Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan təkcə Türkiyənin deyil, həm də haqqın və ədalətin yanında oldu

Azərbaycan təkcə Türkiyənin deyil, həm də haqqın və ədalətin yanında oldu

10.08.2016 [10:13]

İsmayıl Alper Coşqun: 15 iyul dövlət çevrilişi cəhdi terror fəaliyyətidir
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibə verib:
- Cənab səfir, hazırda dünya mətbuatında ciddi müzakirə predmetinə çevrilən məsələlərdən biri Türkiyədə baş vermiş 15 iyul hadisələridir. Bu hadisələrin mahiyyəti və səbəbləri barədə fikirlərinizi bilmək istərdik...
- Bundan öncə KİV-ə verdiyim müsahibələrdə də qeyd etdiyim kimi, həqiqətən də, iyulun 15-də Türkiyə müasir tarixinin ən böhranlı gününü yaşadı. Həmin gün baş verən hadisələr hər hansı siyasi partiyaya və ya şəxsə qarşı deyil, sözün əsl mənasında, konstitusion quruluşun devrilməsini hədəfə alan, Türkiyənin çökdürülməsi məqsədinə xidmət edən xainlərin çevriliş cəhdi idi. Bəhs etdiyim çevriliş cəhdi Türkiyə Silahlı Qüvvələrinin içində yuva salan bir qrup xain tərəfindən edildi. Və təbii ki, çağdaş tariximizin ən mühüm dönüş nöqtələrindən biri olan bu hadisələr Türkiyə üçün acı təcrübə oldu.
Məlum olduğu kimi, hazırda müasir dünyada dövlətlərin qarşısında müxtəlif təhdidlər mövcuddur ki, bunların başında da terrorizm təhlükəsi gəlir. Eyni zamanda, Türkiyə bu zamana qədər çox ciddi terror aktları ilə üzləşib. 15 iyul dövlət çevrilişi cəhdi də, əslində, bir terror fəaliyyətidir. Çünki ölkənin konstitusion quruluşuna qarşı olan bu hadisələrin arxasında Fətullahçı terror təşkilatının yer aldığı sirr deyil. Uzun müddət dövlətimizin ayrı-ayrı qurumlarının daxilinə sızaraq gizli fəaliyyət göstərmək və son nəticədə dövlətin, millətin iradəsinə qarşı çıxaraq çevrilişə cəhd etmək yeni növ terror fəaliyyətidir. Bildiyiniz kimi, bu terror fəaliyyətinin qarşısı məhz xalqımızın küçələrə çıxması, öz dövlətini qoruması sayəsində alındı və xain çevriliş cəhdi baş tutmadı. Yəni iyulun 15-də gecə türk xalqı demokratiyaya sahib çıxdı, öz iradəsini ortaya qoyaraq dövlətini dəstəklədi. Bir sözlə, dövlət çevrilişinə cəhd edən terrorçu qüvvələr Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdi. Xalqın meydanlara axışaraq mövqeyini nümayiş etdirdiyi həmin vaxt ölkədəki siyasi partiyalar da dövlətin yanında oldu. Beləliklə də, Türkiyədə demokratiya qələbə qazandı.
Çevrilişə cəhd edənlərə qəhrəman Türk xalqının hansı şəkildə təpki verdiyini, insanların ölüm bahasına demokratiya və konstitusiyaya necə sahib çıxdığını hamılıqla gördük. Siyasi partiyalarımızın, sadə vətəndaşlarımızın, mətbuatın və vətəndaş cəmiyyəti təşkilatlarının nümayiş etdirdiyi mövqeyin şahidi olduq. Türkiyədə demokratiya qələbə qazandı. Şübhəsiz ki, Türkiyə bu hadisələrdən güclənmiş çıxacaq. Çünki dediyimiz kimi, xalqımız seçilmiş hökumətini və prezidentini, konstitusiyasını, demokratiyanı qorumaq üçün ayağa qalxdı və daha böyük fəlakətlərin yaşanmasına imkan vermədi.
