Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranması zərurət idi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranması zərurət idi

30.07.2012 [23:00]

Aydın Kazımzadə: Yubileyi olan bir şəxsi quru bir teleqramla təbrik etmək AKİ-nin kino xadimlərinə hansı şəkildə “diqqət və qayğı” göstərdiyini əyani şəkildə ortaya qoyurdu
Məlum olduğu kimi, iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb (ARKİ). Yeni qurumun yaradılması ilə bağlı “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə qərar verilib. Tədbirdə çıxış edənlər Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu vurğulayıblar. Qeyd olunub ki, hazırda mövcud olan AKİ-nin fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir.
Beləliklə, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı artıq Ədliyyə Nazirliyindən rəsmən qeydiyyatdan da keçib. Eyni zamanda, ölkənin çoxsaylı kino xadimləri AKİ-nin sıralarını tərk edərək, yeni quruma üzv olurlar. Lakin qarşı tərəf, yəni, R.İbrahimbəyov və onun yaxın ətrafı həm yeni qurumun yaranmasına, həm də kino xadimlərinin ARKİ-yə üzv olmasına aqressiv şəkildə reaksiya verirlər. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, “Zirvə” mükafatı laureatı Aydın Kazımzadə qəzetimizə müsahibəsində bu aqressivliyin səbəbinə də toxunub.
- Aydın müəllim, Rüstəm İbrahimbəyovun və onun yaxın ətrafının ARKİ-nin yaranmasına aqressiv yanaşmasına səbəb nədir?
- ümumiyyətlə, hansısa yeni bir təşkilat yarananda köhnə təşkilat hər zaman buna qısqanclıq hissi ilə yanaşır. O ki qaldı, yeni təşkilatın, yəni, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaranmasına, bu zərurət idi. çünki Azərbaycan Kinematoqrafçılar İttifaqı faktiki olaraq fəaliyyətini dayandırmışdı. Yəni, burda hər hansı dərin təhlil aparmağa ehtiyac yoxdu. İkinin üstünə iki gələndə dörd edir. Bundan öncə də demişəm və yenə təkrar edirəm, şəxsən mənim Azərbaycan Kinematoqrafçılar İttifaqının sıralarını tərk etməyimin əsaslı səbəbi var. Məsələ burasındadır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı fəaliyyətsiz bir quruma çevrilib. Halbuki bu qurum bir zamanlar ən fəal ittifaqlardan biri idi. Həmin vaxtlar bu qurum öz işini yalnız həftədə bir dəfə kino nümayiş etdirməklə bitmiş hesab etmirdi. Bu ittifaqın nəzdində fəaliyyət göstərən “Kino evi” Azərbaycan kinosunun inkişafı istiqamətində özünəməxsus rol oynayırdı. Eyni zamanda, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən planlı şəkildə geniş tədbirlər, konfranslar, kino sənətkarlarının yubileyləri, kinonun vəziyyəti ilə bağlı iclaslar və s. keçirilirdi. Azərbaycan Kinematoqrafçılar İttifaqında geniş müzakirələrin keçirildiyi iclaslar olurdu. Həmin vaxt Azərbaycan Kinematoqrafçılar İttifaqına Həsən Seyidbəyli rəhbərlik edirdi. Ancaq o rəhmətə gedəndən sonra ittifaqın sədri Rüstəm İbrahimbəyov oldu və bəhs edilən istiqamətdə fəaliyyət bir müddət davam etdi. Lakin sonradan ittifaqın fəaliyyəti zəifləməyə başladı. Hətta vəziyyət o həddə çatdı ki, sonuncu qurultayda idarə heyəti formalaşanda 20 nəfərin namizədliyi birdən səsə qoyuldu. Yəni, mən bu və digər neqativ halları gördükdən sonra bu ittifaqdan uzaq düşdüm. Bu yaxınlarda isə rəsmi ərizə ilə həmin ittifaqın sıralarını tərk etdim.
- Yəni, onunla razısınız ki, kino xadimlərinin zaman-zaman Azərbaycan Kinematoqrafçılar İttifaqından uzaqlaşmasının kökündə bu qurumun normal fəaliyyət göstərməməsi, hətta, katibliyin iclaslarında belə təklif və rəylərin nəzərə alınmaması dayanır?
