Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, informasiyaların dəqiq çatdırılması hər zaman aktualdır

Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, informasiyaların dəqiq çatdırılması hər zaman aktualdır

27.11.2013 [09:29]

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov www. yap.org.az saytına müsahibə verib
- Bəxtiyar müəllim, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabr ayında təşkil etdiyi sorğuda iştirak edən, ölkədə ictimai fikrə təsir imkanına malik mətbu orqanlarının rəyinə əsasən, Prezident İlham Əliyevin ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini, bütünlükdə Azərbaycan ictimaiyyəti sevinclə qarşıladı. Prezidentin bu mükafata layiq görülməsi demokratik inkişafımızın təntənəsi kimi dəyərləndirilir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik.
- Əvvəla mətbuata diqqət və qayğısını əsirgəməyən, jurnalistlərə hamilik göstərən Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə bir daha təbrik edirəm. Çünki jurnalistlərin azad, rahat, sərbəst şəraitdə çalışmasında Prezident İlham Əliyevin xidmətləri danılmazdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra çox ağır bir dövr yaşadı. Xaos, anarxiyanın hökm sürdüyü həmin illərdə hətta Azərbaycanın bir dövlət kimi varlığı belə təhlükə altında idi. Respublikamız nəinki müstəqilliyini itirmək, hətta dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Belə bir qarışıq zamanda xalq öz seçimini edərək müdrik qərarını verdi. Milyonlarla insan o zaman Naxçıvan MR Ali Məclisinin sədri olan Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini tələb etdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda başlanmış bütün mənfi proseslərə son qoyuldu, ölkəmiz müstəqillik yolu ilə irəliləməyə başladı və müstəqilliyimiz əbədi, dönməz xarakter aldı. Ölkədə qanunvericilik bazasının yaradılması üçün Ulu öndərin rəhbərliyi və müəllifliyi ilə Milli Konstitusiyamız hazırlandı və qəbul olundu. Konstitusiyanın qəbulu ilə ölkəmizin azad bazar iqtisadiyyatı və demokratiya yolu ilə inkişafını dəstəkləyən xalq münasibətini həmrəyliyi və birliyi ilə ifadə etdi.
Bəllidir ki, demokratik cəmiyyətin ən mühüm prinsiplərindən biri mətbuat, söz azadlığı, plüralizmdir. Bu istiqamətdə də prioritetləri düzgün müəyyənləşdirən Ulu öndər çox qətiyyətli, prinsipial addımlar atdı. Bu məqamda bir məsələni xatırlatmq istəyirəm. Azərbaycan mətbu tarixinin ilk müjdəçisi olan “Əkinçi” qəzeti hələ işıq üzü görməmişdən əvvəl onun senzurası yaradıldı. General-qubernator bu qəzetin senzurasını üzərinə götürdükdən sonra qəzetin nəşrinə icazə verildi. O vaxtdan ölkəmizdə qəzetlərə dövlət nəzarəti həmişə mövcud olub. Ulu öndər Heydər Əliyev 6 avqust 1998-ci ildə senzuranı ləğv edənə qədər. İctimai iqtisadi formasiyalar dəyişsə də, 123 il ərzində Azərbaycanda bu qadağa tətbiq olunub. Müstəqil mətbuat yarandıqdan sonra onun problemləri də bəlli oldu. Ulu öndərin qətiyyəti və səyi nəticəsində o dövr üçün xarakterik olan iqtisadi böhranı aradan qaldırmaqla digər sahələrin də inikşafına təkan verildi. Cəmiyyətdə gedən bütün proseslər mətbuata da təsirini göstərirdi. Qəzetlərin maddi çətinliyi yarandığı dövrdə Ulu öndər Heydər Əliyev mətbuatın nəşriyyatlara olan borclarını dövlət büdcəsinin vəsaitləri hesabına ödədi. Beləliklə, daha bir xeyirxahlıq ənənəsinin əsasını qoydu. Yəni mətbuatın mənəvi intibahına nail olan Ümummilli lider Heydər Əliyev KİV-lərə dövlət dəstəyinin də ənənəsini yaratdı. Mətbuata göstərdiyi diqqət və qayğıya görə Ulu öndər “Jurnalistlərin dostu” elan edildi.
