“Kim işinin öhdəsindən gələ bilməyəcəksə, sərəncamını alacaq...”
19.03.2014 [10:08]
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb:
- Son günlər bir neçə məmur vəzifəsindən azad olunub. Prosesin davamı olacaqmı?
- Kadr dəyişiklikləri mütəmadi həyata keçirilir. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda həm kadr islahatı, həm də kadr bazasının formalaşması stabildir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sabitlik yaranıb, indi də davam edir. Bir də görürsən ki, hansısa ölkədə şou göstərmək üçün 8-10 naziri bir gündə vəzifədən azad edirlər, bu formalı başqa addımlar atırlar, dəyişikliklər aparırlar. Azərbaycanda isə kadr bazası sabitdir, hər kəs fəaliyyət göstərir. Kimin fəaliyyətində nöqsan olur, işinin öhdəsindən gəlmir, o sahəyə uğursuzluq gətirir, işdən azad olunur. Bu da Prezidentin səlahiyyətinə daxildir. Prezident ali icra hakimiyyətinin rəhbəri kimi o strukturlarda kadr dəyişikliyi edir və ya ümumiyyətlə, həmin şəxsi işlədiyi sahədən uzaqlaşdırır.
- Kadr dəyişikliyi məsələsində “güclülər” və “zəiflər” komandasının üzvü olmaq məsələsi də rol oynayırmı? Hakimiyyətdə bir-birini istəməyən qüvvələrin kadr dəyişikliklərində rolu varmı?
- Neçə ildir yazırlar ki, hakimiyyətdə qruplaşmalar var. Ay filan qruplaşma başqa qruplaşmanı sıxışdırdı, sıradan çıxardı və s. haqqında çox yazıblar. Əvvəllər bir qruplaşmadan, sonra başqasından danışırdılar, özlərindən adlar uydururdular. Hakimiyyət daxilində heç vaxt qruplaşma olmayıb, indi də yoxdur. Ümummilli lider Heydər Əliyevin qoyduğu düzgün təməl nəticəsində Azərbaycanda hakimiyyət yekdildir, birdir, bir nöqtəyə də vurur. İşinin öhdəsindən gələnlər və gəlməyənlər var. Bununla da bağlı qərar qəbul olunur. Meyar yalnız işdir.
- Kadr islahatı məsələsində siyasi sadiqlik əsas amillərdən hesab edilirmi?
- Azərbaycanda ictimai-siyasi sabitlik var. Çünki ölkədə xalqla hakimiyyət bir yerdədir, yekdildir. Beş ay əvvəl Azərbaycanda prezident seçkisi oldu. Müxtəlif xarici və daxili araqarışdıran qüvvələr ölkədə ictimai-siyasi sabitliyi pozmağa, hansısa şou düzəltməyə, iqtisadi proseslərə ziyan vurmağa cəhd göstərirdilər. Bütün bunlara baxmayaraq, müdrik Azərbaycan xalqının 85 faizi İlham Əliyevə səs verdi. Bu, xalqla Prezidentin, hakimiyyətin birliyinin nümunəsidir. Belə olan yerdə ictimai-siyasi sabitlik də olur. Əksinə olan yerlərdə ictimai-siyasi sabitlik pozulur, mizan-tərəzi aradan çıxır. Hakim komanda üzvləri Ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə sadiqdirlər. Kimsə başqa niyyətdə olsa, bu, dərhal hiss olunur, hamı da bunu görür.
- Qeyd etdiniz ki, vəzifəyə təyin və azad etmədə əsas meyar işin öhdəsindən gəlib-gəlməməkdədir. Bu baxımdan hakim komandada kimlər işinin öhdəsindən gələ bilmir? Kimlər vəzifədən azad olunma sərəncamlarını gözləməlidirlər?
- Vəzifəyə təyin və azad etmə səlahiyyəti Prezidentə aiddir. Dövlət başçısı bütün sahələrə nəzarət edir. Kimsə işinin öhdəsindən gələ bilməyəcəksə, sərəncamını alacaq, kim işini bacaracaqsa, daha irəli gedəcək, yüksək vəzifələrdə təmsil olunacaq.
- Azərbaycanda “nurçular” söhbəti geniş müzakirə edilir. Sizcə, bu cərəyan Azərbaycanda mövcuddurmu və hakimiyyət strukturlarına nüfuz edibmi?
