Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Seçki qurtaranda hər şey yerini alacaq”

“Seçki qurtaranda hər şey yerini alacaq”

28.09.2013 [11:06]

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb.
- Seçki kampaniyası necə gedir?
- Çox yaxşı. YAP seçkiyə bir il əvvəldən hazırlaşırdı. Seçki elan olunduqdan sonra da işləri çox yüksək səviyyədə yerinə yetirmişik. Birinci mərhələ - imza toplanması, namizədlərin qeydiyyata alınması tam şəffaf, ədalətli və qanunlara uyğun həyata keçirilib.
İkinci mərhələ təbliğat-təşviqat kampaniyasıdır. Bu mərhələ davam edir. YAP təbliğat kampaniyasını üç mərhələdə reallaşdırır. Birinci mərhələ sentyabrın 16-dan 24-dək keçirilib. Ayın 20-dən başlayaraq yerlərdə, əsasən rayon mərkəzlərində görüşlər keçiririk. İkinci mərhələ isə sentyabrın 24-də başlayıb və oktyabrın 1-dək davam edəcək. Bu mərhələdə kiçik kənd və qəsəbələrdə insanlarla görüşlər olacaq. Sonuncu mərhələ isə oktyabrın 1-dən 7-dək olan dövrü əhatə edəcək. Bakı şəhərini çıxmaq şərti ilə bütün rayon və şəhərlərdə zirvə tədbirlərimiz davam edir.
- Oktyabrın 1-dən 7-dək olan mərhələ nəyi nəzərdə tutur?
- Təbliğat-təşviqat kampaniyasını ona görə üç hissəyə bölmüşük ki, ölkənin bütün ərazisi əhatə olunsun, bir kiçik kənd olsun belə kənarda qalmasın. Qrafik hazırlayarkən rayon və şəhər təşkilatları, yerli seçki qərargahları ilə məsləhətləşirik. Görüşlərdə iştirak etmək üçün Bakıdan 350 nəfərdən artıq nümayəndəmiz gedib: deputatlar, alimlər, yazıçılar, şairlər, tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət adamları... Həmin şəxslər təbliğat-təşviqat kampaniyasına qoşulublar və hazırda regionlardadırlar, görüşlər keçirirlər, təbliğat-təşviqat işi aparırlar.
- YAP indiyədək neçə yerdə və nə qədər görüş keçirib? Görüşlərdə nə qədər seçici iştirak edib?
- Ümumilikdə birinci mərhələdə kənd rayonları üzrə 821 görüş keçirilib. Görüşlərdə 850 minə yaxın insan iştirak edib. Birinci mərhələdə Bakı şəhəri üzrə 12 rayonda 100-dən artıq görüş olub və bu görüşlərə 10 mindən çox insan qatılıb. Bakıda kütləvi tədbirlər keçirilməyib, yalnız hər rayon üzrə ayrılmış qapalı yerlərdə görüşlər olub. Ümumilikdə birinci mərhələdə təqribən bir milyondan çox seçici ilə görüş keçirilib və burada əsasən Milli Məclisin deputatları, YAP Siyasi Şurasının üzvləri, alimlər, ziyalılar, elm adamları, yaradıcı insanlar iştirak ediblər.
Görüşlərdə insanların iştirak sayının aşağı həddi 60, yuxarı həddi isə 18 mindir. Hazırda ikinci mərhələ gedir, hər gün seçicilərlə 150 görüş keçirilir və bu proses davam edir. İkinci mərhələ başa çatan kimi onun da statistik hesabatını ictimaiyyətə açıqlayacağıq.
Kim istəsə, həmin görüşlərin məlumatları ilə tanış ola bilər. Biz görüşlərin hansı kənd və qəsəbələrdə, ayın neçəsində, saat neçədə keçirildiyini, orada nə qədər insanın iştirak etdiyi haqda geniş informasiyalar yaymışıq.
- Amma mətbuat yazır ki, həmin görüşlər haqda foto və video kadrlara rast gəlmək mümkün deyil...
- Bizə yaxın qəzetlərdə həmin görüşlər haqda geniş məlumatlar verilib. Kim istəsə izləyə bilər. “Yeni Azərbaycan”, “Səs”, “İki sahil” qəzetlərinin sentyabrın 16-dan sonrakı saylarına baxmaq kifayətdir. Hər bir nömrədə YAP-ın keçirdiyi görüşlərdən məlumat verilib, kəndin, qəsəbənin adı qeyd edilib, orada nə qədər insanın iştirak etdiyi yazılıb, fotolar verilib.
- Naxçıvanda təbliğat kampaniyanız necə gedir?
- Naxçıvan Muxtar Respublikasının hər bir rayonunda, qəsəbəsində, kəndində görüşlər keçiririk. YAP-ın Naxçıvan təşkilatı seçki qərargahı yaradıb, orada insanlar çalışır. Nümayəndələrimiz davamlı olaraq seçicilərlə görüşlər keçirir.
- YAP Bakıda seçicilərlə mitinq formatında görüş keçirəcəkmi?
