Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Novruz Məmmədov: Azərbaycanın haqlı mübarizəsi öz nəticəsini verir

Novruz Məmmədov: Azərbaycanın haqlı mübarizəsi öz nəticəsini verir

30.01.2013 [01:46]

Bu günlərdə AŞ PA-da Azərbaycanla bağlı iki məruzə müzakirə edilib. Avropalı deputatlar Kristofer Ştrasserin “siyasi məhbuslar”la bağlı hazırladığı sənədi rədd ediblər. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu hadisənin əhəmiyyəti haqqında fikirlərini www.newtimes.az saytına müsahibəsində bildirib. Həmin müsahibəni təqdim edirik:
- Novruz müəllim, AŞ PA Azərbaycanla bağlı bir məruzəni qəbul edib. Kristofer Ştrasserin “siyasi məhbuslar”a dair təqdim etdiyi sənəd isə rədd edilib. Bu hadisələr haqqında sizin fikrinizi bilmək maraqlıdır.
- Əvvəla, onu deyim ki, AŞ PA-nın bu addımı müsbət haldır. Çünki ədalətli qərar qəbul edib. Bütövlükdə Monitorinq Komitəsinin hazırladığı məruzədə obyektiv məqamlar çoxdur. Lakin Azərbaycanı qane etməyən müəyyən bəndlər də var. Buna baxmayaraq, həmməruzəçilər Pedro Aqramund və Cozef Debono Qrex sənədi hazırlayanda Azərbaycan tərəfi ilə dialoq və əməkdaşlığa üstünlük verdilər. Dövlət orqanları, siyasi partiyalar və QHT-lərlə daim əlaqə saxladılar. Bu cür yanaşma ölkə haqqında obyektiv təsəvvür əldə etməyə imkan verir. Bunlara görə, həmməruzəçilərin kifayət qədər tarazlaşmış sənəd hazırlaması təsadüfi deyil.
Dediyim kimi, sənəddə bizi qane etməyən məqamlar da mövcuddur. Azərbaycan parlamentinin AŞ PA-dakı nümayəndələri bununla bağlı təkliflər veriblər. Məruzədə korrupsiyaya qarşı mübarizədə əldə edilmiş uğurların xüsusilə vurğulanması müsbət haldır. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev bu məsələni prioritet vəzifə kimi müəyyənləşdirib. Əlbəttə, Azərbaycanın həmin istiqamətdə əldə etdiyi nailiyyətlərin AŞ PA-nın Monitorinq Komitəsinin məruzəsində xüsusi qeyd edilməsi diqqətəlayiqdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ölkə rəhbərliyinin siyasi qətiyyəti və demokratik islahatları dönmədən həyata keçirmək iradəsinin burada əsas rol oynadığını qəbul etmək lazımdır. Təəssüf ki, məhz məsələnin bu aspekti bəzi dairələri çox narahat edir. Onlar Azərbaycanda süni problemlər axtarır, iqtidar haqqında reallığa uyğun gəlməyən fikirlər söyləyirlər. Bu mənada adıçəkilən məruzəni müsbət hal kimi qiymətləndirmək olar.
Kristofer Ştrasserin hazırladığı məruzəyə gəldikdə isə... O, həmişə Azərbaycana qarşı qərəzli mövqe tutub. Həmişə dialoqdan yayınıb. Azərbaycan tərəfi dəfələrlə onu əməkdaşlığa, qarşılıqlı surətdə işləməyə və real faktlar əsasında fəaliyyət göstərməyə dəvət etsə də, həmin cənab imtina edib. Düşündürücüdür ki, K.Ştrasserin təqdim etdiyi qondarma sənədi AŞ PA-da qəbul etdirmək üçün Avropada bəzi dairələr təzyiqlərə əl atıblar. Onların məkrli niyyəti əksər avropalı deputatların Azərbaycanda gedən demokratik prosesləri dəstəkləməsi hesabına puça çıxıb. Lakin burada bir məqamı unutmaq olmaz.
Məsələ ondan ibarətdir ki, K.Ştrasserin əməllərinə haqq qazandırmağa çalışanlar tapılırsa, bu, Qərbdə müəyyən dairələrin Azərbaycana qarşı qərəzli mövqedə olduğunu göstərir. Görünür, həmin qruplar müsəlman dövlətin uğurlarına qısqanclıqla yanaşırlar. Buna təəssüf etmək olar. Şübhə etmirəm ki, onlar bu cür hərəkətlərinə görə peşman olacaqlar. Çünki Azərbaycan seçdiyi demokratiya yolundan heç zaman çəkilməyəcək. Azərbaycan dövləti bütün sahələr üzrə modernləşməni həyata keçirəcək, iqtisadiyyatı inkişaf etdirəcək, sosial-mədəni sahədə tərəqqiyə nail olacaq.
