Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

“Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

07.05.2013 [14:00]

Aqrar sahədə islahatların aparılması, yeni əkinçi-torpaq münasibətlərinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində günün ən vacib tələblərindən birinə çevrilmişdir
Mayın 6-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK), Azərbaycan Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsi, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları öncə Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri açan DTXK-nın sədri Qərib Məmmədov “Ulu öndər Heydər Əliyevin uğurlu torpaq islahatı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi ərzaq təminatı üzrə təhlükəsiz gələcəyə aparır” adlı məruzə ilə çıxış edib.
Komitə sədri bildirib ki, 1993-2003-ci illərdə Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycan Respublikasında aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatları aparılıb, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları istehsalı artırılıb, istehsalçıların maddi rifah halı yüksəldilib, istehsal şəraiti yaxşılaşdırılıb.
Ulu öndərin rəhbərliyi ilə qəbul edilən qanunlar sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da Azərbaycan vətəndaşlarının rifahı naminə istifadə edilir. Belə ki, həmin torpaqlar alğı-satqı, istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə verilir. Nəticə etibarilə bütün qanunlar ölkədə aqrar sahənin inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi rifahının yaxşılaşdırılmasına zəmin yaradıb.
Prezident İlham Əliyev tərəfindən imzalanmış 2003-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman aqrar sahənin inkişafına da böyük təkan verib, bu bölmədə çalışan insanlara əlverişli şəraitin yaradılmasına səbəb olub.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, aqrar sahədə həyata keçirdiyi islahatlara həsr olunmuş film nümayiş olunub.
Tədbirdə, həmçinin, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və digərləri çıxış edərək ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş torpaq islahatından, xarici və daxili sahibkarlar üçün yaradılmış investisiya mühitindən ətraflı söz açıblar.
Konfrans “Azərbaycanın torpaq ehtiyatları, torpaqların mühafizəsi və onların münbitliyinin artırılmasında yeni texnologiyaların tətbiqi”, “Müasir dövrdə Azərbaycanda geoməkan məlumatlarının idarə olunması”, “Torpaqların meliorasiyası, irriqasiyası, aqrokimyası-torpaq münbitliyinin əsasıdır”, “Aqrobiomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi” və digər seksiyalarla davam etdirilib.
Qeyd edək ki, konfransda eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Qərib Məmmədovun “Azərbaycanda Heydər Əliyevin aqrar siyasəti” kitabı da təqdim olunub. “Elm” nəşriyyatında nəfis tərtibatda çapdan çıxan və Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş yeni nəşrin Ümummilli liderin aşağıdakı son dərəcə qiymətli fikirləri ilə açılması bu kitabın dərin məna və məzmununu tam dolğunluğu ilə ortaya qoyur: “Aqrar sahədə aparılan islahatlar daha da çox nəticələr verir. 1996-cı ildə “Torpaq islahatı haqqında” qəbul etdiyimiz qanun ardıcıl surətdə həyata keçirilir. Torpağın çox hissəsi artıq şəxsi mülkiyyətə verilibdir. Məmnuniyyətlə qeyd edirəm ki, şəxsi mülkiyyətə verilən torpaqlardan daha çox məhsul götürülür, daha səmərəli istifadə olunur. Aqrar sektorda heyvandarlıq sahəsi özəlləşdirilib və bunun müsbət nəticələri göz qabağındadır. Azərbaycanda ət-süd məhsullarının, bütün heyvandarlıq məhsullarının bu qədər bol olması məhz özəlləşdirmənin nəticəsidir. Bu proses də davam edir və bundan sonra da davam edəcəkdir. Bir sözlə, Azərbaycan bazar iqtisadiyyatı yolu tutubdur, bu yolla gedir və gedəcəkdir”.
“Azərbaycanda Heydər Əliyevin aqrar siyasəti” kitabında Ulu öndərin 1969-1982-ci illərdə ölkənin kənd təsərrüfatının dirçəldilməsi istiqamətində gördüyü işlər, eləcə də, bu dahi şəxsiyyətin 1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyəti dövründə bilavasitə Onun rəhbərliyi altında respublikada aparılan aqrar islahatların, xüsusilə, torpaq islahatının uğurla başa çatdırılması nəticəsində əldə olunan nailiyyətlər tam dolğunluğu ilə əksini tapıb. Yeni nəşrdə, həmçinin, Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən sonra aqrar sektorun inkişafı istiqamətində həyata keçirdiyi dövlət əhəmiyyətli proqram və layihələr sayəsində baş vermiş böyük kəmiyyət və keyfiyyət dəyişikliklərindən ətraflı bəhs olunub.
Akademik Qərib Məmmədovun yeni kitabını oxuduqca bir daha məlum olur ki, Azərbaycan xalqının Ümummilli liderinin istər 1969-1982-ci, istərsə də 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Ulu öndərin daim diqqət mərkəzində saxladığı sahələrdən biri də aqrar sektor olub. Aqrar sahədə islahatların, xüsusilə, onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, yeni əkinçi-torpaq münasibətlərinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində günün ən vacib tələblərindən birinə çevrilmişdir.
Müəllif dərin elmi araşdırmalar və təhlillər əsasında belə bir qəti nəticəyə gəlir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, bu məqsədlə aqrar sahədə həyata keçirilən islahatlar, xüsusən, onun tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bu istiqamətdə qazanılan uğurlar bilavasitə müdrik dövlət başçısı və dahi siyasi xadim Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır.
“Azərbaycanda Heydər Əliyevin aqrar siyasəti” kitabı islahatların gedişini əks etdirən faktlar və sənədlər və bir çox illərin arxiv materialları ilə zəngindir. Ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişaf etdirilməsi sahəsində gördüyü nəhəng işləri əks etdirən bu sənədlərin hər biri respublikamızın aqrar tarixində iz qoyan və yaddaqalan mühüm hadisələrin əks sədasıdır.
Ulu öndərin əlamətdar yubileyi ərəfəsində işıq üzü görmüş yeni kitab “Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə aqrar sahədə apardığı işlərin ümumi səciyyəsi”, “Torpaq islahatının həyata keçirilməsini təmin edən hüquqi bazanın yaradılması”, “Ulu öndər Heydər Əliyevin Azərbaycanda torpaq islahatının aparılmasında rolu”, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Heydər Əliyevin torpaq islahatlarının icraçısıdır”, “Regionların sosial-iqtisadi inkişafının daha da yüksəlməsi və torpaq-əkinçi münasibətlərində yeni mərhələ”, “Qanunvericilikdəki dəyişikliklər torpaq üzərində hüquqi münasibətlərin şəffaflığını təmin edir” adı altında 6 fəsildən ibarətdir.
“Azərbaycanda Heydər Əliyevin aqrar siyasəti” kitabı, həmçinin, ingilis və rus dillərində də nəşr olunub. Əminliklə demək olar ki, yeni kitab aqrar sektor üzrə qiymətli məlumat mənbəyi olmaqla bərabər, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə layiqli töhfədir.

Paylaş:
Baxılıb: 1210 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30