Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İçərişəhərin canlı şəhər olması və burada insanların yaşaması bir abidə kimi onu daha da unikallaşdırır

İçərişəhərin canlı şəhər olması və burada insanların yaşaması bir abidə kimi onu daha da unikallaşdırır

16.04.2013 [14:04]

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov www.yap.org.az saytına müsahibə verib:
- Mikayıl müəllim, rəhbərlik etdiyiniz İdarənin fəaliyyətində son zamanlar hansı yeniliklər baş vermişdir? Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Son iki ildə İdarənin fəaliyyətində baş verən yeniliklərdən biri Qala qoruğu və onunla bağlı aparılmış struktur dəyişikliklərdir. Qoruğun beynəlxalq təcrübəyə əsaslanan müasir üsullarla idarə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr 1911 nömrəli Sərəncamı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu 2012-ci il yanvarın 1-dən İdarəmizin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 805 nömrəli Fərmanı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, həmçinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna da daxil edilmişdir.
Muzey fəaliyyətində də bir sıra yeniliklər var. 2012-ci ildə Tahir Salahovun ev-muzeyi yaradılaraq İdarənin tabeliyinə verilmişdir. Bu, ilk dəfə dahi şəxsin sağlığında onun yaradıcılığının təbliği üçün yaradılan muzeydir. İdarənin tabeliyinə verilmiş Marionet Teatrının ötən ildən etibarən fəaliyyətə başlaması və tamaşa repertuarının yaradılması sahəsində əsaslı işlər görülməyə başlanmışdır.
Fürsətdən istifadə edərək bir məqama xüsusi toxunmaq istərdim. Müstəqil Azərbaycanın bərqərar olmasında, müasir demokratik, hüquqi və dünyəvi dövlətinin quruculuğunda, ölkəmizin ictimai həyatının bütün sahələrində, o cümlədən, elmin, təhsilin, mədəniyyətin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri hamıya məlumdur. İçərişəhərin qorunmasında Ulu öndərimizin xüsusi rolu olmuşdur. Tədqiqatçıların apardığı araşdırmalar nəticəsində Heydər Əliyevin geniş ictimaiyyətə məlum olmayan və İçərişəhərə göstərdiyi münasibətin, onun qorunmasının, bərpasının və təbliğinin necə görmək istədiyini əks etdirən bir sıra maraqlı sənədlər aşkar edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü il 21 yanvar tarixli Sərəncamı ilə Ulu öndərin 90 illik yubileyinin ölkə miqyasında dövlət səviyyəsində geniş qeyd olunması qərara alınmışdır. Həmin Sərəncamı rəhbər tutaraq İçərişəhər üzrə yubiley tədbirləri 2013-cü ilin aprel-may aylarında xüsusi plan əsasında həyata keçiriləcəkdir. Onların arasında elmi-praktiki konfrans, simpozium, xatirə gecələrinin, bədii-yaradıcılıq, təbliğat, mədəniyyət və sair tədbirləri qeyd etmək olar.
- İçərişəhər ərazisindəki abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından bu idarənin fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu milli sərvətimizin gələcək nəsillərə ötürülməsi üçün nə kimi zəruri addımlar atılır?
- 10 fevral 2005-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” Sərəncam imzaladı. İdarənin səmərəli fəaliyyətini təmin etmək məqsədilə ölkə başçısı 16 may 2007-ci il tarixində İdarənin Əsasnaməsinin, strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə Fərman da qəbul etdi. Bu addımı ilə cənab Prezident İçərişəhərin qorunmasını və səmərəli idarəolunmasını təmin etmək məqsədilə mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə cəmləşdirən unikal idarəetmə strukturunu yaratdı. Dövlət başçısının bu prinsipial baxışı İçərişəhərin qorunmasını təmin etməyə qadir olan yeni idarəetmə sisteminin qurulması üçün stimul verməklə yanaşı, habelə İdarənin qarşısında qoruğun qorunub saxlanılmasına görə xüsusi məsuliyyət müəyyən etdi.
