Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mübariz Qurbanlı: Döyüş meydanımız televiziya, media, dialoq məkanları olacaq

Mübariz Qurbanlı: Döyüş meydanımız televiziya, media, dialoq məkanları olacaq

22.01.2013 [11:25]

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
-  Mübariz müəllim,  Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” Araşdırma Mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlanıb. Layihə çərçivəsində www.publicdialogues.info adlı sayt yaradılıb və fəaliyyət göstərir. Bu saytda isə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi arxa plana keçərək Ermənistandakı mövcud vəziyyət müzakirə edilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Ermənistan hər zaman çalışır ki, mövcud status-kvonu qoruyub saxlasın. İşğalçı Ermənistan eyni zamanda ideoloji, təbliğat sahəsində də Azərbaycana qarşı fəaliyyət göstərir. Bu xarici mətbuatda ölkəmiz əleyhinə yazıların dərc olunmasında, ermənilərin əli çatan beynəlxalq qurumlarda dövlətimizlə bağlı neqativ fikirlərin yayılmasında, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyətin təhrif olunmasında özünü bilavasitə büruzə verir. Xeyli müddətdir, Ermənistan tərəfi çalışır Azərbaycan cəmiyyəti ilə erməni cəmiyyəti arasında bir körpü yaratsın. Burada başlıca məqsəd isə ondan ibarətdir ki, işğal faktı unudulsun. Bu dövlət Azərbaycan cəmiyyəti ilə erməni cəmiyyəti arasında “xalq diplomatiyası” adı altında gediş-gəliş, fikir, mətbuat mübadiləsi, internet layihələri kimi məsələləri həyata keçirməklə belə təəssürat yaradır ki, guya Azərbaycan cəmiyyəti Ermənistanın işğalçı siyasətinə o qədər də mənfi münasibət bəsləmir. Hesab edirəm ki, bu layihənin də arxasında bu cür niyyətlər dayanır. Dəfələrlə Ermənistan tərəfi və erməni lobbisi çalışıb ki, bu münaqişə ilə bağlı danışıqların Ermənistanla Azərbaycan arasında deyil, Dağlıq Qarabağla Azərbaycan arasında aparılmasına nail olsun. Amma biz qətiyyətlə bunun əleyhinə gedərək, rədd etmişik. Bu əraziləri Ermənistan tərəfi işğal edib və bir milyondan yuxarı azərbaycanlı qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarından didərgin salıb. Belə olan şəraitdə Xocalı sayqırımı kimi faciələri törədən, həmçinin ölkəmizə qarşı daim düşmənçilik toxumu səpməklə məşğul olan bir toplumla hansı formada əlaqə yaratmaq olar? Tale elə gətirib ki, biz və ermənilər tarixən qonşu olmuşuq. Amma tarixdən başı çıxmayan Ermənistan prezidenti Serj Sarkisyan isə ağzına gələni belə söyləməkdən çəkinmir. Tarixi heç kim inkar edə bilməz. Ermənilər Azərbaycan türklərinin yaratdıqları dövlətlərdə məzlum və yazıq sifətində daim fəaliyyət göstəriblər. Hər kəs də bilirdi ki, azərbaycanlıların daxilində ermənilər hansı işləri görüblər. Erməni dövləti anlayışı çoxdan mövcud deyil. Ona görə də bu ideoloji təbliğat mübarizəsində biz kəskin, qətiyyətli mövqe nümayiş etdirməliyik və heç bir vəchlə ermənilərin qurduğu hiyləyə, tələyə düşməməliyik. Cənab Prezident İlham Əliyev danışıqları çox qətiyyətli və uzaqgörənliklə aparmaqdadır. Ermənilərin diplomatik baxımından küncə sıxışdırılmasında dövlət başçısının siyasətinin alternativi yoxdur. Danışıqların gedişi zamanı təbii ki, müəyyən təmaslar da mövcud ola bilər. Amma hər hansı bir internet saytı yaradaraq, bu saytın səhifələrində ermənilərin və Ermənistan dövlətinin təbliğ edilməsi, eyni zamanda dünyaya çağırış edilərək Azərbaycanın hərbə, savaşa meyilli olması haqqında fikirlərin səsləndirilməsi çox təhlükəlidir. Biz hər hansı bir formada işğalla barışmayacayıq. Məhz həmin saytın təqdimat mərasimində də bəzi xarici ölkələrin Azərbaycandakı səfirliklərinin iştirakı təsadüfi deyil. Belə ki, bu ölkələrin özləri belə bizlərə barışıq təklif ediblər. Amma nəyin hesabına bu işğalçı dövlətlə barışılmalıyıq? Məgər Azərbaycan xalqı verdiyi minlərlə şəhidin qanını unuda və torpaq itkisi ilə barışa bilərmi? Mən bu cür saytların tərəfdarı deyiləm və qətiyyətlə bunu pisləyirəm. Bu cür layihələr əvvəllərdə də olub. Amma sonda bütün bunların erməni hiyləsinə hesablandığı üzə çıxıb. Bu layihə də əvvəlkilərin oxşarıdır.
