Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Xalq daha müasir və güclü Azərbaycan naminə referenduma “HƏ” deyir

Xalq daha müasir və güclü Azərbaycan naminə referenduma “HƏ” deyir

21.09.2016 [10:09]

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-da keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə hazırlıq prosesinin təbliğat-təşviqat mərhələsindəyik. Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən səbəblər barədə fikirlərinizi bilmək istərdik...
- Hər bir önəmli hadisə keçilən yolun təhlilini zərurətə çevirir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbulundan 21 ilə yaxın zaman keçir. Ölkəmiz bu il dövlət müstəqilliyini yenidən bərpa etməsinin 25 ilini qeyd edəcək. 25 il zaman baxımından qısa dövr olsa da, uğurlarımızın miqyasına diqqət yetirdikdə sanki 100 ilə bərabər yol keçildiyini düşünmək olar. Təbii ki, bu uğurları möhkəm təmələ əsaslanan siyasət şərtləndirir. Ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək hədəfimizə yol açır. Müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edərək, hər zaman təkmilləşməni bir tələb kimi ortaya qoyur. Konstitusiyamızın qəbulundan ötən 21 ilə yaxın zamanda iki dəfə bu ali sənədə əlavə və dəyişiklik olunub, növbəti dəyişikliklər üçün isə ümumxalq səsverməsi dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-da keçiriləcək.
Əlavə və dəyişikliklər bütün sahələri əhatə etdiyindən bu reallıq bir daha təsdiqlənir ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasında dayanır. Son ümumxalq səsverməsindən, yəni 2009-cu ildən ötən 7 ildə Azərbaycan hansı uğurlara imza atıb? Fikrimizi bu sual ətrafında tamamlamağa çalışsaq, bu illərdə ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayan, demokratik inkişafına töhfə kimi dəyərləndirilən bir prezident, 2 parlament və 1 bələdiyyə seçkiləri keçirilib. Bu seçki proseslərində ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası qələbə qazanmış, Azərbaycanın uğurlu inkişafına töhfələrinin davamlılığına xalqın dəstəyinin bir daha şahidi olmuşdur.
- Vüqar müəllim, müasir dövrdə qanunvericilik sisteminin daim inkişaf etdirilməsi, idarəçilik sisteminin təkmilləşdirilməsi, idarəçiliyin elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi ilə yeni forma və metodlarının seçilməsi, yeni təhlükəsizlik sistemlərinin yaradılması əsas məqsədlərdən biridir. Əlavə və dəyişikliklər arasında bu məqsədləri özündə ehtiva edən düzəlişlərə münasibətinizi bilmək istərdik...
- Konstitusiyanın 23 maddəsinə edilən dəyişikliklərə, eyni zamanda, əlavə olunan 6 maddəyə diqqət yetirdikdə qeyd olunan vəzifələrin prioritetliyi qabarıq şəkildə özünü büruzə verir. Öncə insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə yönələn əlavə və dəyişikliklərə diqqət yetirmək istərdim. Vətəndaşlıq hüququnun, seçki hüququnun təminatlarına dair əlavə və dəyişikliklər xüsusilə diqqət çəkəndir. Bu əlavə və dəyişikliklər bir daha insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsasında dayanmasına işıq salır. Son ümumxalq səsverməsindən ötən 7 ildə insan hüquq və azadlıqlarının qorunmasına yönələn addımlara diqqət yetirmək kifayətdir. Ənənəvi əvf fərmanları, eyni zamanda, Amnistiya aktları humanizmin dövlət siyasətinin əsasında dayanan mühüm amil olduğunu bir daha təsdiqləyir. O da məlumdur ki, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə daha geniş sferanı əhatə edən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilib. Bu sənəd atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin həyata keçirilməsinin göstəricisidir. Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər də bu məqsədə xidmət edir. Qeyd edək ki, 71-ci maddənin II hissəsinə bu məzmunda əlavə edilib - “Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır”.
Təbii ki, insan hüquqları insan azadlığının ölçüsünü müəyyən edir. Qeyd etdiyimiz kimi, dövlət vətəndaşlara bütün azadlıqları verir. Amma bir reallığı unutmayaq ki, hər kəs siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq, qanun qarşısında eyni məsuliyyəti daşıyır. Yəni qanunlara əməl etmək hər kəsin vətəndaşlıq borcudur. “İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması” dedikdə, təbii ki, müvafiq hüquq və azadlığın konstitusion qaydada çərçivəsinin müəyyən edilməsi nəzərdə tutulur. Əlavə və dəyişikliklərdən də göründüyü kimi, vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur və təkmilləşmə dövrün tələbidir. Hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır ki, dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri onların aydın mənzərəsini yaradır: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin”.