Ölkə başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa, abadlıq işləri və həssaslıqla həyata keçirilən konservasiya layihələri təbii və insan faktorlarının təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş edir və İçərişəhərin tarixi mənzərəsinin bərpasına öz töhfəsini verir. Bununla yanaşı, İçərişəhərin yaxın ətrafında aparıla biləcək hər hansı tikinti və abadlaşdırma işlərinin abidələrə fiziki və vizual mənfi təsirinin qarşısını almaq məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə zonası (bufer) yaradılmış və onun xüsusi hüquqi rejimi barədə Nazirlər Kabineti tərəfindən əsasnamə təsdiqlənmişdir.
- İçərişəhərdə həyata keçirilən təmir-bərpa işləri, konservasiya tədbirləri haqqında da məlumat verməyinizi xahiş edirik. Bu işlər beynəlxalq səviyyədə necə qiymətləndirilir?
- İçərişəhərdə yerləşən abidələri qorumaq və gələcək nəsillərə ötürmək bizim əsas vəzifələrimizdəndir. Uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən orta əsr abidəsi olan Kiçik Karvansarada İçərişəhərin Konservasiyası üzrə Baş Plana uyğun olaraq əsaslı şəkildə bərpa-konservasiya işləri aparılmış, karvansara öz əvvəlki görkəmini almışdır.
Həyata keçirilmiş işlər arasında Şirvanşahlar Sarayının dam örtüyünün təmirini, Çin və Seyid Murtuza məscidlərinin, A.Zeynallı küçəsindəki məktəb-məscidin bərpasını da göstərmək olar. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Bazar Meydanı”nda (Sıratağlı dini-memarlıq kompleksi) təmir-bərpa işləri aparılmış və abidə ərazisindəki daş eksponatların ekspozisiyası yenidən təşkil olunmuşdur.
Məhəmməd məscidində muzey konservasiyası işlərini Avstriyanın “Atelier Erich Pummer” şirkəti həyata keçirmişdir. Muzey konservasiyası zamanı vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilmişdir ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar bərkidilmiş, beləliklə abidənin tarixiliyinə və mövcud quruluşuna zərrə qədər də zərər yetirilmədən qarşıya qoyulmuş məqsədə nail olunmuşdur. Bu cür konservasiya işləri Azərbaycanda ilk dəfə olaraq həyata keçirilmişdir və ən yüksək dünya standartlarına cavab verir.
Qız qalasında aparılan elmi-tədqiqat və muzey konservasiya işləri hal-hazırda da davam edir. Muzey konservasiyası zamanı zədələnmə səviyyəsindən asılı olmayaraq heç bir daş abidədən kənarlaşdırılmamış və mövcud problemlər aradan qaldırılaraq abidənin səthi möhkəmləndirilmişdir. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin Qız qalasının bərpası üçün hazırladığı xüsusi materiallardan istifadə olunmuş və abidənin hər bir daşına zədələnmə dərəcəsinə və xüsusiyyətinə görə fərdi yanaşılmışdır. Burada konservasiya işlərini də Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən, İçərişəhərdə yerləşən Məhəmməd məscidini bərpa etmiş “Atelier Erich Pummer” şirkətinin rəhbəri Erik Pummerin başçılığı ilə xarici və yerli mütəxəssisləri həyata keçirir. Abidənin həm fasadının, həm içərisinin konservasiyasının tamamlanması 2013-cü ilin sentyabr ayında nəzərdə tutulmuşdur.
XIX əsrin sonlarında XX əsrin əvvəllərində indiki İstiqlaliyyət və Kiçik Qala küçələri boyu Qala divarlarına bitişik inşa olunmuş tikililər divarların daxilinə nüfuz edərək onların görünüşünü məhdudlaşdırmış və ərazinin vahid kompozisiyasını pozmuşlar. Qeyd olunan tikililərin əksəriyyəti tarixi-memarlıq əhəmiyyət kəsb etmədiyindən, habelə yarıuçqun vəziyyətdə olduğundan mülkiyyətçilərə kompensasiya verilməklə onlar sökülmüş, bu hissədə Qala divarlarının möhkəmləndirilməsi və əsaslı bərpası aparılmış, ətraf abadlaşdırılaraq istirahət güşəsi salınmışdır. XX əsrin əvvəllərində uçurulmuş Qala divarlarının 15-ci bürcünün yeri dəqiq müəyyən edilərək o, rekonstruksiya edilmişdir. Eyni zamanda, ölkə əhəmiyyətli memarlıq abidəsi olan Dördbucaqlı qalanın təmir-bərpasına da başlanılmışdır.