Məlum olduğu kimi, bu çevriliş cəhdindən sonra Türkiyədə fövqəladə vəziyyət elan edildi ki, bu da olduqca təbii və qanunauyğundur. Yəni fövqəladə vəziyyət Türkiyə Cümhuriyyətinin Konstitusiyasına əsasən elan olunub və hökumətin belə gərgin vəziyyətlərdə məcburən həyata keçirdiyi bir tədbirdir. Digər tərəfdən, bu, Türkiyənin qoşulduğu beynəlxalq müqavilələr və konvensiyalara da zidd deyil. Yəni Türkiyənin qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”nda fövqəladə vəziyyət yarandığı təqdirdə dövlət tərəfindən lazımi tədbirlərin görülməsi ilə bağlı müddəa əksini tapıb. Beləliklə, fövqəladə vəziyyətin elan edilməsi yerli hüquq və beynəlxalq müqavilələr baxımından yolveriləndir. Hüquqi, demokratik dövlət olan Türkiyə bütün addımlarını bu prinsiplər çərçivəsində atır.
Lakin təəssüflər olsun ki, Türkiyənin həyata keçirdiyi bu tədbirlər bəzi Qərb dövlətləri tərəfindən yanlış baxış bucağından şərh edildi. Sanki, elə təəssürat yarandı ki, guya dünyada fövqəladə vəziyyət elan edən tək ölkə Türkiyədir. Əlbəttə, bu, doğru olmayan yanaşmadır. Həm də beynəlxalq hüququ, müqavilə və konvensiyaları gözardı etməkdir. Axı hər kəsə bəllidir ki, Türkiyə Cümhuriyyəti fövqəladə vəziyyət elan etməklə bağlı qərarı ən kritik məqamda verdi. Bu qərar ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yarandığı zaman qəbul olundu, ölkənin təhlükəsizliyinin, suverenliyinin qorunması üçün bu addım atıldı. Xatırlayırsınızsa, biz ölkədə bundan öncə baş vermiş terror aktları ilə bağlı belə bir qərar qəbul etməmişdik. Amma bəzi Qərb dövlətləri öz ölkələrində baş verən terror aktlarından dərhal sonra fövqəladə vəziyyətin elan olunması ilə bağlı təcili qərarlar qəbul etdilər. Əlbəttə, istənilən terror aktının nəticəsi olduqca dəhşətlidir. Biz bu məsələdə terror hücumlarına məruz qalan bütün dövlətlərlə həmrəyik. Fəqət fövqəladə vəziyyət baxımından müqayisə etmək üçün demək istəyirəm ki, bəzi Qərb dövlətləri terror hücumlarından dərhal sonra belə bir qərar qəbul etmək ehtiyacı duydu. Bu, o deməkdir ki, dövlətlər məruz qaldıqları müxtəlif miqyaslı təhdidlərlə mübarizə üsulu kimi fövqəladə vəziyyət tətbiq edə bilərlər. Biz konstitusion quruluşu hədəfə alan bu cəhdin qarşısını almaq üçün fövqəladə vəziyyətin elan olunmasına ehtiyac duyduq.
Müxtəlif sahələri əhatə edən çoxsaylı tədbirlər Türkiyə xalqı və dövlətinin suverenliyinə xidmət edir
- Konstitusion quruluşun devrilməsini hədəfə alan 15 iyul hadisələrinin nəticələrinə, bu olaylardan sonra yaranmış duruma - hazırkı vəziyyətə dair nə deyə bilərsiniz?
- Millətlər və dövlətlər üçün olduqca mühüm əhəmiyyət daşıyan məsələlərdən biri təcrübələrdən dərs çıxarmaqdır. 15 iyul hadisələri bizə belə bir acı təcrübədən nəticə çıxarmağa imkan verdi. Biz bu olayların yenidən baş verməməsi üçün tədbirlər görməkdəyik. Müxtəlif sahələri əhatə edən çoxsaylı tədbirlər görülür və bütün bunlar Türkiyə xalqı və dövlətinin suverenliyinə xidmət edir. Hazırda həm Silahlı Qüvvələrdə, həm də bütün dövlət qurumlarında təmizləmə işləri aparılır. Zənnimcə, Türkiyə bu proses çərçivəsində həm demokratik sistemi gücləndirəcək, həm də sistem daxilindəki yanlışlıqları müəyyənləşdirərək aradan qaldıracaq.
