Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Bizim namizədə alternativ yoxdur, heç olmayacaq da”

“Bizim namizədə alternativ yoxdur, heç olmayacaq da”

25.04.2013 [15:08]

Siyavuş Novruzov: Bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı, Azərbaycan seçicisi İlham Əliyevin bu on ildə gördüyü işləri bəyənir, dəstəkləyir
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Amerikanın Səsi”nə müsahibə verib:
- ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatını necə qiymətləndirirsiniz?
- Dağlıq Qarabağ hissəsini çıxmaq şərti ilə, hansı ki, orada Dağlıq Qarabağın işğal olunması ilə əlaqədar göstərilib, yerdə qalan məsələlərdə düşünməzdim ki, ABŞ Dövlət Departamenti belə hesabat hazırlasın. Hesabatda həddindən artıq bayağı, çox belə çeynənmiş fikrilər yenidən ifadə olunub, aidiyyatı olmayan məsələlərə toxunulub. İstənilən məsələyə nəzər salsaq, tutaq ki, 2010-cu ildə keçirilən seçkilərdən sonra onsuz da ABŞ Dövlət Departamenti belə bir məsələ ortaya qoymuşdu, yenidən o məsləyə qayıdıb, baxmayaraq ki, üstündən 3 il keçib. Bundan başqa digər məsələlərlə bağlı, jurnalistlərlə bağlı, bunların hamısı konkret faktlar deyil, ayrı-ayrı hadisələrlə bağlı məsələlərdir ki, hansı ki, kiminsə buradan yazıb oraya göndərdiyi fikirlər əsasındadır və subyektivdir.
- Ancaq, bununla yanaşı Azərbaycanda sərbəst toplaşmaq azadlığı, jurnalistlərə təzyiqlər, həbslər, cərimələrin artırılması, QHT-lərin qeydiyyatı məsələləri ilə bağlı beynəlxalq təşkilatlar, o cümlədən insan hüquqları təşkilatları, dünyada tanınmış və ictimai-siyasi fikrə təsir edən təşkilatlar ciddi bəyanatlar yayır.
- Birincisi bunların hamısı qərəzlidir. Qərəzlidir ona görə ki, birinci və yeganə olaraq Azərbaycanda mətbuatla bağlı elə bir problem yoxdur, əksinə mətbuata dəstək fondu var. Dövlət tərəfindən mətbuat işçilərinə mənzillər tikilib verilir. Dünyanın heç bir yerində bu məsələ yoxdur. Bütün qəzetlərə bərabər şəkildə yardım ayrılır, qəzetlərin borcları dondurulur və yaxud nəşriyyata olan borcları dövlət tərəfindən ödənilir. İkinci bir tərəfdən, ölkəmizdə QHT-lər də dövlət tərəfindən maliyyələşdirilir.
Sərbəst toplaşmaq azadlığı ilə bağlı müəyyən yerlər ayrılıb. Sadəcə olaraq o müvafiq yerlərdə bu insanlar tədbirlərini keçirmək istəmirlər. Şəhərin sərbəst toplaşmaq üçün uyğun olmayan yerlərini özləri üçün əsas götürürlər. Hansı ki, burada da mümkün deyil. “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Pakta uyğun olaraq hüquqlar o vaxt məhdudlaşır ki, digərinin hüququnu pozur. Başqasının da hüququ var, necə ki, bu sadəcə sərbəst toplaşmaq hüququ deyil, dincəlmək hüququdur, işləmək hüququdur, istirahət hüquqdur. Ona görə hər bir insan nəzərə alınmalıdır. İkincisi burada təhlükəsizlik məsələsi var. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Azərbaycan hökuməti də deyir ki, sənin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirini burada keçir, fikrini söylə, bəyanat ver. Bunu orda-burda keçirməyin fərqi nədir? Orada bəyanatın xarakterimi dəyişəcək, ya yox? Sadəcə olaraq həmin insanların sosial bazası olmadığına görə, əhalinin gur yerlərində, - hansısa ticarət mərkəzinin qarşısında və yaxud insanların istirahət etdiyi yerlərdə, o insanların bazasından istifadə edərək mitinq keçirmək istəyirlər.
-Amma, mən bu gün mətbuatdan oxudum ki, hətta AXCP və “Müsavat”ın Sabirabadda bir partiya üzvünün evində də keçirdiyi yığıncaq dağıdılıb. Eyni zamanda deyək ki, prezidentliyə namizədlik iddiasında olan İsa Qəmbər Lənkərana buraxılmayıb, qarşısı kəsilib.
