Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ermənilərin azərbaycanlıları soyqırıma məruz qoyması faktlarını dünya ictimaiyyəti qəbul etməkdədir

Ermənilərin azərbaycanlıları soyqırıma məruz qoyması faktlarını dünya ictimaiyyəti qəbul etməkdədir

31.03.2009 [15:46]

Qənirə Paşayeva: ümummilli liderimiz Heydər Əliyevin Sərəncamına əsasən hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur
Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva www.yap.org.az saytına müsahibə verib:
- Qənirə xanım, 1918-ci ildə erməilər azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Tarix boyu ermənilər xalqımıza qarşı qətliamlar törədiblər. Sizcə, ermənilərin bu siyasətinin kökündə hansı amillər dayanır?
- Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar nəticəsində onminlərlə insan qətlə yetirilib. Təkcə 1918-ci ildə deyil, 1905-ci ildə, 1992-ci ildə də ermənilər xalqımıza qarşı misli görünməmiş vəhşiliklə qətliamlar törədiblər. Yəni ermənilər Azərbaycan xalqına qarşı, dinc insanlara qarşı çox qəddarlıqla, vəhşicəsinə soyqırım həyata keçiriblər. çox təəssüf ki, Sovet İttifaqı zamanı Azərbaycanın tarixi həqiqətləri lazımı və obyektiv şəkildə öyrənilmirdi. Daha doğrusu gerçəklərin yazılmasına və gənc nəslin bu tarixi öyrənməsinə icazə verilmirdi. Bilirsiniz ki, 1918-ci ildə ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımla bağlı heç zaman icazə verilmirdi ki, dərsliklərdə, müxtəlif mətbu orqanlarda yazılar dərc olunsun. Sovet senzurasının maşını buna icazə vermirdi. Buna görə insanlığa qarşı törədilən o vəhşilikləri, soyqırımı törədənlər öz layiqli cəzalarını almadılar. Azərbaycan Sovet İttifaqının tərkibində idi və Azərbaycan xalqı öz həqiqətlərini dünyaya çatdıra bilmirdi.
Amma çox təəssüf ki, həmin Sovet İttifaqı dövründə ermənilərə icazə verilirdi ki, tarixdə olmamış bir soyqırımı - qondarma “erməni soyqırımı” ilə bağlı abidə də qoysunlar, dünyaya yaysınlar, yalançı tarix kitabları yazsınlar. Yəni, ermənilərə yalançı soyqırımı yazmağa və yaymağa icazə verilirdi, amma Azərbaycan xalqına tarixi gerçəklikləri yazmağa və yaymağa icazə verilmirdi. Buna baxmayaraq həmin hadisələr insanların yaddaşında yaşayırdı və nəsildən-nəsilə bu vasitə ilə ötürülürdü. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra xalqın həqiqi, gerçək, real tarixinin yazılmasına başlandı. Kitablar, dərsliklər, məqalələr dərc edildi, bu istiqamətdə araşdırmalar aparıldı. Bu araşdırmalar ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri, qırğınları ifşa etdi.
- ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Ermənilərin törətdikləri qırğınların ifşa olunması və dünyaya çatdırılması baxımından bu Sərəncamın əhəmiyyəti nədən ibarətdir?
- Bəli, ümummilli liderimiz Heydər Əliyevin Sərəncamına əsasən hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu qərar tarixi sənəddir və çox böyük əhəmiyyətə malikdir. Həmin qərarla bu tarix rəsmi olaraq qeyd olunmağa başladı və ulu öndərimizin tapşırığı əsasında o dövrün araşdırılmasına, yazılmasına başlanıldı. Bu tarixin ən real sübutları faktlarla üzə çıxdı. Azərbaycanlıların soyqırımı ilə bağlı elmi məqalələr, kitablar çap olunur, filmlər çəkilir. Bütün bu sənədlər dünyada yayılır. Təbii ki, görülən işlər nəticəsində ermənilər bütün dünyada ifşa olunur.
- Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı təsdiq edən faktlardan biri Quba məzarlığıdır. Məzarlığı beynəlxalq aləmə təqdimatının səviyyəsi necədir? Bu fakt ermənilərin ifşasında nə dərəcədə rol oynayır?
- Qubada aşkar olunan toplu məzarlıq, ermənilərin azərbaycanlılara qarşı soyqırımı faktlarla göstərən nümunədir. Qubada aşkar olunan məzarlığa Amerikadan olan qonaqlarımızla biz gedib baxdıq. Amerikada Azərbaycan cəmiyyətinin rəhbəri Tomris Azəri, Yəhudi cəmiyyətinin əsas fəallarından olan Erik Yevdayev gördükləri faktları ABŞ-da yayacaqlarını bildirdilər. Qazıntı işlərini aparan mütəxəssislər bildirdilər ki, məzarlıqdakı insanların hamısı geyimsiz olublar, həmçinin onların sümüklərindən də bilmək olur ki, onlar necə qəddarlıqla qətlə yetiriliblər. Onların arasında kiçik yaşlı uşaqların, qadınların olması erməilərin törətdiyi bu vəhşiliyin göstəricisidir.
