Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Tariximizin və mədəniyyətimizin təbliği...

Tariximizin və mədəniyyətimizin təbliği...

13.07.2023 [11:30]

Müasir dövrün ən aktual məsələlərindən biri kimi

Günel ABBAS

Müstəqil Azərbaycanın inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Beləliklə, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır.

Milli dəyərlərin qorunması diqqət mərkəzindədir

Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, əsrlər boyunca təşəkkül tapmış və yaşadılmış milli-mənəvi irsimizin əhəmiyyətli hissəsi bu gün də cəmiyyət həyatının ən müxtəlif sahələrində əks olunur.

Tarixi keçmişimiz...

Qeyd edildiyi kimi, Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə, zəngin tarixi keçmişə malikdir. Bununla belə, tarixin bir çox dövrlərində milli tariximiz məqsədli şəkildə təhrif olundu, fərqli aspektlərdən izah edildi. Təbii ki, bunun arxasında bir çox subyektiv maraqlar gizlənirdi. XX əsrin sonunda əldə olunan müstəqillik digər məsələlərdə olduğu kimi, milli tariximizin də əsaslı və fundamental şəkildə yenidən araşdırılmasında mühüm rol oynadı və ən əsası erməni yalanları ilə mübarizəyə geniş imkan yaratdı. Ulu öndər Heydər Əliyevin bu sahənin inkişafını diqqət mərkəzində saxlaması, alimlərin fəaliyyətini dəstəkləməsi, elmin inkişafına dövlət tərəfindən şəraitin yaradılması öz müsbət nəticələrini verdi. Ümummilli liderin də söylədiyi kimi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.

Beynəlxalq miqyasda görülən işlər...

Təsadüfi deyil ki, Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, ölkə ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar”.

Tarixi faktlar da göstərir ki, istər indiki Ermənistan, istərsə də Qarabağ ərazisindəki yer adlarının əksəriyyəti Azərbaycan mənşəli, əhalisi isə azərbaycanlılar olub. Həmçinin ölkə başçısının tövsiyəsi ilə İrəvan xanlığı haqqında sanballı elmi əsər yaradılıb və bir neçə xarici dilə tərcümə edilib. Eləcə də, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu elmi faktlarla ortaya qoyan əsərlər dünya ictimaiyyətinə təqdim olunur, onların fərqli dillərdə çapı həyata keçirilir. Azərbaycan tarixinin, dövlətçiliyinin öyrənilməsi və təbliği bu günümüz və gələcəyimiz baxımından, suveren dövlətçiliyimizin gücləndirilməsi yönündən  prinsipial əhəmiyyət daşıyır.

Davamlı inkişafa əvəzsiz töhfə

Müasir zamanda dünyaya inteqrasiyanın əsasında ən mühüm element kimi elm və mədəniyyət faktorları çıxış edir. Elm, innovativ yeniliklər davamlı inkişaf hədəflərinə nail olunmasının əsas amili sayılır. Bunun üçün isə yeni bilikləri, innovasiyaları mənimsəmiş kadrlara böyük ehtiyac duyulur. Ölkəmizdə də elmin inkişafı məqsədilə mövcud potensialdan düzgün istifadəyə və qabaqcıl bilik və bacarıqlara yiyələnmiş kadrların hazırlanmasına böyük diqqət yetirilir. 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, 2013-cü ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi də elmin inkişafına göstərilən dövlət qayğısının bariz nümunələridir. Bu istiqamətdə həyata keçirilən strategiyanın əsas məqsədi isə aparılan tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi, eyni zamanda biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılması, elm sahəsində idarəetmə sisteminin modernləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, habelə Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasıdır.

Elmi mübadilə milli təqdimatın əsas amillərindəndir

İnnovativ biliklərə əsaslanan dayanıqlı iqtisadiyyatın dövlətlərin əsas güc amilinə çevrildiyini nəzərə alsaq, Azərbaycan Prezidentinin “neft kapitalını insan kapitalına çevirmək” prinsipinin ən vacib nüans kimi bütün dövrlərdə aktuallıq kəsb etdiyini görə bilərik. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən elmin tərəqqisi, yüksək ixtisaslı kadrların yetişdirilməsi siyasəti ölkənin davamlı inkişafına əvəzsiz töhfədir. Xarici ölkələrin elmi institutları, analitik mərkəzləri, alimləri, təhsil ocaqları ilə təmasların qurulması və genişləndirilməsi aktual məsələlərdəndir. Buna uyğun olaraq, hər il respublikamızın müxtəlif şəhərlərində humanitar, texniki və tibb elmləri sahələri üzrə beynəlxalq elmi konfranslar keçirilir, təcrübə mübadilələri aparılır.

Sevindirici haldır ki, bu kimi təcrübə mübadilələri həm də Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir. Azərbaycan üçün həyat tərzi və spesifik xüsusiyyətlərdən sayılan multikultural dəyərlər toplusu bütün dünya üçün nümunə sayılır. Bu gün dünyada dinlər, məzhəblər və sivilizasiyalararası münaqişələrin kəskin hal aldığı bir vaxtda Azərbaycanın multikulturalizm modeli müsbət nümunə kimi dünyaya təqdim olunur - ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, sivilizasiyalararası dialoqlar, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq tədbirlər bu məqsədin uğurla reallaşmasında mühüm rol oynayır.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30