Əlavə edim ki, bu hadisələrdən sonra daxili siyasətdə müəyyən dəyişikliklər qeydə alınır. Siyasi partiyaların liderləri bu məsələdə həm həmrəylik nümayiş etdirirlər, həm də olduqca müsbət və loyal mesajlar verirlər. Türkiyə cəmiyyəti də bu mənzərədən olduqca məmnundur və siyasilərin bu mövqeyinin milli birlik baxımından əhəmiyyətli olduğu qeyd edilir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan da bu məsələyə xüsusi diqqət yetirir və ayrı-ayrı siyasi partiyaların ortaq mövqedən çıxış etmələrini müsbət hal kimi dəyərləndirir. Bu həm ölkənin yeni mərhələdə inkişafına, qüdrətinin artmasına müsbət təsir edir, həm də demokratiyamızın səviyyəsi baxımından pozitiv nümunədir.
Qərbdəki bəzi dost və müttəfiqlərimizdən yetərli dərəcədə adekvat münasibət görmədik
- Dünya ictimaiyyətinin, xüsusilə də Qərb ölkələrinin, eləcə də NATO-nun bu hadisələrə münasibətini necə dəyərləndirirsiniz?
- Doğrudur, Türkiyədəki olaylar bütün dünyanın diqqətini çəkdi. Amma dünyanın bəzi yerlərində iyulun 15-də baş verənlərlə bağlı dezinformasiya hallarına da rast gəlindi. Türkiyə Silahlı Qüvvələrinin içindəki kiçik qrupun hərəkətinə 80 milyon insanın necə münasibət göstərdiyinə, vətəndaşların həmrəyliyinə, siyasi partiyaların mövqeyinə baxsanız, 15 iyulun demokratiya bayramı olduğunu görərsiniz. Türkiyə bütün 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə dimdik ayaqdadır! Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki Fətullahçı terror təşkilatının təşəbbüsü ilə gerçəkləşən çevriliş cəhdinə vətəndaşlarımızın necə təpki verdiyini gördünüz. Bu olaylardan sonra Türkiyənin zəifləyə biləcəyini düşünən düşmənlərimiz varsa, onlar yanılırlar. Çünki qeyd etdiyim kimi, Türkiyə Cümhuriyyəti bu prosesdən güclənərək çıxacaq.
Yəni, artıq hər kəs əmin oldu ki, heç bir qüvvə gücdən istifadə edərək - zorakı vasitələrlə Türkiyədə konstitusiya quruluşunu dəyişdirə bilməz. Bizim dünya dövlətlərindən gözləntimiz bu hadisənin kəskin şəkildə qınanması və “keçmiş olsun” diləyinin ifadə edilməsi idi. Buna paralel olaraq Türkiyədə demokratiyanın qələbəsi ilə bağlı təbrikləri gözlədik. Bu, bizim haqqımızdır və heç kəs bunun əksini iddia edə bilməz. Məhz bundan sonra sualları cavablandıra və bu barədə fikirlərə münasibət bildirə bilərik. Dünya ictimaiyyəti bilməlidir ki, hüquqi dövlət olan Türkiyə öz təhlükəsizliyi və suverenliyinə xidmət edən müvafiq tədbirlər görür, demokratik inkişafa xidmət edən addımlar atılır. Aktiv bir təhlükə kimi qarşımıza çıxan bir terrorçu təşkilata qarşı mübarizə aparırıq.
Dolayısıyla, bu prosesdə Qərbdəki bəzi dost və müttəfiqlərimizdən yetərli dərəcədə adekvat münasibət görmədik. Bəhs etdiyim istiqamətlərdə adekvat münasibətdən öncə suallar və tərəddüdlərlə çıxış etdilər ki, bu da bizim tərəfimizdən müsbət qarşılanmadı. Eyni zamanda, bir sıra ölkələrdəki media qurumları birtərəfli mövqe sərgilədilər, xalqın və dövlətin mövqeyinə yetərli zaman və yer vermədilər. Həmin media qurumlarının bir qismi Fətullahçı terror təşkilatının mövqeyinə uyğun davrandı və bu, hazırda da müşahidə edilir.
NATO-nun mövqeyinə gəlincə, Türkiyə bu təşkilatın ən önəmli aktorlarından biridir. NATO hər hansı bir qərar qəbul edirsə, burada Türkiyə də rol oynayır, alınan hər qərarda ölkəmizin fikir və mövqeyi də yer alır. Təşkilat tərəfindən hadisələrdən sonra dəstək xarakterli bəyanat verildi, amma bizim təşkilatdan hansısa bir gözləntimiz yox idi. Biz, ümumilikdə, təşkilata üzv olan dövlətlərdən müttəfiq ölkə kimi qətiyyətli mövqe gözləyirdik.