Siz bilirsiniz ki, bu işlərin başlanması nə qədər önəmlidir. Quba məzarlığı ilə bağlı soyqırım muzeyi yaradılması haqqında qərar var. çox önəmli bir iş olardı ki, biz xaricdən olan qonaqlarımıza faktları göstərə bilək. Quba məzarlığını görmək kifayət edər ki, ermənilərin necə vəhşiliklə soyqırım torətdiklərini anlayasan. Bundan sonra bu barədə kitab oxumağa da ehtiyac olmaz. Xatırlayırsınızsa, AŞ PA-nın sədri Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə Azərbaycanda olan zaman birlikdə Quba məzarlığını da ziyarət etdilər. Qonaq gördüyü mənzərədən dəhşətə gəlmiş, heyrətləndiyini vurğulamış və öz münasibətini açıq şəkildə bildirmişdi. Bizim ən vacib vəzifəmiz ondan ibarətdir ki, Quba məzarlığının kadrlarını bütün dünyaya yaymalıyıq. Bu sahədə fəaliyyətimizi daha da genişləndirməliyik. Müxtəlif ölkələrdə həm diasporlar, həm öz milli qurumlarımız vasitəsilə bu məsələni daha da geniş təbliğ etməliyik.
- Azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı faktların dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Bu layihələrin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bu faktların dünyaya çatdırilması istiqamətində çox böyük kampaniyalar həyata keçirir. Bu kampaniyaların nəticələrini də görürük ki, müxtəlif ölkələrdə nə qədər müsbət irəliləyişlər var. 31 Mart hadisələrinin dünyaya çatdırılması filmlər şəklində yayılması vacibdir. Soyqırımla bağlı dünyanın müxtəlif ölkələrində aksiyaların keçirilməsi, tanıdılma istiqamətində işlərimizi daha da sürətləndirməliyik. Mən ümüd edirəm ki, bu istiqamətdə işlər bundan sonra da davam edəcək. Eyni zamanda, beynəlxalq təşkilatlar çərşivəsində də biz bu məsələni daha da artırmalıyıq. Yəni, bu, ulu öndərimiz tərəfindən bizim qarşımıza qoyulan vəzifədir. Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində apardığı kampaniyalarda təbii ki, 1918-ci ildəki soyqırım da gündəliyə gətirilir. Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı filmdə də ermənilərin azərbaycanlıra qarşı soyqırımı vurğulanıb. Həmçinin vurğulanır ki, əslində Xocalı soyqırımındakı dəhşətlər 1992-ci ildə başlamayıb, ondan əvvəl, 1918-ci və ondan əvvəlki zamanlarda qətliamlar olub.
Tədbirlər zamanı müxtəlif xarici dillərdə dərc edilən kitablar paylanır. ümumiyyətlə, bu kimi vəzifələr Fondun öz qarşısına qoyduğu ən vacib məsələlərdir. Ermənilər o zaman Qubada yəhudilərə qarşı da soyqırım törədiblər. ABŞ-da olarkən bəzi konqresmenlərlə də görüşdük, biz bu barədə danışanda onlar bu faktlara çox böyük diqqət yetirirdilər.
Xüsusilə, yəhudi təşkilatlarının ABŞ-da böyük gücü var, onlar da bu məsələyə böyük diqqət ayırırdılar. Düşünürəm ki, biz bu məsələni də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu sahədə işlər artıq start götürüb. Hesab edirəm ki, bu sahədə işlər daha da sürətlənməlidir.
- Qənirə xanım, siz Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüsünüz. Nümayəndə heyəti Azərbaycan həqiqətləri, erməni təcavüzü barədə qurumda müxtəlif sənədlər yayıb. Bu haqda nə deyə bilərsiniz?
- AŞ PA-da da 1918-ci ildə etmənilərin Azərbaycana qarşı törətdiyi soyqırım, Quba məzarlığı ilə bağlı sənəd şəklində də yayılmışdı ki, ordakı müxtəlif ölkələri təmsil edən millət vəkilləri daha geniş məlumata malik olsun. Biz ötən il yaydığımız bu sənədlərdə soyqırımın 90 ilinin tamam olduğunu da vurğulamışdıq.
Biz sənədi tanıdılma istiqamətində hazırlamışdıq. İndi biz çalışacağıq ki, yeni sənədlərlə çıxış edək. Ermənilərin törətdiyi bu vəhşilik haqqında qərarların qəbul edilməsi istiqamətində də işlərimizi davam etdirəcəyik. Artıq bununla bağlı sənədlər yayılıb. Və təbii ki, bütün bunlar çox önəmlidir.
