/ / Elmar Məmmədyarov: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində hesablaşılan güclü ölkədir
Elmar Məmmədyarov: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində hesablaşılan güclü ölkədir
28.12.2016 [09:45]
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- 2016-cı il aprel döyüşləri, prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri ilə yadda qaldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesini necə xarakterizə edərdiniz?
- Ermənistan xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri açıq şəkildə pozur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin olmasına imkan verməmək üçün Ermənistan tərəfi həmişə təxribatçı əməllərə əl atır. 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi təlimlərə başladı və məlum helikopter insidentinin baş verməsinə rəvac verərək vəziyyəti gərginləşdirdi. 2015-ci il ərzində və 2016-cı ilin əvvəlində də münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, Ermənistan tərəfi hücum xarakterli yeni hərbi doktrina qəbul etdi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutaraq, məlum aprel hadisələrinin baş verməsinin səbəbkarı oldu. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər ciddi yaralandı.
Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verdi, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad etdi. Aprel hadisələri zamanı Azərbaycan həm hərbi-diplomatik üstünlüyünü ortaya qoydu, həm də informasiya müharibəsində bu vaxta kimi apardığı davamlı fəaliyyətin nəticəsini gördü. Hadisələrin ilk dəqiqələrindən Xarici İşlər Nazirliyi vaxtaşırı bəyanatlar verərək Ermənistanın təxribatçı əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırdı. Dünyanın aparıcı informasiya agentlikləri XİN-in bəyanatlarına və açıqlamalarına istinad etdilər, xarici KİV nümayəndələrinin və diplomatik korpusun qoşunların təmas xəttinə səfərləri təşkil olundu. Onlar dövlət orqanları ilə əlaqəli şəkildə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bildilər, ölkəmizin diplomatik nümayəndəlikləri və konsulluqları bu prosesə yaxından qoşuldu və akkreditə olunduqları ölkə rəsmilərini və ictimaiyyətini məlumatlandırdılar. Sevindirici haldır ki, dünyanın nüfuzlu media orqanlarında ölkəmizin ədalətli mövqeyini əks etdirən çoxsaylı məqalələr dərc edildi, foto və videoreportajlar efirə getdi.
Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, status-kvonun saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalmaqdadır.
ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə status-kvonun qəbuledilməz və qeyri-davamlı olması barədə bəyanatlarla çıxış ediblər. Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir.
Ermənistanın işğalçı siyasəti heç zaman uğurla nəticələnə bilməz. Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq.
Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Eyni zamanda, bu məqsədlə bütün beynəlxalq platformaların imkanlarından istifadə ediləcək.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ Azərbaycan diplomatiyasının səyləri nəticəsində il ərzində digər beynəlxalq təşkilatların da gündəliyinə çıxarılıb. Bu barədə hansı əsas məqamları qeyd edərdiniz?
- Azərbaycan üzv olduğu bütün müvafiq beynəlxalq təşkilatların tribunalarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
İl ərzində beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qərar və qətnamələr Azərbaycanın ədalətli mövqeyini və münaqişənin həllinin siyasi-hüquqi əsaslarını daha da gücləndirir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş bu kimi çoxsaylı qərar, qətnamə və bəyanatlar münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin qəti iradəsinin ifadəsidir.
Münaqişənin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz. Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalının nəticələri aradan qaldırılana, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunana qədər bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasətimiz davam etdiriləcək.
- 2016-cı ili ikitərəfli əlaqələrimizin inkişafı, qarşılıqlı səfərlərin intensivliyi baxımından necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb.
2016-cı il Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olub. İkitərəfli əlaqələrimizin inkişafında qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığımızın genişlənməsi xüsusi olaraq qeyd edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Baş nazir Artur Rasizadənin, Milli Məclisin sədri Oqtay Əsədovun, həmçinin xarici işlər naziri kimi mənim və digər hökumət nümayəndələrinin xarici ölkələrə çoxsaylı səfərləri, o cümlədən çoxlu sayda dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər səviyyədə olan nümayəndə heyətlərinin ölkəmizə səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirib.
Bu il Qətərin Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri Azərbaycana rəsmi, Türkiyə, İran və Rusiya prezidentləri işgüzar səfər ediblər. Həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri Azərbaycanda rəsmi, İsrailin Baş naziri isə işgüzar səfərdə olub. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olublar.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə və İrana rəsmi, Avstriya, Almaniya və Rusiyaya işgüzar səfərlər edib.