- Bakıda qanunla ayrılmış yerlərdə görüşlər keçiririk. O cümlədən özəl müəssisələrlə - şadlıq evləri, idman sarayları ilə müqavilələr bağlayırıq, pul ödəyirik və görüşlər keçiririk. Demək olar ki, hər gün Bakının bütün rayonlarında bir neçə tədbirimiz olur.
- Rəqibləriniz olan prezidentliyə digər namizədlər metronun “İnşaatçılar” stansiyasının yaxınlığında ayrılan meydanda mitinqlər keçirir. YAP həmin meydanda, yaxud 20-ci sahədəki meydanda mitinq keçirməyi planlaşdırırmı?
- Bizim imkanlarımız çox genişdir. O qədər genişdir ki, mitinq üçün yer tapa bilmirik. YAP mitinq keçirsə, gərək elə meydan ola ki, ora bir milyon insan tutsun. Çünki bizim mitinqdə ən azı bir milyon insan iştirak edəcək.
- Yəni ayrılmış meydanlar kiçik olduğuna görə mitinq keçirə bilmirsiniz?
- Bəli, indiki meydanlar bizə dar gəlir. Özünü “Milli şura” adlandıran qurumda radikal müxalifətin hamısı toplanıb, mitinqə 1500-2000 adamı güclə yığa bildilər. YAP-ın Bakıda olan ən kiçik rayon təşkilatının doqquz min üzvü var.
- Daha böyük meydanda mitinq keçirmək üçün müraciət edə bilərsinizmi? Məsələn, Azadlıq meydanında?
- Azadlıq meydanı ilə bağlı rəsmi qərar var. Ora dövlət tədbirləri üçün nəzərdə tutulub. Rəsmi şəkildə ayrılmış başqa elə bir meydan yoxdur ki, orada mitinq keçirək. Çünki biz qanunun aliliyinə hər zaman riayət edirik. Rəsmən ayrılmış meydanlara isə sığışmırıq. Müxalifətin problemi mitinqdə iştirak etmək üçün adam tapmamasıdır, bizim problemimiz isə insan çoxluğudur.
- Belə bir vəziyyət YAP-ın təbliğat kampaniyasına mane olurmu?
- Mane olmur. Çünki görüşləri qrup-qrup keçiririk.
- Seçkinin yekunu haqda proqnozunuz nədir? Təbliğat-təşviqat kampaniyasını əvvəlində nə qədər səs qazanacağınızı gözləyirdiniz, indi nə qədər səs alacağınızı təxmin edirsiniz?
- Seçicilər görüşlərdə bir daha YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini deyiblər. Bütün seçicilər səsvermədə çox fəal iştirak edəcək. Səslərin böyük əksəriyyətini bizim namizədimiz qazanacaq.
- Bəs digər doqquz namizəd?
- Çox cüzi səs uğrunda bir-biri ilə mübarizə aparacaqlar. Nə qədər olduğunu seçki günü biləcəyik.
- “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənli dünən İTV-dəki debatda dedi ki, bir çox başqa namizəd İlham Əliyevin vəkili kimi çıxış edir. Başqa namizədlərdən YAP-ın namizədinin müdafiə olunmasını istəmisinizmi?
- Hər kəs özünə cavabdehdir. YAP bütün etik norma və çərçivələrə uyğun, Seçki Məcəlləsinin tələblərinə riayət edərək kampaniya aparır. Digərlərinə gəlincə, bəziləri etik normaları, qanunu, pozur, şər-böhtan kampaniyası aparır. Müxalifətin 22 sentyabr mitinqində söyüş, təhqir baş alıb gedirdi, Seçki Məcəlləsinin tələbləri tam pozuldu. Hər kəs özünə cavabdeh olduğu kimi qanun qarşısında da cavabdeh olmalıdır.
Digər namizədlərin cənab İlham Əliyevin vəkili kimi çıxış etməsi haqda deyilənlər doğru deyil. Hər biri namizəddir. Sərdar Cəlaloğlu, İqbal Ağazadə hökuməti heç də Cəmil Həsənlidən az tənqid etmir. Əksinə, ondan çox danışırlar, özü də əsassız danışırlar, görülən işlərə qara yaxırlar. Qüdrət Həsənquliyev konstitusion quruluşun dəyişdirilməsinin zəruri olduğunu iddia edir.
Nəzərə almaq lazımdır ki, namizədlərdən beş nəfəri “Xalq Cəbhəsi”nin üzvü olub. Bir-biri ilə yola getmirlərsə, bunun bizə nə aidiyyəti var?
- Belə fikirlər var ki, seçkidən sonra ölkədə repressiyalar ola, hakimiyyəti tənqid edənlərdən qisas alına bilər. Bu fikirlərlə razısınızmı?
- Xeyr, ola bilməz. Seçki vaxtı insanların çoxu coşub-daşır. Kənardan da bir az həvəsləndirəndə özünü tamamilə başqa cür hiss edir. Ona görə də ağlına nə gəldi danışır, ağına-bozuna baxmır. Seçki qurtaranda hər şey yerini alacaq. Heç bir repressiya və təzyiq olası deyil.

Paylaş:
Baxılıb: 932 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30