Faktlar onu göstərir ki, ermənilər Azərbaycan xalqına qarşı hansı soyqırımları törədiblər. Amma özləri bütün dünyanı aldatmağa çalışırlar. Təbii ki, bu faktların dünyaya çatdırılması onları çox narahat etməyə başladı. Xocalı soyqırımı ilə bağlı ABŞ-da tədbirlərin keçirildiyi məkanın qarşısında qalmaqal yaratmağa çalışırdılar. Gəlib şəkillər, kadrlar çəkirdilər ki, azərbaycanlılar aksiya keçirirlər və daha nələr... Tədbirlərdə iştirak edirdilər, sual verirdilər ki, ora toplaşan insanların fikirlərini yayındırsınlar.
Ermənilər ciddi narahat olmağa başlayıblar ki, onların vəhşiliyindən dünyada xəbər tutacaqlar. Jurnalist işlədiyim dövdə sənədli bir film hazırlamışdıq, Qarsda, İqdırda,Vanda, Ərzurumda da azəri türkləri var, orda da toplu məzarlıqlar aşkar edilmişdi. O məzarlıqlar beynəlxaq ictimaiyyətin gözü qarşısında açılmışdı. 1915-1918-ci ildə də ermənilərin Anadoluda nələr etdiklərinin sübutları var və 1920-ci əsrin əvvəllərində Azərbaycanda nələr törədiblərsə bunun da sübutları var.
Təbii ki, bu işlərin dünyaya çatdırılması istiqamətində müxtəlif qurumlarımızın, səfirliklərimizin, parlametin əməyi əvəzsizdir. Yenə də deyirəm, bu işlər Azərbaycan müstəqillik əldə edəndən sonra başlanıb.Artıq 90 ildir ki, ermənilər yalançı təbliğatlar aparırlar. Amma dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini bilməyə başlayıb.
- Qənirə xanım, ümumiyyətlə avropalı deputatlar bu faktları necə qarşılayır?
- Onların çoxu 1918-ci ildə ermənilərin Azərbaycana qarşı törətdiyi o soyqırımla bağlı az məlumatlıdırlar. Bəziləri var ki, burda səfərdə olarkən müəyyən məlumatlar alıblar, az da olsa informasiyaları var. Elələri də var ki, Azərbaycanda olmayıblar, tam məlumatsızdırlar. Ona görə də, bu cür məlumatların onların arasında yayılması vacibdir.
Nəzərdə tutmuşuq, həm kitab formasında yayılmasını təşkil edək, eləsi də var o qədər zamanı yoxdur ki, kitabı oxusun, biz kiçik məlumatlar şəklində yaymağı nəzərdə tutmuşuq. Biz qurumda parlamentarilərə video-roliklər təqdim etdik. çünki görüntü böyük təsir gücünə malikdir. Mən Quba məzarlığı ilə bağlı bir video-rolik hazırlamışdım. Onlar vəziyyəti gördülər və yazılı materiallarla birlikdə daha aydın məlumat ala bildilər. Biz bu həqiqətləri getdiyimiz hər yerdə yaymalıyıq. Təkcə bizim, yəni millət vəkilləri, diasporaların, səfirliklərin yox, hər bir kəsin üzərinə iş düşür. Azərbaycandan kənarda olan insanlar, xaricdə oxuyan tələbələr hər kəs bu məsələ ilə bağlı işləməlidir.
Bəziləri deyir ki, Xocalı soyqırımının üzərindən 17 il keçib. Xeyr, əslində bizim işimiz bundan sonra da nəticə verə bilər. Bunlar asan məsələ deyil. İstər neçə il keçsin, biz bu təbliğatı hər yerdə davamlı aparmalıyıq ki, ermənilərin xalqımıza qarşı torətdiyi bu məsələləri ictimaiyyət bilsin, hadisələri törədənlər qınansın və onların cəzalandırılması istiqamətində səylərimizi daha da artırmalıyıq.
Bu bizim tariximizdir və biz onun dünyada tanıbılması üçün lap 100 il də gözləməliyik. Bizim öz gənclərimiz də bu tarixi yaxşı bilməlidirlər. çünki tarixi unutqanlıq millət üçün pis nəticələr verir. Biz nəinki unutmalı, əksinə dünyaya yayılması üçün bu tariximizi geniş təbliğ etməliyik. Azərbaycan Prezidenti də həqiqətlərin dünyaya çatdırılması istiqamətində olduqca böyük işlər görür. Mən inanıram ki, gələcəyə doğu biz işlərimizi daha da sürətləndirib daha çox nəticə əldə edə biləcəyik.

Paylaş:
Baxılıb: 1229 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31