- Düzü, katibliyin iclaslarında nələrin baş verməsi, ümumiyyətlə, bu iclasların keçirilib-keçirilməməsi haqqında bir şey deyə bilmərəm. çünki mən katibliyin üzvü olmamışam. Ona görə də, onların iclaslarında nələrin olmasına dair heç bir məlumatım yoxdur. Amma məsələ heç də iclasın keçirilib-keçirilməməsində deyil. Əgər vaxtı ilə insanlar AKİ-dən gedirdilərsə, deməli bunun əsaslı səbəbi vardı. Yəni, bunları saxlamaq, dinləmək, getmələrinin səbəblərini öyrənmək lazım idi. Əlbəttə ki, AKİ-nin katibliyi iclas keçirərək bu adamların, Oqtay Mirqasımovun, Eldar Quliyevin getmələrinin səbəbinə aydınlıq gətirməli, həmçinin, digər üzvləri də bundan xəbərdar etməliydi. Təəssüflər olsun ki, katiblik bunu etmədi.
- AKİ-nin rəhbərliyi iddia edir ki, guya bu qurumu tərk edənlər hər hansı problemlə bağlı şikayət, yaxud təklif səsləndirməyiblər. Eyni zamanda, guya AKİ tərəfindən kino sahəsinə xüsusi diqqət göstərildiyi iddia edilir. Doğrudanmı bu diqqət və qayğı var idi?
- Bir daha deyirəm ki, qayğı və diqqət mərhum Həsən Seyidbəyli AKİ-yə rəhbərlik edəndə olub. Həsən Seyidbəyli rəhmətə gedəndən sonra Rüstəm İbrahimbəyov sədr oldu və bir müddət bu qayğı göstərildi. Lakin sonradan bu qayğı və diqqət olmadı. Mən çox yox, cəmi iki misal çəkəcəm və o zaman AKİ rəhbərliyinin kino xadimlərinə hansı şəkildə “qayğı və diqqət” göstərməsi haqda dəyərli oxucularda aydın təsəvvür yaranacaq. Azərbaycan kinosunun çətin vaxtlarında bizim yoldaşlardan biri sarılıq xəstəliyinə tutulur. Bu xəstəlik də yubileyi ərəfəsinə təsadüf edir. Bir gün evdə sistem köçürüldüyü halda tibb bacısı ona AKİ tərəfindən göndərilmiş teleqramı təqdim edir. Həmin yoldaş deyirdi ki, mən teleqramda “Azərbaycan Kinematoqraçılar İttifaqı sizi yubiley münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür və sənətdə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm” sözlərini oxuyanda əsəblərimdən sarılığım təzədən başladı. Yəni, yataqda ağır xəstə yatan birisinə hansı yeni-yeni yaradıcılıq uğurları arzu edirsən? Bir xəbərin varmı məndən? Doğrudan da bu, olduqca acınacaqlı idi. Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyi bilmirdi ki, bu qurumun üzvlərindən biri ağır xəstədir. Həm bu, həm də yubileyi olan bir şəxsi quru bir teleqramla təbrik etmək AKİ-nin kino xadimlərinə hansı şəkildə “diqqət və qayğı” göstərdiyini əyani şəkildə ortaya qoyurdu.
Yaxud mənim yubileyim, 70 yaşım tamam olanda AKİ-nin göstərdiyi münasibəti xatırlamaq istəyirəm. Həmin vaxt mən AKİ-nin birinci katibi Rasim Balayevə yaxınlaşıb “mənim 70 yaşım tamam oldu” dedim. Cavab verdi ki, heç nə edə bilmərik. çünki imkanımız yoxdu. Eyni zamanda, digər katiblər də bu cür soyuq münasibət göstərdilər. Yalnız bir müddət sonra xəbər tutdum ki, əvvəl yaşadığım evə nəsə kağız göndəriblər. Lakin uzun illərdir oradan köçdüyüm üçün məktubu geriyə AKİ-yə qaytarıblar.
- Belə çıxır ki, AKİ rəhbərliyinin hətta sizin artıq uzun illərdir oradan köçməyiniz, başqa ünvanda yaşamağınız haqqında da məlumatlı olmayıb?
- Bilirsiniz, bəlkə də bunu keçmək olardı. Lakin onların sonrakı addımı...
- Hansı addımı? Sonra nə etdilər ki?
