/ / Ölkə başçısının apardığı sosialyönümlü siyasətin ən bariz nümunələrindən biri məhz səhiyyənin inkişafıdır
Ölkə başçısının apardığı sosialyönümlü siyasətin ən bariz nümunələrindən biri məhz səhiyyənin inkişafıdır
23.08.2013 [09:16]
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev www.yap.org.az saytına müsahibə verib
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yolundadır. Hazırda bütün sahələr üzrə çox ciddi, əhəmiyyətli nailiyyətlər əldə olunmaqdadır. Bu baxımdan, səhiyyə sahəsində qazanılan uğurlar barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sonsuz qayğı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyat və sosial sferanın bütün sahələrində irihəcmli tədbirlər həyata keçirilir. Ölkə başçısının apardığı sosialyönümlü siyasətin ən bariz nümunələrindən biri də məhz səhiyyənin inkişafıdır. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bu sahədə çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlər qəbul edilmişdir.
Son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
Səhiyyəmizin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası 2012-ci ildə də davam etdirilmiş, bu da öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün zəmin yaratmışdır. Belə ki, son 10 ilin müqayisəsi göstərir ki, doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 17,4-ə qalxmış, ölüm isə 6,0-dan 5,3-ə düşmüşdür. Təbii artım 7,9-dan 12,1-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 660 milyon manat təşkil edir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən məlum fərmanları səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır. Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70 faizi regionların payına düşür.
Təkcə 2012-ci il ərzində 76 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 40-ı Bakı şəhərində, 36-ı isə regionlarda yerləşən səhiyyə müəssisəsidir. 24 tibb müəssisəsində (13-Bakı, 11-rayon) təmir işləri başa çatdırılmış və onlar istifadəyə verilmişdir. İri səhiyyə ocaqlarının əksəriyyətinin açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.
- Qeyd etdiniz ki, son illər xeyli sayda tibb ocaqları tikilib istifadəyə verilib, əsaslı təmir olunaraq müasir tələblərə cavab verməsi təmin olunub. Yeni tibb müəssisələrinin tikintisi ilə yanaşı onların şəbəkəsində və strukturunda hansı islahatlar aparılıb?
- Yeni tibb müəssisələrinin tikintisi ilə bərabər onların şəbəkəsində və strukturunda geniş islahatlar aparılmışdır. Maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən, özünü doğrultmayan, binaları yararsız vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması sahəsində islahatlar əsasən başa çatdırılmışdır.
Aparılan islahatlar nəticəsində respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz və ya 30 600 çarpayı ixtisar edilmiş (67400-dən 36200-dək) və 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanmışdır. Tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, struktur islahatları ilə bərabər onların ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı istiqamətində də köklü dəyişikliklər edilmişdir. Belə ki, 2005-ci ildən başlayaraq Səhiyyə Nazirliyinin müvafiq əmri ilə stasionar müəssisələrin, eləcə də ambulator xəstələrin dərman preparatları ilə təmin olunması üzrə zəmanətli paket hazırlanaraq təsdiq olunmuşdur. Sonrakı illərdə bu paketə daxil olan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, 60-dan 166-ya çatdırılmışdır.
Tibb müəssisələrinə olan müraciətlərinin çoxalması səhiyyəyə olan inamın, xüsusilə əhalinin öz sağlamlığına olan münasibətinin müsbət tərəfə dəyişməsinin nəticəsidir. Məhz bu baxımdan Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutaraq Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında 2012-ci ilin dekabr ayında həyata keçirilən sağlamlıq ayı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Bütün elmi-tədqiqat institutlarının, aparıcı tibb müəssisələrinin mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bu genişmiqyaslı aksiyaya cəlb olunmuşlar. Profilaktik müayinələri aparan tibb müəssisələri əlavə olaraq lazımi avadanlıq və reaktivlərlə təmin olunmuşlar. Respublikanın bütün şəhər və rayonları bu müayinələrlə əhatə olunmuşdur. Sağlamlıq ayı ərzində 3 milyondan artıq müayinə aparılmışdır. Aşkar olunan xəstələr müvafiq müalicəyə cəlb olunmuşlar. Belə aksiyaların gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, əsaslı təmir və yenidənqurma işlərindən sonra Elmi Cərrahiyyə Mərkəzində 2011-ci ilin mart ayından açıq ürək əməliyyatlarının icrasına başlanılmışdır. Keçən dövr ərzində Mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyat həyata keçirilmişdir. Fərəhləndirici haldır ki, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə böyrəkköçürmə əməliyyatlarına başlanılmışdır. Artıq 14 belə əməliyyat icra edilmişdir.