İkimərtəbəli karvansarada 2011-ci ildən aparılan təmir-bərpa işləri yekunlaşmış, abidənin daxilində milli mətbəxi və musiqini tərənnüm edən turizm infrastrukturu obyekti fəaliyyətə başlamışdır.
“O olmasın, bu olsun” filmindən tanıdığımız “Ağa Mikayıl” hamamı qabaqcıl texnologiyaların köməyi ilə tam təmir edilmiş, abidənin sütunları möhkəmləndirilmiş, fasadı tarixi görkəminə gətirilmiş və 2011-ci ilin dekabr ayında açılışı olmuşdur. Abidənin daxilində ənənəvi abu-hava yaradılmış və hamam müasir avadanlıqlarla təchiz olunmuşdur. Abidə öz fəaliyyəti ilə İçərişəhərə gələn turistləri şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış etməklə yanaşı, yerli əhaliyə də xidmət edir.
Gələcəkdə də İçərişəhərdə bu silsilədən olan işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Həyata keçirilən bərpa işləri zamanı əsas diqqət abidələrin tarixiliyinə ziyan yetirilməməsinə və ilkin görkəminin qaytarılmasına yetirilir.
- İçərişəhərin sakinləri görülən bu işləri necə dəyərləndirirlər?
- İçərişəhərin canlı şəhər olması və burada insanların yaşaması bir abidə kimi onu daha da unikallaşdırır. Sakinlərin çoxu yerli əhəmiyyətli abidə statusuna malik evlərdə yaşayırlar. Bu səbəbdən yaşadıqları binanın qorunması üçün sakinlərin üzərində yetərincə məsuliyyət var. Aydındır ki, insanlar daim öz yaşayış şəraitinin yaxşılaşdırılmasına çalışır, amma bu zaman onlar tarixi abidələrdə yaşamaqlarının məsuliyyətini anlamalı və abidəyə zərər yetirə biləcək hərəkətlərdən çəkinməlidirlər. Bu istiqamətdə sakinlər arasında maarifləndirmə işi aparılır. Qoruq İdarəsi tərəfindən yaradılmış Ağsaqqallar Şurasının bu baxımdan sakinlərlə əlaqələrin qurulmasında əhəmiyyətli rolu vardır.
Görülən məqsədyönlü və sistemli tədbirlər İçərişəhərin milli-mədəni irsimizin təbliği mərkəzinə çevrilməsinə, onun mədəni turizm və istirahət məkanı kimi potensialının artırılmasına, tarixi-memarlıq görkəminin yaxşılaşmasına və zənginləşməsinə, dayanıqlı sosial-iqtisadi inkişafına xidmət edir. Son 3 il ərzində təkcə qeyri-dövlət sektoru tərəfindən yaradılan turizm infrastrukturu obyektlərində 704 yeni iş yeri açılmış və bununla da o cümlədən yerli sakinlərin məşğuliyyəti təmin olunmuşdur.
İdarə fəaliyyəti nəticəsində hal-hazırda ərazi tam olaraq abadlaşdırılmış, küçə işıqlandırılması, sanitar təmizlik təmin olunmuş, yaşayış və qeyri-yaşayış sahələrinin, mühəndis-kommunikasiya və yol örtüyünün əsaslı təmiri sahəsində işlərin çoxu yekunlaşmışdır. Qəzalı vəziyyətdə olan binalarda təmir-bərpa işlərinə başlanılmışdır.
Ona görə də, İçərişəhər sakinlərinin tam əksəriyyəti görülən işləri ürəkdən bəyənir.
- İçərişəhərin qorunması və burada fəaliyyətin tənzimlənməsi prosesi ilə əlaqədar mövcud hüquqi və qanunvericilik bazasını təkmil hesab etmək olarmı?
- Abidələr və qoruqlarla bağlı qanunvericilik bazasının bugünkü tələblərə uyğunlaşdırılması prosesi hələ tam başa çatmamışdır. Mövcud qanunvericilik əsas etibarilə abidələrin qorunması, toxunulmazlığı məsələləri kifayət qədər dolğun tənzimləsə də, burada yaşayan insanların sosial qayğılarının qarşılanması, maarifləndirmə, bərpa-konservasiya işlərinin aparılması üsulları, qaydası, xüsusən, qiymətqoyma meyarları və s. bu kimi məsələlər ilə bağlı suallar hələ də açıq olaraq qalmaqdadır.