- Leyla Yunus fəaliyyətinin bütün dövrlərində anti-milli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. Siz necə düşünürsünüz, bu kimi insanlar nə vaxta kimi ölkəmizə qarşı qarayaxma kompaniyası ilə məşğul olacaqlar?
- Bilirsiniz, biz azad ölkəyik. Həmçinin biz azadlıqdan sui-istifadənin əleyhinəyik. Hesab edirəm ki, Leyla Yunus və bunun kimi digərləri hansısa beynəlxalq təşkilatların, qurumların çağırışlarına və istəklərinə istinad edərək, barış yolunda mübarizə apardıqlarını bizə nümayiş etdirmək istəyirlərsə böyük yanlışlığa yol verirlər. Biz də çox gözəl dərk edirik ki, bütün bunların arxasında nə dayanır. L.Yunus, bir şəxs olaraq, Azərbaycanın ictimai-siyasi həyatında həmişə ölkəmizin maraqlarına uyğun olmayan hərəkətlər edib. Təbii ki, sonda o ictimai qınağa məruz qalıb. Hesab edirəm ki, bu ictimai qınağın özü bir etiraz formasıdır. Amma yenə də bütün bu hərəkətlərə baxmayaraq, cəmiyyət bu fikirdə olan insanları qəbul etmir və etməyəcək də.
- Eldar Namazov dolayısı ilə dağıdıcı müxalifət partiyalarının hakimiyyət planlarının uğursuzluğuna işarə vuraraq, yaradılması planlaşdırılan “Milli Şuraya” rəhbərlik etməklə Müsavat və AXCP-ni, onlara yaxınlığı ilə seçilən qurumları “müttəfiq” adı altında öz ətrafında birləşdirəcəyini düşünür. Bu haqda nə demək olar?
- Əgər Eldar Namazov siyasətlə məşğul olmaq, partiya yaratmaq və “Ziyalılar forumu” daxilində fəaliyyət göstərmək istəyirsə, buyursun etsin. Yox əgər prezindentliyə namizəd olmaq, AXCP, Müsavat Partiyası ilə hanısa formada diskussiya qurub, iş aparmaq istəyirsə bunu da edə bilər. Eldar Namazov, Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli və digərləri namizəd olacağı təqdirdə, bizim üçün siyasi müstəvidə rəqib hesab olunur. Əgər E.Namazov namizəd olmayıb, bizim əleyhimizə təbliğat və təşviqat aparacaqsa, əlbəttə ki, biz də müvafiq şəkildə onun cavabını verəcəyik. Biz azad, demokratik, sivil polemikanın tərəfdarıyıq. Eldar Namazovun yaratmaq istədiyi “El hərəkat”ı və s. bu kimi hərəkatlar zaman-zaman mövcud olub. Əgər onların gücləri varsa, buyurub yarada bilərlər. Sadəcə, bunlar hələlik xəyalla məşğuldurlar. Bizim Prezidentimizin arxalandığı yeganə qüvvə varsa, o da Azərbaycan xalqıdır.
- Gültəkin Hacıbəyli Azərbaycan hakimiyyətinin daxilindən çıxan bir insandır. Bəs, necə oldu ki, bu şəxs ani bir vəziyyətdə müxalifətin alətinə çevrildi və bu toplumun mövqelərini sərgiləməyə başladı?
- Gültəkin Hacıbəyli elmi, tənqidi məqalə yazmaq, siyasi mövqeyini ortaya qoymaq, prezidentliyə namizəd olmaq istəyirsə bunu açıq-aydın şəkildə bəyan etməlidir. Biz sadəcə, həmin insanla siyasi mübarizə aparırıq. G.Hacıbəylinin siyasi müstəvidə deyəcəklərinə qarşılıq yetərincə arqumentimiz var. Mən insanların şəxsiyyəti ilə bağlı deyil, əksinə, siyasi müstəvidəki mövqeyi ilə bağlı fikirlərin tərəfdarıyam. Biz hər zaman açıq mükaliməyə hazırıq. Döyüş meydanımız isə seçkilər zamanı onlarla üz-üzə gələcəyimiz televiziya, media, dialoq məkanları olacaq. Gəlsinlər, görək kim güclüdür?

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30