Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Mübariz Qurbanlı: Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir

Mübariz Qurbanlı: Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir

10.09.2011 [10:39]

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Mübariz müəllim, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktını dünyaya, insanlığa qarşı kütləvi qətliam kimi dəyərləndirmək olarmı?
- 2001-ci 11 sentyabr hadisələrindən artıq 10 il ötür. 10 il bundan əvvəl dünya yeni bir faciə ilə üz-üzə gəldi. Terrorun ən müdhiş formalarından biri Amerikanın Nyu-York şəhərində baş verdi. XXI əsrin başlanğıcında baş vermiş bu hadisə terrorun yeni bir mərhələyə daxil olduğunu göstərdi.
Əslində, terrorun tarixi çox qədimdir və terror təşkilatları lap əvvələr də mövcud olub. XX əsrin sonlarıında yaradılan terror təşkilatları faktiki olaraq, yeni formanı ortaya qoydu. Yəni texnologiyada əldə olunmuş yeniliklər terrorda tətbiq olunmağa başladı. Əvvəllər terror hadisələri birbaşa hədəfə yönəlirdisə, sonradan heç bir günahı olmayan kütləyə, əhaliyə, mülki insanlara qarşı yönəldi. Terrora qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Terrorizmlə mübarizə tək bir ölkənin işi deyildir, bu, qlobal problemdir. BMT-də dünyanın qlobal problemləri sıralanmış şəkildə verilibdir.
Qlobal problemlər içərisində əgər XX əsrin ortalarında dünya müharibəsi təhlükəsi birinci yerdə dayanırdısa, bu gün demək olar ki, qlobal problemlər içərisində terror və terrorun yaratdığı problemlər dünya miqyasında ən təhlükəli problemlərdən biri sayılır. Heç bir ölkə terrordan sığortalanmayıb və heç bir ölkə terroru tək başına aradan qaldıra bilməz.
Bəzən düşünürlər ki, texnoloji cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış ölkələrdə kütləvi ölümlə nəticələnən terror aktlarını törətmək o qədər də asan deyil. Lakin 2001-ci ilin 11 sentyabr hadisələri göstərdi ki, dünyanın ən yüksək inkişaf etmiş və ən böyük hərbi gücə malik ölkəsi olan ABŞ-da dəhşətli terror törədildi. Minlərlə insan bu terrorun qurbanı oldu. Və bu terrorda yeni bir metoddan istifadə olundu, hava nəqliyyatından mülki və hərbi xarakterli ictimai-siyasi əhəmiyyət daşıyan obyektlərə zərbələr endirildi.
Bu terrorun miqyası daha geniş ola bilərdi. Dərhal ABŞ-da görülmüş qabaqlayıcı tədbirlər terrorun miqyasını qismən də olsa, azaltmağa şərait yaratmış oldu. Həqiqətən də terrorla mübarizə apararkən onu yaradan səbəbləri axtarmalıyıq. Nədən bu gün terror qurupları yarana bilir, onlar haradan qaynaqlanır, ideya mənbəyi nədir? Bu təşkilatların maddi qaynağı haradandır, bura üzvlərin cəlb olunması və özünü qurban kimi fəda etməyə hazır olan insanlar necə hazırlanır və bunların qarşısını almaq mümkündürmü?
Əlbəttə, yalnız təbliğatla, proflaktik tədbirlərlə bu cür problemlərin qarşısını almaq mümkün deyil. 2011-ci il sentyabr hadisələrindən sonra ABŞ terrorun qarşısını almaq üçün geniş hərbi əməliyyatlara başladı. Əfqanıstanda, İraqda da bu cür hərbi əməliyyatlar aparılır.
ABŞ bu gün ayrı-ayrı bölgələrdə terrorla mübarizə aparmaq üçün hərbi əməliyyatlara əl atmaqdadır. Amma bəzən təsir əks təsirə bərabər olur. Yəni, separatçı terror təşkilatları nə qədər küncə sıxılsa, bir o qədər daha dəhşətli formada onun təzahürünü görürük. Terrorla mübarizə bəzən elə təəssürat yaradır ki, terror təşkilatlarının sonu çatıb və artıq bitmiş hesab olunur.
