Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir

Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir

02.02.2013 [02:22]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, Azərbaycanda hər il 2 fevral tarixi Gənclər Günü kimi qeyd olunur. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- 2 fevral tarixi Azərbaycan gənclərinin bayramıdır və bu gün tariximizdə önəmli yer tutur. Gəncliyimiz bu günü böyük fərəh və məmnuniyyət hissi ilə hər il yüksək səviyyədə qeyd edir. Bilirsiniz ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu tarixin Azərbaycanda Gənclər Günü kimi qeyd edilməsi haqqında qərar verilib. Bu, Ulu öndərimizin Azərbaycan gəncliyinə verdiyi qiymətin göstəricisidir. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşıb. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan gəncliyinin inkişafı, dünyaya inteqrasiyası üçün yaddaqalan addımlar atan Ulu öndər Heydər Əliyev 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra gənclərə münasibətdə daha böyük diqqət və qayğı göstərdi. Təsadüfi deyil ki, hələ 1993-cü ildə Ali Sovetin Sədri olarkən Ulu öndər sovetlər dönəmində xarici ölkələrə, o cümlədən, Sovet respublikalarına oxumağa göndərilən gənclərlə, bir sıra gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirdi, ölkəmizin keçdiyi yolları bir daha göz önünə gətirdi, xatırlatdı, gənclər siyasətinin formalaşması ilə bağlı fikirlərini bildirdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Nəticədə isə gənclər dövlətin diqqətini hiss etməklə yanaşı, öz üzərlərindəki məsuliyyəti dərk etməyə, dövlət quruculuğu prosesində daha yaxından iştirak etməyə başladılar. Qeyd olunmalıdır ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Təsadüfi deyil ki, 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral Azərbaycan tarixinə Gənclər günü kimi düşdü. Bütün Azərbaycan gəncliyi bu bayramı hər il yüksək səviyyədə qeyd edir.
- Bəs bu istiqamətdə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycan gəncliyi üçün hansı imkanlar açır? Gənclər yaradılmış imkanlardan səmərəli şəkildə istifadə edə bilirlərmi?
- Biz çox sevinirik ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mən deyərdim ki, cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Dövlətimizin siyasətində gənclərlə bağlı məsələlər mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.
- Seymur müəllim, Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Gənclərin öz siyasi talelərini bu partiya ilə bağlamalarını, onların bu istək və arzularını şərtləndirən amillər hansılardır?
- Azərbaycan gəncləri dövlət başçısının həyata keçirdiyi siyasətə öz dəstəyini Yeni Azərbaycan Partiyasına üzv olmaqla nümayiş etdirirlər. Təsadüfi deyil ki, 600 min nəfər üzvü olan partiyamızın 40 faizini gənclər təşkil edir. YAP sıralarına yeni qoşulanların sırasında gənclərimiz böyük üstünlük təşkil edir. Əlbəttə ki, gənclərin bu partiyanın sıralarına qoşulmasının ciddi əsasları var. Birincisi, YAP-ın qurucusu Ümummilli liderimiz Heydər Əliyevdir və partiyamız fəaliyyətində məhz Ulu öndərimizin ideyalarına əsaslanır. İkincisi, partiyamızın Sədri cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi ölkəmizin inkişafı üçün uğurlu siyasət həyata keçirir. Üçüncüsü, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir. Gənclər görür ki, YAP gəncliyin inkişafı üçün geniş imkanlar yaradıb. Ona görə də, onlar öz bilik və bacarıqlarını ifadə etmək üçün də partiyamıza güvənir və arxalanırlar. Ümumiyyətlə, ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Təbii ki, gənclərlə bağlı layihələr də böyük əhəmiyyət kəsb edir.
- Sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib. Artıq siyasi mübarizədə də sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir. Bəzi müxalifət partiyaları virtual məkanda ölkəmiz haqqında qeyri-obyektiv təbliğat aparır. YAP-ın gənc üzvləri onlara qarşı necə mübarizə aparır?
- YAP Gənclər Birliyinin üzvləri daim sosial şəbəkələrdə fəal olmağa çalışır. Bilirsiniz ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təbii ki, biz onların qarşısında susmuruq və tutarlı arqumentlərimizi ortaya qoyuruq. YAP-da yüksək intellektli gənclər birləşib və müqayisə etsək, müxalifət düşərgəsində toplaşan azsaylı gənclər bizim gənclərdən intellekt cəhətdən çox-çox aşağıdır. Çox təəssüf edirəm ki, ölkəmizdə az da olsa, müasir dövrlə ayaqlaşa bilməyən, hadisələrə baxışı aşağı səviyyədə olan, reallıqları görməyən, hadisələrə obyektiv baxa bilməyən gənclər var. Bu gənclər müxalifət düşərgəsində radikal, hakimiyyətə gəlmək naminə Azərbaycanın düşmənlərilə əməkdaşlıq etməkdən çəkinməyən müxalifət partiyalarının rəhbərlərinin əlində alətə çevriliblər. Müxalifət partiyaları hansı alternativ proqram ortaya qoya bilirlər? Təbii ki, belə proqramları yoxdur. Onlar sözçülükdən başqa irəliyə getmək iqtidarında deyillər, Azərbaycan cəmiyyəti ənənəvi müxalifətin eyni fikir, eyni təfəkkür sahibi olduğunu, məsələlərə bəsit düşüncə tərzi ilə yanaşmasını bilir və bütün bunlar müasir dövrün tələbləri ilə səsləşmir. Ona görə də, müxalifət düşərgəsi öz ətrafına çox cüzi sayda gənclər toplaya bilib. Hesab edirəm ki, onlar da səhv yolda olduqlarını dərk edib, nə vaxtsa düzgün yola qayıdacaqlar. Qeyd etdiyim kimi, bütün hallarda YAP-ın üzvü olan gənclər sosial şəbəkələrdə qarşı tərəfin iddialarına tutarlı şəkildə cavab verirlər. Gənclərimiz sosial şəbəkələrdə qruplar yaradıblar ki, bu qruplar gənclər arasında xeyli populyardır. Mən xüsusilə “Azərbaycan 2013:Qələbə!” qrupunu qeyd etmək istəyirəm. Bu qrup bizim gənclərimiz tərəfindən yaradılıb və qısa müddətdə xeyli populyarlaşıb. Hazırda qrupun 375 min nəfərdən artıq üzvü var. Eləcə də, gənclərimiz digər qruplarda da fəallıq göstərirlər. Qruplarda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən on minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır. Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bir sözlə, YAP Gənclər Birliyi öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır.

Paylaş:
Baxılıb: 1094 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30