Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev irsi əbədiyaşar milli sərvətimizdir

Heydər Əliyev irsi əbədiyaşar milli sərvətimizdir

08.12.2012 [17:53]

Bu gün fəxrlə və əminliklə qeyd edirik ki, müasir Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi təməl prinsiplərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində günbəgün güclənir, regionun lider dövlətinə çevrilərək, ölkələr arasında dostluq əlaqələrinin inkişafında körpü rolunu oynayan iqtisadi və siyasi layihələrin əsas təşəbbüsçüsü və təşkilatçısı kimi nüfuz qazanır, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevrilib. Bir reallığı da qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin vurğladığı kimi, bu uğurlar göydəndüşmə deyil, böyük qətiyyətin, səylərin nəticəsidir.
Yenə də tarixə nəzər salmağa zərurət duyuruq. Azərbaycanın dövlət müstəqilyini yenidən bərpa etdiyi illərdə yaşadığı durum yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, torpalarımız bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. Azərbaycan adlı dövlətin varlığı sual altında qalmışdı. Belə bir çətin məqamda xalqın səsinə səs verən dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir mərhələnin əsasını qoydu. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması Azərbaycanın o illərdə yaşadığı durumun aydın təsəvvürünü yaradır. Qurtuluşdan başlanan yol Azərbaycanın bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyev böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirdi, yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini yeganə həyat amalı seçdiyini diqqətə çatdırırdı. Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, onun qorunmasını və möhkəmləndirilməsini hər bir vətənpərvər insanın qarşısında mühüm vəzifə kimi qoyması da bu hisslərinin böyüklüyündən irəli gəlirdi. Heydər Əliyev bildirirdi: “Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq”.
Müstəqillik yollarında yenicə addımlarını atan hər bir dövlətin özünü təsdiqlənməsində, varlığı barədə aydın təsəvvür yaratmasında vacib şərtlərdən biri xarici siyasətini düzgün qurmasıdır. Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə qurulması, ən əsas bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğuna xüsusi diqqət göstərilməsi Azərbaycan həqiqətlərinin, tarixinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Dahi şəxsiyyət harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyi tələb edirdi. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır, o, hər bir insanın qəlbində özünə möhtəşəm abidə ucaldıb.
Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq bir sıra problemlərin yaranmasına, erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli liderin xarici ölkələrə səfərləri zamanı orda yaşayan azərbaycanlılarla görüşməyə səy göstərməsi, onların problemləri ilə yaxından tanış olması, respublikamızla əlaqələrini daha da möhkəmləndirmələri üçün tövsiyələrini verməsi diaspor quruculuğu istiqamətində atılan addımlar idi. Ulu öndər öncə soydaşlarımızın yaşadıqları ölkədə birliyinin yaradılmasının vacibliyini bəyan etdi. Həmin ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılması da bu məqsədə xidmət edirdi. Ümummilli lider buna nail olduqdan sonra dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq, Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ilin mayın 23-də imzalanan Sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu işi Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin siyasətində də önəmli yer tutur. Onun təşəbbüsü ilə 2006-cı ilin martında Dünya azərbaycanlılarının II qurultayı, ötən ilin iyulunda isə III qurultayı keçirildi. III qurultay dövlət başçısı İlham Əliyevin “Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 20-ci ildönümü haqqında” Sərəncamına uyğun olaraq keçirilmişdir. Qurultayda da bu məqam xüsusi vurğulanmışdır ki, III qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə 2006-cı ildə keçirilmiş Dünya azərbaycanlılarının II qurultayından bir çox cəhətləri ilə seçilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görür. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasətlə sıx bağlıdır. Azərbaycan dövləti bu imkanlardan istifadə edərək, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara daha böyük qayğı ilə yanaşır, onların birliyinin möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərir. Bunun nəticəsidir ki, bu gün artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığı, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqları inamla söylənilir.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası da məhz 1991-ci ilin 16 dekabrında Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin gərəkliyini, əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Azərbaycanın hər bir uğuru harda yaşamasından asılı olmayaraq bütün soydaşlarımızda qürur hissi yaradaraq, ölkəmizin daha da güclənməsi, çiçəklənməsi üçün səylərini artırmağa stimul verdi. Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ən əsası inkişafın Azərbaycan modelinin dünyaya böyük səs salması təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Heydər Əliyev bəyan edirdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu gün Azərbaycanın bayrağının dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, dünyada gedən proseslərə təsir imkanlarının artması da deyilənlərin təsdiqidir. Ən əsası ötən ilin mühüm uğurlarından olan Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu artırır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respubilkamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır.
Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən bu prinsipləri öndə saxlamasından irəli gəlir: “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Ölkəmizin müstəqilliyini, uğurlarını gözü götürməyən daxili və xarici qüvvələr hər vəchlə Azərbaycanın demokratik inkişafına, bu yolda inamlı addımlarına mane olmağa səy göstərirdi. Bu gün əlaqələrimizin yüksək səviyyədə olduğu Avropa Şurasına qəbul zamanı ölkəmizin hansı çətinliklə üz-üzə qaldığı məlum olaylardandır. Lakin Heydər Əliyev qətiyyəti və səyi bütün bu maneələri dəf etdi, Azərbaycan demokratik dövlət quruculuğu yolunu sözdə deyil, əməldə sübut edərək, dünyanın ən nufuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurası üçün bir o qədər önəmlidir. Təbii ki, demokratik inkişaf yolunu seçən, sivil dəyərlərə böyük hörmətlə yanaşan bir ölkə ilə əməkdaşlıq Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu gün üçün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu nəzərə alsaq Avropa Şurası ilə ölkəmiz arasında əlaqələrin yüksək səviyyədə olmasının üzv ölkələr üçün hansı əhəmiyyəti kəsb etdiyi bəlli olar. Hər bir uğurun əsasında Heydər Əliyev uzvaqgörənliyi, düşünülmüş siyasəti dayanır. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin gərəkliyini bildirmişdir. Son doqquz ilin uğurları bu vədin konkret əmələ əsaslandığını sübut edir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə ölkə Prezidenti İlham Əliyev ölkəmizin ötən dövrdə qazandığı uğurları diqqətə çatdıraraq bildirmişdir: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.
Dahi şəxsiyyət demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu hər zaman önə çəkirdi. Bu fikir də daim bildirilirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın iqtisadi inkişaf tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 32 milyard dollardan artıqdır. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin yönəldiyi sahələrdən biri də gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət Poqramının icrasıdır. Bu addım da düşünülmüş siyasətə əsaslanır. Belə ki, hazırda iqtisadiyyatın, təhsilin və elmin vəhdətliyinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulur. Bildirilir ki, iqtisadiyyatın qarşısında duran çağırışlar elmi əsaslara söykənməlidir. Yeni texnologiyaların tətbiqini zərurətə çevirən əsas amil Azərbaycanın hər dövrün çağırışlarına yüksək səviyyədə əməl etməsidir. Bunun təsdiqi kimi, ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsini qeyd edə bilərik.
Təbii ki, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini bir yazıda sadalamaq qeyri-mümkündür. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası da Ulu öndərin zəkasının, müdrikliyinin məhsuludur, təntənəsidir. Bu günlərdə yaranmasının 20 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyasının tarixinin müasir Azərbaycanın tarixi kimi dəyərləndirilməsi onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə əsaslanır. 1992-ci ilin oktyabrında belə bir partiyanın yaradılması məqsədilə Ulu öndər Heydər Əliyevə xalqın böyük əksəriyyətinin istəyini çatdıran 91 nəfər ziyalının müraciətinə cavabında da Ulu öndər Heydər Əliyev bu partiyanın gələcəyinə inamını ifadə etmişdir. Müasir mərhələdə sıralarında 600 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının tutduğu yol beynəlxalq səviyyədə təqdir olunur. Bu günlərdə partiyanın təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası da Azərbaycanın, eyni zamanda Yeni Azərbaycan Partiyasının nüfuzunun, imkanlarının təsdiqidir. Dövlət başçısı İlham Əliyev konfrans iştirakçılarına təbrik məktubunda da bu reallığı ifadə etmişdir ki, tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və ona olan etimadın göstəricisidir.
Uğurlarımız çoxdur və davamlıdır. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Prezident İlham Əliyevin 20 ilin uğurları fonunda qarşıdakı on il üçün hədəflərin və onların həyata keçirilməsi üçün yolların müəyyənləşdirilməsinə xidmət edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamı bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, BMT-nin İnkişaf Prqramının, P.C şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda Azərbaycanın iqtisadi və xarici siyasət sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir daha bildirmişdir ki, bunlar Heydər Əliyev strategiyasının və Prezident İlham Əliyevin fəaliyyətinin uğurudur. Sülh və inkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini təşkil edir.
Azərbaycanın 21 illik müstəqillik tarixində qazandığı uğurların ümumi ifadəsi budur ki, düzgün qurulan, möhkəm təmələ əsaslanan siyasət ölkənin inkişafında əsas şərtdir. Düşünülmüş düzgün siyasət ölkə rəhbərinin idarəçilik qabiliyyətinin, siyasi təcrübəsinin və mükəmməl biliyinin bariz nümunəsidir. Qətiyyətlə inanıram ki, Heydər Əliyev ideyaları müstəqil Azərbaycanımıza daha böyük uğurlar qazandıracaq, müstəqil, demokratik, dünyəvi dövlətimizi dünya müstəvisində daha da qüdrətli edəcəkdir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyevin nurlu, işıqlı ideyaları yaşayır, bərqərar olur, zəfər çalır! Müasir dövrdə bu ideyaların yüksək səviyyədə daşıyıcısı, Heydər Əliyev ocağından bəhrələnən, Azərbaycana bacarıqla rəhbərlik edən, dövlətçiliyimizin daim keşiyində duran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Biz Onun ətrafında daha da sıx birləşməli, dövlət quruculuğu prosesində fəal iştirak edərək Ona hər zaman bütün varlığımızla dayaq və dəstək olmalıyıq!
Xalqımızın böyük oğlu, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin ruhu qarşısında baş əyir, Allahdan Ona rəhmət diləyirəm!
İradə Hüseynova
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü

Paylaş:
Baxılıb: 1151 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31