- Novruz müəllim, çox maraqlı və həssas məqamlara toxundunuz. Bəs AŞPA-nın Azərbaycana münasibətdə müsbətə doğru dəyişiklik etməsinin əsas səbəbini nədə görürsünüz?
- Burada, şübhəsiz ki, Azərbaycanın haqlı mübarizə aparması ciddi rol oynayıb. Haqq işi nazilər, ancaq sınmaz. Ölkə rəhbərliyi ardıcıl olaraq milli maraqları rəhbər tutaraq aktiv fəaliyyət göstərir. Məhz həyata keçirilən düşünülmüş və qətiyyətli siyasətin nəticəsidir ki, bu gün Avropa Şurası kimi bir təşkilat Azərbaycana qarşı qərəzli mövqe tutmaqdan çəkinir.
Cəmi bir neçə il əvvəl vəziyyət bundan daha mürəkkəb idi. Lakin cənab Prezident İlham Əliyevin böyük səyləri nəticəsində beynəlxalq təşkilatların Azərbaycana münasibəti dəyişdi. K.Ştrasser kimilərin şər-böhtan xarakterli məruzələrinə indi elə də fikir vermirlər. Eyni zamanda, Azərbaycanı birmənalı olaraq dəstəkləyən dövlətlərin sayı artır. “Siyasi məhbus”larla bağlı Strasserin təqdim etdiyi məruzənin əleyhinə Fransa, Polşa, Rusiya, Türkiyə, Macarıstan, Sloveniya, Çexiya və başqa ölkələrdən olan deputatlar səs verdilər. Onlar “siyasi məhbus” anlayışının dəqiq meyarlarının müəyyənləşdirilmədiyini söylədilər. Cənab K.Ştrasser həmin meyarları müəyyənləşdirməklə bağlı Azərbaycanın etdiyi təkliflərə cavab verməyib. Belə olan halda necə “siyasi məhbuslardan” danışmaq olar?
Burada onu da demək gərəkdir ki, AŞ PA-nın əksər deputatları Ştrasserin təqdim etdiyi “siyasi məhbus” siyahısındakı saxtakarlığa çox təəccübləniblər. Orada hətta, ümumiyyətlə, Azərbaycanda yaşamayan, həbsdən azad edilmiş və məişət cinayətlərinə görə tutulmuş adamların adı var. Qeyd etdiyim kimi, hətta artıq həbsdən azad edilmiş insanların ismini həmin siyahıya daxil ediblər. Bundan başqa, məlum olub ki, cənab Ştrasser ölkənin az sayda QHT-si ilə əlaqə saxlayıb. Digər qeyri-hökumət təşkilatları ilə informasiya mübadiləsi aparılmayıb. Görünür, burada kimlərsə öz maraqlarına uyğun siyahı tərtib ediblər. Ancaq AŞPA kimi ciddi bir təşkilatın deputatı belə hərəkət etməməlidir. O, obyektiv olaraq məsələni araşdırmağa borclu idi. Almaniyalı deputat bunu etməyib.
Burada bir məsələni də vurğulamğa ehtiyac var. K.Ştrasserin məruzəsi AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsində hazırlanıb. Gözləmək olardı ki, orada fikirlər hüquqi baxımdan əsaslandırılacaq. Təəssüf ki, həmin sənəddə yer almış müddəaların hüquqa aidiyyəti yoxdur. Məsələnin bu tərəfi düşündürücüdür. Çünki bu kimi əməllər Avropa Şurası ki mi bir təşkilatı nüfuzdan sala bilər. Onun beynəlxalq aləmdə mövcud olan nüfuzuna xələl gətirər. Hesab edirəm ki, məsələnin bu tərəfi üzərində düşünməyə dəyər.
Avropa Şurasının deputatlarının Ştrasserin məruzəsini rədd etməsi adi hadisə deyil. Bu təşkilatda Azərbaycan fəaliyyətini daim gücləndirir. Bakının fəallığı artdıqca, qərarların qəbul edilməsinə təsir imkanları da artır. Bu həqiqəti qəbul etmək lazımdır. Sözsüz ki, məsələ həmin məqamlarla məhdudlaşmır. Bundan sonra da aktivliyi gücləndirmək gərəkdir. İndi AŞ PA-da Azərbaycanı təmsil edən deputatlar kifayət qədər fəal işləyirlər. Ölkənin haqq işi uğrunda mübarizədə heç kim səyini əsirgəməməlidir. Şübhəsiz, bu, gərgin zəhmət tələb edən prosesdir.
Bundan başqa, Avropada bəzi dairələrin, AŞ PA rəhbərliyi və üzvlərinə həmin sənədlə bağlı etdiyi təzyiqlər haqqında gələn məlumatlar təəssüf doğurur. Avropa ona olan inamı doğrultmalı və ədalətli olmalıdır. Əks halda, Avropanın düşdüyü maliyyə və iqtisadi böhrana hüquq böhranı da öz “töhfəsini” verəcəkdir.

Paylaş:
Baxılıb: 1057 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30