Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Əli Əhmədov: Məqsədimiz Konstitusiyanı daha da təkmilləşdirmək və Azərbaycanın gələcək inkişafı üçün şərait yaratmaqdır

Əli Əhmədov: Məqsədimiz Konstitusiyanı daha da təkmilləşdirmək və Azərbaycanın gələcək inkişafı üçün şərait yaratmaqdır

14.03.2009 [15:40]

İctimai münasibətlərin təkmilləşdirilməsi bütövlükdə cəmiyyətin inkişafını təmin edən çox vacib amillərdən biridir
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, MM-in deputatı Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, məlum olduğu kimi ötən ilin dekabr ayında Yeni Azərbaycan Partiyasının ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təşəbbüsü Milli Məclis tərəfindən dəstəkləndi və parlament bu il martın 18-də ümumxalq səsverməsinin keçirilməsi haqqında qərar qəbul etdi. Azərbaycanın sürətli inkişafı şəraitində Konstitusiya islahatları cəmiyyətin sosial sifarişidir. Bu baxımdan, Siz necə hesab edirsiniz, Konstitusiya islahatları müstəqil dövlətimizin daha da inkişafı və güclənməsi prosesində nə dərəcədə rol oynayacaq?
- Hər bir təşəbbüs irəli sürülərkən bu təşəbbüsün faydalı tərəfləri mütləq şəkildə ölçülüb-biçilir və fayda olacaqsa, onda həmin təşəbbüs irəli sürülür. YAP Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar təşəbbüs irəli sürərkən, hər şeydən əvvəl Azərbaycanın Konstitusiyasını və Konstitusiyada müəyyənləşdirilmiş hüquqi normaların ölkəmizin bugünkü inkişafına maksimum dərəcədə uyğunlaşdırılması prinsiplərindən və istəyindən çıxış edibdir. Biz hesab edirik ki, istənilən qanunvericilik bazası cəmiyyətdəki ictimai münasibətləri daha yaxşı təkmilləşdirmək funksiyası kimi bir vəzifəni yerinə yetirir və ictimai münasibətlərin təkmilləşdirilməsi bütövlükdə cəmiyyətin inkişafını təmin edən çox vacib amillərdən biridir. Bu mənada Konstitusiyanın bu və ya digər müəddalarının təkmilləşdirilməsi məqsədilə Azərbaycanın Əsas Qanununa bəzi düzəlişlərin təklif edilməsində məqsəd ictimai münasibətlər sferasının təkmilləşdirilməsi zəminində və əsasında ölkənin inkişafına daha da təkan verməkdən ibarət olub. Azərbaycanın Konstitusiyası 1995-ci ildəqəbul edilmiş müstəqil Azərbaycanın ilk Milli Konstitusiyasıdır. Məmnunluq hissi ilə demək lazımdır ki, ötən müddət ərzində Azərbaycan dövlətçiliyinin möhkəm dayaqlar üzərində qərar tutmasında ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında qəbul olunmuş Konstitusiya müstəsna rol oynayıb. Bu gün Azərbaycanın hüquqi, dünyəvi, müasir dövlət kimi mövcudluğu bir çox səbəblərlə yanaşı, 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bilavasitə əlaqədardır. Amma həyat sürətlə inkişaf edir, Azərbaycanın 1995-ci ildən bu yana həyatın bütün sahələrində - istər iqtisadiyyat, istər sosial sfera, istər demokratiya, istərsə də, beynəlxalq münasibətlər sahələrində böyük inkişaf yolu keçibdir. Azərbaycan əhəmiyyətli dərəcədə dəyişibdir, ölkəmizin iqtisadiyyatı çox böyük inkişaf mərhələsi keçərək, güclü iqtisadiyyata çevrilib. Və bütün bunların hamısı Azərbaycanın Konstitusiyasının bir sıra müddəlarının həyatımızın inkişafına uyğunlaşdırılması və bu uyğunlaşdırma zəminində inkişafın gələcək gedişinə təkan verilməsi kimi vacib tələbi irəliyə sürür. Bu tələblərdən çıxış edərək, YAP Azərbaycanın Əsas Qanununa bir sıra dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürübdür.
Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan parlamenti YAP-ın bu təşəbbüsünü birmənalı şəkildə dəstəklədi. Eyni məmnunluq hissi ilə mən Azərbaycan vətəndaşlarının da Konstitusiyaya təklif edilən dəyişikliklərin qətiyyətlə dəstəklədiklərini deyə bilərəm. Ən azından bu fikri demək üçün mən YAP-ın çoxlu sayda təşviqatçılarının Azərbaycanın bütün bölgələrində keçirdiyi görüşlərə istinad edirəm. çünki bu görüşlərdə insanlar birmənalı şəkildə öz dəstəklərini ifadə edirlər. Beləliklə, bizim niyyətimiz tamamilə aydındır. Məqsədimiz Azərbaycanın Əsas Qanununu daha da təkmilləşdirmək, vətəndaşların hüquq və azadlıqları sisteminin daha etibarlı müdafiəsi istiqamətində addımlar atmaq və bütün bunların zəminində Azərbaycanın həyatının bütün sahələrinin gələcək inkişafı üçün şərait yaratmaqdır.
- YAP bütün seçki kampaniyalarında olduğu kimi bu prosesdə də çevik və mütəşəkkil şəkildə fəaliyyət göstərir. YAP tərəfindən yaradılmış referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu ilk olaraq Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçdi. Artıq təşviqat qrupu təşviqat kampaniyasını yekunlaşdırmaq üzrədir. İstərdik ki, “Yeni Azərbaycan” təşviqat qrupunun fəaliyyəti haqqında məlumat verəsiniz?
- Mərkəzi Seçki Komissiyası tərəfindən referendum üzrə 9 təşviqat qrupu qeydə alınıb. Bunlardan ikisi Konstitusiya dəyişikliklərin əleyhinə çıxdıqlarını açıq şəkildə bəyan ediblər və özlərinin təşviqatının da məqsədinin bundan ibarət olduğunu hesab edirlər. Digər qruplar referenduma çıxarılan məsələləri dəstəkləyirlər. Sevindirici haldır ki, YAP bu təkliflərin müəllifi kimi MSK-da ilk təşviqat qrupu kimi qeydiyyatdan keçibdir. Bütövlükdə, ən geniş təşviqat kampaniyası da “Yeni Azərbaycan” təşviqat qrupu tərəfindən aparılır. Bu, bir daha onu göstərir ki, YAP-ın cəmiyyətdə çox etibarlı və geniş dayaqları var. Mən bu dayağı təkcə YAP üzvlərinin sayının çoxluğundan və yaxud YAP-ın daha geniş təşkilati şəbəkəyə malik olmasından ibarət olduğunu qeyd etmək istəmirəm. Baxmayaraq ki, bu amillər də partiyanın gücünün ifadəsinin ayrı-ayrı təzahürləridir. Amma YAP-ın ən böyük gücü insanların bu partiyaya olan inamıdır və təbii ki, insanlar partiyamıza inandıqlarına görə də, YAP-ın istənilən təşəbbüsü və bu təşəbbusün həyata keçirilməsi ilə əlaqədar təşkilati tədbirləri də istər-istəməz uğur qazanır. Bu gün “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri Azərbaycanın bütün böləgələrində iş aparırlar, görüşlər keçirirlər. Bütün bunların hamısının kökündə dayanan insanların bu partiyaya olan inamıdır. Bu inamın kökündə də, o dayanır ki, indiyə qədər YAP həm xalqa xidmət etdiyini dəfələrlə sübut edib, həm də öz sözünün arxasında durmağı bacaran təşkilat olduğunu təsdiqləyib. Hesab edirəm ki, bütün bunların hamısı ümumi şəkildə bu gün Azərbaycan iqtidarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bilavasitə nəticəsidir. Bu inamın kökündə dayanan amillərin əsası Prezident İlham Əliyevə olan inamdır, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti insanların birmənalı şəkildə dəstəkləməsidir. Məmnunluq hissi ilə onu da qeyd etmək istəyirəm ki, YAP ölkəmizdə son illərdə keçirilən bütün seçkilərdə yaxından iştirak etdiyindən, partiya böyük seçki təcrübəsi toplayıb. Bütün bunlar bizim təşviqat kampaniyamızın uğurunu təmin edən ayrı-ayrı amillərdir, əhəmiyyətli şərtlərdir. Güman edirəm ki, bu təşviqat kampaniyası bir tərəfdən referendumla əlaqədar seçki kampaniyasının uğurla başa çatmasını təmin edəcəkdir, digər tərəfdən isə bugünkü Azərbaycan iqtidarına və iqtidar partiyasına Azərbaycan xalqının inamının yeni bir ifadəsi kimi özünü təsdiqləmiş olacaqdır.
- Son prezident seçkiləri kampaniyası zamanı ölkə vətəndaşları bir sıra təkliflərlə çıxış ediblər ki, həmin təkliflərin bir hissəsi bu gün referenduma çıxarılıb. Bu mənada, prezident seçkiləri Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendumun keçirilməsinə nə dərəcədə təsir göstərdi?
