Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Fəaliyyətimizin əsas məqsədlərindən biri Azərbaycan həqiqətlərini dünyada geniş yaymaqdır

Fəaliyyətimizin əsas məqsədlərindən biri Azərbaycan həqiqətlərini dünyada geniş yaymaqdır

13.02.2015 [10:02]

Ramin Məmmədov: Dəyişən qlobal dünyadakı çağırışlar gənclik üçün həm fürsət, eyni zamanda, bir imtahandır
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədovdur:
- Ramin müəllim, hazırda cəmiyyətimizdə 2014-cü ilin yekunları müzakirə olunur. Bu baxımdan ötən il ərzində YAP Gənclər Birliyi beynəlxalq əlaqələr müstəvisində hansı uğurlara imza atdı?
- Ümumiyyətlə, YAP Gənclər Birliyi ənənəvi olaraq hər ötən ilə nəzər salır, görülən işləri analız edir və bütün bunların fonunda qarşıdakı dövr üçün fəaliyyət planlarını müəyyənləşdirir. Təbii ki, hər bir siyasi təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişafıdır. Bu mənada YAP Gənclər Birliyi də yarandığı vaxtdan beynəlxalq əlaqələrə böyük önəm verib. Bilirsiniz ki, Azərbaycan uğurlu xarici siyasət həyata keçirir, ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu, normal münasibətlər qurulub. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Həyata keçirilən uğurlu xarici siyasət dünyanın ölkəmizə marağını artırıb. Məhz bunun nəticədir ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.
Əlbəttə, bu amil bizim üçün bir stimul, həm də çağırışdır ki, Azərbaycanın ən böyük gənclər təşkilatı olan YAP Gənclər Birliyi olaraq ölkəmizi dünyada layiqli səviyyədə təmsil edək, ölkə həqiqətlərini beynəlxalq müstəvidə fəal şəkildə təbliğ edək. 2014-cü ildə bu istiqamətdə fəaliyyət göstərmişik. Məqsədlərimizdən biri YAP Gənclər Birliyinin bəzi beynəlxalq gənclər təşkilatlarına üzv seçilməsi və onların rəhbər orqanlarında təmsil olunmasıdır. Bu da ölkəmizin təbliğatı üçün vacib məsələdir. Ötən ilin ilk aylarında YAP Gənclər Birliyi həm Avropa, həm də Asiya istiqamətində aktiv fəaliyyət göstərdi. Biz İCAPP gənclər birliyində fəal təmsil olunuruq. Mən YAP Gənclər Birliyinin nümayəndəsi olaraq, iki il öncə bu təşkilatın sədr müavini seçildim. 2014-cü ilin fevral ayında Malayziyada keçirilən növbəti iclasda isə bütün işirakçıların etimadını qazanaraq birinci vitse-prezident seçildim. Bu, bütövlükdə YAP-ın fəaliyyətinə, həm də onun Gənclər Birliyinin işinə verilən qiymətdir. Bu, partiyamızın uğurudur. Beləliklə, Asiya istiqamətindəki fəaliyyətimiz müsbət nəticələr verir.
YAP Gənclər Birliyi olaraq Avropanın gənclər təşkilatları ilə də yaxşı əlaqələr qururuq. Uğurlarımızdan biri Demokratik Gənclər Cəmiyyətinə (DEMYC) üzv olmağımızdır. Bu təşkilatın böyük tarixi var. 2014-cü ilin yay aylarında Serbiya və Bosniya-Herseqovinada təşkilatın konqresinin iclasında əsas məsələlərin biri YAP Gənclər Birliyinin təşkilata üzv seçilməsi idi və biz tam dəstək aldıq. Əlbəttə ki, bu, YAP Gənclər Birliyinin növbəti uğurlarından biridir. Bütün bunlarla Avropa cəmiyyətinə, gəncliyinə nümayiş etdiririk ki, nəinki coğrafi baxımdan, ümumiyyətlə, bir çox məsələlərə yanaşmada Avropa dəyərlərinə çox yaxınıq.