Digər tərəfdən, ölkədə gedən tikinti-quruculuq işləri, bütün sahələrdə əldə olunmuş yüksək inkişaf abidələrinin statusuna, onların istifadəsi ilə bağlı məsələlərə yenidən baxılmasını zəruri edir. Bazar iqtisadiyyatı şəraitində abidələrin qorunub saxlanılmasının maliyyələşdirilməsi yükünün təkcə dövlətin üzərində saxlanılması doğru deyil. Düşünürük ki, abidələrdən və tarixi ərazilərdən faydalanan, burada fəaliyyət göstərməyə meyil göstərən digər subyektlər də bu işə cəlb olunmalı və bunun üçün hüquqi baza hazırlanmalıdır.
İçərişəhərə gəldikdə, son illərdə qoruğun mühafizə (bufer) zonasının yaradılması, onun hüquqi rejimi haqqında Əsasnamənin, Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Planın təsdiq edilməsi, abidələrin statusu və onlardan istifadə məsələləri ilə bağlı edilən “Tarix və mədəniyyət abidələrin qorunması haqqında” Qanunda edilən dəyişikliklər işimizə müsbət təsir göstərmişdir.
- Məlumdur ki, İçərişəhər tarixi abidə olaraq ölkəmizə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Buraya gələn turistlərin sayında artım müşahidə olunurmu?
- Turistlərin İçərişəhərə cəlb edilməsi və onların burada özlərini rahat hiss etmələri üçün müvafiq infrastruktur qurulmalı idi və bu sahədə artıq xeyli iş görülmüşdür. Turizm məlumat mərkəzi yaradılmış, qoruq ərazisində 4 informasiya köşkü quraşdırılmış, turizm marşrutları müəyyən edilmiş, turistlər üçün Azərbaycan və 4 xarici dildə bələdçilik xidməti təşkil olunmuşdur. Bakı şəhərində fəaliyyət göstərən iri mehmanxanalarla əlaqələr qurulmuş, turist qruplarının birbaşa mehmanxanadan götürülərək İçərişəhərdə onlar üçün ekskursiya turlarının keçirilməsinə başlanılmışdır. Beynəlxalq standartlara cavab verən Azərbaycan, rus, ingilis, alman və fransız dillərində audiobələdçi sistemi yaradılmış və turistlərin istifadəsinə verilmişdir. Bu növ xidmət Azərbaycanda açıq havada ilk dəfə olaraq İçərişəhərdə tətbiq olunmuşdur. Turistlər bu cihazlar vasitəsilə kənar şəxslərin köməyi olmadan ərazidə yerləşən tarixi abidələr barədə dolğun məlumat əldə etmək imkanı qazanırlar. İçərişəhərdə ekskursiyaların yüksək səviyyədə təşkil olunması üçün elektromobillər alınmış və turistlərin istifadəsinə verilmişdir.
Turistlərin qoruq ərazisində hərəkətini asanlaşdırmaq məqsədilə turist marşrutlarına uyğun və mədəni turizm obyektlərinə yolu göstərmək məqsədilə ərazidə xəritə və məlumat göstəriciləri quraşdırılmışdır. Turistlər üçün iki dildə İçəri Səhərin xəritəsi, habelə İçərişəhər barədə bir sıra məlumat broşürları (Azərbaycan, ingilis və rus dillərində), miniatür kitablar, fotoalbomlar, açıqcalar, musiqi diskləri, təqvimlər, suvenirlər və sair təbliğat materialları hazırlanmışdır.
Turistlərə qədim ənənələrimizdən biri olan təndirdə çörəyin hazırlanması prosesini nümayiş etdirmək məqsədilə əsas turist marşrutunda yerləşən Kiçik Qala küçəsində təndir və müvafiq infrastrukturun yaradılması təmin olunmuşdur. Onun yaxınlığında milli üslubda baqqaliyyə, manqal, çayxana və digər iaşə obyektləri qurulmuşdur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin www.icherisheher.gov.az saytı ingilis və rus dillərində fəaliyyət göstərməyə başlamışdır. Bu da saytın əcnəbi auditoriyasını genişləndirməklə İçərişəhərin ölkə xaricində təbliği və populyarlaşdırılması məqsədini güdür. Saytda yerləşdirmiş İçərişəhərin keçmiş və müasir görüntülərini əks etdirən rəsmlər, fotoşəkillər, 3D virtual tur, açıqcalar və videomateriallardan ibarət guşəyə daxil olmaqla bu qədim məkana virtual səyahət etmək mümkündür.