“Əl-Qaidə”nin başçısı üsamə bin Laden Pakistanda Amerikanın xüsusi təyinatçıları tərəfindən qətlə yetirildi. Belə təəssürat yarandı ki, bin Ladenin öldürülməsi ilə terror səngiyəcək. Amma bunun əksini gördük. “Əl-Qaidə” rəhbərinin öldürülməsi terroru aradan qaldırmadı. Ora yeni rəhbər gəldi və Pakistanda, Qərb ölkələrinin ərazilərində ayrı-ayrı terror aktları həyata keçirdi və bu gün də o təhlükələr yaşanmaqdadır.
Göründüyü kimi, terrora qarşı mübarizə üçün dünya miqyasında dövlətlərin bir araya gələrək əvvəl bölgədə olan problemləri çözməsi, o cümlədən, dünyada mövcud olan iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaq üçün ciddi addımlar atmasına ehtiyac vardır.
2001-ci il hadisəsindən dərhal sonra bu terroru qətiyyətlə pisləyən ölkələr sırasında Azərbaycan birinci onluqdadır. Ulu öndər Heydər Əliyev qlobal miqyasda gedən problemlər, onların törətdiyi fəsadlar və bu fəsadların aradan qaldırılması yolları ilə əlaqədar dəfələrlə fikirlərini açıqlamışdır.
Hələ 1994-də Nyu-Yorkda BMT Baş Məclisində çıxışı zamanı Ulu öndər Heydər Əliyev dünyanı gözləyən təhlükələr, xüsusilə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüz nəticəsində yaranmış problemlər barədə fikir bildirmişdir.
Ulu öndər həmçinin bu cür halların qarşısını almağın zəruriliyini də bildirmişdir. 2001-ci il 11 sentyabr hadisəsi baş verəndən dərhal sonra Ulu öndər Heydər Əliyevin bəyanatı səsləndirildi. Həmin bəyanatda terror aktı qətiyyətlə pislənildi və Ulu öndərimiz bunu insanlığa, dünyaya qarşı törədilmiş cinayət kimi xarakterizə etdi.
Azərbaycan terrordan ən çox əziyyət çəkən ölkə kimi hər zaman terrora qarşı mübarizə aparan ölkələrin yanında olub. Terrorun, xüsusilə də, bunu yaradan səbəblərin aradan qaldırılması üçün dünya miqyasında dövlətlərin səylərinin artırılmasına böyük ehtiyac var. İkinci Dünya müharibəsinin getdiyi bir dövrdə dünya böyük bir fəlakətlə üz-üzə idi. Belə şəraitdə sürətlə inkişaf etmiş və digər tərəfdən aclıq və səfalət içində yaşayan ölkələr arasında böyük bir uçurum yaranmışdı.
- Necə düşünürsünüz, 11 sentyabr terror aktından sonra dünya dövlətlərinin terrora qarşı mübarizəsini gücləndirdiyini söyləmək olarmı?
- Bəli, 11 sentyabr hadisələrindən sonra terrora qarşı dövlətlərin dünya miqyasında vahid bir xətt üzrə çıxış etdiyini görməkdəyik. Əgər belə demək mümkün olarsa, 11 sentyabr hadisələri əslində, dünyanı bir az dəyişdirdi. Amma yenə də terroru yaradan səbəblərin aradan qaldırılması üçün lazımi səviyyədə addımlar atılmır.
Bu gün Somali əhalisi aclıqdan ölür. Dünya miqyasında bu problemləri görüb ona biganə qalan ölkələr var. Azərbaycan başda olmaqla, bir sıra dövlətlər Somaliyə yardım göstərib. Amma Qərb dövləri müəyyən yardımlar göstərsə də, bu problemlərin bütövlükdə, çözülməsi üçün lazımi addımlar atmırlar.