Eyni zamanda, Avropa Xalqları Partiyasının gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Onlardan biri olan Avropa Demokrat Tələbələr Birliyinin (EDS) şura iclaslarında, həm də yay, qış universitetlərində fəal iştirak etmişik. Ümid edirik ki, bu il ərzində həmin təşkilata üzv olmaq müsbət həllini tapacaq. Ötən il ərzində ənənəvi əməkdaşlıq etdiyimiz təşkilatlarla münasibətlərimiz yeni mərhələyə yüksəlib. Eyni zamanda, bir sıra təşkilatlar var ki, onlarla yeni əməkdaşlığa başlamışıq. Bunlardan biri dünyanın bir çox ölkəsinin gənclərini birləşdirən Beynəlxalq Gənc Demokratlar Birliyidir (İYDU). Ötən ilin sentyabr ayında təşkilatın Portuqaliyanın Lissabon şəhərində keçirilən iclasında təmsil olunduq. Təbii ki, bu bizim üçün yeni mərhələdir. Məqsədimiz bu təşkilata da üzv olmaqdır. Digər təşkilat isə Avropa Gənc Konservativ və Xristian Gənclər Birliyidir (ECYN) ki, bu, sağ-mərkəzçi gənclər təşkilatıdır. Azərbaycan tolerant ölkədir, ölkəmizdə bütün dinlərə normal şərait yaradılıb. Gənclər olaraq ölkəmizdəki bu mühiti belə təşkilatlar vasitəsilə dünyada yaymağa çalışırıq. Qarşı tərəf bu məlumatları məmnunluqla qarşılayır və ölkəmizə səfər edib real vəziyyəti görmək istəyirlər.
YAP Gənclər Birliyi beynəlxalq qurumlarla yanaşı, ikitərəfli münasibətlərə də üstünlük verir. Belə ki, 2014-cü ildə bu istiqamətdə də tədbirlər həyata keçirilib. Ötən ilin fevral ayında Macarıstanın hakim partiyası olan “FİDESZ” Partiyasının gəncləri Azərbaycana səfər ediblər. Həmçinin, İsraildə koalisiya hökumətində yer alan “İsrail bizim evimizdir” Partiyasının (Beitenu) gəncləri ölkəmizdə səfərdə olublar. Bununla yanaşı, DEMYC-in sədri, Avropa Gənclər Forumunun idarə heyətinin üzvləri, Macarıstandan tələbə nümayəndə heyəti Azərbaycana səfər ediblər. Bu səfərlər YAP Gənclər Birliyinin dəvəti ilə reallaşıb. Bu səfərlər çərçivəsində xarici qonaqlar Azərbaycanla bağlı dolğun məlumatlar əldə edirlər.
2014-cü ildə İsraildə DEMYC-in konqresi keçirildi. Həmin tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak etdi. Tədbirdə təşkilatın yeni rəhbər heyəti seçildi. Onların ilk qərarlarından biri belə oldu ki, YAP Gənclər Birliyinin nümayəndəsi gələcəkdə siyasi komitədə təmsil olunsun. Yəqin ki, DEMYC-in idarə heyətinin növbəti iclasında bu məsələ müsbət həllini tapacaq.
Ümumiyyətlə, layihələrimiz, görüşlərimiz və səfərlərimizin yekunu kimi deyə bilərəm ki, istər beynəlxalq təşkilatlarda, istərsə də ikitərəfli münasibətlərdə Azərbaycan həqiqətlərini yaymağa çalışırıq. Bu bizim əsas vəzifəmizdir.
Qeyd edim ki, YAP Gənclər Birliyi son 3 il ərzində dünyanın 70-dən çox ölkəsini təmsil edən gənclər təşkilatları ilə sıx əməkdaşlıq qurmağa nail olub. Digər tərəfdən isə, 10-a yaxın beynəlxalq təşkilatla münasibətlər qurmuşuq. Bizim bu istiqamətdəki fəaliyyətimizə YAP rəhbərliyi hər zaman böyük dəstək verir və buna görə də, partiya rəhbərliyinə təşəkkürümüzü bildiririk.
- YAP Gənclər Birliyi bu il ərzində beynəlxalq əlaqələr çərçivəsində hansı layihələr həyata keçirməyi nəzərdə tutur?
- Qeyd etdiyim kimi, bir sıra təşkilatlarla əməkdaşlığın yeni mərhələsi başlayır. 2014-də əməkdaşlığa başladığımız İYDU və ECYN-a üzv olmaq kimi məsələlər gündəmdədir. Ümid edirik ki, bu il ərzində YAP Gənclər Birliyinin həmin təşkilatlara üzv olmaq məsələsi müsbət həllini tapacaq.
Bundan əlavə, YAP Gənclər Birliyinin dəvəti ilə yaxın günlərdə ölkəmizə İtaliyadan böyük tələbə təşkilatlarının nümayəndələrinin səfəri gözlənilir. Həmçinin, Yunanıstandan da gənclərin səfəri nəzərdə tutulur. Eyni zamanda, Meksika, Braziliya və Kambocadan olan gənclər təşkilatlarının təmsilçilərinin də il ərzində Azərbaycana səfər edəcəyini gözləyirik. Uzaq coğrafiyadan gəncləri dəvət etməyimizin səbəbi odur ki, onlarda Azərbaycan haqqında dolğun rəy formalaşsın və reallıqları öz gözləri ilə görsünlər. Bir sözlə, bu il ərzində də YAP Gənclər Birliyinin beynəlxalq əməkdaşlıq sahəsində geniş proqramı var.