Görülmüş işlər nəticəsində İdarənin tabeliyində olan muzeylərə gələn ziyarətçilərin sayı 2012-ci ildə 187.229 nəfərə çatmışdır.
İçərişəhərlə yanaşı “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna turistlərin marağını da qeyd etmək lazımdır. 2012-ci ildə əvvəlki il ilə müqayisədə onların sayı 3 dəfədən çox artmışdır. İl ərzində qoruq 38,845 nəfər turist qəbul etmişdir ki, onlardan 6,874 nəfəri xarici vətəndaşlardır.
Hal-hazırda Şirvanşahlar Sarayında və Qız qalasında muzey ekspozisiyalarının yenidən qurulması üzərində gərgin iş gedir. Muzey tərtibatı və ekspozisiyaların yaradılması sahəsində ixtisaslaşan tanınmış xarici və yerli mütəxəssislərin iştirakı ilə konsepsiyalar işlənib hazırlanmış, müasir texnologiyaların köməyi ilə bu abidələrin tarixi, təyinatı və memarlığı barədə ziyarətçilərə dolğun informasiyaların verilməsi nəzərdə tutulmuşdur. Düşünürük ki, bu işlər yekunlaşandan sonra milli qürur mənbəyimiz olan bu abidələrə turist axını kəskin artacaqdır.
- Dünya Mədəni İrsi siyahısına salınan İçərişəhərin idarə olunmasında UNESCO ilə əməkdaşlıq hansı səviyyədə qurulub?
- İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir. Müvafiq layihələrin planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə UNESCO-nun Dünya İrs Komitəsinin tövsiyələrinə əsasən beynəlxalq nüfuzlu ekspertlər ilə qurulmuş əməkdaşlıq nəticəsində “Ərazinin İdarəolunması Planı”, habelə “Bakının Tarixi Mərkəzinin Konservasiyası üzrə Baş Plan” hazırlanmış, hər iki sənədin nəzərdə tutduğu tədbirlərin icrasına başlanılmışdır.
26-29 yanvar 2009-cu il tarixlərində İçərişəhərdə olmuş UNESCO Dünya İrsi Mərkəzinin və “ICOMOS”-un (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) nümayəndələrindən ibarət monitorinq missiyası hazırladığı hesabatda görülən işləri yüksək qiymətləndirmiş və müvafiq tövsiyələrini qeyd etmişdir: “...Qoruq İdarəsi və Azərbaycan rəsmiləri mühüm əhəmiyyətə malik olan və təhlükə altına düşən Dünya İrsinin vəziyyətini müsbət istiqamətə dəyişə bilib və bununla böyük təqdirə layiqdirlər. Görülən işlər və yenilikçi yanaşmalar regionda və bütün dünyada tarixi mərkəzlərin konservasiyası ilə məşğul olanlar üçün mühüm əhəmiyyətli nümunə ola bilər”.
Beləliklə, qısa müddət ərzində Azərbaycan Hökuməti tərəfindən İçərişəhərin qorunması ilə bağlı görülmüş işlər 22-30 iyun 2009-cu il tarixində UNESCO-nun Dünya İrs Komitəsinin İspaniyanın Sevilya şəhərində keçirilən 33-cü sessiyasında təqdim edilmiş və müzakirə olunmuşdur. Komitə üzvləri tərəfindən yekdilliklə qəbul olunmuş qərara əsasən İçərişəhər UNESCO-nun təhlükədə olan Dünya İrsi abidələri siyahısından çıxarılmışdır. Komitənin bu iclasda İçərişəhərlə bağlı qəbul olunduğu qərarla İçərişəhərin Dünya İrsi statusu bərpa olunmuşdur.
2010-cu ilin iyul ayında İçərişəhərdə olmuş UNESCO-nun Baş direktoru xanım İrina Bokova öz fikirlərini belə bildirmişdir: “...Mən cənab Prezidenti bu unikal dünya irsinin bu cür qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı təbrik etmək istəyirəm. İçərişəhər maddi irsin qorunması və müasirliklə ənənələrin birgə vəhdətinə bariz nümunədir”.