Heydər Əliyev məktəbinin yetirməsi və Ulu öndərin davamçısı Prezident İlham Əliyev bu sahədə də çox uğurlu fəaliyyət göstərir. Yəni Azərbaycan mətbuatının müasir intibahı cənab İlham Əliyevin adı ilə bağlıdır.
2008-ci ildə “KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nı imzalamaqla, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu yaratmaqla önəmli addım atıldı. Bu Konsepsiyanın fəlsəfəsi ondan ibarətdir ki, mətbuatın işinə müdaxilə etmədən, dövlətin heç bir təsiri olmadan qəzet və jurnalların inkişafına dövlət yardımı göstərilir. Azərbaycanda mətbuat müstəqil, sərbəstdir. Dövlət öz marağında olan istiqamətləri elan edir. Qəzetlər isə daha çox üstünlük verdiyi istiqamətlər üzrə layihəsini hazırlayır, Dövlət isə həmin layihələri maliyyələşdirir. Başqa sözlə deyilsə müstəqil mətbuat dövlətin ayırdığı vəsait hesabına nəşrini davam etdirir.
Belə diqqət və qayğıya görə, Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” seçən jurnalistlər ədalət prinsipinə əsaslanaraq dövlət başçısı ilə həmrəyliyini bəyan etdilər.
Cənab İlham Əliyevin jurnalistlərə qayğısından çox danışmaq olar. Mətbuat Şurası üçün gözəl binanın tikilib istifadəyə verilməsi də bu qayğının bariz nümunəsidir. Həmin binanın açılışında iştirak edən Prezident İlham Əliyev mətbuat tarixində analoqu olmayan xeyirxahlığa imza atdı. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şaraitinin daha da yaxşılaşdırılması ilə bağlı təklifə dəstək verərək jurnalistlər üçün yaşayış binasının tikilməsinə sərəncam verdi, 5 milyon manat vəsait ayrıldı. Bu il 156 jurnalist təmənnasız, eyni zamanda, təmirli mənzillə təmin olundu. Bu ənənənin davamı kimi 2015-ci ildə istifadəsi nəzərdə tutulan daha bir yaşayış binasının təməli qoyuldu.
24 noyabrda keçirilən mükafatın təqdimetmə mərasimi Prezident İlham Əliyevlə Azərbaycan jurnalistlərinin növbəti görüşü kimi faydalı oldu. Dövlət başçısı azad sözün carçısı olan mətbuata dəstəyini göstərməklə bir daha bildirdi ki, qüdrətlənən Azərbaycanın beynəlxalq aləmdə dəstəklənən siyasətinin sosial, iqtisadi, demokratik, diplomatik inkişafının təbliğatçısı olan KİV-lərə hər zaman diqqqət və qayğı olub, olacaqdır.
- Bəxtiyar müəllim, təqdimat mərasimində çıxış edənlər də mətbuatın keçdiyi inkişaf yoluna nəzər salmaqla qarşıda duran problemlər barədə də təklif və fikirlərini söylədilər. Cənab Prezident İlham Əliyevin tövsiyələrindən biri də bu oldu ki, erməni lobbisinin təsiri ilə aparılan “qara piar” kampaniyasına həmrəyliyimizlə cavab verək, ölkəmizə qərəzli münasibət göstərən bəzi beynəlxalq təşkilatların böhtanlarına şəxsi maraqlar baxımından deyil, vətəndaşlıq, dövlətçilik mövqeyindən yanaşaq, mübarizə aparaq. Bu sahədə KİV-lərin qarşısında duran vəzifələr daha mühümdür. Bu haqda fikirinizi bilmək maraqlı olardı.