- Birinci İsa Qəmbərlə bağlı qeyd edim. Bunlar mətbuatda da elan olundu, yüz avtomobillə buradan Lənkəran şəhərinə hansısa görüşə gedib. Görüşə gedən 3-4 avtomobillə və yaxud bir avtobusla gedər. Tərəfdarları, jurnalistlər, bir neçə nəfər olar. Lənkəranda 30 adamla görüşmək üçün buradan 400 adam yığıb aparmağa lüzum yoxdur. Bu da bilirsiniz ki, yol hərəkəti qaydalarına ziddir. Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdı və qeyd olunmuşdur ki, 6 maşınla gedə bilərsən, qalan avtomobillər isə tamamilə başqa istiqamətdə getməlidir. O bununla razılaşmadı, geri qayıtdı.
O cümlədən, Sabirabadda baş verənlər hökumətə, İcra Hakimiyyətinə heç bir aidiyyatı olmayan məsələdir. Orada qarşıdurma yaranıb. Bazar yaxınlığında keçirilən tədbirdə insanlar arasında, Bakıdan gələnlərlə rayon camaatı arasında. Yəni sərbəst toplaşmaq azadlığı ilə bağlı, kimsə tədbir keçirmək istəyirsə, qabaqcadan xəbərdar etməklə öz tədbirini keçirə bilər.
Bilirsiniz, Azərbaycan Respublikasının Seçki Məcəlləsi var. Orada göstərilir ki, seçkiqabağı tədbirlər hansı müddətdə keçirilə bilər. İndi bu insanlar sırf partiya üzvləri ilə və yaxud da öz tərəfdarları ilə görüşə bilərlər. Bəziləri elan edir ki, prezidentliyə namizəd kimi görüşə gedirlər. Seçki Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq seçki elan edildikdən, namizədliyini irəli sürdükdən və qeydiyyatdan keçdikdən sonra namizəd kimi fəaliyyət göstərilə bilər. Burada kimsə deyir, mən özümü prezidentliyə namizəd elan etdim və namizəd kimi başlayıram görüşlərə. Bu tamamilə qanunaziddir, nə Seçki Məcəlləsi, nə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənmir.
- Sərbəst toplaşmaq haqqında danışaq. Məsələn, hökumətin də bəyanatı var ki, “Əsgər ölümünə yox deyirik”. Bunu eyni zamanda müxalif və müstəqil gənclər də edir. Amma, onların bu toplantısı dağıdılır, çoxlu adamlar indi həbsdədir. Bu da beynəlxalq tənqidlərə səbəb olur. Buna lüzum varmı ki, bu toplantıların qarşısı alınsın?
- Bunlar hamısı qanun daxilində olmalıdır, qanunla tənzimlənməlidir. İstənilən Azərbaycan vətəndaşı Konstitusiyaya və sərbəst toplaşmaq azadlığına uyğun olaraq piket, mitinq, yürüş keçirmək hüququna malikdir. Lakin bu piket, mitinq, yürüş “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir. Tənzimləmə ondan ibarətdir ki, harada keçirilə bilər, hansı binadan neçə metr aralıda keçirilə bilər. Bunların hamısı tənzimlənir. İstənilən adam istənilən yerdə piket, mitinq keçirməyə başlasa, onda tamamilə anarxiyaya çevrilər. Dünyanın heç bir yerində belə bir anlayış yoxdur. Ayrılmış müvafiq yerlər var. Bakı şəhərində də 11 rayonun hər birində müvafiq yerlər ayrılıb. Müvafiq yerləri təklif edirlər ki, gedin bu gün əsgər ölümünə qarşı, seçki ilə bağlı, nə bilim korrupsiya ilə bağlı, nə ilə bağlı ürəyiniz istəyir, gedin tədbir keçirin. Sadəcə olaraq onlar deyir, biz ora getmirik, biz istəyirik burada tədbir keçirək. Səbəb də ondan ibarətdir ki, bir neçə dəfə mən özüm də bunun müşahidəsini aparmışam.
Məsələn, birinci dəfə tədbir keçirirlər, - Müsavat, bir qrup partiya, o cümlədən “İctimai Palata” daxil olmaqla 40-a yaxın təşkilat, 1500-1800 nəfər insan iştirak etdi. İkinci dəfə bu rəqəm düşdü 1300-ə, bir az da azaldı. Hətta İsa Qəmbər müraciət etdi ki, gələn dəfə gələndə hərəniz özünüzlə beş nəfər gətirin, elə bil toya gedirdilər, toya adam çağırırdılar.
Əgər tərəfdar varsa, əqidəni, ideyanı bəyənirsə, bu mitinqə gələcək. Əgər mübarizə aparmaq istəyirsə gəlib orada iştirak edəcək. İnsanların iştirak etmədiyini gördükdə, dedilər ki, oraya getmirik, başlayırıq şəhərin mərkəzində belə bir tədbir keçirməyə. Şəhərin mərkəzi də məhz ondan ötəridir ki, elə bu dəqiqə biz çıxsaq görərik ki, Fəvvarələr meydanında ən azı on min insan o başa gedir, bu başa gedir. Hərə bir işin arxasınca, kimi istirahət edir, kimi iş dalınca gedir.