- Oqtay müəllim, məlumdur ki, müxtəlif sahələrin inkişaf və tərəqqisində həyata keçirilən Dövlət proqramları da əhəmiyyətli rol oynayır. Bu mənada səhiyyə ilə əlaqədar da icra olunan proqramlar xüsusi vurğulanmalıdır. Hazırda bu sahədə hansı proqramlar icra olunur?
- Əlbəttə ki, səhiyyənin inkişafında bu sahədə qəbul edilmiş Dövlət proqramlarının xüsusi rolu olmuşdur. 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuşdur və hazırda da onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait sərf olunmuşdur. Proqramların əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılmış, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunmuşdur. Belə ki, şəkərli diabet proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılmışdır. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artmış və 180 minə çatmışdır. Həmçinin, görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir.
“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən sonra bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunmuşdur. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir. Bu Mərkəzin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni korpusunun tikintisi də başa çatdırılaraq istifadəyə verilmişdir. Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem əsasən aradan qaldırılmışdır. Belə ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə bunların sayı 46-yə çatdırılmışdır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmış və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enmişdir.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapdı. Hər il respublikanın bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının, həmçinin, yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuşdur.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Qan xidməti sahəsində köklü dəyişikliklərə təkan verən Dövlət Proqramı qəbul olunmuş, qan xidməti müəssisələrinin şəbəkəsinin optillaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir. 2003-cü ildə 6,8 ton qan tədarük edilmişdirsə, 2012-ci ildə bu rəqəm 25,9 tona çatmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Xidmətin müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xüsusi Sərəncamı ilə 2012-ci ilin yanvar ayının 1-dən qan xidmətində çalışan işçilərin maaşları 2 dəfə artırılmışdır.
- Oqtay müəllim, Azərbaycan dövlətinin dünyada nüfuzu daha da artmaqdadır və bir çox ölkələr Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə maraq göstərirlər. Bu mənada, səhiyyə sahəsində beynəlxalq əlaqələrimizi necə dəyərləndirmək olar?
- Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Səhiyyə sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların idarəedici orqanlarında Azərbaycan təmsil olunmuşdur. Belə ki, 2005-2009-cu illərdə və 2012-2015-ci illərdə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Komitəsinə üzv seçilmişdir. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı Avropa üzrə Regional Komitəsinin 2009-cu ildə Kopenhagendə keçirilən 59-cu sessiyasında Azərbaycan Daimi Komitəyə üzv seçilmişdir. Səhiyyəmizin indiki inkişafı haqqında həqiqətlər 2011-ci ildə Nyu-Yorkda keçirilən BMT-nin qeyri-infeksion xəstəliklərə qarşı qlobal mübarizəyə həsr olunmuş tədbirində həm ÜST Baş Direktorunun, həm də ÜST Avropa Regional Bürosunun Direktorunun nitqində səslənmişdir. Beynəlxalq əməkdaşlıqda digər istiqamət ikitərəfli əlaqələridir ki, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İtaliya, Rumıniya və Litva ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanaraq qüvvəyə minmişdir. Almaniya, Türkiyə, Avstriya, Rusiya, Çexiya, İsveçrə və digər ölkələrlə tibb mütəxəssislərinin diplomdan sonrakı hazırlığı, tibbi texnologiyalar və əczaçılıq sahəsində məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Əlamətdar bir hadisə kimi qeyd etmək lazımdır ki, ÜST-nın Avropa üzrə Regional Komitəsinin 61-ci Sessiyası 12-15 sentyabr 2011-ci il tarixlərdə Bakıda yüksək səviyyədə keçirilmişdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

