Dilin şəkli, əlifbanın ruhu
01.08.2024 [10:00]
1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Xalqın dili, ədəbiyyatı onun varlığının təməlidir. Bu gün biz istənilən sahədə əlli milyonluq Azərbaycan xalqının adından çıxış eləyəndə məhz dilimizin hüdudlarına güvənir, siyasi, inzibati sərhədlərimizi xeyli aşan dil məmləkətimizin sakini, dil səltənətimizin vətəndaşı kimi danışırıq. Millətin gerçək sərhədi onun dilinin hüdudları ilə üst-üstə düşür. “Millət” anlayışına hələ də mükəmməl bir tərif tapılmamasına baxmayaraq, cəsarətlə deyə bilərik ki, xalqın, millətin ən mühüm, fundamental atributu dildir, yazıdır, başqa sözlə, onun mənəvi varlığıdır.
Milləti ruha bənzətsək, dövləti o ruhun bədəni kimi təsəvvürə gətirə bilərik. Bədən ruhu nə qədər mükəmməl ifadə eləsə, özü də bir o qədər kamil, o qədər yetkin olar. Ölkəmizin müstəqilliyi bərpa olunandan bəri Azərbaycan dövləti də bu mükəmməlliyə yetişmək uğrunda bütün cəbhələrdə mücadilə verib, xalqımızın mənəvi varlığını, tarixini, taleyini, ruhi zənginliyini ifadə etmək üçün əlifba islahatından tutmuş Vətən müharibəsinə qədər hər cür tədbirə əl atıb. Bu baxımdan 2001-ci ilin 9 avqustunda Azərbaycan Prezidenti Heydər Əliyevin avqustun 1-nin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında imzaladığı fərman da mühüm tarixi sənəd, belə vacib tədbirlərdən biri sayılmalıdır.
Tarix boyu Azərbaycan ərazisində heroqliflərdən, qədim alban əlifbasından tutmuş indi yararlandığımız latın qrafikasına qədər müxtəlif yazı növlərindən, əlifbalardan istifadə olunub. Ancaq bu yazı sistemlərindən heç biri dilimizi indiki qədər rəvan, rahat, mükəmməl ifadə eləməyib. Əlifba ilə bağlı problemlər ziyalılarımıza, dilçi alimlərimizə əvvəllər də məlum idi, ancaq onların müstəqil ölkənin azad vətəndaşları kimi sərbəst iradə nümayiş etdirmək imkanı olmadığından bu məsələ birdəfəlik həllini tapmaq üçün uyğun zamanı, tarixi fürsəti gözləyirdi. Belə bir fürsət ölkəmiz müstəqilliyinə qovuşandan sonra yarandı.
İslam dininin xalqımız arasında yayılması ilə əlaqədar əsrlər boyu ölkəmizdə ərəb əlifbasından istifadə olunmuşdu. Ərəb dili həm elm, həm də təhsil dili kimi hakim rol oynamışdı. Fəqət ərəb dili, ərəb əlifbası müsəlman dünyasında təmsil olunan xalqlar arasında mədəni əlaqələrin yaranması, möhkəmlənməsi baxımından müstəsna əhəmiyyətə malik olsa da, türk dillərinin, o cümlədən Azərbaycan türkcəsinin fonetik sistemini dolğun əks etdirə bilmirdi. Maarifçi ziyalılarımız istər XIX əsrdə, istərsə də XX əsrin birinci rübündə bu məsələyə dönə-dönə toxunmuş, yeni əlifbanın yaranması zərurəti ilə əlaqədar dəfələrlə məsələ qaldırmışdılar. Mirzə Fətəli Axundov isə yalnız məsələ qaldırmaqla, ideya verməklə kifayətlənməmiş, konkret işə keçmişdi, yaratdığı yeni yazı sistemi ilə Osmanlı sarayına qədər gedib çıxmışdı. Təəssüf ki, tarixi şərait yetişmədiyinə görə o zaman bu ideyanı həyata keçirmək mümkün olmamışdı.