Azərbaycan yenə də Türkiyənin yanında yer aldı
- Türkiyədə dövlət çevrilişi cəhdini Azərbaycan qətiyyətlə pislədi, xalqın seçdiyi hakimiyyətə, demokratiyaya qarşı zorakılığın yolverilməzliyini birmənalı olaraq bəyan etdi. Bu hadisələr çərçivəsində Azərbaycan-Türkiyə birliyinin, dostluq və qardaşlığının sarsılmazlığı bir daha özünü göstərdi...
- Azərbaycan bu dəfə də - bir daha və yenə də Türkiyənin yanında yer aldı, dostluq və qardaşlıq örnəyi sərgilədi. Azərbaycan Türkiyədə demokratiyanın, konstitusion quruluşun, hakimiyyətin xalqa məxsusluğu prinsipinin tərəfində durdu. Bu, qardaşlıq, dostluq nümunəsi olmaqla yanaşı, Azərbaycanın doğru olanın yanında olması örnəyi idi. Əlbəttə, Azərbaycan dünyaya demokratiya dərsi verdi, qeyd etdiyim kimi, Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi. Bu həmrəylik yalnız dövlət səviyyəsində olmadı. Eyni zamanda, xalq da həmişəki kimi öz dəstəyini bildirdi. Həmin gecə təxminən saat 3 radələrində mən küçəyə çıxaraq, səfirliyin binası qarşısına toplaşan Türkiyə və Azərbaycan vətəndaşlarına müraciət etdim, onlara minnətdarlığımı bildirdim. Türkiyədə meydanlara çıxıb hakimiyyəti müdafiə edən xalqımız, həmçinin Prezidentimiz, Baş nazirimiz və digər rəsmi şəxslər dəstəyinə görə Azərbaycana minnətdarlıqlarını ifadə etdilər.
Yəni, qısası Türkiyədəki hər hadisədə olduğu kimi, son hərbi çevriliş cəhdi zamanı da Azərbaycandakı qardaşlarımızın bizim hiss etdiyimiz duyğuları paylaşdığını bilirəm. Bütün azərbaycanlı qardaşlarımıza 15 iyul gecəsindən bəri göstərdikləri həmrəylik üçün minnətdarlığımı bildirirəm. Azərbaycan təkcə Türkiyənin deyil, həm də haqqın və ədalətin yanında oldu. Qürurverici haldır ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar.
Yeniqapıda keçirilən demokratiya və şəhidlər mitinqi Türk xalqının birlik və həmrəyliyinin zirvəsi idi
- İstanbuldakı Yeniqapı meydanında keçirilən, 5 milyona yaxın insanın qatıldığı demokratiya və şəhidlər mitinqi öz möhtəşəmliyi ilə yadda qaldı. Mitinq nəyi ifadə etdi, Türkiyə xalqına, Türk dünyasına və dünya ictimaiyyətinə hansı mesajları verdi?
- İstanbuldakı Yeniqapı meydanında keçirilən demokratiya və şəhidlər mitinqində həmrəylik, birlik nümayiş etdirildi. Mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, müxalifət partiyalarının rəhbərləri və digər şəxslər iştirak etdilər. İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirildi. Bu mitinq Türk xalqının birlik və həmrəyliyinin zirvəsi idi. Burada xalqımız, millətimiz vahid məram ətrafında birləşdi, Türkiyə Cümhuriyyətinin vətəndaşları öz qətiyyətli mövqelərini ortaya qoyaraq demokratiyaya sahib çıxdılar, milli maraqlar ətrafında - Vətən üçün birləşdilər. Türkiyə cəmiyyəti nə qədər həmrəy və qüdrətli olduğunu sübuta yetirdi və bu, bütün dünya tərəfindən müşahidə olundu. Mitinqdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın çıxışı, həmçinin xalqımızın bu çıxışa öz şüarları ilə dəstək verməsi isə türk xalqının öz ordusunu necə dəyərləndirdiyini, həmçinin Türkiyə Silahlı Qüvvələrinin də xalqın və dövlətçiliyin keşiyində durduğunu bir daha nümayiş etdirdi. Bu mitinq, həm də onu göstərdi ki, Türkiyənin çata bilməyəcəyi hədəf yoxdur, xalqımız öz gücünə, qüdrətinə inanır.
Nurlan QƏLƏNDƏRLİ
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1138 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30