Terroru nə yaradır? Sosial və siyasi ədalətsizlik, beynəlxalq münasibətlərdə ikili standart və elmi baxımdan gerilik. Bu kimi hallar terroru yaradan səbəblərdir və bunları düşünərək onu aradan qaldıracaq işlər görülməlidir. Bu istiqamətdə ən vacib şərtlərdən biri isə, beynəlxalq münasibətlərdə ədalətin bərqərar olmasıdır. Azərbaycan antiterror koalisiyasına dərhal üzv oldu və terrora, separatizmə qarşı aparılan mübarizədə fəal iştirak etdi və bu gün də etməkdədir.
Hazırda Azərbaycan Silahlı Qüvvələri Əfqanıstan və İraqda antiterror koalisiyasının tərkibində iştirak edirlər. Dövlətimiz terrora qarşı mübarizənin əzablarını öz üzərində hiss edən ölkələrdəndir, xüsusən də, erməni terrorunun. Beynəlxalq təşkilatlarda buna yanaşarkən ikili standartlara yol verilirsə, bu olduqca mənfi haldır.
Fələstin problemi uzun müddətdir ki, həll olunmur və burada ikili standarta yol verilir. Bu isə, müəyyən terror üçün ideoloji əsas və yenidən həyata keçirmək üçün bir növ zəmin yaradır. Ona görə də, bununla mübarizə yalnız hərbi əməliyyyatda yox, iqtsadi və mənəvi sahədə də gizli şəkildə aparılmalıdır. 2001-ci ildən sonra təbii ki, terrorla mübarizə daha kəskin xarakter alıb.
Bütövlükdə, terrora qarşı mübarizədə ölkələr bir araya gəlməlidir. İndi hava gəmisinin qaçırılması ehtimalı 20 il əvvəlki ilə müqayisdə daha azdır. ümumilikdə, 11 sentyabr hadisələri bütün sahələrə sirayət edib. Azərbaycan antiterror koalisiyasının üzvü kimi bundan sonra da terrorla mübarizədə bütün ölkələrlə birgə fəaliyyət göstərəcəkdir.
- Antiterror koalisiyasının üzvləri İraqda, Əfqanıstanda terrorçular kök salıb deyə, hərbi əməliyyatlara başladığı halda, terrorun qurbanı olan Azərbaycan və işğal edilən Dağlıq Qarabağda terrorun kökünün kəsilməsinə səylər göstərmir?
- Ermənistanın Azərbaycana qarşı təcavüzü dövlət səviyyəsində həyata keçirilmiş təcavüzkarlıq siyasətidir. Erməni terror quruplarının beynəlxalq səviyyədə terrorçu təşkilat kimi tanınması istiqamətində Azərbaycanla Türkiyə birgə səylər göstərir və həmin təşkilatlar terrorçu təşkilat kimi tanıdılıb.
Ermənistan dövlət səviyyəsində terroru himayə edən ölkələrdəndir. Son dövrlərdə üzə çıxan faktlar bunu aydın şəkildə göstərməkdədir. Terror təşkilatlarının erməni rəhbərləri ilə sıx əlaqədə olması faktdır və bunu erməni mətbuatı dəfələrlə yazıb.
Ermənistan PKK terror təşkilatını açıq şəkildə dəstəkləyir. Və Ermənistan ərazisində PKK terror təşkilatlarının təlimləri keçirilir, hazırlıq işləri görülür. Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunub və bu ərazilərin azad edilməsi isə, BMT nizamnaməsinə uyğun olaraq, Azərbaycanın müstəsna hüququdur. Ermənistanın terroru himayə edən bir ölkə olması məsələsi beynəlxalq miqyasda özünə yer tapacaqdır.
- Azərbaycan Dağlıq Qarabağda antiterror hərbi əməliyyatları keçirərsə, Qərb ölkələrinin Azərbaycana dəstək verməsi nə dərəcədə realdır?
- Azərbaycan və Ermənistan arasındakı müharibə beynəlxalq təşkilatlarda hüquqi və siyasi cəhətdən öz qiymətini alıb. ölkə rəhbəri cənab İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində böyük səylər göstərməkdədir. Apardığımız səylər münaqişənin sülh yolu ilə həlli üçün zəmin yaradıb. İqtisadi, siyasi, diplomatik üstünlüyümüz münaqişənin sülh yolu ilə həllinə gətirib çıxaracaq.

Paylaş:
Baxılıb: 972 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30