- Sualın cavabına Prezident İlham Əliyevin təqdimetmə mərasimində söylədiyi sözlərlə aydınlıq gətirmək istəyirəm: “XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.”
Elə bilirəm ki, bu tövsiyələr hər bir jurnalist üçün fəaliyyət istiqamətidir.
Çox sadə, səmimilik şəraitində keçən görüşdə hər kəsə sözünü sərbəst demək imkanı yaranmışdı. Prezident İlham Əliyev növbəti dəfə jurnalistikanın ən incəliklərinə dərindən bələd olduğunu göstərdi. Daim mətbuatı izlədiyini deməklə dünya mediasında baş verən yeniliklərlə daim maraqlandığını, hadisələri izlədiyini bildirdi. Azərbaycan mediasında gedən proseslərə münasibətini açıq bəyan etdi. Bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin, milli həmrəyliyin, demokratiyanın tərəfdarıyıq. Hakimiyyət uğrunda siyasi mübarizə demokratiyanın şərtlərindən biri kimi normaldır. Amma bu mübarizə necə və hansı kriteriyalarla aparılır. Problemsiz ölkə, dövlət, xalq yoxdur. Amma bütün çətinliklər ölkə daxilində cəmiyyətin iştirakı və dəstəyi ilə aradan qaldırılanda daha səmərəli olur. Bu təcrübə özünü doğruldur. Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin mesajı barədə düşünmək lazımdır. Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən nüfuzuna, qazandığı siyasi iqtisadi uğurlara qısqanclıqla yanaşan qüvvələr vardır. Dünya erməniliyini dəstəkləyən, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən, qəbul etməyən qaragürühçular mövcuddur. Ulu öndər daim fəxrlə deyirdi ki, biz azərbaycanlıyıq, hamımızın bir vətəni vardır. Bu müdrik kəlamlar müasir dövrümüz üçün daha aktualdır. Siyasi əqidəsindən asılı olmayaraq hər kəs bu sahədə ayıq-sayıq olmalı, ölkəmizə qarşı qərəzli mövqe tutan düşmənlərimizə bəhanə verməməlidir. Erməni lobbisinin “qara piar” aparması ölkəmizi gözdən salması üçün ölkədən xaricə əsası olmayan qərəzli, böhtan xarakterli informasiyaların çatdırılmasına imkan yaratmamalıyıq. Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan demokratik dəyərlərə sadiq qalan sivil ölkədir. Burada müxalifət də olmalıdır, iqtidar da. Sivil mübarizə aparmaq isə demokratiyanın başlıca şərtidir. Daxili məsələləri beynəlxalq aləmə çıxarmaq vətəndaşlıq məsuliyyəti ilə uzlaşmır. Bu çağırış bütün jurnalistlərə səmimi, aydın, vətənpərvər mesajı idi: “Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.
Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir.”
Mərasimdə çıxış edən qocaman jurnalist Şirməmməd Hüseynovun çıxışından nümunə gətirmək istəyirəm. Jurnalistlərin yetişməsində pedaqoq kimi böyük əməyi olan Şirməmməd müəllim bildirdi ki, jurnalistlər sinədəftər, bədahətən danışan prezidentlərin hesabatını aparırlar. Eyni zamanda dövlət başçılarının nitqlərində, çıxışlarında neçə dəfə səhvə yol verdiklərini də hesablayırlar. Natiqliyi ilə seçilən Prezident İlham Əliyev daim bədahətən danışan, amma heç vaxt səhvə yol verməyən dövlət başçılarındandır. Məhz bu görüşdə Prezident İlham Əliyev jurnalistikaya aid məsələləri o qədər açıq, aydın, səlis açıqladı ki, Şirməmməd müəllim Onun çıxışını Prezident dərsi adlandırdı. Belə bir liderin “Jurnalistlərin dostu” olmağa tam haqqı çatır.

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30