- Bu, Azərbaycanda son dövrlər xarici kəşfiyyatın ortaya atdığı və qızışdırdığı söhbətlərdir. Bizdə heç vaxt dini ayrı-seçkilik olmayıb. Bizim müsəlmançılığımızda ayrı-seçkiliyə yer yoxdur. Hətta sovet hökumətinin ən kəskin dövründə Azərbaycan xalqı öz inancına hörmət edib, öz dini ayinlərini yerinə yetirib. Ola bilər, aşkarlıqda bunu etməyib, amma evində orucunu vaxtında tutub, namazını vaxtında qılıb, xüms-zəkatını da vaxtında verib. Ümumiyyətlə, Azərbaycanda belə cərəyanlar mövcud olmayıb. Hesab edirəm ki, bundan sonra da olmayacaq. Sadəcə müxtəlif şirnikdirmələr var. Bu və ya digər şəkildə maariflənmə baxımından zəif olan insanları müxtəlif yollarla şirnikdirib bu cərəyanlara qoşurlar. Hamısını edən xarici qüvvələrdir. Ona görə də, insanların dini maariflənməyə ehtiyacı var. Ümumilikdə Azərbaycanda nə sünnilik, nə də şiəlik kimi ayrı-seçkilik, sələfilik, vəhhabilik, nurçuluq olmayıb. Bunlar sərhədlər açıldıqdan sonra müxtəlif ölkələrin ayrı-ayrı kəşfiyyat orqanları tərəfindən Azərbaycana gətiriliblər. Bunlar xarici kəşfiyyatın din pərdəsi altında öz siyasətini həyata keçirməsi üçün yetişdirdiyi qruplardır. Bunun dinə heç bir aidiyyəti yoxdur. Azərbaycan xalqı ömrü boyu normal qaydada dinə qulluq edib.
- Şirnikdirənlər arasında “nurçular” da varmı?
- İstənilən cərəyan ümumi dinin əleyhinə gedirsə, deməli, o, şirnikdirən cərəyandır.
- “Nurçu”larla bağlı ehtiyatlı danışırsınız. Hədəfə götürülməkdən ehtiyat edirsiniz?
- Məni hər kəs yaxşı tanıyır. Bilirlər ki, heç bir cərəyan-filan tanımıram. Mən Allaha, Onun peyğəmbərinə və imamlarına qulluq edirəm.
- Bu gün işdən azad olunmuş Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun adı bu cərəyanla sıx hallanırdı...
- Adı nə cür hallanıbsa, bunun ümumi işə aidiyyəti yoxdur. Azərbaycanda nurçuluğun kökü ola bilməz. Nurçuluq əsasən sünnilik üzərində qurulmuş dini cərəyandır. Azərbaycan əhalisinin 85 faizi şiədir. Belə götürəndə müxtəlif cərəyanlar, dini təriqətlər var ki, onlara pul, vəsait ayırırlar. Azərbaycanda bunların hansınınsa genişmiqyaslı hərəkatının olması mümkün deyil. Çünki bu təriqətlərin heç biri şiəlikdə yoxdur. Olmadığına görə də, burada heç bir rolları ola bilməz. Adları hallanan şəxslər də özləri çıxıb cavab verə bilər ki, hansı cərəyana qulluq edirlər.
- İşin təhlükəli tərəfi odur ki, bir çox ölkədən fərqli olaraq Azərbaycanda müxtəlif dini cərəyanlara qoşulanlar bunu heç vaxt elan etmirlər...
- Bu, qadağan deyil, qadağan olunan məsələ yoxdur. Əgər kimsə dinin hansısa cərəyanına qulluq edirsə, bu onun dini inancıdır. Buna görə Azərbaycanın nə konstitusiyasında, nə qanununda qadağa yoxdur. Sadəcə olaraq qanunu pozmamalı, antikonstitusion, qanunsuz fəaliyyət göstərməməlidirlər. Qanun çərçivəsində hansı icmanı istəyirsənsə, yaradıb, qeydiyyatdan keçirib fəaliyyət göstərə bilərsən.
- Prezident İlham Əliyev yanvar ayında regionların sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirə keçirmişdi. Həmin müşavirədə Prezident məmurların diqqətinə çatdırmışdı ki, xarici dairələrin təsiri altına düşməsinlər. Sizcə, Prezident “nurçu”ları nəzərdə tuturdu?