Qeyd olunan dövrdə, həmçinin Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə (Davos), “Suriyaya və regiona dəstək” konfransında iştirak məqsədilə Böyük Britaniyaya (London), 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Türkiyəyə (Ankara), IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ABŞ-a (Vaşinqton), İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), Ümumdünya Humanitar Sammitində iştirak məqsədilə Türkiyəyə (İstanbul), NATO Zirvə toplantısında iştirak etmək üçün Polşaya (Varşava), MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında iştirak məqsədilə Qırğızıstana (Bişkek), 23-cü Ümumdünya Energetika Konqresində iştirak məqsədilə Türkiyəyə (İstanbul) səfərləri əlaqələrimizin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
İl ərzində xarici işlər naziri olaraq, Gürcüstan, İsveçrə, Lixtenşteyn, Misir və Portuqaliyaya rəsmi, Rusiya (iki dəfə), Çin, Almaniya və Fransaya (iki dəfə) işgüzar səfər etmişəm. İyirmiyə yaxın beynəlxalq tədbirdə iştirak edərək müxtəlif məsələlər üzrə ölkəmizin mövqeyini səsləndirmişəm.
Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və bizim üçün yeni imkanlar açır.
İkitərəfli səviyyədə olan əlaqələrimiz üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf edir. 2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir.
- Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması ilə bağlı Xəzəryanı ölkələrin dövlət başçılarının sonuncu Sammiti barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, statusun müəyyən edilməsi ilə bağlı əməkdaşlıq hansı səviyyədədir?
- Məlum olduğu kimi, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar prosesi Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində beştərəfli formatda, həmçinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu çərçivəsində davam etdirilir.
İndiyə qədər Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı 47 iclas keçirilib. Həmçinin 2002-ci ildən etibarən Aşqabad, Tehran, Bakı və Həştərxan şəhərlərində olmaqla, Xəzəryanı ölkələrin dövlət başçılarının 4 sammiti təşkil olunub. Həştərxanda dövlət başçılarının növbəti Sammitinin 2017-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilməsi barədə qərar qəbul edilib.
Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Statusla bağlı Konvensiyanın əksər maddələrinin demək olar ki, ümumilikdə, 80 faizə qədəri razılaşdırılıb.
Statusla bağlı tam razılıq əldə olunacağı təqdirdə, Astana Sammiti Xəzəryanı ölkələrin gələcək qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün hərtərəfli hüquqi əsas yaradacaq.
Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunur.
- Dövlətimizin başçısı tərəfindən Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji istiqamətlər müəyyən olunub. İqtisadi diplomatiyamız bu hədəfləri necə dəstəkləyir?
- Son illər dünya iqtisadiyyatının üzləşdiyi böhran və geriləmələr digər ölkələr kimi Azərbaycana da öz təsirlərini göstərir. Böhranın təsirlərini, habelə enerjidən asılılığı azaltmaq, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək, qeyri-neft sektorunu inkişaf etdirmək və ixrac potensialını təşviq etmək məqsədilə dövlət başçımız tərəfindən ölkədə aparılan iqtisadi islahatlar, imzalanan fərman və sərəncamlar artıq öz müsbət nəticələrini verməkdədir. Bu xüsusda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi iqtisadi diplomatiyamızın həyata keçirilməsi üçün fundamental baza rolunu oynayır və qarşımıza böyük vəzifələr qoyur.
Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, xarici turistlərin ölkəmizə cəlb edilməsi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, iqtisadi-ticarət əməkdaşlığının hüquqi çərçivələrinin formalaşdırılması, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkə iqtisadiyyatında tətbiqi imkanlarının araşdırılması iqtisadi diplomatiyamızın əsas istiqamətlərindəndir.
2016-cı il ərzində 16 ölkə ilə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların iclasları keçirilib. İclaslarda Azərbaycanın bu ölkələrlə gələcək iqtisadi əməkdaşlığının istiqamətləri müəyyən edilib və iclasların yekunu üzrə imzalanmış protokollara konkret əməkdaşlıq məsələlərinə dair razılaşmalar daxil edilib. Komissiyaların iclasları ərəfəsində Azərbaycan tərəfi, həmçinin bu ölkələrlə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması məqsədilə əməkdaşlıq üzrə ikitərəfli əsasda iş aparılıb və bu istiqamətdə razılıqlar əldə edilib.
İl ərzində 11 ölkə ilə (Xorvatiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Monako, Yaponiya, Bolqarıstan, İran, İtaliya, Gürcüstan, İspaniya, Pakistan, Macarıstan) biznes-forumlar keçirilib.
Bundan başqa, Azərbaycan irimiqyaslı enerji layihəsinin - “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarıdır. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. “Cənub Qaz Dəhlizi”nin vacib komponentləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin icrası istiqamətində Azərbaycan tərəfdaşlarla birlikdə davamlı siyasətini davam etdirir. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Sonrakı mərhələdə Balkan ölkələrinin də layihəyə qoşulacağı gözlənilir.
