Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dialoq siyasi islahatların dərinləşməsini özündə ehtiva edir

Dialoq siyasi islahatların dərinləşməsini özündə ehtiva edir

22.04.2020 [19:08]

Razi Nurullayev: Azərbaycandan kənar qüvvələrlə məsləhətləşmək, onların sözü ilə oturub durmaq xalqmızın mənafeyinə xidmət edə bilməz
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir, mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirir. Başqa sözlə, bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq. Yeri gəlmişkən, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədəki çıxışında dövlətimizin başçısı bu məsələlərə geniş şəkildə toxunub. Prezident İlham Əliyev siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulmasının əhəmiyyətini bir daha vurğulayıb.

Müsahibimiz Milli Məclisin deputatı Razi Nurullayev ilə söhbətimiz də bu barədədir.

- Razi müəllim, bildiyimiz kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədəki çıxışında dövlətimizin başçısı ölkəmizdə siyasi islahatların və siyasi münasibətlərin inkişafının əhəmiyyətindən geniş bəhs edib. Eyni zamanda, dövlətimizin başçısı siyasi dialoq mühitini müsbət qiymətləndirərək bildirib ki, siyasi dialoq ölkəmizə böyük fayda gətirəcək. Bununla bağlı fikirlərinizi bilmək istərdik…

-Ümumiyyətlə, siyasi dialoqun mövcudluğu cəmiyyətdə əmin-amanlığa, münasibətlərin sivil inkişafına xidmət etməklə yanaşı, siyasi islahatların dərinləşməsini özündə ehtiva edir. Mən siyasi islahatların daha da dərinləşməsinin lehinəyəm. Son zamanlar, yəni 2018-ci ilin prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin fonunda yeni siyasi islahatların aparılması, təbii ki, sevindiricidir. Bu konteksdə müxalifət partiyaları ilə dialoqun aparılması, təmasların qurulması da olduqca əhəmiyyətlidir. Parlament müstəvisində də bunun şahidi olduq. Mən parlamentdə müxalif deputat kimi çıxış edirəm, fikirlərimi səsləndirirəm. Düşünürəm ki, plüralizm cəmiyyətinin qurulması, bütövlükdə Azərbaycanın inkişafı üçün də bu çox vacibdir.

Parlament ölkədə aparılan islahatlarla ayaqlaşmalıdır

- Sizcə, parlament müstəvisində aparılan islahatların əhəmiyyəti nədən ibarətdir?

-Hər bir islahat, təbii ki, özü ilə yenilik gətirir. Parlamentdə də yeniləşmə bu prosesə ciddi stimul verəcək, daha səylə işləmək bacarığını da nümayiş etdirməyə imkanlar yaradacaq. Ona görə də dəyişiklikləri müsbət qiymətləndirirəm. Parlamentdə ciddi islahatların aparılmasına qərar verilibsə, demək ki, cənab Prezidentin gözləntiləri böyükdür və bu gözləntilərlə, aparılan islahatlarla parlament ayaqlaşmalıdır.

Belə bir cəmiyyətdə siyasi proseslərdən kənarda qalmaq siyasətçiyə yaraşan hal deyil

-Siz siyasi dialoqun vacibliyini qeyd etdiniz. Məlumdur ki, siyasi dialoqdan imtina edənlər də var. Prezident İlham Əliyev müşavirədəki çıxışında bu məsələyə də toxundu. Bu barədə nə deyə bilərsiniz?

-Ümumiyyətlə, siyasi dialoqdan imtina etmək doğru addım deyil. Siyasi dialoqdan imtina edənlər, demək ki, siyasətlə məşğul deyillər. Dünyanın harasında olursa-olsun, çox vacib və cəmiyyətin qəbul etdiyi əsaslar olmadan heç kim dialoqdan imtina etmir. Hətta böyük müharibələr belə sonradan bir masa arxasında həll olunur.

Azərbaycanda siyasi proseslər, siyasi partiyalar var, oturuşmuş bir cəmiyyətimiz mövcuddur. Belə bir cəmiyyətdə özünü “naza qoymaq”, siyasi proseslərdən kənarda qalmaq və bütün siyasi partiyalardan, siyasətçilərdən özünü fərqləndirərək tək qalmaq siyasətçiyə yaraşan hal deyil. Belə hərəkətlər edənlər isə tək qalacaq, cəmiyyətdə özünə yer tuta bilməyəcək. Onların apardığı siyasət də cəmiyyət üçün normal inkişaf vəd edə bilməz. Çünki siyasətdən kənarda qalırlar və söz demək imkanına malik deyillər.

-Cəmiyyətimizdə belə fikir, rəy formalaşıb ki, onlar xaricdəki müəyyən dairələrdən asılı vəziyyətdə olduqları üçün müstəqil qərar verə bilmirlər. Siz necə düşünürsünüz?

-Mən bunu nə təsdiq, nə də inkar edə bilərəm. Amma istənilən halda siyasi qüvvələrin həmişə bağlandığı məkan, məsləhətləşdiyi insanlar olur. Mən istərdim ki, bizim siyasətçilərin məsləhətləşdikləri, qərar verdikləri məkan da Azərbaycanda olsun. Azərbaycandan kənar qüvvələrlə məsləhətləşmək, onların sözü ilə oturub durmaq xalqmızın mənafeyinə xidmət edə bilməz.

Pandemiyadan siyasi məqsədlər üçün istifadə olunması düzgün deyil

-Radikal müxalifət, “beşinci kolon” koronavirus pandemiyasından da öz məqsədləri üçün istifadə etməyə çalışır. Azərbaycanda yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi fonunda onların bu cür davranışını necə qiymətləndirirsiniz?

-Koronavirus pandemiyası bütün dünyada mövcud olan problemdir. Ən inkişaf etmiş ölkələr belə, bu problemdən yaxa qurtara bilməyiblər. Ümumbəşəri problem olan pandemiyadan siyasi məqsədlər üçün istifadə olunması düzgün deyil. Mən düşünürəm ki, Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün atılan addımlar kifayət qədər effektiv oldu. Burada hakimiyyəti günahlandırmaq üçün əsas yoxdur. Digər tərəfdən biz parlament tribunasından pandemiya zamanı ortaya çıxan bəzi problemli məsələlərlə bağlı fikirlər bildirir, təkliflər səsləndiririk. Dövlətimiz də insanların istər sağlamlığının qorunması, istərsə də sosial problemlərinin həlli istiqamətində davamlı addımlar atır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30