Xüsusi ilə qeyd olunmalıdır ki, sadalanan nailiyyətlər Azərbaycan Respublikasının birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə iştirakı və dəstəyi nəticəsində mümkün olmuşdur.
Bununla yanaşı, UNESCO-nun Dünya İrsi Mərkəzi ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin nəticəsi olaraq İçərişəhər Tarixi Şəhər Landşaftı (Historic-Urban Landscape) yanaşmasının tətbiqinin sınaq olunması üçün dünyanın bir neçə şəhərindən biri kimi seçilmişdir. 2010-cu ildə İçərişəhərdə “Bakının şəhər irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilmiş tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq üçün “Tarixi Şəhər Landşaftı” konsepsiyasının hazırlanması və bu yanaşmanın İçərişəhərə tətbiq edilməsi üçün ekspertlər arasında müzakirələrin keçirilməsi olmuşdur.
“Dünya irsi” konsepsiyasının inkişafının növbəti mərhələsi kimi, dünya irsi obyektləri sayılan, xüsusi tarixi və bəşəri dəyərə malik olan ərazilərin dağıdıcı hadisələrdən qorunmasını təmin edə biləcək mümkün müdafiə mexanizmləri işlənməkdədir. Bəşəriyyətin tarixi bizə göstərir ki, bir çox ümumbəşəri abidə sayılan yerlər bu gün artıq mövcud deyildir. Bunun səbəbi də təkcə təbii fəlakətlər deyil, eyni zamanda, insanların davranışı olub. Hamımızın marağındadır ki, ümumbəşəri dəyər kimi tanınan ərazilərə, yerlərə “gücləndirilmiş mühafizə” statusu verilsin. Qeyd olunanları nəzərə alaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, həmçinin, UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsi ilə də səmərəli əməkdaşlığını qurmuşdur.
- Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və UNESCO-nun İçərişəhərlə bağlı gələcəyə yönələn birgə planları varmı?
- İçərişəhərə Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2010-cu ildə UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinə sorğu təqdim olunmuşdur. Növbəti mərhələdə İçərişəhərə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı əlavə tələb olunmuş məlumatların UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin Katibliyə təqdim olunması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkil etdiyi təlimdə və Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitənin Parisdə keçirilən iclaslarında İdarənin nümayəndələrinin fəal iştirakı təmin edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Silahlı Münaqişələr Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun və onun tətbiqi ilə bağlı qaydaların tələblərinə uyğunlaşdırılması ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iştirakı ilə müvafiq təkliflər hazırlanmış və Milli Məclis tərəfindən qəbul olunmuşdur. Eyni zamanda, Komitə ilə sıx əməkdaşlığın nəticəsi olaraq İçərişəhərin ümumi qorunması və konservasiyası, habelə ərazidə müvafiq qorunma ləvazimatlarının istifadəsinin genişləndirilməsi və yanğın təhlükəsizliyi meyarlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
2010-cu ildə Braziliyada keçirilən Dünya İrs Komitəsinin 34-cü sessiyasında qəbul olunan qərara uyğun olaraq 6-11 fevral 2012-ci il tarixlərində UNESCO-nun Dünya İrsi Mərkəzi və “ICOMOS” nümayəndələrindən ibarət növbəti monitorinq missiyasının İçərişəhərə səfəri baş tutmuşdur. Missiya İçərişəhərdə görülən işləri və bu işlərin nəticələrini müsbət qiymətləndirmiş, müvafiq tövsiyələrini bildirmiş, təqdim etdiyi hesabat isə növbəti illər ərzində onların reallaşdırılması istiqamətində konkret addımların atılmasını nəzərdə tutur.
- İçərişəhərə, buradakı abidələrə xarici qonaqların marağı hansı səviyyədədir və bu tarixi məkanın dünyada tanıdılması üçün hansı işlər görülür?
- Təkcə ötən il ərzində ümumi sayı 2900-ə çatan 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanışlığı təmin olunmuşdur. Qədim şəhərin dünyada tanıdılması məqsədilə aparıcı dünya kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur, memarlıq və ənənəvi incəsənət mövzularında qısametrajlı filmlər çəkilir və nümayiş olunur. Beynəlxalq əhəmiyyətli mədəni tədbirlər, o cümlədən, artıq ənənə xarakteri almış “Qız qalası” beynəlxalq incəsənət festivalı keçirilir.

Paylaş:
Baxılıb: 1182 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30