Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir
14.05.2013 [13:07]
Ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr reallaşdırmaqla Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir
Məlum olduğu kimi, mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 9 ili tamam olub. 9 il öncə Heydər Əliyev Fondu tariximizə müstəqil dövlətimizin qurucusu kimi daxil olmuş Ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Bildirmək yerinə düşər ki, Fondun məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etməkdir. Eyni zamanda, Fondun amalı elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etməkdir. Həmçinin, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək Heydər Əliyev Fondunun ötən 9 ildə reallaşdırdığı işlər sırasındadır. Bununla yanaşı, Fond xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək, həmçinin, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək istiqamətində ardıcıl fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevadır. Ümumiyyətlə, Mehriban xanım Əliyeva ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahəsində respublikada və beynəlxalq miqyasda böyük işlər görən, Azərbaycanı layiqincə təmsil edən bir insan kimi tanınır. Mehriban xanım Əliyeva Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində geniş fəaliyyət göstərməyə başlayıb. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda Onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə O, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Bakıda hazırda fəaliyyət göstərən Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən irəli sürülüb.
Beləliklə, vurğulamaq yerinə düşər ki, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Ümumiyyətlə, Heydər Əliyev Fondunun fəaliyyəti mədəniyyətlərarası dialoqa töhfədir. Hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də, məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Eurovision-2012” təşkilat komitəsinin uğurlu fəaliyyəti nəticəsində Bakıda keçirilən ötənilki müsabiqə “Eurovision” tarixinin ən möhtəşəm tədbirlərdən birinə çevrildi.
Heydər Əliyev Fondu qədim tarixi abidələrimizin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Ötənilki “Eurovision” müsabiqəsi ilə əlaqədar paytaxtımıza gələn minlərlə qonağın gəzinti turunun marşrutuna salınan Qala qoruğu ölkəmizdən kənarda da məşhurlaşmaqdadır. Heydər Əliyev Fondu, həmçinin, ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Məsələn, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. 2012-ci ilin iyununda isə Heydər Əliyev Fondu ilə Romadakı Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair Saziş” imzalanıb.
Məlum olduğu kimi, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Uzun illərdir ki, respublikamızın UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda olduqca yüksək səviyyədədir. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi var. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Heydər Əliyev Fondu xeyriyyəçilik, təbii fəlakətlərdən zərər çəkənlərə yardım, ana və uşaq sağlamlığının qorunması və digər məsələlərlə bağlı humanitar addımların da təşəbbüskarıdır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fond indiyədək təhsil sahəsində bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məkəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası və s. kimi böyük layihələrə imza atıb. Sonuncu belə tədbirlərdən biri kimi, deyə bilərik ki, Fondun rəhbəri Mehriban xanım Əliyeva mayın 3-də Yasamal rayonundakı 82 saylı körpələr evi-uşaq bağçasının yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub. Həmin gün Heydər Əliyev Fondunun rəhbəri fiziki qüsurlu uşaqlar üçün “Qayğı” reabilitasiya mərkəzinin açılışında da iştirak edib.
Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır. Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində qızlar üçün yeni müasir məktəbin tikintisinə başlandı və 2007-ci ildə dağlıq ərazidə 500 şagird yeri olan məktəb istifadəyə verildi. Fond mütəmadi olaraq məktəbi əyani vəsaitlər, kitablar, kompüterlər və digər ləvazimatlarla təchiz edir. Yeri gəlmişkən, Pakistanın nüfuzlu “Daily Times” qəzetində nəşr olunmuş “Mehriban Əliyeva - humanizm rəmzi” başlıqlı yazıda qeyd olunur ki, 2012-ci ildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanın Hayber-Paxtunva, Bəluçistan, Pəncab və Sind əyalətlərində səhiyyə, təhsil və humanitar layihələrdən ibarət silsilə tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində kimsəsizlər evində, qadın və uşaqlar üçün xəstəxanada hepatit B virusuna qarşı peyvəndləşdirmə və açıq ürək əməliyyatları aparılıb.
2012-ci il iyunun 14-də Fond Pişəvarda Beynəlxalq Donor Günü münasibətilə keçirilən tədbirdə də fəal iştirak edib. Tədbirin məqsədi təhlükəsiz qan və qan məhsullarına olan ehtiyac barədə ictimai məlumatlılığı artırmaq və könüllü qan donorlarına təşəkkür etmək idi. Mehriban xanım Əliyeva Dürand xəttinin hər iki tərəfində könüllü əsaslarla təhlükəsiz qanköçürmə ilə məşğul olan Həmzə Fonduna tam təchiz olunmuş 1 təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketi hədiyyə edib. Azərbaycanın birinci xanımı, həmçinin, Hayber Göz Fondunun Pişəvarda yerləşən göz klinikası üçün yeni binanın inşasına maddi yardım göstərib.
Müqəddəs Ramazan ayında isə İslamabad, Rəvalpindi, Kəraçi, Larkana, Navabşah, Kvetta, Job və Pişəvar şəhərlərində yerləşən “Pakistan Sweet Home” uşaq evlərinin 1200-dən çox sakini üçün Heydər Əliyev Fondu tərəfindən iftar süfrələri təşkil edilib.
Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Fondun rəhbəri Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
2011-ci ilin sentyabrında Almaniyada nəşr olunan “Qadın liderliyi-Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək” adlı kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadın ictimai və siyasi xadimlərin məqalələri və ya müsahibələri ilə yanaşı, Mehriban xanım Əliyevanın da müsahibəsi yer alıb. Kitabın nəşrində məqsəd şəxsi və ictimai fəaliyyətlərində uğurlar qazanmış qadınların əldə etdikləri nailiyyətlərin sirlərini öyrənmək, eləcə də onların ictimai fəaliyyətlə bağlı məsləhətlərini işıqlandırmaqdan ibarətdir. Mehriban xanım Əliyevanın müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilib. O, Azərbaycan Respublikasında təhsilə, o cümlədən qadınların təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd edərək dövlət qurumlarında, elmi müəssisələrdə və özəl sektorda çalışan qadınların sayının getdikcə artdığını vurğulayıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həm də millət vəkili kimi fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bir neçə dəfə parlamentdə amnistiya təşəbbüsü ilə çıxış edib və bu barədə Milli Məclis tərəfindən qərarlar qəbul olunub. Bu il mayın 7-də də məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlament Amnistiya Aktı qəbul edib. Bu qərar təxminən 9 min nəfəri əhatə edəcək.
Ümumiyyətlə, Heydər Əliyev Fondu həm yerli, həm də xarici qonaqların daim ziyarət etdiyi gözəl məkana çevrilib. Fondu ziyarət edənlər arasında Azərbaycana səfər etmiş bir çox dövlətlərin başçıları da var. Fondun fəaliyyəti Azərbaycan cəmiyyəti, o cümlədən beynəlxalq dairələr tərəfindən də həmişə yüksək qiymətləndirilir.
Mehriban xanım Əliyeva da Fondun fəaliyyəti haqqında danışarkən qeyd edib ki, Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafında, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynamışdır. Təsadüfi deyildir ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına çevrilmişdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