- Bilirsiniz ki, Azərbaycan Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər təklif olunur. Əlbəttə, bunların bir neçəsi texniki xarakterlidirsə, böyük əksəriyyəti yuxarıda qeyd etdiyim ictimai tənzimləmə sferasına aiddir. Bu düzəlişlər insanların hüquq və azadlıqları sisteminin daha səmərəli və etibarlı şəkildə qorunması, Azərbaycanın Konstitusiyasının əsaslarının möhkəmləndirilməsi və s. əlaqədardır. Bundan savayı, Azərbaycan Konstitusiyasına təklif edilən düzəlişlərdən biri də 101-ci maddənin 5-ci bəndi ilə bağlıdır ki, həmin təklifin mahiyyəti Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhduiyyətin aradan qaldırılmasından ibarətdir. Belə bir təklifin meydana gəlməsi və təşəbbüsün irəli sürülməsi birmənalı şəkildə Azərbaycan vətəndaşlarının seçim imkanlarının genişləndirilməsi, bir az da dəqiq ifadə etsəm, seçicilərin seçmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırması ilə əlaqədardır.
Məsələ burasındadır ki, Azərbaycanın müstəqillik tarixi birmənalı şəkildə belə bir həqiqəti ortaya qoyub ki, Azərbaycanın inkişafına, dövlət maraqlarının ən səmərəli və etibarlı şəkildə qorunmasına təminat verə biləcək faktor şəxsiyyət faktoru ilə bilavasitə əlaqədardır və bu mənada liderə ictimai inamın və etibarın yüksək olması, ölkənin inkişaf etməsi üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi və bütövlükdə milli maraqların təmin edilməsi üçün ən etibarlı və vacib şərtlərdən biridir. Azərbaycanın 1990-cı illərdən bu yana olan tarixi birmənalı şəkildə göstərir ki, insanların etibar etdiyi lider o lider ola bilər ki, o insanların etibarını qazanmaq qüdrətinə sahib olsun və insanların etibarını qazanmaq üçün səylər göstərmiş olsun. Bu cür keyfiyyətlərə malik olmayan lider təbiidir ki, insanlar tərəfindən inamla qarşılanmayacaq. İnsanların inanmadığı liderin isə Azərbaycanın qarşısında duran vəzifələrin həll edilməsi və yaxud milli maraqların təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərməsi mümkün deyil. Bütün bunların hamısı insanların seçim hüquqlarının hər hansı bir məhdudiyyət olmadan həyata keçirilməsinə imkan yaradılmasını tələb edir. Azərbaycanın mövcud müasir Konstitusiyasında müəyyənləşdirilmiş norma insanların seçmək imkanlarına məhdudiyyət qoyubdur. Bu məhdudiyyət bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi şəklində özünü büruzə verib. Amma əslində isə, bu, konkret bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətdən daha çox insanların seçmək hüququna qoyulan məhdydiyyətdir.
Mən istərdim ki, bu gün Azərbaycanın Konstitusiyasına edilən dəyişikliklərin mahiyyətini təhrif edənlər məsələnin bu aspektinə fikir verməyə çalışsınlar. Bu, hansısa şəxsin iki dəfədən artıq prezident seçilməsi imkanlarının təmin edilməsi yox, xalqın seçmək hüququnun təmin edilməsindən savayı bir şey deyildir. Yəni, xalq kimi prezident görmək istəyirsə, kimin Azərbaycanın maraqlarına uyğun fəaliyyət göstərmək parametrlərinə malik olduğunu qəbul edirsə, bu iradəsini ifadə etmək imkanına malik olmalıdır. Ona görə də, bu təklifin meydana gəlməsinin başlıca səbəblərindən biri bundan ibarətdir və hesab edirəm ki, belə bir təklifin irləli sürülməsi bəzilərinin dediyi kimi demokratiyanın məhdudlaşdırılması anlamı ilə uyğun gəlmir. çünki insanların iradəsinin ifadəsindən savayı daha bariz şəkildə özünü ifadə edən demokratiyanı təsəvvür etmək mümkün deyil. Demokratiya xalq hakimiyyətidir və xalqın iradəsinin əsasında formalaşan hakimiyyətdir. Bundan savayı hər hansı bir hakimiyyət özünü doğrulda bilməz. Məsələnin ikinci tərəfi isə bundadır ki, bayaq qeyd etdiyim kimi, Azərbaycanın son 15 ilinin tarixi onu göstərir ki, ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi rolunu yalnız insanların etibar elədiyi, inandığı şəxsiyyətlər oynaya bilərlər.