Şərait yalnız Birinci Dünya müharibəsindən sonra, millətlər həbsxanasına çevrilmiş imperiyaların dağılması, yeni milli dövlətlərin meydana gəlməsi, milli mədəniyyətlərin dirçəlməsiylə paralel şəkildə yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin əlifba islahatıyla məşğul olmağa ömrü çatmadı. Ölkəmizdə sovet hakimiyyəti qurulandan sonra müasir yazı sisteminə keçilməsi məsələsi yenidən aktuallıq qazandı. 1922-ci ildə yeni hökumət əlifba komitəsinin yaradılması haqqında qərar verdi. Komitənin qarşısına qoyulan vəzifə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib eləmək idi. Növbəti ildən yeni əlifbaya keçid prosesi daha da sürətləndirildi.
1926-cı ildə Bakıda Birinci Ümumittifaq Türkoloji Qurultayın keçirilməsi kimi çox əlamətdar, türk dünyası üçün tarixi əhəmiyyət daşıyan bir hadisə baş verdi. Qurultayın tövsiyəsi əsasında 1929-cu ilin əvvəlindən Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqinə başlandı. Bu keçid həm Azərbaycanın müasir sivilizasiyaya inteqrasiya olunması, həm də ölkədə hökm sürən kütləvi savadsızlığın aradan qaldırılması yolunda vacib addım kimi dəyərləndirildi.
Fəqət Azərbaycanın ardınca yeni qurulmuş Türkiyə respublikasında da ərəb əlifbasından latın qrafikasına keçilməsi sovet imperiyasının türkəfob rəhbərliyində əndişə yaratdı. Məlum məsələdir ki, bu cür dəyişikliklər istər sovet dövlətinin ərazisində, istərsə də onun hüdudlarından kənarda yaşayan türkdilli xalqlar arasında mədəni əlaqələri daha da gücləndirəcək, ortaq türk ədəbi dilinin, bütövlükdə oraq mədəniyyətin formalaşmasını stimullaşdıracaqdı. Bütün bunlar sovet dövlətinin pantürkizm ideyasına qənim kəsilmiş rəhbərliyini narahat eləməyə bilməzdi.
Narahatlıq öz ifadəsini onda tapdı ki, 1940-cı ildə Azərbaycan sovet respublikasının kiril qrafikalı əlifbaya keçirilməsi haqqında qərar qəbul olundu. Sonradan dilimizin fonetik sisteminə uyğunlaşdırılması məqsədilə bu əlifbanın da üstündə müəyyən korrektələr aparıldı. Sonuncu qərar təqribən yarım əsrdən çox - ta ölkəmiz yenidən müstəqillik qazanana, əvvəlkindən müəyyən qədər fərqli latın qrafikasına keçilənə qədər qüvvədə qaldı. Əlifba komissiyasının tərtib elədiyi latın qrafikalı yeni yazı sistemi 1992-ci ildə təsdiqlənəndən sonra tətbiq olunmağa başlandı. Bununla da Azərbaycanın həm Türkiyə (dolayısıyla türk dünyası), həm də çağdaş sivilizasiyaya mədəni inteqrasiya prosesinin yeni mərhələsinə start verildi. Bu prosesin əbədi olacağına indi artıq şübhə qalmayıb.
Əlifba dilin şəkli, dil əlifbanın ruhudur. Dil olmasa, millət olmaz, millət olmasa, dövlət olmaz, dövlət olmasa, nizam olmaz, nizam olmasa, bizi birləşdirən tellər olmaz. Bu ölkədə yaşayan fərdləri, qövmləri, xalqları bir-birinə bağlayan ən möhkəm tel Azərbaycan dili, bu dilin ifadəsi olan Azərbaycan əlifbasıdır. Dilinə, yazısına xor baxan toplumun millətlər cərgəsində şərəfli yer tutması mümkün deyil. Dilimizin, yazımızın qədrini bilək. Əlifba günümüz, dil bayramımız mübarək olsun!
Toğrul
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40