- Bu yaxınlarda xaricdə səfərdə olmusunuz. Səfər haqqında məlumat verərdiniz...
- Bir neçə gün öncə YAP Gənclər Birliyinin nümayəndə heyəti Niderlandın paytaxtı Amsterdam şəhərində ECYN-nin şura iclasında iştirak edib. Səfərin əsas məqsədlərindən biri o idi ki, ölkədə və dünyada dini aspektdə baş verən proseslər fonunda ölkəmizdəki mühiti avropalı gənclərin diqqətinə çatdıraq. Qeyd etdiyim kimi, ölkəmizdə bütün dini konfessiyalar üçün normal şərait yaradılıb. Bununla bağlı tədbirdə keçirdiyimiz təqdimat əsasında belə bir razılaşma oldu ki, həmin təşkilatın nümayəndə heyəti yaz aylarında ölkəmizə səfər etsinlər. Bu səfər çərçivəsində ölkəmizdəki real mənzərənin şahidi olacaqlar.
- Siz tez-tez xarici ölkələrdə səfərdə olursunuz. Ümumiyyətlə, müasir dövrdə dünya gənclərini əsasən hansı məsələlər düşündürür? Qloballaşma şəraitində onların proseslərə baxışları necədir?
- Bildiyiniz kimi, qloballaşma şəraitində dünya çoxlu dəyişikliyə məruz qalıb. Dünyada müxtəlif çağırışlar, gənclər qarşısında müəyyən çətinliklər mövcuddur. Bu çətinliklər dünya gəncliyinə həm də müəyyən mənada fürsət kimi qələmə verilə bilər. Çünki çətinliklərin aradan qaldırılması üçün vacib ideyalar, layihələr də irəli sürülür. Azərbaycan gəncləri də dünya gəncliyinin bir tərkib hissəsidir. Hesab edirik ki, qloballaşan dünyanın çətinlikləri, eyni zamanda, bizə bir imtahandır. Dəyişən dünyada gənclər nə qədər həmrəy olacaqlar, problemlərə necə cavab verəcəklər, bütün bunlar vacib məsələlərdir.
Azərbaycan gəncliyinin qloballaşan dünyada rolu ondan ibarətdir ki, biz dövrün çağırışlarına cavab verməyə çalışırıq. Gənclər qonşu ölkələrdə baş verən problemlərdən narahatdırlar. Ona görə də, ölkə daxilində sabitliyin, inkişafın qorunub saxlanması, xarici və daxili düşmənlərə layiqli cavabların verilməsi gənclərimiz qarşısında duran əsas vəzifələrdir. Bu prosesdə milli maraqlar kontekstindən çıxış etmək lazımdır. Ümumiyyətlə, dəyişən qlobal dünyadakı çağırışlar gənclik üçün həm fürsət, eyni zamanda, bir imtahandır. Fikrimcə, Azərbaycan gəncliyi müasir çağırışlardan yaxşı istifadə etməyə qadirdir və qloballaşmanın imtahanlarından da başıuca çıxacaq.
- Ramin müəllim, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalandı. Bu sənəd gənclər üçün hansı hədəfləri nəzərdə tutur? Strategiyanın əhəmiyyəti haqqında fikirlərinizi bildirməyi xahiş edirik...
- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” zamanında qəbul edilmiş sənəddir. Sənədlə yaxından tanış olanda görürük ki, bu, sadəcə, Azərbaycan gəncliyini əhatə etmir. Yaş məhdudiyyəti qoyulsa belə, gələcək nəsillərə şamil olunur. Strategiya gənclərin təkcə təhsil, məşğulluq probleminin həllinə deyil, eyni zamanda, gənclərin layiqli vətəndaş kimi yetişməyə xidmət edir. Bu Sərəncamı imzalamaqla Prezident İlham Əliyev bir daha təsdiq etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir. Dövlət başçısı Azərbaycan gəncliyinin böyük dostudur, lideridir. Biz bununla qürur duyuruq.
Bildiyiniz kimi, Azərbaycan dövləti daim gəncliyin inkişafına xüsusi diqqət yetirir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması tarixi əhəmiyyət kəsb edir. Sənəddə gənclərin inkişafı ilə bağlı ən müxtəlif məsələlər əks olunub. Bütün bunlar isə gənc nəslin uğurlu gələcəyinə xidmət edir. Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır.
Bütövlükdə, gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olublar. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında aparıcı mövqeləri ilə ictimai-siyasi proseslərin önündə yer almaları, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunmaları, mükəmməl şəkildə təhsil almaları, müasir tələblərə cavab verən peşəyə sahib olmaları və onların ölkənin tərəqqisində fəal iştirak etmələri üçün məqsədyönlü tədbirlər görülür. Dövlət hər zaman gəncləri müdafiə etdiyini, dəstəklədiyini birmənalı şəkildə nümayiş etdirir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 915 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30