Ulu öndər Heydər Əliyev 1993-ci ildən başlayaraq 2003-cü ilə qədər 10 il ərzində xalqın inamından qüvvə alaraq, ölkənin inkişafını təmin edirdi. 2003-cü ildən 2008-ci ilə qədər Azərbaycanın inkişafının kökündə dayanan çox əzəmətli faktorlardan biri təbii ki, xalqın Prezident İlham Əliyevə olan inamıdır. Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, xalqın Ona olan inamı Azərbaycanın qarşısında duran əzəmətli vəzifələri irəliyə sürmək və yerinə yetirmək qüvvəsi verən başlıca mənbələrdəndir. Beləliklə, xalqın inamını qazanmış, xalqın inamına istinad edən şəxsiyyət Azərbaycan tarixində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan reallıqlarından çıxış edərək qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev insanların birmənalı şəkildə inandığı və etibar etdiyi liderdir. Və belə olan halda bayaq dediyim məhdudiyyətin mövcud olması Onun namizədliyini irəli sürmək imkanlarını məhdudlaşdırır. Bununla da, ölkənin inkişaf ehtiyacları ilə formal konstitutusiyon normalar arasında ziddiyyət yaranmış olur. Xalq ölkənin inkişaf etməsini, milli maraqların təmin olunmasını inandığı liderin fəaliyyətində görüb ona növbəti etimadını göstərmək istəyir, amma Konstitusiya bu iradənin ifadəsini məhdudlaşdırır və beləliklə, cəmiyyətin, ölkənin inkişafı ehtiyacları formal konstitutusiyon normalarla ziddiyyətə girmiş olur.
Biz ölkənin inkişafının təmin edilməsi naminə bu ziddiyyətin aradan qaldırılması təşəbbüsünü irəli sürmüşük. Təşəbbüsümüzün mahiyyəti ondan ibarətdir ki, bir yandan insanlar öz iradələrini heç bir məhduddiyyət olmadan istifadə etmək imkanı qazanmış olsun, ikinci bir yandan isə, cəmiyyətin inkişafı ehtiyacları təmin edilmiş olsun. Prezident seçkiləri zamanı biz bu cür fikirləri və çağırışları insanların dilindən dəfələrlə eşitmişik. Azərbaycanın bütün bölgələrində prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyalarında insanlar birmənalı şəkildə bu çağırışları edirdilər və təbiidir ki, YAP-nın təşəbbüsünün irəli sürülməsində onlar böyük rol oynayıb. Mənbə oradan qaynaqlanır və mən belə hesab edirəm ki, Konstitusiya dəyişikliyinin bu qədər dəstəklənməsinin əsas səbəbi də bu təklifin prinsip etibarilə xalqın özündən gəlməsidir.
- Əli müəllim, Konstitusiya dəyişikliklərinin əleyhinə çıxan müxalifət partiyaları 101-ci maddənin 5-ci bəndinə təklif edilən dəyişikliklə bağlı ictimai rəyi çaşdırmağa çalışırlar. Onlar iddia edirlər ki, guya bu dəyişiklikdən sonra ölkədə monarxiya qurulacaq. ölkəmizin inkişafını görmək istəməyən və daim uğurlarımıza kölgə salmağa cəhd göstərən bu partiyaların indi də bu məsələni yanlış formada cəmiyyətə təqdim etmək niyyətlərini necə izah edərdiniz?
- Azərbaycanın Konstitusiyasına təklif olunan dəyişiliklərin və konkret olaraq 101-ci maddənin 5-ci bəndinə olan dəyişikliyin Azərbaycanda guya monarxiya qurulması və ömürlük prezident institutunun yaradılması kimi cəmiyyətə təqdim edilməsi qədər bu kampaniyaya bəsit münasibətin ifadəsini təsəvvür etmək mümkün deyil. Mən heç də demək istəmirəm ki, bu cür təhriflərin müəllifi olanların hamısı monarxiyanın və ya ömürlük prezident institutunun nədən ibarət olduğunu bilmirlər. Onların bəziləri bunu bilməsələr də digərləri bilir. Lakin heç bir məsuliyyət hiss etmədən, utanıb-çəkinmədən insanları aldatmağa cəhdlər göstərirlər.
