi böyük dərəcədə gənclərlə işin düzgün qurulmasından, onların ailələrdə, təhsil ocaqlarında istiqamətləndirilməsindən çox asılıdır. Qloballaşma şəraitində ayrı-ayrı cəmiyyətlərdə kədərli mənzərə müşahidə edilir. Özünü mədəniyyət beşiyi sayan Avropada bir sıra hallarda gənclərin yaşlı nəslə, keçmişdən gələn ənənələrə xor baxmaları, “ağsaqqal”, “ağbirçək” anlayışlarının hörmətlə qarşılanmaması acı təəssüf doğurur. Azərbaycan cəmiyyətində  isə fərqli mənzərə hökm sürür. Respublikamızda gənc və yaşlı nəsil arasında varisliyin təmin olunması, ailələrdə adət-ənənələrimizin qorunması, milli-mənəvi dəyərlərimizin uca tutulması gənclərin sağlam ruhda formalaşmaları üçün güclü zəmin qismində çıxış edir. Necə deyərlər, gənclərimiz tarixin sınağından çıxmış yaxşı nümunələr əsasında formalaşırlar.

Eyni zamanda respublikamızda həyata keçirilən gənclər siyasətinin, məqsədyönlü ideoloji işin əsas hədəflərindən biri gələcəyimizi etibar edəcəyimiz nəsldə güclü vətənpərvərlik hissi aşılamaqdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin Vətənə, torpağa necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanlarında dəhşətli səhnələrin yaşandığı hər kəsə bəllidir. Ancaq müharibənin çətinlikləri gənclərimizi əsla çəkindirmirdi. Müharibə günlərində hər bir Azərbaycan gənci Vətənə xidmət borcunu yerinə yetirmək istəyirdi. Verilən məlumatlara görə 44 günlük müharibədə düşmən tərəfdə 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunun sıralarında isə bir nəfər də olsun fərarilik etməyib. Ordumuz hər gün irəliləyib, hər gün yeni zəfərlərə imza atıb. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Vətən müharibəsində müxtəlif nəsillərin nümayəndələri fəal iştirak ediblər. Ancaq əsas ağırlıq gənclərin üzərinə düşüb. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. Hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan gənclərinin yüksək vətənpərvərliyinə diqqət çəkərək vurğulayıb: “Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi”.

Yeniliklərə, qlobal çağırışlara açıq olan gənclərimiz

Hər dövr qarşıya öz tələblərini çıxarır. XXI əsr təhsil əsridir. İndiki dövrdə dünya sürətlə 4-cü sənaye inqilabının hədəflərinə doğru irəliləyir. Rəqəmsal texnologiyaların inkişafı, bu texnologiyalar üzərindən yeni həllərə və tətbiqlərə geniş meydan verilməsi  ön plana keçib. Yaxşı haldır ki, milli-mənəvi dəyərlərə, tarixdən gələn ənənələrimizə sıx bağlı olan Azərbaycan gəncləri  həm də yeniliklərə açıqdırlar. Onlar meydana çıxan qlobal çağırışlara adekvat yanaşma sərgiləyir və müasir dövrün tələbləri ilə ayaqlaşırlar. Bu gün yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan gənclərinin çevikliyini, fəallığını, təhsilə, müasir peşələrə yiyələnməyə can atmalarını, daim irəliyə getmək həvəsində olmalarını görmək çox xoşdur. Prezident İlham Əliyev hazırda Azərbaycan gənclərinin təhsildə, startaplarda olmalarını dəfələrlə böyük məmnunluq hissi ilə diqqətə çatdırıb. Gənclərin yeniliklərə, o cümlədən də təhsilə, startaplara böyük maraq göstərmələri ölkədə davamlı olaraq həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Respublikamızda gənclər siyasəti gələcəyimizi etibar edəcəyimiz nəslin hərtərəfli formalaşmasını təmin edir. Ölkə üzrə gənclərin müasir peşələrə və startaplara cəlb olunmalarına dəstək verilir, bu məqsədlə müxtəlif tədbirlər reallaşdırılır. Məsələn, oktyabr ayının son ongünlüyündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 74-ə çatıb.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiqlənib. Həmin sənədə uyğun olaraq təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 3-cü qrant müsabiqəsi elan edilib. KOBİA-dan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulub.

Son vaxtlarda Azərbaycanın gənc  startapçılarının layihələrinin beynəlxalq səviyyədə uğur qazanmaları qürurverici haldır. Azərbaycanlı startapçı Qərib Mehdiyevin ortaqlığı ilə qurulan WeTravel startapı 27 milyon dollar investisiya alıb. WeTravel startapı 2014-cü ildə Yohannes Koeppel (CEO), Qərib Mehdiyev (CTO) və Zaki Prabovo (CMO) tərəfindən qurulub. Startap səyahət təşkilatçılarına vəsait toplamaq və logistikanı təşkil etmək üçün gedişdən əvvəl alətlər təklif edən onlayn ödəniş platformasıdır.

WeTravel-in ABŞ-də, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir. Hazırda 3000-dən çox şirkət ödənişləri qəbul etmək, rezervasiyaları səmərəli şəkildə idarə etmək və beynəlxalq valyuta köçürmələri üçün WeTravel-dan istifadə edir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) isə 25-27 oktyabr tarixlərində İstanbul Texniki Universitetində təşkil olunmuş “Take Off Startup Summit”ində iştirak edib.  İRİA-nın dəstəyi ilə Hirelamp Bookshifa “İmajin” və “Beso” adlı Azərbaycan startaplarının sammitdə iştirakı və xarici tərəfdaşlarla əlaqələrin qurulması təmin olunub. Azərbaycan startapları öz innovativ layihələrini B2B görüşlərdə türkiyəli investorlar və Vençur Kapitalı Fondları qarşısında təqdim ediblər.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30