Bunlar girib orada 30 nəfər şəkil çəkdirib, fon yaradaraq ayrı-ayrı beynəlxalq təşkilatlara göndərmək istəyir ki, Azərbaycanda kütləvi etiraz aksiyası var. Amma bu aksiya deyil, bu orada olan insanlardır.
- Bilmək istəyirəm ki, YAP qarşıdan gələn seçkilərdə öz namizədinə rəqib kimi hansı qüvvələri görür? İndi “El hərəkatı” yaranıb, “Müsavat”, AXCP var, bir sıra digər şəxslər də namizədliyini irəli sürmək iddiasındadır.
- Təbii ki, bizim namizədə alternativ yoxdur, heç olmayacaq da, nə ölkə daxilində, nə ölkədən xaricdə, nə də o yaranmış qruplar vasitəsi ilə. Onu da deyim ki, siyasətlə də, seçki ilə də siyasi partiya məşğul olur, hansısa hərəkat, təşkilat yox. O siyasi partiyalar hörmətdən düşdükdən sonra, öz adlarını saxlaya bilmədikdən sonra başqa ad altında fəaliyyətə başlayır. Yaxınlarda Hikmət Hacızadənin “El hərəkatı” haqqında bir yazısını oxudum, bəzi düzgün məqamlar var idi. “El” klubdur, yəni bir klub, olur da klub, pivə içənlər klubu olur məsəl üçün, yaxud da yaşıllar klubu olur, başqa-başqa klublar olur. “El” də belə bir klubdur.
“El” ictimai-siyasi hərəkat deyil. Hərəkatın arxasında qüvvə durmalıdır. Vaxtı ilə milli azadlıq hərəkatı var idi. Milli azadlıq hərəkatı meydanı silkələdi. İndi “El”də 10-12 adam var, bunlar da bütün təşkilatlardan qovulmuş, bu təşkilatı dəyişib o birisinə gəlib çıxmış, bundan ona getmişlərdir. Və yaxud “Milli Şura” yaradılacaq, Rüstəm İbrahimbəyov sədr olacaq. Rüstəm İbrahimbəyov olsa-olsa-olsa yaxşı bir ssenarist ola bilər. Rüstəm İbrahimbəyov nə siyasətçidir, nə dövlət adamıdır, nə ictimai-siyasi xadimdir, nə ümumiyyətlə bu adamın siyasətdən başı çıxır, nə bu adam cəmiyyət tərəfindən qəbul olunur.
Guya böyük bir hadisə olacaq, “Milli Şura” yaranacaq, onun başında Rüstəm İbrahimbəyov duracaq, dünya dağılacaq? Bunlar hamısı baş aldatmaqdan, vaxt keçirməkdən ötəri bir məsələdir. Ona görə də siyasi partiyaların sədrləri öz namizədliklərini irəli sürür.
Bu proses çox ağırdır. Seçki ilə məşğul olmayan bunu bilmir. Ən azı 60 dairədən 40 min imza toplamaq lazımdır. Sonra bir çox prosedurlar var ki, həyata keçirilməlidir. Bunun üçün böyük sosial baza, elektorat, güc lazımdır.
İndi Müsavat Partiyası yalandan özündən qərargah elan edib. O qədər ştat yazıblar, adam tapmayacaqlar oraya təyin etməyə. Yəni, belə vəziyyətə gəlib çıxacaqlar.
- İndi cəmiyyətdə birmənalı fikir yoxdur ki, axıradək YAP-ın namizədi hazırki Prezident İlham Əliyev olacaq. Bu mütləqdirmi, YAP-ın mütləq namizədi İlham Əliyev olacaq?
- Bu belə mütləqdən də mütləqdir. Cəmiyyətdə də, YAP-da da, YAP-ın çoxsaylı görüşlərində də, Azərbaycan cəmiyyətində də yekdil fikir var.
Bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı, Azərbaycan seçicisi İlham Əliyevin bu on ildə gördüyü işləri bəyənir, dəstəkləyir, Heydər Əliyev siyasətinin davamlı olmasını istəyir və İlham Əliyevin yenidən prezidentliyə namizəd olmasını arzulayır.
Bu YAP-ın, 600 minlik partiyanın qərarıdır. Bu qərarı, yəni İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi mexanizmini qurultayda sadəcə reallaşdıracağıq. Ümumi qərar artıq partiyada verilib.

Paylaş:
Baxılıb: 1042 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30