Hesabat ili ərzində, həmçinin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, xüsusən bu ərazilərdə mövcud resurslar hesabına istehsal edilmiş məhsulların xarici bazarlara daxil olmasına yol verilməməsi, eləcə də xarici məhsul və xidmətlərin işğal edilmiş ərazilərimizə ötürülməməsi kimi məsələlər diqqət mərkəzində olub. Bu xüsusda, açıq və digər mənbələrdən aşkarlanmış faktlar tərəfimizdən araşdırılıb və bunun qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb.
- Geridə qoyduğumuz il Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və çoxtərəfli diplomatiyamızın inkişafı baxımından əsasən hansı məqamlarla yadda qaldı?
- Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində pozitiv gündəliyin formalaşdırılması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan universal beynəlxalq təşkilat kimi BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa, BMT-nin ali orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleyanın dövrün tələblərinə uyğun olaraq islah edilməsi və effektivliyinin artırılmasına xüsusi önəm verir.
Bu ilin iyun ayında Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq.
BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XVIII Sammit səciyyəvi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.
Dekabrın 2-də Niderlandın Haaqa şəhərində keçirilən, 192 dövləti bir araya gətirən Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (OPCW) üzv dövlətlərinin XXI konfransı zamanı Azərbaycan ilk dəfə olaraq təşkilatın İcraiyyə Şurasının 2017-2019-cu illər üzrə üzvlüyünə seçildi. Ölkəmizin namizədliyi konfransda iştirak edən dövlətlərin yekdil dəstəyini qazanıb.
Hesabat ilində Azərbaycan, həmçinin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri postuna da seçilib.
Azərbaycan 2016-cı ildə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a uğurla sədrlik edib. Ölkəmiz sədrlik dövründə GUAM çərçivəsində iqtisadiyyat-ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin təşviqi məsələlərinə öz töhfəsini verib.
Dekabrın 2-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu, Ermənistanın UNESCO çərçivəsində lavaş çörəkbişirmə ənənələrinin mənimsənilməsi istiqamətində olan təxribatçı addımlarına ciddi cavab idi.
Azərbaycan tamhüquqlu üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirib və yeni əməkdaşlıq formalarının müəyyən edilməsi üçün təkliflər irəli sürüb.
- Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının indiki vəziyyəti və perspektivlərini necə görürsünüz?
- Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Bu saziş çərçivəsində siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulub. Sazişin imzalanmasından keçən 20 il ərzində Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən bir çox sahələrdə sıx və faydalı əməkdaşlıq əlaqələri qurub.
Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafı üçün zəngin perspektivlər var. Anlaşma Memorandumunun icrasının nəticəsi olaraq 2011-ci il yanvarın 13-də Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Təbii qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan bu əhəmiyyətli layihənin fəaliyyətə başlaması ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan uzunmüddətli dövr ərzində Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bununla əlaqədar olaraq 2015-ci ilin may ayında Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Sammitində Avropa İttifaqına “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim edib. Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Hesab edirik ki, yeni sənəd təşkilatla ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq və əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək üçün hüquqi baza yaradacaq. Hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır. 2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq.
- Son dövrlər ən çox müzakirə olunan mövzulardan biri də multikulturalizmdir. Azərbaycanın beynəlxalq səviyyədə multikulturalizmin təşviqində rolunu necə qiymətləndirirsiniz?
- Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə bir ailə kimi yaşayıblar. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Dini dözümlülük və multikulturalizm Azərbaycanda hər zaman mövcud olub. Hətta “multikulturalizm” sözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar bizim torpaqlarda yaşayıb.
Biz bu istiqamətdə müxtəlif beynəlxalq tədbirləri ölkəmizdə keçirməklə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayırıq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Tədbirlər Planı hazırlanıb. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və multikulturalizmə abidə ucaldılıb.
Bu ilin oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı ölkəmizdəki dini dözümlülüyü və multikultural dəyərləri yüksək qiymətləndirib.
Bildiyiniz kimi, biz Bakı Beynəlxalq Humanitar Forumunu, hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Bu ilin aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib və Forumun nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına, habelə Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi etmişik. 2008-ci ildə biz “Bakı prosesi”nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Gələn ilin aprel ayında Azərbaycan “Bakı prosesi” çərçivəsində 2011-ci ildən etibarən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə IV Foruma ev sahibliyi edəcək. Bütün bu tədbirlər Azərbaycanın dünyada müsbət imicinin formalaşdırılmasına və tanınmasına xidmət edir, eyni zamanda, dünyadakı ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyə töhfə verir. Biz bu “təbii sərvətimiz”dən istifadə edib Azərbaycanı dünyada təbliğ edirik və beynəlxalq səviyyədə anlaşma və dialoqun güclənməsinə dəstəyimizi veririk.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45