- Prezident ümumi qaydada bu məsələni qaldırdı və qabaqcadan da xəbərdarlıq etdi. Ola bilər, kimisə nə vaxtsa yolundan azdırıblar, çaşdırıblar, müxtəlif yollara salıblar, belə adamlar bu haqda əvvəlcədən müvafiq orqanlara məlumat versinlər, qorxmasınlar, çəkinməsinlər. Sonra onlar daha ağır proseslərlə qarşılaşa bilərlər. Onlara verilən tapşırıqlar dövlətin, dövlətçiliyin, vətənin, millətin əleyhinə ola bilər. Kimsə ehtiyatsızlıq ucbatından hansısa xarici təsir altına düşür, sonradan altından çıxa bilmir. Təbii ki, məmur hamıdan öncə bu məsələlərə diqqətli olmalıdır.
“Nurçu”luq əslində Türkiyədədir, son vaxtlar Türkiyə hakimiyyəti ilə Fətullah Gülən arasında gedən gərgin mübarizənin nəticəsi və ölkədə keçiriləcək bələdiyyə seçkilərinə xarici qüvvələrin təsiri olaraq gündəmə gəlib. Azərbaycanda bu azdır, bir qədər Türkiyədə təhsil alanların arasında ola bilər. Və ya kimsə tamahı, ehtiyacı ucbatından bu təsir altına düşə bilər.
- Ukraynanın Krım bölgəsində keçirilən referendumu necə qiymətləndirirsiniz?
- Biz başqa dövlətlərin işinə qarışmırıq. Biz həmişə başqa dövlətlərdən və beynəlxalq təşkilatlardan xahiş etmişik ki, Azərbaycanın daxili işlərinə qarışmasınlar. Biz bu gün də bu prinsipimizə sadiqik və heç bir dövlətin daxili işinə qarışmırıq.
- Amma Ukrayna separatizmlə üzləşib. Azərbaycan da separatizmdən əziyyət çəkir...
- Aydın məsələdir. Ona görə Azərbaycan həmişə elan edib ki, bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır və onlar da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar.
- Ekspertlər hesab edir ki, Rusiya amilinə görə Azərbaycan Ukrayna məsələsində konkret mövqe tuta bilmir. Bu fikirlə razısınızmı?
- Xeyr, məhz Azərbaycan çoxlarından fərqli olaraq bu məsələdə konkret mövqe tutur. Xarici İşlər Nazirliyi də bildirib ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu, Azərbaycan hökuməti adından rəsmi şəkildə bəyan olunub, hakim partiyanın da mövqeyidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik.
- Baş verənlərin sonu necə görünür?
- Bu xəmir hələ çox su aparacaq.
- Səbəbi nədir? Böyük dövlətlərin iştirakı ilə müharibənin olması ehtimalı varmı?
- Dedim axı, bu xəmir çox su aparacaq. Bunun çox cəhətləri var. Suyu tökdükcə görəcəksiniz.
- Biz Ukrayna ilə həm də GUAM çərçivəsində müttəfiqik. Sizcə, müttəfiqimizə lazımi dəstəyi verə bilirikmi?
- Lazımi qərarı vermişik. Ərazi bütövlüyü bizim üçün ən əsas şərtdir. Biz nə edə bilərik, onu etmişik. Başqa kim nə edəcək, hansı addımı atacaq, biz ona şərh verə bilmərik.
- Son günlər ölkəmizin paytaxtında aparılan söküntülər və metro stansiyalarının keçidlərində ticarətin dayandırılması kimi hallar Azərbaycanda sosial partlayışa gətirib çıxara bilərmi?
- Biz yavaş-yavaş bu məsələləri qanun çərçivəsində öyrənməliyik. Nə iş görürsənsə, bütün bunlar qanun çərçivəsində olmalıdır. Qanunu bir tərəfdə pozacaqsansa, o biri tərəfdə sən bunun əziyyətini çəkəcəksən. Ona görə də, kiməsə pul verib müqavilə imzalamamaq kimi işlərin sonu yoxdur. Azərbaycan vətəndaşı mülkiyyətini idarə etmək istəyirsə, bu məsələlər hüquq müstəvisində həllini tapmalıdır ki, sabah da məhkəməyə üz tuta bilsin. Kiməsə beş manat verib obyekt götürüb işlətmək, gəlir vergisi, sosial sığorta haqqı ödəməməklə gələcəkdə hansısa mülkiyyət hüququnu tələb etmək mümkün deyil. Bu, hər sahəyə aiddir. Kimin hüquqi cəhətdən sənədləri qaydasındadırsa, heç bir problemi yoxdur. Kimin bu baxımdan problemi varsa, o da Azərbaycan vətəndaşıdır və Bakı şəhər İcra Hakimiyyəti bu işlə məşğuldur. Onlarla bir neçə dəfə görüş keçirilib və yəqin ki, razılığa gəliblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