Əlavə və dəyişikliklərdə yaş məhdudiyyətinin aradan götürülməsi xüsusilə diqqətçəkəndir. Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Dövlətimizin başçısı İlham Əliyevin gənclərə diqqət və qayğısı imzalanan Dövlət proqramlarından, Fərman və sərəncamlardan da aydın görünür. Cənab İlham Əliyev gənclərin potensial imkanlarından səmərəli istifadənin vacibliyini hər bir çıxışında xüsusi qeyd edir. Müasir dövrdə elmi-texniki tərəqqinin sürətli inkişafını, gənc nəslin bu inkişafdan daha yüksək səviyyədə bəhrələndiyini, bu və ya digər mühüm hadisələrə daha çevik və məntiqi cavab verdiklərini və bu kimi bir-birindən əhəmiyyətli uğurları nəzərə alsaq, yaş senzinin azaldılmasının mütləq olduğunu daha aydın görə bilərik. Konstitusiyanın 85-ci maddəsinin I hissəsində Milli Məclis deputatı seçilmək üçün yaşı 25-dən aşağı olmama, 100-cü maddəsində Azərbaycan Respublikası Prezidenti seçilmək üçün yaşı otuz beşdən aşağı olmama, 121-ci maddəsində Azərbaycan Respublikası Baş naziri vəzifəsinə təyin olunmaq üçün yaşı 30-dan aşağı olmama, Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin olunmaq üçün yaşı 30-dan aşağı olmama şərtləri nəzərdə tutulur ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər bu məhdudiyyətləri aradan qaldıracaq.
Konstitusiyanın 101-ci maddəsinin I hissəsində “5” rəqəminin “7” rəqəmi ilə əvəz edilməsi və “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” məzmunda cümlənin əlavə olunması təklif edilir. Bu əlavə və dəyişiklik də dünya praktikasına müraciət etsək, qəbul olunandır, eyni zamanda, mütləqdir. Bu gün ölkəmizin uğurlarına diqqət yetirsək, bu fonda deyə bilərik ki, davamlı inkişaf növbəti dövr üçün yeni prioritetlərin müəyyənləşdirilməsini zəruri edir. Azərbaycanın sosial-iqtisadi inkişafı, sabitliyi, demokratik tərəqqisi, beynəlxalq münasibətlər sistemində artan mövqeyi və s. kimi amillər qarşıya qoyulan məqsədlərə nail olmaq üçün prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılmasının zəruriliyinə bir daha işıq salır. Xalq dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyir, xalq-iqtidar birliyi sarsılmazdır. Bu fikir beynəlxalq sorğu mərkəzlərinin keçirdiyi sorğuların nəticələrində də öz əksini tapır ki, xalqın Prezidentinə etimadının böyük olduğu ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Dövlətimizin həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq səviyyədə qeyd olunursa, bu halda prezidentlik dövrünun 5 ildən 7 ilə uzadılması sosial sifariş kimi dəyərləndirilməlidir.
Əminik ki, təbliğat-təşviqat mərhələsində Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətinin düzgün təhlili seçicilərin 26 sentyabr ümumxalq səsverməsində xüsusi fəallığı ilə müşayiət olunacaq.
- “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən seçilmiş səlahiyyətli nümayəndə kimi təbliğat-təşviqat kampaniyası çərçivəsində bölgələrdə seçicilərlə görüşləriniz olur. Bu görüşlər sizdə 26 sentyabr ümumxalq səsverməsi ilə bağlı hansı təəssüratı yaradır?
- Reallıqların içərisində olan xalq atılan hər bir addımın əhəmiyyətini, mahiyyətini düzgün dəyərləndirir. Hər addımda özünə diqqətin, qayğının şahidi olan ölkə ictimaiyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarının əsasında dayanan “Həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır” tezisinin reallıqlarda öz əksini tapdığının şahididir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi, möhtərəm Prezidentimizin sərəncamları ilə regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması inkişafa böyük stimul verir. Cənab Prezident İlham Əliyevin hər bir bölgəyə səfəri yeni-yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalır. İctimaiyyət nümayəndələri ilə görüşlərində onların problemləri ilə yaxından tanış olan dövlətimizin başçısı İlham Əliyevin aidiyyəti qurumlara tapşırıqlar verməsi böyük rəğbət hissi ilə qarşılanır. Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, nə zaman ki xalq görülən işlərdən razı qalır, onda biz də razı oluruq.
Bu günümüzün əsas tələblərindən biri neft kapitalını insan kapitalına çevirməkdir. Cənab Prezident İlham Əliyev bildirir ki, burada hər bir məsələdə insanlara diqqət və qayğıdan söhbət gedir.
Ölkəmizdə insan amilinə verilən dəyər beynəlxalq səviyyədə də təqdir edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın yoxsulluqla mübarizə sahəsində təcrübəsi digər ölkələrə nümunə göstərilir və öyrənilməsinin vacibliyi bildirilir. Konstitusiyamızın “Dövlətin ali məqsədi” maddəsində də qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsəd atılan addımlardan, əldə olunan uğurlardan daha aydın görünür.
Bu baxımdan söyləyə bilərəm ki, ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsi çərçivəsində bölgələrdə seçicilərlə görüşlər məndə xoş ovqat yaradır. Bu baxımdan ki, ictimaiyyət bu görüşlərə böyük əhval-ruhiyyə ilə qatılır, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətini daha dərindən öyrənməyə səy göstərir. Ölkənin hərtərəfli inkişafına dəstək olacaq Referendum Aktı layihəsinə insanların dəstəkləri xüsusi diqqət çəkir. Azərbaycan vətəndaşları bu əminliyi ifadə edirlər ki, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə fəal şəkildə qatılacaq, seçki hüquqlarından istifadə edərək, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə dəstəklərini verəcəkləri səsləri ilə təsdiqləyəcəklər.

Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30