- Deməli məktub geri, AKİ-yə qayıdandan sonra ittifaqın rəhbərliyi onu mənə çatdırmağın “yolunu tapıb”. Belə ki, bundan sonra onların yadına düşüb ki, mən Dövlət Film Fondunda işləyirəm və qərara gəliblər ki, məktubu bura göndərsinlər. Lakin bu dəfə də öz “dəsti-xəttlərinə” sadiq qalıblar. Təsəvvür edirsiniz, məktubu gətirib, burada gözətçiyə veriblər ki, bunu Aydına çatdırın. Bu mənə olduqca pis təsir etdi. Axı, mən burdayam, sağam, ölməmişəm ki, məktubu gözətçiyə veririlər. Bir mərtəbə yuxarı qalxıb, məktubu şəxsən mənə verə bilməzdilər? Mən də həmin məktubu açmadan, cırıb, zibil yeşiyinə atdım.
Sizə bir şey də deyim. Bir vaxtlar mərhum kinorejissor Rüfət Şabanov AKİ-də əmək veteranları ilə iş üzrə sədr seçildi. Mən də katib seçildim. Yaxşı yadımdadır ki, Rüfət Şabanov xəstə kino xadimlərinin müalicəsinə yardımın ayrılması, yubileyləri olanların yubileylərinin keçirilməsi üçün AKİ katibliyi tərəfindən maliyyənin ayrılmasını tələb edir və buna nail olurdu. Lakin o rəhmətə gedəndən sonra bu məsələyə də son qoyuldu.
- Son vaxtlar mübahisə doğuran məsələlərdən biri də, Milli Kino Mükafatı ilə bağlıdır. AKİ rəhbərliyi bir müddət bu mükafatın verilməməsini imkansızlıqla əlaqələndirir...
- Bilirsiniz, mən imkanın olub-olmaması barədə heç nə deyə bilmərəm. çünki mən orada katiblikdə yox idim. Amma bununla bağlı bir məqamı xatırlamağı vacib sayıram. AKİ-nin katibliyində Abbas Əliyev adında bir şəxs vardı. Onun vaxtında “Qızıl çıraq” mükafatı təsis edildi. Həmin mükafatı çox adam aldı. Lakin o rəhmətə gedəndən sonra həmin mükafatın verilməsinə son qoyuldu. Belə olan halda ortaya sual çıxır-əgər pul var idisə, o zaman mükafatın verilməsi davam edəydi. Pul yox idisə, onda “Qızıl çıraq” necə verilirdi? Yəni, bu pul var idi, yox idi, Abbas Əliyev rəhmətə gedəndən sonra “Qızıl çıraq” mükafatı niyə yoxa çıxdı və s. bu kimi suallara doğru cavabı yalnız AKİ-nin rəhbərliyi verə bilər.
- Aydın müəllim, son vaxtlar qarşı tərəfdən belə bir iddia səslənir ki, guya kino xadimlərinin yeni ittifaqa qoşulması hansısa təzyiq nəticəsində mümkün olur. Bu iddialara münasibətiniz...
- Bütün bunlar boş söhbətlərdir. Bizlər bura öz qəlbimizin səsini dinləyib gəlmişik. Və ümid edirik ki, yeni qurum Azərbaycan kinosunun inkişafı istiqamətində üzərinə düşən işin öhdəsindən layiqincə gələcək. çünki ARKİ-nin idarə heyətində cəm olanlar özlərini kino sənətinə həsr ediblər. Buna görə də, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ölkəmizdə kino sahəsinin inkişafı istiqamətində dövlətə yaxından dəstək olacağına inanıram. Azərbaycan kinosunun inkişafı üçün bu gün Şəfiqə Məmmədovanın, Cəmil Quliyevin öncüllük etdiyi təşkilatın fəaliyyət göstərməsi vacibdir. Onu da deyim ki, Şəfiqə Məmmədovanın bu quruma sədr seçilməsi də, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının uğurlar qazanacağını deməyə əsas verir. çünki Şəfiqə xanım Azərbaycan kinosunda böyük zirvələr fəth edib. Şəfiqə xanımı nəinki Azərbaycan, bütün dünya tanıyır. Təsadüfi deyil ki, artıq xarici ölkələrdən Şəfiqə xanımın adına təbriklər gəlir. Mən əminəm ki, Şəfiqə Məmmədovanın rəhbərliyi ilə ümumilikdə idarə heyəti məhsuldar fəaliyyət göstərəcək. Təbii ki, bizlər də bu quruma üzv olaraq onun fəaliyyətinə öz dəstəyimizi göstərəcəyik. Bu məqamda üzümü bəzi KİV təmsilçilərinə tutub, demək istəyirəm ki, onlar yeni qurum barədə dedi-qoduları, yalan informasiyaları verməkdənsə, ARKİ-nin fəaliyyətinə dəstək olsalar, daha yaxşıdır.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1071 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30