Belə düşünmürəm ki, monarxiya və ya ömürlük prezidentlik anlayışları barədə geniş açıqlama verilməsinə ehtiyac var. Bəs müxalifət niyə belə təhriflərə yol verir? Məsələ burasındadır ki, yenə də Azərbaycan tarixinin ortaya qoyduğu nümunə bundan ibarətdir ki, Azərbaycanda indiki müxalifət hakimiyyət uğrunda azad, demokratik mübarizə aparmaq vərdişlərinə sahib deyil. Məncə, onlarda buna istək də yoxdur. Əgər bir az da diqqətlə təhlil etsək, aydın olar ki, Azərbaycan müxalifəti sadəcə fürsətin yetişməsini istəyir ki, bu fürsətdən istifadə edərək hakimiyyəti zəbt istəyini həyata keçirsin. 1992-ci ildə onların hakimiyyətə gəlmə praktikası bu fikri söyləməyə əsaslar verir. Digər bir məsələ - 2003-cü ilin prezident seçkiləri kampaniyası ərəfəsində Azərbaycan müxalifətinin özünü qəribə aparması da bunu deməyə əsas verir. Əgər xatırlayırsınızsa, onların seçki taktikasında “X” günü anlayışı həlledici yer tuturdu. Heydər Əliyevin fiziki cəhətdən prezident seçkilərində iştirak etməməsini müxalifət öz qələbəsinin əsas şərti hesab edirdi. Düşünürdülər ki, beləliklə onlar seçki mübarizəsi meydanında rəqibsiz qalacaqlar.
çox yaxşı oldu ki, Azərbaycan xalqı belə bir imkanı müxalifətə vermədi və məhz cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildi. İndi isə təklif olunan dəyişikliyin əleyhinə çıxmaqla onlar 2003-cü ildəki taktikalarını başqa formada təkrarlamaq istəyirlər. Ən layiqli namizəd seçkilərdə iştirak edə bilməsin, bir növ boş meydan effekti yaransın və onlar da bundan yararlanaraq rəqabətsiz şəraitdə hakimiyyətə gəlmək iddialarını reallaşdıra bilsinlər. Azərbaycan vətəndaşları çox aydın şəkildə dərk edirlər ki, belə bir təklifin referendumda dəstəklənəcəyi təqdirdə müxalifətin arzuladığı “rəqibsiz seçki texnologiyası” iflasa uğrayır. Ancaq bu, müxalifətə seçki kampaniyasını aparmaqda heç bir maneə yaratmır. Əksinə, prezident seçkilərində heç bir məhdudiyyət qoyulmadan hamıya bərabər rəqabət aparması üçün şəraitin yaradılmasını nəzərdə tutur. Ona görə də, müxalifətin bu təklifə qarşı çıxması, onun mahiyyətini təhrif etməyə çalışması anlaşılan deyil. Mən inanıram ki, xalqımız bunu dərk edir və buna görə də müxalifətin çağırışlarını dəstəkləməyəcək.
- Əli müəllim, Azərbaycanda keçiriləcək referendumla əlaqədar məsələlər beynəlxalq aləmin də diqqət mərkəzindədir. Buna müxtəlif yanaşmalar var. Referendumun əleyhinə olan partiyalar onu da iddia edirlər ki, Konstitusiya dəyişiklikləri dünya tərəfindən demokratiya əleyhinə addım kimi dəyərləndiriləcək. Siz necə düşünürsünüz, ölkəmizdə keçiriləcək referendum dünyada necə qiymətləndirilə bilər?
- Əminliklə deyə bilərəm ki, Azərbaycan Konstitusiyaslna təklif olunan bu dəyişiliklərin, o cümlədən də 101-ci maddənin 5-ci bəndinə təklif edilən dəyişilikliyin əleyhinə hər hansı demokratik təfəkkür sahibi olan bir insan fikir söyləməz. Bütün bu dəyişiliklər xalqın iradəsinə hər hansı məhdudiyyətin qoyulmamasını nəzərdə tutur. Xalqın iradəsinə qarşı çıxmaq qeyri-demokratik təfəkkürün nümunəsidir. Bildiyiniz kimi, bu günlərdə Qərb dövlətlərinin mövqeyi isə bundan ibarətdir ki, Konstitusiya dəyişiklikləri ölkənin daxili işidir və xalqın iradəsindən asılıdır.
Demokratiyanın bütün dünyada qəbul edilmiş norması hakimiyyətin xalq tərəfindən formalaşmasıdır. Prezident seçkiləri qanunla müəyyənləşdirilmiş qaydada Azərbaycanda 5 ildən bir keçirilir. Xalqın eyni liderə bir neçə dəfə etimad göstərməsi heç bir demokratik ölkədə qeyri - demokratik hal sayılmır. Demokratiya elə xalqın iradəsinin təmin edilməsidir ki, bu da özünü ən bariz şəkildə heç bir məhdudiyyət qoyulmadan özünə rəhbər seçmək hüququnda və imkanında göstərir.

Paylaş:
Baxılıb: 1211 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31